MƏNFUR SOVET
HÖKUMƏTİ VAXTI
«ƏXLAQ» DƏRSİ VARDI
Bu dərsi də adətən «Tarix» və
«İctimaiyyət» müəllimləri
deyirdi. Deyəsən, indi «İctimaiyyət» dərsi
keçmirlər. Eləcə də «Əxlaq» dərsi
vardı. Bu dərsdə müəllimlər
şagirdlərə özlərini necə aparmalı
olduqlarını, bir-biriləri ilə münasibətlərində
necə rəftar etmələrini, müəllimlərə necə münasibət göstərmələrini,
valideynləri ilə münasibətləri necə tənzimləməli olduqlarını və sair və
ilaxır öyrədirdilər. Özü də çox qəribədir
ki, «Əxlaq» dərsindən «2» alan uşaqları məktəbdən
qovurdular.
Hər bir rayonda internat məktəbi vardı, belə
uşaqları ora yönləndirirdilər.
Ya da bir məktəb nizam-intizamda
xüsusilə fərqlənirdi, valideynləri belə uşaqları həmin məktəbə
aparırdılar.
Ağdamda 3 nömrəli bir məktəb vardı,
«Surxay müəllimin məktəbi»
deyirdilər. Surxay müəllim Makarenko tipli bir məktəb direktoru idi. Məktəbdə
o qədər güclü nizam-intizam
yaratmışdı ki, uşaqlar oranı «gestapo»
adlandırırdı. Bir dəfə
bu barədə yazmışam, təkrar etmək istəmirəm.
Mənim bir xalam oğlu vardı, Cahid Allahverdiyev, həddindən
çox davakar idi. 5 nömrəlidən qovmuşdular 1 nömrəliyə, 1 nömrəlidən
qovmuşdular 8 nömrəliyə,
8 nömrəlidən qovulanda
atası hətta aparıb Qəbələdə məktəbə
qoydu ki, bir qədər
Ağdamdan uzaq olsun,
dostlardan uzaq olsun. Sonra da orda nəsə
oldu atası gətirib verdi
Surxay müəllimin
öhdəsinə. Az
keçmədi Surxay müəllim
onu elədi quzu balası. Yaxşı oxumağa
başladı, məktəbi qurtarandan sonra da getdi girdi Polis
Akademiyasına və indi mayor
rütbəsində təqaüddədir, 3 nömrəliyə
nadinc, dəcəl uşaq kimi köçürülən
şagirdlərin arasında indi
alim var, yazıçı var, mühəndis var və sair və
ilaxır.
İndi Surxay müəllim kimi məktəb direktorları yoxdur.
Demək olar ki, direktorların 90-95 faizi zərif cinsin
nümayəndələridi, qadınlardı. Təbii
ki, onların içində təcrübəli,
zabitəli, elə Surxay müəllim xasiyyətdə olan
qadınlar da var, amma təəssüf ki, çox azdır.
Yadınıza düşürsə, bu yaxınlarda
bir məktəb direktoru bir şagirdi yüngül bir şillə
ilə cəzalandırmışdı, media və sosial
şəbəkələr partlayırdı.
Türklər deyir, «Hoca vuran
yerdə gül bitər», amma bizdə hoca vuran yerdə özü
linç edilir, hətta məktəbdən
qovulur, valideynlər
üstünə hücum
edir.
Mən də vaxtilə müəllim olmuşam deyə müəllimlərin vəziyyətini çox gözəl
bilirəm. Hətta bu barədə Parlamentdə də
danışmışam.
Və məni həmişə bir şey təəccübləndirib,
niyə «Əxlaq» dərsi məktəblərdən
yığışdırılıb? Bizə əxlaq
lazım deyilmi? Və bizə əxlaq lazım olmayanda, «Əxlaq» dərsi keçirilməyəndə 156
saylı məktəbdə olan hadisələr baş verir.
Yeri gəlmişkən,mənfur Sovet zamanı
attestatların adı «Kamal» attestatı idi. Orta məktəb ali məktəb üçün
kadr hazırlayan təşkilat
deyil, orta məktəb cəmiyyət
üçün sağlam düşüncəli, kamil
insan yetişdirən bir təşkilatdır.
İndi attestatlardan «kamal» sözü də
yığışdırılıb. Deməli, bizə day
«kamal» da lazım deyil.
Uzun sözün qısası, nə qədər ki
müəllimlər basqı
altında qalacaq, 3500 manatlıq
telefonla dərsə gələn
şagirdlərdən və onların valideynlərindən
çəkinəcək, orta məktəblərimiz kamil insan
deyil, 156 saylı məktəbdə öz məktəb
yoldaşlarını linç edən şagirdlər
yetişdirəcək.
Və sonda. 1976-cı ildə Ağsu şəhərində
internat məktəbdə müəllim
işləyirdim. 10-cu sinifdə bir şagird
özünü çox yekəbaş
aparırdı. Mən də 22-23 yaşlarında
universiteti təzə bitirmiş dəliqanlı bir
oğlan idim. Həmin şagirdi saldım
şapalağın altına,
eşşək sudan gəlincə, biz tərəflərdə də eşşək sudan gec gəlir,
möhkəm çırpdım. Ağzı-burnu da qanadı,
dərsdən də qovdum. Aləm dəydi bir-birinə. Məktəbin direktoru Nadir müəllim
dedi ki, səni tutacaqlar, məni
işdən çıxaracaqlar. Maarif müdiri də bərk
qorxmuşdu, zəng elədi ki,
sən neyləmisən, hamımızı zibilə
salmısan. Döydüyün şagird rayon prokurorunun
oğludur. Nə isə, dedim
yaxşı eləmişəm, özünü adam kimi aparaydı döyməyəydim. Səhəri günü məni çağırdılar prokurorun
yanına. Getdim. Yerindən qalxıb mənimlə
görüşdü, üzbəüz oturdu, çay gətirtdi,
dedi:
- Müəllim, uşaq bir həftə dərsə gəlməyəcək.
Çünki səndən sonra özüm onu möhkəm
döymüşəm. Demişəm ki, sən nə qələt eləmisən
ki, müəllim səni bu günə qoyub.
Nə məni tutdular, nə də direktoru
işdən çıxartdılar.
Belə kişilər vardı ey.
Amma onu da deyim ki, ondan sonra məktəbə girəndə
ən şuluq şagirdlər də
özlərini
yığışdırırdılar.
Aqil ABBAS
Ədalət.- 2024.- 23 fevral,¹ 7.- S.1;3.