YAXŞI QOŞALAŞAN, TƏKADAMLIQ YAZIÇI!

 

Esse

 

Yazıçı, publisist, Birinci Qarabağ müharibəsi veteranı, atam Vaqif  İsaqoğlunun 65 yaşına!

 

      Bəxt insan həyatının ən vacib elementidir. Bu element bəzən özü səni tapır, bəzən də sən onu tapırsan. Ancaq itirdiyin bəxti bir də heç vaxt tapmaq olmur...  

      Elə insanlar var ki, bəxti özündən əvvəl doğulur, elə də adamlar var ki, bəxti ölümündən sonra açılır... Adətən istedadı olan adamların bəxti olmur. Çünki bəxti olsaydı, o istedadlı olmazdı. Bəxt ilə istedad tərs mütənasibdir...

     İstədiyi kimi bəxti olmayan, ancaq öz bəxtindən də küsməyən istedadlı imzalardan biri də bu yaxınlarda 65 yaşını tamamlayacaq, yazıçı, publisist Vaqif  İsaqoğludur. Atam olduğuna görə demirəm, tənqidi qəbul edən adamdır. Bəzən yaradıcılığı ilə bağlı öz qeydlərimi bildirəndə bunu çox rahat qarşılayır, əslində bu məni təəcübləndirir. Çünki Moskva Dövlət Universitetinin məzunu olan, uzun illər Azərbaycan mətbuatında çalışan, ancaq bir dəfə də olsun, giley-güzar etməyən bir adam həm də etiraz etməlidir axı... Ancaq onun etirazı içindəki hekayə qəhrəmanlarınadı, povest sujetlərinədir...

     Hərdən ədəbi mübahisələrimiz olur. Bu ədəbi mübahisələrdə mən onu çox həssas olduğu üçün qınayıram. O da mənim qınağımı qəbul edir, ancaq yenə də öz bildiyini edir. Qəribə yazı metodu var: öncə yazılarını əlyazma ilə işləyir, sonra həmin əlyazmanı kompüterə köçürür. Bu onun yazı stilidir. İki otaqlı evimizin bir otağı onun yazı məbədidir. Ora icazəsiz girmək olmaz, məbəd ancaq yazı prosesi bitəndə üzümüzə açıq olur. Bu mənada bəzən xırda narazılıqlar olmur desəm, yalan olar...

     Müasir elektron resursalarını qəbul etməyən adamlardan biri kimi qəzeti də, kitabı da vərəqləyib oxuduqca sanki sehrli bir aləmə düşür. Bu sehrli aləmdə onun əllidən çox kitab müəllifliyi, onlarla publisistikası, poetik nümunələri canlanır. Müəllifi olduğu kitabları övladı kimi sevir, hər birini rəngindən, formasından, baxışından tanıyır...

     Bu yaxınlarda dəyərli ziyalımız Fəxri Uğurlu ilə rastlaşdım. Görüşüb, hal-əhval olduq. Maraqla atamı soruşdu, dedi ki, “Cavanlıqda atanla yaxın dost olmuşuq, salam söylə atana”...

      Təkadamlıq olduğu üçün atam indi özünə çəkilib. Özünə çəkilib ki, hamını yaxşı görə bilsin. Bəzən yaxından hamını görə bilmirsən, uzaqlaşdıqca hamı aydın görünür...

     65 yaş geriyə baxanda uzaq görünsə də, önə baxanda elə də uzaq deyil. Bunu anlamaq üçün mən hələ otuz il də yaşamalıyam. Ki, atamın yaşının həqiqətini və mahiyyətini dərk edə bilim. Yazıçı üçün yaş faktorundan çox, ruh faktoru önəmlidir. Yazıçı kimi öz formanda qalmaq üçün gərək hər gün yazasan. Bunu vərdiş halına gətirməklə əldə etmək olmaz. Yazıçı Vaqif  İsaqoğlu yazını vərdişə çevirməyən, bu işi mənəvi dincliyi üçün görən imzadır. Bu mənəvi dinclikdə cəmiyyətimizin inkişafı da var, gələcəyi də var, dünəni də var, bu günü də var...

     Bu gün isə yaşmaq lazımdır. Yaşamaq lazımdır ki, yaza biləsən. Yazmaq və yaşamaq eşqinin daima var olması arzusu ilə...

 

 

 

Tural Cəfərli

Ədalət.- 2024.- 23 fevral,¹ 7.- S.13.