Dupduru
adamla söhbət
hər son yeni bir başlanğıcla təzələnir
Əvvəlcə onun özündən
başlayım. Hər dəfə barəsində söhbət
düşəndə həmin çöhrəsi, həmin təbəssümü
və həmin çox-çox uzaqlara söykənən
baxışları gəlib durur qarşımda. Elə bil
indicə fikir bildirəcək. Hansısa bir məsələyə
münasibətini təmkinli şəkildə şərh edəcəkdir.
O, hamı üçün belə idi. Sadə, təmkinli, bir
az da mənim öz düşüncəmə görə həssas.
Çünki istər publisistikasında, istər
poeziyasında, istər nəsrində dediyim bu
çalarların hamısı özünü ehtiva
etmişdir. Həm də o, xalqı, torpağı, onun mədəniyyətini,
tarixini zərgər dəqiqliyi ilə öyrənməyə,
təbliğ etməyə köklənmiş adam idi.
Barəsində fikirlərimi yığcam ifadə
etdiyim bu şəxs Azərbaycan ədəbiyyatında, Azərbaycan
söz məkanında öz imzası, öz dəsti-xətti,
öz yeri olan Azər Abdulladı. Bu həmin Azər
Abdulladı ki, onun yaradıcılığı təkcə
öz çevrəsində, öz ədəbi mühitində
deyil, bütövlükdə Azərbaycanın söz
arenasında həmişə diqqəti çəkibdir və
bir də Azər müəllim sözə son dərəcə
həssaslıqla yanaşan, hər söz barəsində
söz deməyən müəlliflərdən idi. Ruhu şah
olsun.
Bu gün «Bir şairin bir şeiri» layihəmdə Azər
Abdulla ilə həmsöhbətəm. Onun mənə
avtoqrafla bağışladığı 2019-cu ildə
işıq üzü görmüş «Havalı sular,
sevdalı sular» kitabı əlimdədir. Azər Abdulla
avtoqrafında yazıb: «Şeirlərini həvəslə
oxuduğum gözəl şair Əbülfət bəy Mədətoğluna
dərin sayqılarımla. Müəllifdən». Bax, bu kitabda
bir-birindən maraqlı şeirlər var. Amma nədənsə
bu gün ruhuma, könlümə yaxın olan bu şeir
çəkdi məni. Azər
müəllim yazıb ki:
Zaman-zaman hərləndim
Su idim, quruya döndüm.
Arındım, təmizləndim
Liliydim, duruya döndüm.
Yəqin ki, siz də oxudunuz bu bəndi və xəyal
sizi də həmin o hislərə köklədi və hər
birimiz, elə mənim özüm də
ayrı-ayrılıqda düşündük ki, kim idik, nə
idik, nəçi idik, necə idik və kim olduq, nə olduq, nəçi
olduq, necə olduq... Bütün bu suallar Azər Abdullanın
təqdim etdiyi şeirin birinci bəndində hər kəsə
ünvanlanır və hər kəs də hardan-hara yol gəldiyini
artıq düşünməyə, araşdırmaya
başlayır. Bax, mən də bu ovqatın içində
qoşuluram Azər Abdullaya. Üzümü Tanrıya və
bir də onun bəndəsinə tutub içimdə
pıçıldayıram:
Ay bu dərdin sahibi,
Öldürür dərdin məni.
Göz dustağı eləyib,
Qoyduğun şərtin məni.
Təbii ki, bu ovqat hardasa Azər Abdulladan gələn
sualların yaratdığı məntiqi düşüncənin
yazılı formasıdı. Özüm də bilmədən
həmin o suallara cavab kimi dərdinin sahibinə, məni
göz dustağı edənə tərəf əl
açılam, köklənirəm. Deməli, burda da bir daxili
durulma, burda da bir özü-özünü sorğu-suala tutma
var. Həmin o məqam da yenidən Azər Abdullanın
artıq məni köklədiyi ovqatı yaşatmaqda, onun
içərisində durulmaq və həyatı elə Azər
Abdullanın təqdim etdiyi kimi görmək imkanını
qabardır. Bir az da sərrast ifadə etsəm, hiss edirəm
ki, Azər Abdulla o durulmanın haqdan gəldiyinə və
qaçılmaz olduğuna əmindir. Ona görə də
birmənalı şəkildə yazıb:
Yatsam da ayılsam da
Andan ana köçürəm.
Min illər adlasa da
Candan cana köçürəm.
Məncə, burdakı məntiq çox uzaqlara –
folklorumuza, qədim yaddaşımıza gedib köklənir.
Ruhun əbədiyaşarlığı, insanın başqa bir
aləmdə öz həyatını davam etdirməsi, eləcə
də candan cana köçməsi, necə deyərlər,
atadan oğula, oğuldan nəvəyə davam edən bir ruh
yaşamının, bir soy yaşamının təzahürləri
təqdim etdiyim şeirdə mənim üçün
görünən və təsir edən məqamlardı. Mən
də o məqamların həm inancdan, həm də inamdan gəldiyinə
söykənirəm. Ona görə də öz şeirimdə
birmənalı olaraq əl açdığım ünvana
fikrimi çatdırıram:
Nə insaf var, nə mürvət,
Tükənir canda qüvvət.
Açıq-aşkar, ya xəlvət,
Heç nəyə verdin məni.
Azər Abdullanın əvvəldə söylədiyim
həmin o şeir aurası oxucunu sözün təkcə
işığını yox, həm də fikir qatını
görməyə hazırlayır. Sadə və kifayət qədər
məntiqli bir şəkildə oxucuya
çatdırılır ki, şeirin əvvəlindəki
suallar sonundakı cavabın məntiqi yekunudur. Yəni
başlanmışdan sona qədər məqsədli, həm də
inaclı bir yol gedir. O yolu da nizamlayan, o yolun da bələdçisi
hər kəsin öz içindəkidi. Bax, o iç
dünyanın böyüklüyü, əzəməti, o
vaxt barlı-bəhərli olur ki, o, anlaşılır, o dəyərləndirilir
və deməli, «olum-ölüm» məsafəsi ilə
yanaşı candan-cana köçmək haqqı da
qaçılmaz olur. Mən də bax, bu son bəndin
işığında həmin o gəldiyim qənaəti bir
daha Sizə çatdırıram. Oxuyun:
Bulud oldum sıxıldım
Damcıtək yerə döndüm.
İsindim, buxarlandım,
Yenidən göyə döndüm.
Bəli, ilki ilə əvvəlinə dönüş
bir inacdı. Biz bəzən buna biganə yanaşırıq.
Amma yoxdan var olmaq mümkün olduğu kimi, vardan da yox olmaq
bir həyat əlamətidi. Ona görə də Azər
Abdullanın yenidən ən müqəddəs ünvana – yəni
göyə dönməsi həm mənim inandığım,
həm də onun haqq etdiyidi. Bax, bu məntiqlə də öz
şeirimin sonunda sözümü artıq birbaşa deməyə
qərarlıyam. İstəyirəm ki, sonumun necə
olduğunu bildiyimi o da bilsin:
Mənə balta çalan, gəl,
Məni məndən alan gəl.
Gəl, halıma qalan gəl,
Belə də gördün məni.
İndi düşüncələrin, duyğuların
bir-birinə qarışdığı bir ovqatın
içində mən Azər Abdullanın ruhuna baş əyməklə
paralelliyini apardığım şeirlərdən yaranan
yazını Sizə təqdim edirəm. İmkanınız
olarsa oxuyun və müqayisəmə öz münasibətinizi
bildirmək haqqınızdan istifadə edin.
Əbülfət Mədətoğlu
Ədalət.- 2024.- 23 fevral,¹ 7.- S.8.