Bulud olmaq istəyirəm

 (Mənsur şeir)

 

...Bulud olmaq istəyirəm, bir az tutqun, bir az susqun, ürəyimdə diləyim var. Kövrəklikdə dağ çiçəyi, zəriflikdə gül ləçəyi rayihəli muradım var. Lal könlümün sükutuna haray salan, mürgüləyən duyğuları diksindirib oyandıran, dağ seli tək coşub-daşan bir arzum var: bulud olmaq istəyirəm!

Bulud olmaq istəyirəm. Dünyamızın məşəlini pünhan edən, yerlə göyün arasında rübənd olan, maviliyə topa-topa naxış salan pəmbə bulud. Al günəşin şəfəqləri işıq salsın, nur çiləsin cəmalıma. Minçalarlı əlvan dona, zər libasa bürünüm qoy. Bu işvədən, bu qəmzədən sevdalansın qoy asiman. Sevgisinin atəşindən qoy sinəmdə şimşək çaxsın, naxışlanan qövsi-qüzeh kəmərimi taxım belə. Bu coşqudan mehirlənən rüzgarların təmasından sığallanım, tumarlanım, xumarlanım; kövrəlib qoy, axım elə, axım belə. Yer üzünün sevgi dolu baxışından suya həsrət torpaqların cadar-cadar “naxış”ından bitab olum. Tab etməyim suya təşnə olanların hicran saçan o həsrətli baxışına. Qəhərlənim, qüssələnim, kədərimdən coşub daşım, dönüm leysan yağışına...

Bulud olmaq istəyirəm; dünyamızın həyat rəmzi yaşılına can bəxş edən, bərəkətə simvol olan gur damlalı, nur damlalı yağmurlara dönən bulud. Qoy ələnim yer üzündə bağrı yanıq çəmənlərə, düzənlərə, təşnə olan ormanlara, quraqlıqdan rəngi solan dağ döşündə yamaclara... Ülfətimdən otun, kolun bitsin qəmi, boynu bükük gül-çiçəyin solğun-solğun qönçələri pardaqlanıb ətir saçsın... Qoy çilənim bağça-bağın gülsün üzü, bərəkəti könül açsın... Aşıb daşsın tarlaların bəhər-barı, zəmilərin artsın varı.

İstəyirəm bulud olub sel gətirən, çay daşıran leysan kimi yağa biləm. Ağ işıqlı dünyamızın siyah rəngli yönlərini-viran olan yurdlardakı külə dönən ocaqların, can yaxılan, qanlar axan torpaqların, kir-pasını yuyub silim. Elə yağam od ələyən, alov saçan, canlar yaxan müharibə ocaqları sönər olsun. Qərib olub yurd-yuvasız səfil olan ellər geri dönər olsun; ocaq çatsın... Mərmilərin, güllələrin kül etdiyi torpaqlarda çiçək açsın.

Bulud olmaq istəyirəm. Ürəklərdə rişə atan ədavəti, qəzəb-kini, ömürlərə xallar salan qara günü, könüllərdə köynək olan ahı, ünü yuya bilmək istəyirəm. Yer üzünün paklığını, saflığını, xoş günlərin ağlığını duya bilmək istəyirəm

Bulud olmaq istəyirəm. Bu arzumun gerçəyinə umud olmaq istəyirəm!!!

 

Adilə Səfərova,

Azərbaycanın Əməkdar mədəniyyət işçisi

Ədalət.- 2024.- 23 fevral,№ 7.- S.14.