”Nizami Gəncəvi farsdır” deməklə, onu fars “etmək” olmaz, faktlar var axı…”

 

Son bir neçə ildir İran İslam Respublikasının Azərbaycana qarşı siyasi təzyiq və məkrli təhdidlərinin şahidi oluruq . Əslində isə bu münasibətə təəccüblənmirik, çünki tarix boyu bu münasibəti nəinki tək siyasi arenada eləcə də mədəniyyət, ədəbiyyat, kulinariya və digər sahələrdə də görürük.

Məsələn, göz-görəti Azərbaycanın dahi şairi, mütəfəkkiri Nizami Gəncəvini mənimsəməsi ədəbiyyatımıza qarşı fars işğalı kimi dəyərləndirilir. Xatırlayırsınızsa 2008-ci ildə İranın «Əmir Kəbir» nəşriyyatı Nizami Gəncəvinin (Gəncei) «Xosrov və Şirin», «Leyli və Məcnun», «İqbalnamə» və «Şərəfnamə» əsərlərini Behruz Sərvətiyanın düzəlişi ilə yenidən çap etdi. Nəşriyyat Azərbaycan şairi Nizami Gəncəvini fars şairi kimi təqdim etdi. Və hələ də bu qıpqırmızı yalanı sürdürməkdədir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevlə mövzu ilə bağlı söhbətimizi sizə də təqdim edirik:

-Zaur müəllim, artıq farsların həyasızlığı o həddə çatıb ki, neə deyərlər, “qanuni fars şairi” kimi sığortalıyıblar…Bunlar niyə bu qədər əminliklə Nizamini fars hesab edirlər?

– Dünya elminə və poeziyasına əvəzolunmaz töhfələr verən Nizami Gəncəvinin anadan harada olması barədə bir çox müzakirələr həmişə olub. Nizami Gəncəvinin guya Qaxın Qum, iran alimlərinin iddiasına görə isə İranın Qum şəhərində anadan olması barədə fikirlər səslənir. Bunu iddia edənlər də Hacı Lütf Əli bəy “Ataşkadah” bioqrafik əsərinə istinad edirlər. Nizami Gəncəvinin Qum şəhərində anadan olmasını iddia edən Hacı Lütf Əli bəy “İsgəndərnamə” əsərinin ikinci hissəsi olan “İqbalnamədə” şairin

Gəncə dənizində olsam da pünhan,

Yerim Qum şəhridir, yurdum Qohestan.

Təfrişdə Ta adlı bir kənd dayanıb,

Nizami ad-sanı ordan qazanıb!– misrasını əlində əsas tutaraq dahi şairin Gəncədə anadan olmamasını yazır. Bundan sonra da bu informasiyadan çıxış edərək XVIII əsrdən başlayaraq dünya şərqşünaslığı ilə yaxşı tanış olan insanlar İranı Nizaminin vətəni hesab etməyə başladılar.

– Yəni, dünya alimləri də anlamırlar ki, kiçik bir detal həqiqəti inkar etməyə yetməz?

– Heç kim bu misranın orjinalını araşdırmadı və yalan da buradan ayaq tutub yeridi. Məhz elə buna görə, Nizami Gəncəvinin əsərində belə bir sitatın olmasının ardınca düşmədən onu fars və İran şairi hesab etməyə başladılar. Birinci coğrafiyaya nəzər salsaq görərik ki, İran ərazisində Qohestan deyilən bir yer yoxdur və ikinci də Qum Nizami Gəncəvinin şəhər adlandırdığı kriteriyalara uyğun gəlmir. O zaman Qum balaca bir kənd idi və onun böyük şəhər olması mümkün deyildi. İkinci də Qaxın Qum kəndi də o illərdə elə böyük bir yer deyildi və şəhər kimi onun barəsində heç bir məlumat yoxdur.

– Bəs digər tarixçi alimlər bu nüansın üstünü açmadılar?

-Bunun üçün alim olmaq lazım deyil, eləcə coğrafi yerlər haqqında google.az da axtarış vermək kifayət edər ki, məlumat əldə edə biləsiniz. Uzun illər Nizami Gəncəvinin İran şairi olması bir çox şərqşünas alimlərin əsərində qeyd edilməyə başladı. Bu alimlər ən etibarlı mənbə olan Nizaminin orta əsr bioqraflarının hamısı, xüsusilə Aufi Sədidəddin (XIII əsr), Dövlətşah Səmərqəndi (XV əsr) və s.) şairin doğulduğu şəhər kimi, onun “bütün ömrü boyu yaşadığı və vəfat etdiyi Gəncə şəhərində anadan olub” fikirlərini görməzdən gəldilər.

– Yəni dürüst bir şərqşünas ortaya çıxmadı ki, bu gerçəyi ortaya qoysun?

-Bu anlaşımazlıq uzun zaman çəkəcəkdi. Amma XX əsrin birinci yarısında məşhur rus şərqşünası akademik Y.E.Bertels bu mövzunu araşdırmaq qərarına gəldi. Məhz o, Nizami Gəncəvinin bütün əsərlərini, xüsusilə “İsgəndərnamə” əsərini ciddi-ciddi tədqiq edib sübut elədi ki, Hacı Lütf Əli bəyin iddia etdiyi kimi yuxarıda qeyd etdiyim “Qum şəhərindəm adlı” sətirlər Nizaminin həmin əsərinin digər əlyazmalarda, o cümlədən erkən köçürülən versiyalarında yoxdur, yəni, bu sətirlər şairin “İskəndərnamə” əsərinə ideoloji motivlərdən irəli gələrək təəssübkeş İran mirzələri tərəfindən əlavə olunub və açıq-aşkar saxtalaşdırmadır. Akademik öz tədqiqat əsərində yazır: “Nizaminin ən qədim əlyazmalarında, 763-cü (1360-cı il) il tarixli hicriyə aid Parisdəki Milli Kitabxanda olan əlyazmalarında bu sətir də yoxdur “.

– Bəs, niyə fars alimləri hələ də öz dediklərini deyirlər?

-İndi ona da aydınlıq gətirək: Bertelsin  ardınca akademik Y.Kraçkovski, akademik A.E.Krımski, Azərbaycan alimləri H.Arazlı, C.Heyət, R.Əliyev və başqaları “İsgəndərnamə” əsərlərinin orjinallarını tədqiq edərək dahi şairin Azərbaycanın Gəncə şəhərində anadan olmasını sübut etdilər. Lakin o illər sovet elmi dünya miqyasına tam çıxmamışdı və II dünya müharibəsinin başlaması, Qərb alimlərinin akademik Y.E.Bertelsin əsərlərinin çıxışı olmaması bu sübutun onlara çatmamasına səbəb yaratdığı üçün onlar Nizamini İran şairi kimi qələmə verməkdə davam etdilər. Lakin elmdə vicdanlı alimlər də var, İranda Nizami Gəncəvinin üzünü köçürən zaman qəsdən saxtakarlıq edən və onu İranda anadan olmasını “soxuşduran” şəxslərdən fərqli olaraq əsl elmi tədqiqat aparan Iran ədəbiyyatşünasları içərisində V.Dəstgerdi haqlı olaraq Nizami Qumda anadan olmayıb, “İsgəndərnamə” əsərinin üzünün köçürülməsi zamanı Qumda anadan olması barədə fikirlərin sonradan mirzələr tərəfindən salınmasını iddia edir. Nizaminin ilk tədqiqatçısı V.Dəstgerdi göstərir ki, şairin əvvəlki nüsxələrində Qumla əlaqəli beyt olmamışdır.

– Bəs, bizim alimlərimiz farsları fikrindən döndərmək üçün hansı işi gördülər?

– Nizaminin yubileyi ərəfəsində görkəmli şərqşünaslar R.Əliyev və A.Sarovlu Azərbaycan höküməti tərəfindən Qax rayonu Qum kəndinə məsələyə aydınlıq gətirmək üçün ezam olunurlar. Qayıdıb gəldikdə onlardan hesabat tələb edəndə cavab bu olub ki, Qum kəndi kiçik bir kənddir və guya Nizaminin “Qum şəhərində” anadan olması barədə “böyük şəhər Qum” bura ola bilməz.

-Necə ola bilər ki, Nizaminin əsərlərində qondarma Qum şəhəri olsun, Gəncə olmasın…

-Var, niyə yoxdu…Nizami Gəncəvi özü “Sirlər xəzinəsi” dastanının 179-cu səhifəsində konkret anadan olduğu yeri qeyd edir:

“Mən Gəncədəyəm, indi İraq məndən uzaqdadır”

“Qum şəhəri Qəhrestanı” məhəlləsinə gəldikdə isə, bu onun əsərlərinin surətini köçürən şəxslərin artırmalarıdır. Çünki, Nizami əsərlərinin ojrinal nüsxələrndə belə bir şey yoxdur. Konkret olaraq qeyd edək ki, Nizami əsərlərinin XVI əsrdə və sonralar köçürülmüş nüsxələrində “İsgəndərnamə”nin “İqbalnamə” hissəsinin bir yerində şair Gəncədən danışan zaman fikir yarımçıq kəsilərək Qumla bağlı dörd misra qəsdən artırılmışdır.

-Tərs kimi də, bütün  əsərlərini fars dilində yazıb…

-Elə farsların əlinə “fakt” verən məqam da odur! Dahi şairin yaşadığı Gəncə şəhəri. Nizami Gəncədə yaşaya-yaşaya necə fars şairi ola bilərdi. İran adlanan dövlət ona necə iddia edə bilər? Gəncə şəhərinin XII əsrdə İran şəhəri olması haqqında fikir də yanlışdır. Gəncə necə İran şəhəri ola bilərdi ki, Nizaminin dövründə İranın özü Səlcuq imperiyasının bir hissəsi idi? Həm də Gəncə türk oğlu türk olan Azərbaycan Atabəylərinin paytaxtı idi. 651-ci ildə dövlətçiliyini itirən İran (irandilli xalqların dövlətçiliyi nəzərdə tutulur) bir də onu 1300 ildən sonra Pəhləvi sülaləsi ingilislərin köməyi ilə hakimiyyət başına gələndə bərpa etmişdi.

– Deyilənə görə, Sovet hökümətinin liderlərindən olan Stalinin də Nizami Gəncəvi haqqında fikirləri olub…

– 3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın «Pravda» qəzetində məqaləsi çıxır. Məqalədə o, Stalinlə görüşündən danışırdı: “Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, o, bu sözlərlə onu əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqıyla doğma dilində kontakta icazə verilmədiyini göstərir”.

1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonovun “Pravda” qəzetində belə bir məqaləsi dərc olunmuşdu: “Aydındır ki, Nizami farsca yazıb, Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran milliyətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və onu vətəni Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, ancaq bu həyasız yalan heç kimi aldada bilmədi.

Yevgeni Bertels tərəfindən hazırlanan Böyük Sovet Ensiklopediyası 1939-cu ildə Nizamini Azərbaycan şairi kimi təqdim etdi və 1940-cı ildən sonra artıq Nizaminin azərbaycanlı olması bütün sovet alimləri tərəfindən qəbul olundu.

– Görəsən niyə Gəncəli Nizaminin türk dilində heç bir əsəri də yoxdu?

-Nizami Gəncəvi 1188-ci il sentyabr ayının 24-də bitirdiyi «Leyli və Məcnun» əsərini türk dilində yazmaq istəmişdir. “Leyli və Məcnun”u türk dilində deyil, fars dilində yazmasını əmr verən Axistanın hərəkətləri onu çox qəzəbləndirmiş, amma oğlu Məhəmmədin xahişi ilə onu farsca yazmağa razılıq vermişdir. Amma öz etirazını əsərdə belə şərh etmişdir: “Nə cürətim vardır əmrdən qaçam, nə də könlün vardır xəzinə açam ” Qərb ədəbiyyatı isə onu əsasən fars və iranlı kimi təqdim edir. Burada fars dilində yazmış olduğunu əsas kimi götürürlər. Halbuki, fars dilində yazmaq o dövrün ənənəsi idi.

Nizami Gəncəvi “Xosrov və Şirin” əsərində yazır:

Turkluyum bu həbəşdə hec getmir.

Dadlı dovğaya xalq meyl etmir.

Burdada Farslığım və ya Kürdlüyüm deyil Türklüyüm deyir.

– Təəssüf ki, bu faktlar farslara təsir etmir:”Nizami farsdır “deyib durublar.

– Hələ XV əsrdə Dövlətşah Səmərqəndi «Təzkirətül-şüəra» kitabında Nizaminin türkcə divanı barədə məlumat verib». Şah İsmayıl Xətai də Nizamini çox sevirdi. Onun fərmanıyla «Xəmsə»nin üzü dəfələrlə köçürülmüşdü. Nizami (Gəncəvi) də öz övladını türkzadə (türk oğlu) adlandırır “Xosrov və Şirin” əsərinin sonunda yazır:

Əgər şod torkəm əz xərgəh nəhani,

Xodayə, torkzadəmva to dani.

(Əgər türküm çadırdan gizlinə çəkildisə də,

Xudaya, türk balasını sən özün qoru.)

Məlumdur ki, bu misralarda şair çox sevdiyi Afaqın dünyadan köçməsindən bəhs açır, ona “türküm” deyir, Afaqdan olan oğlu Məhəmmədi isə “türk balası” adlandırır. Qərb tədqiqatçılarından Hammer, Baxer, Rutter, Erdman, Atkinson, Duda, Vilson, Blend kimi şərqşünaslar onu türk adlandırıblar.

-Beləliklə, fars dünyası və   Nizami Gəncəvini fars şairi kimi tanıtmağa çalışan farspərəstlərə də aydın olur ki,  Nizami bir türk oğlu olaraq Azərbaycanın qədim paytaxtlarından biri Gəncədə doğulub, yaşayıb və orada vəfat edib. Farslar istəsə də, istəməsə də, həqiqəti nə qədər gizlətməyə boğmağa çalışsanda bir gün mütləq özünü aşikar edəcək! Dahi Nizaminin xələfi olan Səməd Vurğun dediyi kimi, Günəşi örtsə də qara buludlar, Yenə günəş adlı bir qüdrəti var. Eynən həqiqət kimi

Zaur müəllim ətraflı söhbətə, maraqlı məlumatlara görə sizə təşəkkür edirəm!

 

 Söhbətləşdi: Əntiqə Rəşid

Ədalət.- 2024.- 23 fevral,¹ 7.- S.9.