Ay ana, gəl...
(hekayə)
Gecənin bir aləmində çənəmin
altına qədər çəkdiyim
yorğanın aşağı ucunda yekə, ağır bir əli
hiss edəndə ürəyim qopdu. Ağlıma gələn
bu oldu ki, evə oğru girib, özü də bu oğru
peşəkarlardandır, oğruların lap yekəsindəndir,
yəqin vor zakondur. Onun hərəkətlərindən
açıq-aşkar təcrübəli oğru olduğu hiss
olunurdu. Yorğanın üstüylə yekəpər əlini
asta-asta sürüşdürüb boğazıma dirəyəcək,
məni boğacaq və evi rahatca qarət edəcək. Bu
fikir ağlıma gələndə məni dəhşətli
titrətmə tutdu, bir dəqiqənin içində qan-tər
oldum.
Rəhmətlik atam
sakit, fağır bir kişiydi. O qədər yazıq
adamıydı ki, qapazı başına vur, çörəyi
əlindən al. Anam isə tamamilə əksinə, çox
zirək, diribaş bir arvad idi. Ailəmizi anamız idarə
edirdi. Məktəbdə bir problemimiz yarananda, qonşu
uşaqlarla dalaşanda, döyəndə, döyüləndə
anam özünü qabağa verər, hər işi sahmana
salardı. Bu hesabla nə vaxt çətinliyə düşsəydik,
anamızı köməyə çağırardıq. Odur
ki, oğrubaşıyla ölüm-dirim mübarizəsində
olduğum vəziyyətdə qeyri-şüuri “Ay ana, gəl,
məni öldürüllər!” – deyib, var gücümlə
qışqırdım və çənəmin altına qədər
çəkdiyim yorğanı dartıb başımı onun
altında gizlətdim. Mənim qəfil bağırtımdan
çox güman ki, mürgüləməkdə olduğumu,
yaxud yatdığımı zənn edən oğru diksindi və
taktikasını dəyişmək üçün
özünü çarpayıdan yerə atdı.
Tappıltını bax bu, kar qulaqlarımla dəqiq
eşitdim.
Bir azdan mətbəxdən qulaqlarıma
qarmaqarışıq səslər gəldi. Vay səni,
oğru deyəsən bir deyilmiş, şəriki də
varmış. Səni görüm...
Ağzımı açdım ki, arvada qarğış
eləyəm, dilim gəlmədi; fikirləşdim ki, mənim
qarğışım arvadı tutar, özüm pis günə
qalaram. Nə qədər olsa evdə hənirtidir,
azdan-çoxdan biş-düş edir, pal-paltarımı yuyur.
Mən keçən bazar bir qohum toyunda iştirak edəndə,
orada verilən bildirçin ətindən çox xoşum gəlmişdi,
doyunca yemişdim. Elə oradaca söz vermişdim ki, gərək
bildirçinə bir şeir qoşam-düzəm. Bir həftədir
əlləşib-vuruşuram, bir şey çıxmır,
heç bildirçin sözünün özünə
münasib qafiyə tapa bilmirəm. İşimin bu cür
şıdırğı bir vaxtında başı
batmış, əşi cəhənnəm olsun, başı
batmamış arvadım: “Mən getdim Sevərgilə
(qızımızı deyir), qapını arxadan bağla”. Mənim
də başım qarışıb qafiyə düzəltməyə,
qapı-zad vecimə olmayıb. Oğruların işi
rastına düşüb, qapını açıq
görüb, daha qıfılı, filanı sındırmadan
rahatca mənzilimizə daxil olublar. Vay səni, arvad! Qoy bu
oğruların əlindən salamat qurtarım, əgər
qurtara bilsəm, onda görərsən zərbi-dəstimi. Bu
sahədə aciz olsam da, heç olmasa hap-gopla özümə
təskinlik verim də.
Mətbəxdən gələn
qarışıq-quruşuq səslər məni həm
qorxudur, həm də təşviş hissimi
artırırdı. “Vay dədə! – bu dəfə “dədə”
nidası qəlbimi silkələdi: “Bu nə dəhşətli
bağırtıdır?”
Mətbəxdə bolluqdur. Soyuducu ağzına qədər
doludur. Mətbəx şkafında özümə bar kimi
götürdüyüm gözdə araqdan, çaxırdan
tutmuş viskiyə qədər hər cür içki
növü var. Oğrular içib keflənsələr, vay mənim
halıma. Kefli başda ağıl nə qayırır? Məni
lap kef havasına qətlə də yetirə bilərlər.
Bunu fikirləşdikcə lap dəhşətə gəldim.
Bəs mən nə edim, İlahi? Elə bil beynimə
aydınlıq gəldi. Yalnız ağız və burnumu
açıq saxladığım yorğanın altından əlimi
çıxarıb sağ böyrümdəki tumbanın
üstündən telefonu tapdım. Əminəvəm, polis
serjantı Bahadurun adını tapıb, düyməni
basdım. İnsafən, Bahadur çox yubatmadı: - Alo, - deyən
kimi mən pıçıltıyla:
Bahadur, evə oğrular girib, ən azı iki nəfərdilər.
Özünlə bir nəfər də götür, tez gəl
bizə, qapı açıqdır. Həyatım təhlükədədir.
Şair demişkən, könlüm intizarda,
gözüm qaldı yolda. Bir azdan yeriş taqqıltısının
otağıma yaxınlaşdığını hiss etdim. Bu
da sonum. Oğrulardan biri yəqin ki, kef havasına mənimlə
məzələnməyə gəlir. Kefli başda
ağıl olar ki, vurub məni öldürə də bilər.
Oğrubaşı ola, özü də kefli.
Oğrubaşının otağa daxil olması,
işığı yandırması və mənim qorxudan
huşumu itirib bayılmağım – bunların hamısı
eyni anda baş verdi.
Mən özümə gələndə
başımın üstündə iki oğlum, iki gəlinim
və bir də başı batmış, qoy olsun başı
batmamış həyat yoldaşım, bir də polis
serjantı dayanmışdı. Həyast yoldaşımın
çöhrəsində ironiya qarışıq bir
dodaqqaçdı sezilirdi. Ətrafdakılardan çəkinməsəydi
hökmən belə deyərdi: “Ə, özünü
artistliyə vurma, qalx ayağa”.
Adımın sonuna artırdığı əlavəsiylə mənə Şiraslan müəllim deyə
müraciət edən böyük gəlinim
qaşlarını düyünlədib günahkar adamlar
sayağı donuq nəzərlərini üzümdə cəmləşmişdi.
Kiçik oğlumun ağzına uyğun mənə ata deyən
kiçik gəlinim isə mənim
bu halımı zarafat sayıb səmimi təbəssümlə
gülümsəyirdi.
Mənim bayılmağım, görünür,
beynimin dincəlməsinə səbəb olmuşdu. İndi
tam aydınlığı ilə xatırlayıram ki, mən
bildirçinə qafiyə tapmaq üçün baş
sındıranda “Şiraslan müəllim, pişik sənə
əmanət”, “Ata, biz toydan qayıdana qədər pişik
burada qalsın”, - deyib gəlinlərim pişiklərini
içəri ötürmüşdülər. Pişiklər
də əks cinslərin nümayəndələri,
özü də mart ayı. Mətbəxtdəki həngaməni,
sən demə, pişiklər törədirmiş...
AKİF İMANLI
Ədalət.- 2024.- 23 fevral,¹ 7.- S.12.