"QAÇAQ MƏMMƏDALI»
Bu günlərdə filologiya üzrə fəlsəfə
doktoru, dosent Salatın Əhmədovanın redaktorluğu ilə
işıq üzü görmüş maraqlı bir kitabla
tanış oldum. Elə buradaca əlavə edim ki, kitabın
məsləhətçisi fizika - riyaziyyat elmləri namizədi, dosent
İsmixan Yusubovdu. Məhz onların diqqət və həm də oxucu marağını nəzərə
alan iştirakları nəticəsində işıq üzü görmüş
bu kitab Qazax rayonunun məşhur
Poylu kəndinin tarixinə,
onun uzaq və yaxın
keçmişinə həsr edilibdir. Kitabın müəllifi
Qasım Əhmədli özü barəsində bu kitabda
kiçik bir arayış da təqdim edib.
Həmin arayışdan məlum olur ki, 1952-ci ildə Qazax rayonunun Poylu kəndində
doğulmuş Qasım Əhmədli ixtisasca
riyaziyyat müəllimidir. Amma buna baxmayaraq, Azərbaycan
tarixinə, bütövlükdə isə yaxın, uzaq
ölkələrin, xüsusilə
türk tarixinin maraqlı
izləyicilərindən biridir.
Ona görə də Poylu kəndinin
tarixi ilə bağlı araya-ərsəyə gətirdiyi
bu kitab təkcə Qaçaq Məmmədalının deyil, bütövlükdə
Poylu kəndinin tarixini
özündə əhatə edir. Belə ki, bir neçə
fəslə
ayrılmış bu
kitabda həm kəndin ümumi tarixi və mənzərəsi,
həm Qaçaq Məmmədalı ilə bağlı
ayrı-ayrı bölümlər, eləcə də Poyluya
qonşu olan kəndlərin, xüsusilə başlanğıcda Poylunun bir hissəsi olan, yalnız
kolxozların yaradılması
ilə əlaqədar çay
sahilindəki yerini dəyişən Qaralar
kəndi barəsində
bilgilər və ən vacibi isə 1-ci və 2-ci
Qarabağ savaşında bu kəndlərdən Vətən
uğrunda canından
keçmiş igidlər barəsində bilgilər, sonra isə
Poylunun ziyalıları barəsində müfəssəl
informasiyalar verilmişdi.
Xatırlatmaq yerinə düşər ki, bu
gün Poylu
respublikamızın qəsəbə statuslu
yaşayış məskənidi!
Kitabla tanış olarkən
mənim diqqətimi ən
çox çəkən
müəllifin öz qəhrəmanları ilə sadə
və anlaşıqlı bir dildə danışması,
xüsusilə bölgənin ümumi aurasını bu kitaba gətirməsi
oldu. Kitabın redaktoru filologiya
üzrə fəlsəfə doktoru, dosent Salatın Əhmədovanın da
vurğuladığı kimi bu kitabda «Dövrün çətinliklərindən,
kolxoz quruculuğundan, repressiyalardan, qaçaqlardan, Qaçaq
Qurbandan, Qaçaq Məmmədalıdan danışır». Deməli, bu
kitab böyük bir zaman kəsiyini əhatə etməyi
bacarıbdır. Bu da onu göstərir ki, kitabın
müəllifi zaman-zaman bu
kitabı araya-ərsəyə
gətirmək üçün axtarışlar aparıb, bilgilər
toplayıbdır. Kitaba əlavə olunan
şəkillər, eləcə də müxtəlif
diaqramlar həmçinin bu kəndin keçmişini bizə
xatırladan həvəskar
karandaşı ilə
çəkilmiş layihələr
özü-özlüyündə müəllifin məsuliyyətindən, maraq və
yaradıcılıq axtarışından xəbər
verir.
Mən kitabla tanış olarkən bir daha əmin oldum ki, bir zamanlar bizə
quldur, başkəsən, özgənin var-dövlətini talayanlar kimi təqdim edilən
oğullarımız əslində elin-obanın təəssübkeşi olmuş mərd igidlərdir. Bu mərdlikləri
də onlara qaçaq
həyatı yaşamağı
nəsib edib. Həmin çətinlikləri göz
altına alan oğullar, yəni
qaçaqlar bu gün yenidən tariximizə, ədəbiyyatımıza
qayıdıb gəlirlər. Onları da bizə gətirən,
bizə tanıdan məhz doğulduğu yurdun, aid
olduğu nəslin,
elatın Qasım Əhmədli
kimi axtarış aparan təəssübkeş müəlliflərdir.
Məz bu müəlliflərin
xidməti tariximizin zənginləşməsində
öz sözünü deyir. Bir
oxucu olaraq bu
kitab mənə qədim Poylu
kəndin ilk
ünvanından bu
günümüzün Poylu
qəsəbəsinə qədər keçilmiş yoldan, həmin dövrün gerçək tarixindən və
qəhrəmanlarından, bir
az geniş anlamda
yanaşanda isə, tarixindən və corafiyasından bilgilər
verən mənbə oldu!
Düşünürəm ki, ölkəmizin digər bölgələri kimi, Böyük Sözün, Böyük Ədəbiyyatın yaradıcılarının bir
qisminin doğulduğu Qazax bölgəsinin Poylu kəndi barədə bu sənətli əsər çox təqdirəlayiq ədəbi- tarixi nümunədir! İlk öncə isə bu gün Qazaxda, xüsusi ilə
Poyluda böyüyən
yeniyetmələrin
ÖZÜNÜ, TARİXİNİ,
KİMLİYİNİ bilmək
üçün!
Əbülfət Mədətoğlu
Ədalət.- 2024.- 23 fevral,¹ 7.- S.8.