Yuxu kimi bitən müharibə

 

və yaxud Aqil Abbasın bitən povesti haqqında

 

Ədəbiyyat, teatr-incəsənət, memarlıq-arxitektura... aristokratların menyüsü üçündür... kübar cəmiyyətlərdə. Sovet höküməti kütləviləşdirməni prioritet saysa da, pətənəyinin götürümü imkan vermədi, cərcənəyi dağıldı getdi və elə ondan başladı... “klassik”, “ekstraklas” və s “klas, klas” oyunu: biri Göydən yazdım, çəkdim dedi, biri təsəvvüfdən danışdı, buddizm-krişnaizm-daoizm-maoizm, Zen fəlsəfəsi ta lgbt-əyəcən marginallaşmağa, modernləşməyə! Pre- və post- modern cərəyanlar, sürreal-irreal tonlar-çalarlar artıq ARİSTOKRATİYAnın yem(əy)i yox, ucuz qəhvəaltı-kafe-pub müştərilərinin də desert-delikatesi sayılmağa başladı!

Demokratiya bu qədər zibil şeydir, yəni.

Müharibə isə hamısına qarşı qəddardır – onu qədim Romada cəngavərlər edəndə aristokratcasına edirdilər, sonra müharibənin faşist və sovet, imperialist növləri yarandı, döyüşə cəngavərlər yox, ancaq kasıb balaları gedəsi oldu!

Əlqərəz, ARİSTOKRATİYA yerini... kiməsə verməsə də, yerini itirdi! Missiyası başa çatıbmı, çatmayıbmı, hələ bilmək olmur, olmaz, ancaq... müharibələr davam edir!

Biz o müharibələrin içində olduq - əvvəl işğalçı ölkəni yad saysaq da, vətən deyib qoruduq, sonra doğma vətən üçün vuruşduq!

Bu müharibə diplomatik masalarda hələ də davam etsə də, demarkasiya, delimitasiya cəbhələrində hələ ki, qan tökülməsə də, həqiqətdə - meydanda bitib: artıq yuxu kimi görülüb bitmiş!

Biz hər zaman özümüzü ögey bilmişik, özümüzə çöçün gəlib başqaları ilə müqayisədə statusumuz... bütün sahələr üzrə!

Biz dekabrist arvadlarına – cəmi-cümlətanı 21 qadın! – bayılmışıq, bizim qəhrəman saydığımız ağpantalon Janna d*Ark olub, amma xəcalətini çəkmişik Nigarın, Həcərin bəzi nənəsindən bixəbərlərə görə, bizim qədrini bilmədiyimiz Cəfərin Sonası, Cavidin Müşkünazı, Əhmədin Şükriyyəsi, amma Ayna Sultanovaya, Nadejda Krupskayaya şeir qoşmuşuq.

Somerset Moemin “Ostrie britvı” povestindən sonra... Aqil Abbasın “Tut arağı, donuz kababı və Aşotun məktubu” povesti məni xeyli mütəəssir etdi!

...“Girdi Var-Yoxdan olmuş Dünyanın Ən Varlı Şəhərinə”.

Təkcə bu ilk cümlənin altında 200 min insanın ağrı-acısı yatır! Xatirələr 100 misli qədər!

Rəhmətlik Zakir Sadatlı ilə söhbətlərimdən birində qayıtdı ki, Aydın, o gün bir uşaq ölmüşdü, apardıq dəfn elədik gəldik, heç bir ağlaşma-zad olmadı, elə böyük acı da yaşamadıq! Bilirsən, niyə? O uşağın xatirəsi yox idi heç kimdə!

Anlada bildimmi bu ilk cümlənin ağırlığını: ...“Girdi Var-Yoxdan olmuş Dünyanın Ən Varlı Şəhərinə”. İllah da ki bu xatirə bu şəhərin sakinləri ilə birgə bu şəhəri işğal edənlərin nümayəndəsində elə o qədərdirsə!

Somerset Moemdə var bu: almanla fransız təmas qurur müharibə gedə-gedə!

Aqil Abbas daha bir addım irəli gedib: bütün psixoloji baryerləri darmadağın edərək, yalançı, siyasi “xalq diplomatiyası” etiketindən yararlanmayaraq: reallıqlar bədii ifadə ilə o qədər dolğun təsvir edilib ki!

Cılız “qaqa, hərəmizin İspanakertdə bir axçisi vardı” goppalogiyasından uzaq... səmimi bir “Faxı-Ayrika” macərası – “Əsli və Kərəm” mistikasından uzaq, erməni-türk sevgisinin mübhəmliyi qədər doğma!

Kişilərin kişi yerişi, kişilərin kişi qaydaları, eyş-işrətin hədd-əndazə lotuluğu kifayət qədər səmimi və ibrətamiz!

Yazının girişində yazdığım heç bir punkt bundan sonra nə Azərbaycan xalqlarına, nə də erməniyə lazım olacaq: ən böyük ARİSTOKRATlıq bu olacaq ki, hər iki tərəf üçün, başa düşülsün: onsuz da Türkə yeniləcək, onsuz da bütün keçmişin xatirələri “Var-Yoxdan olmuş Dünyanın Ən Varlı Şəhəri”nin “Dünyada Ən Gözəl Şəhər” məftunluğuna təslim olacaq!

Mənim xoşum gəlir “tabutdaşıyanlar” sitat gətirdikləri “ölülər”dən gətirdikləri sitata özü əməl edəndə!

SÖZARASI: mən “tabutdaşıyan” o şair-yazıçılara deyirəm ki, onlar özləri şair-yazıçı ola-ola mənə, oxuculara Kafkadan, Xuan Rulfodan, Homerdən sitat gətirirlər və özləri... o sitatlara əməl etmirlər!

Aqil Abbasla müsahibədə demişdi: Folkner deyirdi ki, mənim kəndimdə 4 min adam var, mən dördündən 4 roman yazmışam, 3996 roman qalıb yazılmağa!

Bəli!

Mənə Pedro Paramo, yaxud da Anna Karenina cazibədar deyil, oxuya bilərəm, təfsir, təftiş, tərif edə bilərəm, amma təbliğə gələndə, mənim kəndimin... “Muzşkola”nın müdiri, polisin Alikosu, Kino Fazili, Fred Asifi, Nurlanı, Müəlliməsi əzizdir, doğmadır, ürəyimin içinin içidir!

Mən varam, xalqım var, ölkəm var, əzablarım, zülmlərim, möhnətlərim, qələbələrim, ümidlərim var!

Mənim şərəfli keçmişimin qətlindən sonra DİRİLMƏM var – gələcəyimin ümidi olan hər bir əsər İNSANLIQ ADINA İMZAMDIR: “... Nə vaxt Kinonun qabağında uşaxlar qız üstə dalaşajax, nə vaxt bir-birinə bıçax çəkəjəy, bax, onda”, - qədərincə düşünə bilməkdir SABAHI – YAXŞININ NƏ OLDUĞUNU bilənlər üçün düşünə bilməkdir!

Hamının əvəzindən!

Mesajlar qutusuna... bir neçə məqamı atmışam bu povestdən: Cənubdan gələn azərbaycanlılar soydaşlarının işğal olunmuş evlərini 300-500 dollara alıb yağmalayıblar! Rus erməninin əliylə türkün evini türkə satıb Farsın dəstəyi ilə!

İKİNCİ MESAJ: Gündəyməzdən murdarı yoxdur, hələ də kəsib atan olmayıb. Biz ermənini kəsib atası deyilik! Bu erməni ilə biz qonşu olacağıq! Əvvəl “İspanakert”ə gedirdiksə, indi İrəvana gedəcəyik: Türkün seksual ehtiyaclarını ödəməyə öz evindəki bəs eləmir, gərək də və mütləqdir ki, farsın, erməninin də yanıq qalan qancığlarını doyursun. Süleyman Dəmirəlin sözü olmasın, ha indi bağlayaq bu karxanaları, bizimi s...?

30 ildir ermənilərə əlimiz çatmır, efirlərimiz dolub döşlü-dallılarla!

Arada bədii əsər vasitəsiylə də olsa, anlatmalıyıq – ermənilər, imkan olsa, farslar bizim üçün hansı “status”dadır!

Maraqlı daha bir bədii məziyyəti odur ki, povestin, Müəllif həm Özü obrazdır, həm ithaf etdiyi şəxs Obrazdır, həm də düşmən Obrazdır – hər üçünün performansı, dialoqu-düşüncəsi-varlığı GÖZƏL KOMPOZİSİYA ilə verilib!

Bayağılıq yox, vulqar ifadələri məhz ona görə bəyənirəm ki, milli kolorit və dialekt bədii həllini tapıb, yorğunluq gətirmir, ikrah yaratmır, süni humanizm təqdimatı qətiyyən yaxın buraxılmır: istər Faxının Müəllimə anası danışanda olsun, istər Aşotun belini ovmayan kişi qalmayan Anası!

Azərbaycanlı şəhid Anasını əziz tutan Müəllif, erməninin də oğlu qətl edilən Anasını sayğı ilə həzm edir!

Epizodik təqdimatlar – kitablara və məscidlərə münasibət, yeyib-içmək məclislərində zarafat səmimilikləri milli-məhəlli-regional standartlara adekvatdır!

Povestdə xoşuma gələn bir məqam da o oldu ki, müharibəyə qədərki, müharibə dövrü və müharibədən sonrakı mərhələ qısa, konkret, lakonik, qəzəbsiz, kinsiz, ali idrakla – yazıçı qələmi ilə nəqqaşlıq etməklə çatdırılıb! Pafossuz, populizmə yuvarlanmadan, aqressiya, nifrət, kin püskürmədən!

Əsl Qalib Ədası-Ərki-Əzmi ilə!

Anladığınız... Qaliblər burcutmur, Sözü bir dəfə deyir və Qaliblərə maraqlı deyil... altda qalanın canı necə çıxır!

Aqil Abbasın AĞAYANA Nasir ədası mənə ləzzət edən sonuncu amil deyildir, əlbətə ki!

Ağsaçlı obrazın bütün povestboyu dialoqa, təhkiyəyə, şərhə müdaxiləsi ilk baxışdan hiss olunmur, ancaq o qədər bunu Ağsaqqal kimi edir ki, hiss edəndə də incimirsən ki, sənin burda nə işin var, görək Aşot nə deyir, Faxı nə deyir, Nurlan nə iş görür, Lyonik, Ararat, Ayrika nə qələt qarışdırır.

Buna müharibəni öz canında yaşamaq, müharibəni öz canında yaşayanlarla yaşamaq deyirlər!

Ən gözəl əsər o əsərdir ki, Müəllif qəhrəmanlarının səviyyəsinə yüksəlir, onlarla bir gülür, bir ağlayır... Balzak “Qorio Ata”da, Qorki “Ana”, “Mənim Universitetlərim” əsərlərində olduğu kimi!

Əslində bu Birinci və İkinci Qarabağ Savaşı bizə elə də çox şair-yazıçı bəxş etmədi – bundan sonra kimsə nəsə yazıb Nobel də alsa, bu ƏQLƏN olacaq bir qələbə sayılar, amma əvvəlindən sonunadək... döyüşən-yazan imza Aqil Abbas oldu!

Başqalarının haqqına girmək istəmirəm, ancaq mən onun yazdıqlarını qəbul edə bildim: saxta deyildi, konyunktura üçün yazmırdı, volontir idi, volyuntarist-karyerist deyildi!

Əlbəttə, bir orası da var ki, “ağlamalinski” əsərlər - esselər, poemalar, romanlar da gördük – müzakirələr açıldı, piarlar aparıldı, menecerliyi edildi.

Mən heç birində Aqil Abbas qarabağlı olduğu qədər azərbaycanlı, ağdamlı olduğu qədər qarabağlı görmədim!

Hər nə yazsa, bütün ədəbi-bədii, ictimai-siyasi tələblərin fövqündə duracaq!

Ağsaçlı obrazı artıq əsərdən əsərə adlamaq haqqını qazanıb... Qılınc Qurban kimi!

O ki qaldı Müəllifin povesti dostuna ithaf etməsinə, sadə bir izahı var: bu müharibə həm də ona görə uduldu ki, dostlar bizi atmadı – müharibəni yuxuya çevirdilər!

ƏN GÖZƏL YUXU oldu bu yuxu: gözümüzü açanda özümüzü qalib gördük!

Müharibə dövrünün Müharibə Ədəbiyyatının Qalib İmzasını – Ağsaçlını təbrik edirəm! Həm də... bizim Ağsaçlı ilə ARİSTOKRAT CƏMİYYƏTDƏ görüşümüzə ümid oyatdığına görə.

Aristokrat cəmiyyət Qaliblərin Cəmiyyətidir!

Yazının əvvəlini təkrar oxuya bilərsiniz – həzz dəqiqələriniz davam etsin deyə!

 

Aydın Canıyev

Ədalət.- 2024.- 23 fevral,¹ 7.- S.7.