BADAM AĞACLARININ ŞAİRİ
İbrahim Yusifoğlunu – Naxçıvan ədəbi
mühitinin yetirməsi olan bu istedadlı, zəhmətkeş
şairi 40 ilə yaxındı ki, tanıyıram. O,
doğrudan istedadlıdır – istedad məhz zəhmətlə
vəhdətdədir. Daim axtarış, poeziyaya sonsuz məhəbbət,
şeirdə təzə söz demək, bir kimsəyə bənzəməmək
mücadiləsi İbrahimi bir şair kimi səciyyələndirən
əsas amillərdir. İndiyə qədər İbrahim
Yusifoğlunun otuz üç kitabı nəşr edilşib.
O, həm şairdir, həm də publisist. Hər ikisində
çalışıb ki, uğurlu addımlar atsın. Amma mən
bu yazıda onun ancaq şairliyindən söz açmaq istəyirəm.
Deyə bilmərəm ki, İbrahim Yusifoğlunun bütün
şeir kitablarını oxumuşam. Amma əsl şairi qiymətləndirmək
üçün onun təkcə bir şeirlər
kitabını (hətta mən deyərdim ki, lap bir neçə
şeirini oxumaq kifayətdir) vərəqləmək bəs edər.
Mənə bircə gilə göz yaşı bəsdi» –
şeirlər kitabı mənim fikrimcə İbrahim
Yusifoğlunun həm də ömür kitabıdır.
İbrahim Yusifoğlunu bir şair kimi səciyyələndirərkən
ilk növbədə onun vətənpərvərlik
missiyasından söz açmaq istəyirəm. Hər bir
şair vətənini sevir, yaxşı şeirlər
yazıb onu nəql etmək arzusu ilə yaşayır. Amma necə?
Vətən haqqında yazılan şeirlərdə gərək
elə söz deyəsən ki, minlərlə vətənə
həsr olunun şeirlərdən seçilsin, fərqlənsin.
İbrahim Yusifoğlu Naxçıvanın Şəruru
böyük Azərbaycanı özü qədər sevir və
əslində böyük Azərbaycan onun üçün
Naxçıvandan, Şərurdan başlayır.
Baxın:
Ürəkdə qan coşar, ilham çağlayar,
Bu qədim qalanı seyrə gəlincə
Hər kəsi özünə qəlbən
bağlayar,
Qürur mənbəyimiz məğrur Əlincə.
O adi dağ deyil, nəqşicahanın,
Bütövlük, mətinlik güc simvoludur.
Namərdlər önündə dik tutub başın,
Əyilməzlik rəmzi, haqqın yoludu.
Təfərrüata baxmadan Əlincə haqqında
yazılan bu şeirin sırasına «Günnütüm»
«Oğuz torpağıdır özü Kərkinin»,
«Arpaçaya gedən yol», «Şərurun», «Bütün istəyinə
çatıb Naxçıvan» «Naxçıvanam» şeirlərini
də qata bilərəm və bu şeirlərdə konkret
poetik detallar, uğurlu bənzətmələr diqqətdən
yayınmır.
Təpələrin, dağların,
Bellərində kəmərdiİllərin gur selinə,
Dözərək sinə gərdi.
…İlin bütün
çağında
Gülü, bol, çiçəyi bol,
Qəlbləri ovsunlayar
Arpaya çaya gedən yol.
İbrahim Yusifoğlu həm də təbiəti
gözəl duyan və necə deyim, təbiətin gözəlliklərini öz
içində, duyğularında yaşayan şairdir. Akademik
İsa Həbibbəyli çox doğru olaraq yazır ki:
«Adama elə gəlir ki, İbrahim Yusifoğlu Şərurun
qonur, çılpaq dağlarını və Arpaçay
vadisini alaseyrək çiçəkli badam ağacı sifətində
görür. İbrahim Yusifoğlunun təbiət şeirləri
sanki badam ağacında bənövşə çiçəyidir».
Həmin şeirdən bu hissəyə baxın:
Yamyaşıl dünyadı yalı-yamacı,
Tanrı da nurunu gur ələmişdi.
Dağın döşündəki badam ağacı,
Bənövşə çiçəyi
çiçəkləmişdi.
Badam ağacının füsunkar halı
Bəlkə də baharın ləli-zəriydi.
Ancaq görürdüm ki, qəlbi havalı
Bir şair oğlanın şeirləriydi.
Bəlkə, müəllim ömrü
yaşadığından ,
Badam bənövşəyi al çiçəkləyib.
Yəqin, şagirdlərin barmaqlarından
Şehli çiçəklərə mürəkkəb
dəyib.
Gözəl şeirdir!
İbrahim Yusifoğlunun kitabında birinci silsilə «Zəfər nəğməsi»
adlanı. Və bu silsilədə müstəqil Azərbaycanın
zəfərləri, uğurları tərənnüm edilir, həm
də ötən illərin ağrılı hadisələrindən
söz açırlar.
«Yaşa müstəqillik çağının, Vətən
deyən şeir ötən illərdəki faciələri də
ürək ağrısı ilə qələmə alıb,
Şuşasız, Xosalısız illəri yad edib.
Qoynundakı yadlar
qavulacaqdır,
Şişmiş burunları ovulacaqdır,
Bu dərd içimizdə qovrulacaqdır,
Sinəmə çəkilən sağalmaz
dağım –
Xocalım hey… Xocalım!
32 il bundan əvvəl yazılan «Xocalım hey…
Xocalım» şeirindəki şair inamı qələbə
çaldı. Şuşamız, Xankəndimiz,
Xocalımız yağı düşməndən təmzləndi.
Onun «O günəş ömrüdü, sönməyəcəkdir»
poeması ilə mən deyərdim, müstəqillik
epoxamızın öndəri Heydər Əliyevə həsr
edilib. Poema təkcə ulu öndərə böyük məhəbbətin
təcəssümü deyil, həm də onun parlaq
obrazını yaratmaq mənasında ən maraqlı,
oxunaqlı bir əsərdir.
Bir insan ömründən söz açıram mən,
O, Günəş ömrüdü, sönməyəcəkdir.
Səadət verdiyi milyonlar qəlbən,
Onun haqq yolundan dönməyəcəkdir.
İbrahim Yusifoğlunun «Sən demə bu dünya mənlilik
deyilmiş» silsiləsində öz şair taleindən söz
açır. Bu şeirlərin sırasında kədərliləri
də var, günümüzün reallıqları da əks
olunur. Xüsusilə «Ağlama» və «Kövrəkliyi»
şeirlərini bu mənada çox bəyəndim.
Üzü dağlara-dağlara şeirində deyir:
Qəm-qüssənin xeyri nədi,
Bu fələyin xeyrinədi.
Sinəmizsə daş sinədi,
Dözər dağlara-dağlara
Şair İbrahim Yusifoğlunun məhəbbət
ruhlu şeirləri də qəlb oxşayandır. «Mənə
bircə gilə göz yaşı bəsdi», «Mən zalım
adamam», «Mənə bir məhəbbət şeir oxu», «Çətin
olacaqdır bu payız sənə», «Sən niyə bu qədər
gözəlsən axı», «Sənin gözlərindən məhəbbət
yağır», «Çıxart ürəyindən,
çıxart at məni» kimi şeirlərində saf və təmiz
məhəbbət ilhamla tərənnüm olunmuşdur.
Göylərin üzünü aldı buludlar,
Hələ qəlb üşüdən külək də
əsdi,
Mənim səndə xeyli əmanətim var,
Qaytarsan bir gilə göz yaşı bəsdi.
Mən İbrahim Yusifoğlunun «Elmizə bahar gəlir»
poemasını da onun bu janrda yazdığı ən gözəl
əsər hesab edərəm. Mən deyərdim ki, İbrahim
Yusifoğlunun bütün poetik detalları bu poemada daha bariz nəzərə
çarpır. Şairin poetik reallığına məxsus
olan bənzətmələr, təsvir manerası bu
poemanın canına, ruhuna çöküb. Arada nəsr dili
ilə ifadə olunan səhifələr də həmçinin
o şeirlərə poetik gözəllik qatır.
Mən İbrahim Yusifoğlunu 70 yaşı münasibəti
ilə ürəkdən təbrik edirəm, ona uzun
ömür, könül xoşluğu, sağlamlıq və
yaradıcılıq uğurları arzulayıram.
Sözümü onun «Badam ağacı» şeiriylə bitirirəm:
O, Badam ağaclarının yeganə şairidir deyirəm,
–
Bahardır, qəlblərdə arzular coşur,
Boylanır bənövşə –baharın tacı,
Bülbül qızıl gülə mahnılar
qoşur,
Çiçəklə, çiçəklə, Badam
ağacı.
Çəmənlər, təpələr xoş ətir
saçır,
Dağ çayı daşları yarıb yol
açır,
Uşaqlar kəpənək ardınca qaçır,
Çiçəklə, çiçəklə
Badam ağacı.
Qartallar boylanır dağlarımızdan,
Şən nəğmə səslənir
bağlarımızdan,
Ellər söhbət açır bol varımızdan
–
Çiçəklə, çiçəklə
Badam ağacı.
Səmadan nur yağır yenə hər yana,
Tarla da, bağlar da gəlibdir cana.
Sən bolluq rəmzisən Azərbaycana,
Çiçəkli, çiçəkli Badam
ağacı!
Vaqif Yusifli
Ədalət.- 2024.- 23 fevral,¹ 7.- S.13.