Göylərə can
atan qovaq ömrü
Bəzən zamanın üstümüzdən yel kimi
keçdiyindən, vaxtın bizi qabağına qatıb
qovduğundan, ömrün qaçhaqaçından,
etibarsızlığından şikayətlənirik.
Keçmişdə qalan xatirələrin əksəriyyətini
özümüzdən çox-çox uzaqlarda, zamanın
qatı dumanı içində görürük. Gözdən
itirdiklərimiz, görə bilmədiklərimiz də olur...
Ömrün elə anları, elə məqamları da
var ki, aradan nə qədər zaman keçsə belə, o
anlarla, o anların içindəki insanlarla aramızdakı məsafə
heç dəyişmir. O anlarda gördüklərimiz,
yaşadıqlarımız, o anların xatirələri rəngini,
ətrini heç vaxt itirmir.
Zamanın üstündən qanrılıb geri baxanda
yerini və görünüşünü dəyişməyən
ömür dayanacaqlarından biri də tələbəliyin
ilk günüdür.
O vaxt əksəriyyətimizin on yeddi yaşı yenicə
tamam olmuşdu. Universitetin filologiya fakültəsində ilk dərsimiz
olacaqdı. Zəng vurulmuşdu. Gözümüz qapıda
idi. Həyəcanla desəm, yalan olar, böyük maraqla bizə
ilk dərsi deyəcək müəllimi gözləyirdik.
Qapıdan otuz yaşı haqlamış, səliqə ilə
geyinmiş cavan bir oğlan girdi. Əsl müəllim görkəmi
olan cavan oğlanın şərəfinə əsgəri
intizamla və ehtiramla ayağa durduq. O da gülə-gülə
“əyləşin!” deyib təmkinlə arxa oturacağa
keçdi. Məlum oldu ki, tələbə
yoldaşımızdır. Onun soyadını, adını
fakültəmizin dekanı, professor Əkbər Ağayev
jurnalda “hazır-qaib” eləyəndə öyrəndik:
“İbadov Kamal”...
Bu hadisə 1975-ci il sentyabrın 1-də olub. İndi o
gündən az qala yarım əsr keçir. Ancaq Kamal ilk dərsdən
bu günə qədər, tələbəlik illərində
də, tələbəlikdən sonra da dost və qardaş
gözündə gördüyüm, ünsiyyəti davam
etdirdiyim insanlardan biri oldu və olaraq qalır.
Tələbə vaxtı mən ona “Kamal dayı”
deyirdim. O da məni səmimiyyətlə
“bacıoğluluğa” qəbul eləmişdi...
Tələbə yoldaşlarımızdan Rasim, Xəlil
və Kamal universitetdə bizimlə oxuyanda kifayət qədər
həyat təcrübələri vardı və
düzünü desəm, onları o yaşda universitet təhsili
almağa sövq eləyən bədii ədəbiyyatın,
şeirin tilsimli cazibəsi idi. O vaxtın insanlarında ədəbiyyata
fanatik bir maraq və sevgi vardı. Təcrübəli tələbə
yoldaşlarımızın üçü də şeir
yazırdı və onlar universitetə böyük xəyallarla
gəlmişdilər...
Rəhmətlik Rasim şairliyin daşını tez
atdı - ən azından, tələbkar və hər
şeiri bəyənməyən filoloq tələbələrə
şeir oxumaq həvəsindən tez düşdü. Hərdən
ilhama qapılanda bədahətən qafiyə deməyindən
isə qalmadı.
Xəlil bədii yaradıcılığını
davam etdirir. Bir müddət Gürcüstanda rayon qəzetində
işlədi. İndi Rusiyada yaşasa da, Bakıda ona yaxın
kitab nəşr etdirib. Həmin kitablardan birinin ön
sözünü də mən yazmışam.
Kamalın şeir və nəsr əsərləri
yazdığından isə tələbə
yoldaşlarımızın çoxunun xəbəri
olmadı. Hərdən yazdıqlarını yaxın bildiyi
adamlara oxuyurdu, heç kəslə də mübahisə eləmirdi...
Kamal ilə tələbəlikdən sonrakı ilk
görüşümüz “Ulduz” jurnalının
redaksiyasında oldu. Mən onda jurnalda ədəbi
işçi vəzifəsini “icra edirdim”. Ata adını
özünə təxəllüs götürən Kamal
jurnalın redaksiyasına “Sürəkçi” adında bir
hekayə təqdim eləmiş, yazı bəyənilmişdi.
Jurnalda Kamalın hekayəsi və şeirləri çap
olundu. O vaxta qədər də Kamalın mətbuatda
ara-sıra bədii yazıları nəşr edilmişdi və
əslində, bunlar onun üçün gecikmiş
başlanğıc idi. Kamal oğlu Raufa həsr elədiyi (o
biri oğluna – Rəşada da eyni məzmunda şeir həsr
eləyib) “İlk addım” şeirində
başlanğıcın insan həyatı üçün nə
qədər əhəmiyyətli olduğunu vurğulayır:
Bizimçün açılmaz sirr idi hələ,
İlk addım tanıtdı bizə göyləri.
Titrəyən, büdrəyən ilk addım ilə
Sındırdıq, dağıtdıq çox tilsimləri...
Kamal o vaxtın hərəkətli və mürəkkəb
ədəbi mühitində öz imzasını təsdiq etmək,
səsini eşitdirmək üçün də tilsimləri
sındırmalı – bir çox maneələri keçməli,
lay divarları aşmalı idi. Düşünürəm ki,
onun qarşısındakı ən qalın divar öz
xarakteri, təvazökarlığı oldu. Xarakterindəki
keyfiyyətlər, təvazökarlıq Kamala ilk addımdan
tanıdığı sonsuz göylərə can atan,
ucala-ucala qocalan köklü qovaq ömrü yaşamaq qismətini
verdi...
Göylərə can atan bu cavan qovaq
Ucalmaq eşqilə ucalır elə.
Gördükcə göylərin sonsuzluğunu
Ucala-ucala qocalır elə...
Bu misralarda yaratdığı metafora Kamalın həm
insan, həm də şair, nasir və publisist kimliyini,
yaradıcı şəxsiyyətini dəqiq ifadə edir. O, bədii
yaradıcılıq yolunun başlanğıcında olarkən,
ilk addımını atarkən başının
üstündəki göylərin sonsuzluğundan yaxşı
xəbərdar idi, bədii söz tarixinin kökünün dərində
hansı laylara işlədiyini, budaqlarının haraya
yüksəldiyini bilirdi. Üzünü sonsuzluğa tutan
cavan oğlanın gözündə “Nizamilə dahiləşən,
Füzulilə dühalaşan, Nəsimi əqidəsilə
Allahlaşan Vətən” sözümüzün, mədəniyyətimizin
tarixini yaradan şəxsiyyətlərin çiynində
ucalmaqda idi. Kökü dərinə işləyən qovaq məhz
bu ucalığı fəth etməyin eşqində idi...
Ancaq həyatın, gerçəkliyin hesab-kitabı
könlü şeirlə dolu şairin hesabları ilə
düz gəlmədi. Kamal Alışoğlu ilk şeirlər
kitabını 2010-cu ildə, 61 yaşında nəşr
etdirdi. “Sən adlı ünvan” kitabına xəsisliklə
yazdığı yığcam ön sözdə, dəqiq desəm,
“Ön söz əvəzi”ndə Kamalın şair taleyinin
cizgiləri aydın əks olunub...
Mən kitabdakı şeirləri oxuyarkən iki məqama
fərqli nəzər yetirməyə çalışdım:
-Qarabağ müharibəsi mövzusunun Kamalın
şeirlərində necə əks olunması;
-tələbəlik illərində və müharibədən
əvvəl qələmə alınmış şeirlərin
poetik dünyası.
Kamalın şeirlərində Qarabağ müharibəsi
mövzusunun necə əks olunması mənim
üçün həm də ona görə ciddi əhəmiyyət
daşıyır ki, o, Qarabağda – Cəbrayıl rayonunda,
Tumas dağının ətəyində
doğulub-böyüyüb.
Birinci Qarabağ müharibəsi zamanı ermənilər
tərəfindən işğal edilmiş Dağ Tumas kəndinə
otuz ilə yaxın gediş-gəliş olmadı, kənd
düşmən girovluğunda qaldı. Publisistik
yazılarında, qəzet məqalələrində (Kamal uzun
müddət “Respublika” qəzetində məsul vəzifədə
çalışıb) Qarabağ problemini, xüsusilə
doğma yurdundan, isti yuvasından didərgin düşən,
yeni şəraitə uyğunlaşmağa çətinlik
çəkən insanların qarşılaşdıqları
faciəvi reallıqları vətəndaş
yanğısı ilə qələmə alan, qaçqın
düşərgələrindən təsirli reportajlar
hazırlayan Kamalın kitabında birbaşa Qarabağ
müharibəsindən, torpaqlarımızın işğal
altında olmasından, insanların didərgin həyatından
bəhs eləyən şeir “yoxdur” deyə biləcəyimiz qədər
azdır. “Şəhidlərə”, “Bir gecə Şuşada”,
“Abas, hey” kimi şeirlərin əhəmiyyətini azaltmadan,
Kamalın Qarabağ mövzusuna təmkinlə
yanaşmasında bir neçə səbəb görürəm.
Birinci səbəb, məncə, Kamalın hər şeyə
gözəllik, kamillik ölçüləri ilə baxan
şair təbiətinin məğlubiyyətlə
barışmamağıdır. Kamalın içindəki
şair məğlubiyyəti qəbul və etiraf etmədi. Yəqin
buna görə də o, doğma torpaqların işğal mənzərələrini,
didərginlik ruhunu ifadə edən şeirlər yazmaq istəmədi.
Kamal hələ “dünyanın düz vaxtında”
öz kəndinin düçar olduğu ictimai
ağrıları ürəyində və düşüncələrində
daşıyırdı. Onun müharibədən əvvəl
qələmə aldığı “O yerlərə gedəndə”
şeiri yaxın tariximizdəki ziddiyyətlərin şair
düşüncəsindəki əks-sədası kimi maraq
doğurur. Bu şeirdə o vaxt gənc olan Kamalın yurd xiffətindən
daha çox vətəndaş narahatlığını
görmək mümkündür. Burada həm də müharibədən
əvvəl yaranan ədəbiyyatın poetik iqliminə
düşürürk, həmin iqlimlə Kamalın şeirlərinin
təmasını görürük. Xüsusən dağ kəndlərimizdə
yaşayan insanların həyatına laqeydlik kəndlərimizin
boşalmasına, yurdlarımızın kimsəsizləşməsinə
səbəb olurdu və o vaxt ədəbiyyat bu mövzuya həssaslıq
göstərirdi:
Cavanlar quş qanadlı – uçublar şəhərlərə
Boş yuvaya dönübdü haylı-küylü bu
dərə.
Hardasan sonam mənim, gözəllik dünyam mənim?
A qayğılı bu günüm, a
qayğısız dünənim,
Sən gilas çiçəyiydin, şaxtaya, qara
düşdün...
Sonradan “şaxtaya düşən gilas çiçəyinin”
ağrısının üstünə evləri və taleləri
tarmar edən müharibə dəhşəti gəldi. Tarix
kimi insan ömürləri də parçalandı. Müharibə
vaxtı, həmçinin təxminən 30 il sürən “atəşkəs”
dövründə Kamalın gördüyü müdhiş
insan mənzərələri, mühairbənin əlində pələsəng
olmuş talelər onu dərindən sarsıtmaya bilməzdi.
O, birbaşa müharibəni, müharibədəki
ölüm-itimləri, məhrumiyyətləri şeirin
mövzusuna çevirməsə də, şeirə və
dünyaya müharibənin içindən keçən və
yurdun ağrılarını içində daşıyan
insanın sarsıntılı nəzərləri ilə
baxdı. Hətta başqa mövzuda yazdığı əsərlərdə
belə, bu sarsıntını, yanğını, daxili təlatümü
görməmək mümkün deyil:
Min fikir içimdә yeyir qәlbimi,
qaranlıq pәrdәlәr keçir
gözümdәn.
Hәrdәn hiss etmirәm özüm mәnәmmi,
Hәrdәn dә qaçıram özüm
özümdәn.
Tarixin və taleyin sınaqları nə qədər
ağır, nə qədər zalım olsa belə, Kamalın
şeirlərində gizli bir qüvvə onu dünyanın əyilən
arşını ilə tarazlıq yaratmağa sövq eləyir, ümidlərdən qopmağa,
zamanın selində axıb getməyə qoymur. Onu həyata və
dünyaya bağlayan təsəlliləridir. “Təsəlli”
şeiri Kamalın özü ilə söhbətidir və həm
yaradıcılığını, həm də insan kimi
kimliyini səciyyələndirmək baxımından mənalıdır.
Ümidim doğranıb dırnağım boyda,
Odlu nəfəsimdən çıxmayıb ahım.
Əllərim çənəmdə nə qədər
dözüm,
Təsəlli Allahım, ümid Allahım...
On il bundan əvvəl şair dostumuz Əbülfət
Mədətoğlu Kamalın 65-illik yubileyi münasibətilə
səmimi bir məqalə yazmışdı. Həmin
yazıdakı son cümlələri xatırlatmaq istəyirəm:
“Mən sadəcə, bu söhbətin sonunda Kamal
Alışoğlunu bir daha təbrik edir, ona
cansağlığı, yaradıcılıq uğurları və
bir də doğma torpaqlara dönmək üçün daha
dözümlü olmaq, daha ümidli olmaq diləyimi
çatdırıram”.
Bu diləyin on yaşı, sənin də 75
yaşın tamam oldu, Kamal dayı! Uca Tanrımıza
şükürlər olsun ki, torpaqlarını düşmən
işğal etmiş məğlub ölkə adı
üstümüzdən götürülüb. İndi
işğaldan azad edilmiş Qarabağ yeni həyatını,
yeni həyatın sevincli və qayğılı günlərini
yaşayır. Yaxın vaxtda səninlə Araz yaxasına getməyi,
oradan Tumas dağına qalxmağı dilək eləyirəm.
Tumas dağının qənşərində ayaq saxlayıb,
bu şeirini oxuyarsan:
Baxıb bu dağlara dağa dönmüşəm,
Arzular qəlbimdə aşıb-daşıbdır.
Əsrin təhlükəsi yadımdan
çıxıb,
Dünya gözlərimdə
yaşıllaşıbdır...
Məti Osmanoğlu
Ədalət.- 2024.- 7 iyun,¹20.-S.7.