Sevgi fəlsəfəsinin
xiridarı
Əbülfət Mədətoğlunun “Yoruldum
ahları körpü etməkdən” kitabı haqqında
Ömrünün müdriklik çağında
Əbülfət Mədətoğlu 65 illik yubileyi münasibətilə
"Yoruldum ahları körpü etməkdən" adlı
növbəti kitabını oxucularına ərmağan edib.
Kitabın redaktoru, "Yeni səs" saytının baş
redaktoru Fəridə xanım Rəhimlinin də xüsusi
vurğuladığı kimi, pensiya yaşını - 65-i
haqlasa da, hələ də xəyali Leylisini aramaqda davam edən
şair çətin ki, Məcnun libasına "əlvida"
deyə. Təbii ki, Əbülfət Mədətoğlu
yaradıcılığına yaxından bələd
olanların hər biri də bunu şəksiz təsdiqləyər...
Gün yaşayır sələmiylə Əbülfət
Dəftəriylə, qələmiylə Əbülfət...
Sevgi adlı ələmiylə Əbülfət -
Yol ölçdüyü bu dünyada iz qalır...
Bəli, şairin başlıca məramı yenə əvvəlki
təkindir, sözü o Qadınadır.
Yaradıcılığı yaşananların
pıçıltılarıdır, Tanrının ən
böyük mətləbinə söykənir. Onun şeirlərinin
bədii-estetik dəyəri özünəməxsusdur.
Bütün yaradıcılığının mayası ulu
Yaradanın mükəmməl eşq fəlsəfəsindən
yoğrulub. Emosional qat səni bağrına basır, kədər
okeanının ağuşuna düşürsən. Şair hər
bir kəsi sevgi nəğmələrinə qovuşdurur. Onun
nəzmindən həm dünən, həm də bu gün boy
verir, klassika ilə müasirlik vəhdətdədir.
Plagiatlıq Əbülfət Mədətoğlu
yaradıcılığına yaddır, onun buna qətiyyən
ehtiyacı yoxdur, hər kəlməsi, hər bəndi
içdəngəlmədir.
Mənim ürəyimin baharı Sənsən,
Qışı tənhalıqdı, bir də
ahdı...
Mənim varlığımın hər anı Sənsən
-
Sənsizəm söyləmək böyük
günahdı!
Bəlkə də, tək-tük qələm əhlindəndir
ki, yaşantılarına sığal çəkmir,
bütün səmimiyyətilə, incəliklərinə qədər
bölüşür. O, sevgi dünyasına gah ən uca zirvələrdən
boylanır, gah da buludlarla qoşalaşıb kirpiklərini pərçimləyərək
saf bulağa çevrilir, qananlara eşq şərbəti
daddırır. Onun yaradıcılığı eyni zamanda bir
növ qabaqkı aşıq toylarını andırır,
dilimizin bütün incəliklərini ortalığa qoyur, ana
dilimizlə bağırbadaş olursan. Şeirlərindəki
Qarabağ ləhcəsinin zərləri də səni
özünə çəkir. Beləcə, onun sözlə,
sözün də onunla bu qədər
doğmalığına həsəd aparırsan. Azərbaycan
türkcəsindən bədii xalılar sıralayır. O, kəlamlar
xiridarıdır. Dədə Qorqud ruhu onun
yaradıcılığı və sevgi dastanının mayasındadır.
Əbülfət Mədətoğlu ulu Qarabagda, füsunkar
Tuğda ağlı kəsəndən aldığı dərsləri
eynilə şeirlərinə hopdurur. Məhz ona görə də
onun yaradıcılığı ulu təbiət qədər
hər birimizə doğmadır.
Şairin başlıca mətləbi Tanrı fəlsəfəsinin
sevgi üzərində bərqərar olmasından
qaynaqlanır, hayqırtısının məramı da elə
budur. Əbülfət Mədətoğlu
yaradıcılığının diqqətçəkən
özəlliklərindən biri onun hər gün qələmə
sarılması ilə bağlıdır. Şübhən
qalmır ki, demək olar heç yatmır da, gecələr
onun şeirlərinin möhtəşəm körpüləridir.
Əksər şeirlərinin mayası elə yuxudaykən
yoğrulur. Ömür yoluna yaşıl işıq
yandıran, bəzən "gözlə", bəzən də
"dur" deyən sevgi işıqforu onun eşq
tonqalına kösövü kösöv dalınca tolazlayaraq
gur alovunu öləziməyə qoymur. Onun çəkdiyi
sevgi yükünə tab gətirmək hər oğulun
işi deyil...
Ağ vərəqdə əlim hər an gül əkdi,
Nəfəsim də tel oxşayan küləkdi...
Gül içində bəyəndiyim gül təkdi
-
Allah təkdi, Sevgim təkdi, Sən də tək!
Onun ruhunun yerdəmi, göydəmi olduğunu ayırd
eləmək müşkül məsələdir, axı, bunu
əslində heç o, özü də bilmir. Daxili
pıçıltıları səngimir. Şeirlərindən
göründüyü kimi Tanrı onun ustadı, müqəddəs
ağsaqqalıdır...
Əl açan saysızdı, dinləyən Sən -
Tək!
Başqa ümid yoxdu, varlığa Səntək!
Allahım, Allahlıq yükünü Sən çək
-
Mən də bəndə qalım Sənə
alqışla!
O, həyata sevgidən boylanan kəslərdəndir.
Şeirlərində vurğuladığı kimi, eşq dini
və qibləsidir. Yaradıcılığı sevgi
dualarıdır. Yozumları səngimir. Poeziyasında
çox vaxt Xəzərin dalğaları tək
çağlayır. Təkliklə əlbəəldir, birgə
addımlayırlar. Ahları tükənməz. O, kövrələndə
buludlar da ona qoşulur. Gah eşqin piyadası, gah da
atlısı olur, var gücü ilə çapır. Bəlkə
də, məhdud şairlərdəndir ki, qələmə
aldıqlarının hər birində mütləq nəsə
var. Hər gün yazmağı qismən də olsa ovunmaq
üçündür. O, sevgini, sevgi də onu körüklədikcə,
qələm dilə gəlir, nalə yağdırır,
bir-birindən üstün mətləbləri
sıralayır, ahı Tanrı dərgahına dirənir. Beləcə,
onun məhəbbət dastanın növbəti boyları
araya-ərsəyə gəlir. Əbülfət
yaradıcılığının özəlliyi ondadır
ki, hər gün qələmə sarılsa da, bir-birini
döyən şeirlərinə qətiyyən rast gəlməzsən,
mövzusu əsasən eyni olsa da...
Əlim Allah ətəyində, ünümsə
Sənə çatır, bəs eləyir -
gülümsə!
Bu sevgidən mənə düşən ölümsə
-
Sevə-sevə səsləyəcəm, bunu bil!..
Əbülfət Mədətoğlu
yaradıcılığında sevgi və yurd həsrəti
daim qoşa ləpir olub. Vaxtilə şeirlərinin birində:
Əriyir ömrüm, yaşım da,
Əriyir dağım, daşım da!
Papağım düşmən başında -
Bakıda papaq gəzirəm!..
- deyən şair indi istər ölkəmizin möhtəşəm
paytaxtında, istərsə də, Qarabağın hər bir
bucağında, o cümlədən, doğmaca Tuğunda
papağını yan qoyub gəzir, canbir ellərinə
hayqırtısını da, şeirlərini də mərdi-mərdanə
yetirə bilir. Artıq bir neçə dəfə Tuğu
bağrına basaraq bir-birini nəzmə də çəkiblər.
Bu "deyişmə"də Qarabağ da ona çoxdan
fürsətini gözlədiyi "halal olsun, eloğlum!"
alqışını layiq bilib.
Axır ki, duruldu yurdun səması -
Dualar selləndi şəhid adına!
Əsgər oğulların Vətən anası -
Təbəssüm sarıdı yaralarına!
İndi Əbülfətin bircə istəyi var,
ulularının həsrətinə də nəhayət ki, son
qoyulsun, eyni soy-kökdən olduğu soydaşları Qərbi
azərbaycanlılarla birgə (onun əsli Naxçıvan və
Qərbi Azərbaycandandır) Vətənimizin o parçasını
da bağrına basmaq, orada da poeziya şərbətini dadmaq
ona qismət olsun.
Bu məqamda Əbülfət Mədətoğlu
yaradıcılığı ilə bağlı təxminən
4 il əvvəl dilə gətirdiyim və qələmə
aldığım bir mühüm qeydi yenidən səsləndirmək
istərdim. Ona görə ki, təəssüf, ölkəmizdə
əsl ədəbi tənqid (təbii ki, məhdud sayda tənqidçiləri
çıxmaq şərtilə) hələ də yerində
sayır. Buna əyani nümunə kimi Əbülfət Mədətoğlu
kimi qələm əhlinin yaradıcılığına hələ
də qədərincə dəyərin verilməməsidir.
Bir daha təkrarlayıram, Azərbaycan bədii sənətinin
ustadlarından Elçinin təbirincə desək:
"Əbülfət poeziyasının bədii-estetik səviyyəsi
ədəbi prosesin faktına çevrilməyə
layiqdir!".
Azad MÜZƏFFƏRLİ
Ədalət.- 2024.- 16 fevral,¹ 6.- S.13.