Sözə söykənən
adam
Əbülfət Mədətoğlu-65
Şairlərin həyatda ən böyük güvənc
yeri, ən çox tapındığı, müqəddəs
sandığı Sözdür. Söz şairlər
üçün canlıdır, ruh verəndir,
yaşadandır. Şairin gücü sözündədir.
Çünki o öz dünyasını Sözlə yaradar,
Sözlə Allaha yaxınlaşır, sözlə ünsiyyət
qurur, sözlə kamilləşir. Sözə olan inam,
inanclı sözə tapınmaq şairlərin iman yoludur.
Bu iman yolunda şair Əbülfət Mədətoğlu
da İlahi sözə tapınır, inanclı Sözə
söykənir.
Eşq sonsuz, dünya gidi,
İnanc sözə söykəndim.
Ürək mənə "döz" dedi -
Susub, dözə söykəndim.
...Varlığın mənə həbdi,
Gözlərimə nur təpdi.
Qələm verən Söz səpdi -
Mən o sözə söykəndim.
Allah tək deyil, Allah böyüklüyündə təkdir.
Şairlər də tənha olmurlar, tənhalıqlarında tək
olurlar. Şair dünyasının tənhalığı onun
yaşadığı dünyanın dərdlərini, ağrı-acılarını
Sözlə Allaha çatdırmaq məqamıdır. Qələmi
şairə Allah verir, qəlbinin tarlasına Söz səpir.
Və şair tənha gecələrdə sözə söykənənərək
bəşəriyyətin dərdlərini Allaha
danışır. Yerlə Göy arasında ünsiyyət
yaradır. Sözün ruhu Göyə gedir, əlimizdə isə
qələmin yazdığı qalır. Dərdimizi,
sevincimizi, ağrı-acılarımızı, sevgimizi, məhəbbətimizi
maddiləşdirən söz kitabdan-kitaba, tarixdən-tarixə,
zamandan-zamana ötürülür.
Şair unudulmaq təhlükəsini yaxın
buraxmır. Gördüyünü, bildiyini yazır ki, yaddan
çıxmasın. İllərin tozunu silib unudulanı yenidən
xatırladır.
Əbülfət gördüyün, bildiyin yazır,
İllərin yadından sildiyin yazır.
Haradan haraya gəldiyin yazır,
Hərə də seçdiyi tuşa
dırmaşır.
Şairin seçdiyi tuş isə ilahi yüksəkliyə
qalxmaq istəyidir. İnsanların kamilliyi,
bütövlüyü, insanlığı elə bu istəyin
özündədir.
Bu istəyə çatmaq, bu kamilliyə qovuşmaq isə
kədərlə sevinci, dərdlə eşqi birgə qəbul
etməklə mümkündür. Çünki dünya bir rəngdə
deyil, ağlı-qaralı, gecəli-gündüzlüdür.
Bu ikili dünyanın təzadlarını dərk etmək,
olduğu kimi qəbul etmək insanı bütövləşdirir,
kamilləşdirir. Bu bütövlüyü qəbul etməyən
insan cəhalətdən çıxa bilmir.
Şair Əbülfət Mədətoğlu dərdi
sevməyi, oxşamağı bacarır. Şehli- şehli dərdiyi
Dərdlə sirdaşlıq edir, onunla bir divar, bir daş olur.
Tumurcuğu çırtlamış -
Təzə dərdim - tər dərdim.
Mən səni şehli-şehli
Təzə dərdim, tər dərdim.
Sarıldın sən də mənə,
Eşq vardı səndə mənə.
Titrəmə, səndələmə -
Sən də məni dər, dərdim.
Qarışaq, sirdaş olaq,
Bir divar, bir daş olaq...
Dərdlərə bir qaş olaq -
Sən üstündə zər dərdim!
"Sarıldın sən də mənə, Eşq
vardı səndə mənə" misraları böyük
Məhəmməd Füzulilin "Mən istərəm bəlanı,
çün istər bəla məni" misrası ilə necə
də doğma səslənir. Çünki bu eşq dərdi,
bu eşq bəlası poeziyanın gücü və fikrin ifadə
gözəlliyi ilə fərdi çərçivələri
aşaraq ictimailəşir, dinləyicinin, oxucunun qəlbində
özünə yer tapır. Şair bu kiçik şeirdə
cinaslardan, anafora, epifora və təkrirlərdən məharətlə
istifadə edərək, poetik ustalıqla oxucu qəlbinə
yol çəkir, oxucunu öz dərdinə şərik etməyi
bacarır.
Sözünü dağlara ünvanlayan, dərdini dağlara danışan şairlər
çoxdur ədəbiyyatımızda. Çünki şairlərin
dərdini Dədə Ələsgərin
oxşadığı "dərdli, nalalı" dağlar
anlayar ancaq. Elə 33 illik yurd həsrətini,
ağrı-acılarını Əbülfət Mədətoğlunun
da üzünü dağlara tutub danışması,
sözünü dağlara deməsi təsadüfi deyil.
Şair sözünü təkcə "göylərə
baş vuran" uca dağlara yox, eyni zamanda illərlə didərgin
qəlblərdə qubar bağlamış həsrət
dağlarına deyir. Şairin şeirin rədifində iki dəfə
"dağlara, dağlara"
deməsi bu anlamı, bu assosiasiyanı yaradır.
Yenə könlüm qan ağladı,
Baxdım dağlara, dağlara.
Dolub qaralmış buludtək
Yağdım dağlara, dağlara.
Qayaları xəncər oldu,
Uçrumları səngər oldu.
Bir az duman əngəl oldu -
Qalxdım dağlara, dağlara.
Dərdini başına alıb dağlara, daşlara
çaxan şair şeirin son bəndində özünü
bir bayraqtək dağların zirvəsinə, dərd
dağlarının zirvəsinə taxır. Dağlarla əbədi
dərddaşlıq edir.
Havalanmış ruhum şimşək,
Bəsdi, mənə sən az şum çək.
Əbülfəti bir bayraqtək
Taxdım dağlara, dağlara.
Bu gün Əbülfət Mədətoğlunun
poeziyası 33 il həsrətini çəkdiyi doğma
dağlarda qələbə, Zəfər bayrağı kimi
dalğalanır.
Şair üçün söz həm də
işıqdır. O, sözün işığında oxucusu
ilə baş-başa dayanıb söhbət edir. Sözlə
oxucusunu qəlbinə işıq salır. Bilir ki, insanın qəlbini
nurlandıran, yaxşısını, yamanını üzə
çıxardan sözdür.
Şair, həmçinin, insanların qəlbində
işıq axtarır. Onların qəlbindəki öləziyən
inam işığını sönməyə qoymur. Bilir ki,
sabaha, gələcəyə olan inamdır insanı qələbəyə
aparan.
Şairin çoxşaxəli baxış
bucağında, eyni zamanda, işığın içində
insan axtarışı da var. İşığın içərisindəki
insanı isə yalnız İlahi sözün və İlahi
eşqin qüdrəti ilə bəsirət gözü ilə
görmək mümkündür.
Şairin eşqi də bu bəsirətdən
keçir. Sevdiyi adamı işıq içində
axtarır. Müqəddəs Birin bəxş etdiyi sevgini
özünə Qiblə, Pir bilir.
Tanıdım, vuruldum, bildim sirr səni,
Seçdim Qiblə səni, seçdim Pir səni.
Yuxuma gətirir hərdən Bir səni -
Bu xətrə qoy qurban olum gecəyə.
Şair işığın eşqinə gecəyə,
qaranlığa da qurban olmağı bacarır. Zülmətin
bağrında işıq gizləndiyi kimi sevgilisinin gecələr
yuxuya girməsini qaranlıqdan işığın
doğmasına bənzədir.
Şair gecələr çəkdiyi
ağrısını da əzizləyir, ağrıya da
gözəlim deyib onu oxşayır. Səsini boğub dizlərini
yumruqlamaqla yatmayıb səhəri dirigözlü
açır.
Dizlərimi yumruqlayır öz əlim,
Səsin boğub küsdürürəm özümdən.
Hiss edirəm ağrı adlı gözəlim
Gətirəcək bu gecəni gözümdən.
Ağrının gecəni gözündən gətirməsi
ifadəsi yuxusuz keçən gecəyə ən gözəl,
orijinal poetik tapıntıdır desək, yəqin ki,
razılaşarsınız.
Əbülfət Mədətoğlu məqalələrinin
birində yazır: "Həyatda mənim üçün əl
ilə toxunulmayan, göz ilə görünməyən, ruhdan
və ürəkdən süzülən, eyni zamanda, ruhu və
ürəyi ifadə edən və nəhayət,
canımın canı olanlara münasibətimi sərgiləyən
- Sözdür!"
Bəli, şair bütün doğmalarına,
oxucularına, həyata münasibətini, fikrini sözlə sərgiləyir.
Adi sözlə yox, poetik naxışlarla cilalanan obrazlı
sözlə!
Yaradıcılıq aləmində, sənət zirvəsinə
gedən yolda şairin ən etibarlı güvənci, ən həzin
xatirəsi, ən anlaşıqlı sirdaşı, ən
kamil həmsöhbəti Sözdür. Qanadlı sözlərlə
sirdaşlıq edib zirvələrə doğru yol gedən
şairə uğurlar arzulayırıq!
Ağamir CAVAD
Ədalət.- 2024.- 23 fevral,№ 7.- S.14.