Axır ki
qayıtdıq, gözlərin aydın...
Faiq Balabəylinin Vətən şeirləri üzərinə
Faiq Balabəyli çağdaş şeirimizdə dəyər
verilən və sevilən isimlərdəndir. Onun zərif
duyğular, kövrək ovqat, həzinlik yaradan şeirləri
sənətdə həm də yanımcıllıq nümunəsidir.
Şairin ciddi məramları ilə fərqlənən
şeir yaradıcılığında insana məhəbbətlə
yanaşı, Vətən, torpaq, yurd sevgisi də mühüm
yer tutur. Bu isə ədəbiyyatımızın orta nəslinin
nümayəndəsi, istedadlı qələm sahibi, ixtisasca dənizçi
olan, “mən gəmi kapitaniyam” deyəndə fəxr-fəxarət
hissi keçirən Faiq Balabəylinin elin layiqli övladı
olmasının göstəricisidir. O, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Müstəqil.az
saytının yaradıcısı və baş redaktorudur.
Müəllif “Eh,
ayrılıq, nə yamansan”, “Kəsilməyən həyəcan
fiti”, “Sənə yazılan şeirlər”, “Burda darıxmaq
olmaz”, “Yaşıl yuxulu dəniz”, “Bayıldan bayıra”,
“Yağışdan sonra” və digər kitabların müəllifidir.
Xalq şairi Sabir Rüstəmxanlının fikrincə, “Faiq
Balabəylinin poetik nəfəsində dənizin təmiz
havasına bənzər bir təravət və saflıq,
çırpınan dəniz narahatlığı var... Müəllifin
şeirlərində günümüzü qaraldan, nəfəsimizi
daraldan müharibə faciəsini, torpaq itkisinin
ağrılarını göstərən və onun fəal
şair-vətəndaş mövqeyini müəyyənləşdirən
nümunələr çoxdur.” O, şeirlərində Vətəni
necə sevdiyini belə izhar edir:
Mən sənsiz belə darıxdım –
əllərimi otlarına sürtdüm,
gözümü meşələrinə dikdim...
sənə gələn ağıları,
ağrıları
içimdən keçirdim...
Mən səni belə istədim –
Yarpaqlar küləksiz əsmədiyi kimi,
Yağışlar kəsmədiyi kimi...
Mən səni belə sevdim,
Mən səni belə oxşadım,
Vətən!
Şair, torpaqlarımızın uzun illərdən bəri
bədnam erməni quldurların işğalında
qaldığı illərdə Vətən dərdindən
yazırdı:
Hər gün istədim ki,
Durum dolanam başına, –
Başını tapa bilmədim,
ayağına döşəndim...
Qısıldım ayaqlarına,
Bir hovur yata bilmədim.
Yağıya uduzmağın, məğlubiyyət
acısı yaşamağın doğurduğu xəcalət
sindromuna bürünmüşdük o illərdə. O vaxtlar
gənclik çağlarını yaşayan Faiq Balabəylini
də yandırıb-yaxan, daim narahat edən bu hisslər idi.
Utanc hissini gizlədə bilməyən şair “Vətənə
ağı” şeirini bu fikirlərlə bitirmişdi:
Elə istəyirəm ki,
Sənin üçün ölümə gedəm;
Buna görə yaşamaq istəyirəm,
Yaşamaq!..
Utanırsan elə bil –
Hər kəsdən yaşınmaq istəyirsən,
Vətən!
El-oba, Vətən dərdini dilə gətirmək,
yurdun sevincinə fərəhlənib, kədərini
bölüşmək, lal-dinməz dünyanın uzun illər
ərzində susqunluqla qarşıladığı həqiqətlərimizi
çatdırmaq hər yazarın işi deyil:
Bir el görsən
Qızıl kimi torpaqları
Yad əllərdə parçalanıb –
O el – bizim elimizdir!
O yurd – bizim yurdumuzdur!
İtirdiyimiz yurd yerlərinə, kəndlərimizin
bir-bir boşalmasına şair ürəyi tab gətirmir.
“İndi bu kəndlərin yiyəsi yoxdu!” şeirində
müəllifin yaşadığı ruhi əzab,
üzüntü bizə bəlli olan məşum dövrdə
yurd yerlərimizin halətiylə həmahəngdir:
Başında
papağı olan kişilər,
Yadımda heykəltək
qalan kişilər
Kəndin küçəsindən
yoxa çıxıblar,
Elə bil bu kəndin
yiyəsi yoxdu!
Uzun illər göz-gözə
qaldığımız bu dərd, həqiqətən,
dözülməz idi, namərd qonşunun hiyləsi sinəmizə
çalın-çarpaz dağ çəkilmişdi. Qüssə-kədərimiz,
intiqam yanğısı F.Balabəylidən də yan keçməmişdi.
Başımız üstündəki ruh oxşayan mavi ənginlikdən
əsər-əlamət yox idi. Rəngi çoxdan itmiş səmamızda
nələr baş vermirdi o vədələr, o
çağlar? Şairin Qarabağ şeirlərindəki sərt
realizm, ötkəm yanaşma kələfi dolaşıq
düşən olayları çevik, dinamik tərzdə nəql
eləyirdi. “Vur, komandir, vur” şeirində olduğu kimi:
Axı gəlir, nişana al,
dayanma vur, komandir, vur!
O uçağı daşa basım buradan.
gör necə də bizim göydə o uçur.
Vur, komandir, vur!
O səmada qanad açan quş bizim,
torpaq bizim, bulud bizim, daş bizim.
Nə vaxtadək səbrim üstə daş
düzüm?!
Vur, komandir, vur!
Həyəcanla oxunan, azğın düşmənlə
mübarizəyə, həsrətlə yolumuzu gözləyən
yurd yerlərimizi azad etməyə çağırış
olan bu şeir poeziyamızda Qarabağ mövzusunda
yazılmış gözəl nəzm nümunələrindəndir:
Nə müddətdir sapsarıdır
yaşılım,
tez əmr ver, düşmənimlə savaşım.
Qoy vurulum, torpağıma qarışım
Vur, komandir, vur!
Şair düşmənin yarasa, xarabalıq sevən
bayquş yuvasına bənzər səngərlərini
nişan alan, tətik çəkən igidlərin
barmaqlarını, polad biləklərini öpüb
gözü üstünə qoymaq istəyir. Müəllif cəsur
oğulların varlığını doğma od-ocağımıza,
müqəddəs səcdəgahlarımıza bərabər
tutur:
Tətik çəkən barmağını
öpüm gəl
tuti bilim, gözlərimə təpim gəl
ocağım ol, səcdəgahım, pirim, gəl
Vur, komandir, vur!
Bu nəzm parçasındakı komandir və siravi əsgər
obrazları işğal edilmiş torpaqlarımızın
düşməndən tezliklə təmizlənəcəyinə
müəllifin ümidinin və dərin inamının ifadəsidir.
Həmin obrazlar rəşadəti, hünəriylə,
yağını geri oturdan dəqiq həmlələriylə
az sonra qazanacağımız parlaq Qələbənin əsasını
qoyanlardır.
Şair deyir ki, “yağı tapdağında qalmış
torpaqlarımızı al qanımızla geri qaytarmaq, əsir
düşmüş yurd yerlərimizə sahib çıxmaq ən
böyük arzumuz idi. Nə xoş bizə, rəşadətli
ordumuz, müzəffər Sərkərdəmiz, igid əsgər
və zabitlərimiz bu möhtəşəm Qələbəni
bizə yaşatdılar”.
Dönməz Ordumuzun 44 günlük Vətən
müharibəsində bizə ərməğan etdiyi Zəfərin
sevinc hissini yaşamaq bir söz adamı kimi, Faiq Balabəylinin
də nəsibi oldu. O, çoxdan həsrətlə gözlədiyi
Qələbəmizi vəsf edən şeirlər yazdı.
Orijinal müəllif müdaxiləsi, bəzən sevinc, bəzən
kədər dolu notlar üzərində köklənmiş
“Şuşa” şeiri kimi. Şair elatın torpağa
bağlılığını, bitib-tükənməyən
sevgisini sözdən yaratdığı bədii lövhələr,
yeni poetik deyimlərlə dilə gətirir:
Mənim qoca şəhərim, mənim uca şəhərim,
neçə ilin həsrətini çəkən,
yorğun şəhərim!
Özümüzdən çox uzaq,
könlümüzə çox yaxın,
gözümüzlə görünməyən tənha,
oğrun şəhərim!
Axır ki, qayıtdıq, gözlərin aydın!..
Nizama düşəcək qarışıq
küçələrin,
verəcək özünə yaraşıq
küçələrin...
Qaranlıqlar yox olacaq, işıq küçələrin
üzünə xal kimi düşən şəhərim!..
Gözəldir hər tinin, guşən, şəhərim,
axır ki, qayıtdıq, gözlərin aydın!
Zemfira Məhərrəmli
yazıçı-publisist
Ədalət.- 2024.- 23 fevral,¹ 7.- S.12.