128 il əvvəl dostunun güllələdiyi Qaçaq Nəbi kürdmü, türkmü? - Bəhlul Behcətdən cavab

 

Balaca vaxtı kimsə bizdən soruşandakı hansı xalq qəhrəmanlarını tanıyırsan, ağlımıza birinci gələn ad Koroğlu, ikinci ad isə Qaçaq Nəbi olardı.

O, Nəbi ki, yerli mülkədarların zülmündən cana doyub və ömür-gün yoldaşı Həcərlə birlikdə dağlara çəkilib. O Nəbi ki, kasıbın –fağırın haqqına girən azğınlaşmış bəylərə-xanlara qarşı mübarizəyə başlayıb, son nəfəsinədək yoxsul kəndlilərin dostu olub, darda onların köməyinə çatıb. O Nəbi ki, çar hökumətinin yerli nümayəndələrinin xalqa sitəmini, işğalçı münasibətini özünə sığışdırmayaraq onlarla sonadək vuruşub. Silahı ölənədək yerə qoymayıb. Xalqına arxa çevirməyib. Xalq da onu illər keçsə də,  unutmayıb, sevib, ehtiramla yad edib.

 

Adalet.az xəbər verir ki, Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olub. 1896-cı ilin 12 martında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində  rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olub. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir.

Qaçaq Nəbi haqqında yazılan məlumatları oxuyarkən qarşıma Facebukda “Qafqaz Kürd Gəncləri” adlı səhifə çıxdı. Səhifə israrla Qaçaq Nəbinin Qafqazda bir Kürd üsyançı olduğunu önə sürürdü:”Qaçaq Nəbi adlandırılan gənc Nəbi, Kürdlərə xas olan bir şəkildə Zəngəzur və Naxçıvan dağlarına çıxır və dağlarda yaşamağa başlayır. Kürd Nəbi Zəngəzur və Naxçıvan dağlarında qorxmadan partizan(gerilla) müharibəsi aparır”. Düzü belə gülünc bir “fakt”la Nəbini kürd etməyə çalışanların hansı separatizmə qulluq etdiyini bilmirəm, amma adıgedən FB səhifəsinin yarada yaradıldığı, kimlər tərəfindən istifadədə olunduğu bilinmədiyi üçün bu səhifənin düşmən dəyirmanına su tökən bir dəstəyə aid olduğu məlum olur.

Əslində bu taxtabaş adminə anlatmaq lazımdır ki, qaçaq həyatına başlayan hər kəs dağları seçir. Qaçaq Kərəm, Qaçaq Gülsüm, Qaçaq Nəcəf, Qaçaq Mayıl, Dəli Alı və ğərləri heç vaxt düzənliyi özlərinə yurd seçməyiblər. Dəstəni qorumaq üçün mütləq uca dağların qoynu, sıx meşələrin arası vacib amil olub.

Qaldı ki, Nəbinin kürd ya türk olması məlumatına, bunun açıqlamasını, Nəbinin həmyerlisi, 1869 -cu ildə Qubadlı rayonunun Dondarlı kəndində anadan olan,  Zəngəzur qəzasının qazısı,  folklorşünas alim Bəhlul Behcət  Qaçaq Nəbinin dostları, tanışları, qohumları hələ bitib tükənmədiyi vaxtlarda,  onların  şahidliyi ilə 1920-ci ildə açıqlığa çıxarıb. Behcətin tutarlı faktların dili ilə  yazdığı  "Qaçaq Nəbinin tarixi" kitabı Qaçaq Nəbinin həyatına və mübarizəsinə həsr olunmuş ən sistemli, zəngin, etibarlı, əhatəli mənbədır.

Bunu da tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu deyir:”1920-ci illərdə qələmə alınmış 55 başlıqdan ibarət bu əsər hələ Sovet ideologiyasının tam və qəti qələbə çalmadığı, repressiyaların tüğyan etmədiyi illərdə yazılıb, əlyazması sovetlərin 70 illik hakimiyyəti dövründə arxivlərdə gizli saxlanıb, nəşrinə izn verilməyib, nəhayət, 2011-ci ildə nəşr edilib. Bəhlul Behcət bu xalq qəhrəmanlarının milli, etnik kimliyinə dair yer alan mübahisələrə, guya onların kürd olmasına dair yazılanlara məqamında dürüst qiymət, dəqiq bilgi verərək yazır: “Aşağı və Yuxarı, hər iki Mollu türk qövmünə mənsubdur. İrandan Şuşaya qaçaq mal daşıyan tacirlərə 10 il mühafizlik, bələdçilik, nökərçilik etmiş etibarlı, qorxubilməz kəndçi balası Nəbinin danışığı da sadə, təbiidir, dialekt, şivə sözləri müəllifdə olduğu kimi saxlanıb:” Nəbi atlılara tərəf çağırıb dedi:-ey binamuslar, yenə düşmüsünüz Mahmudun dalına şotdadırsınız. Adınızı bəy qoyub camaatı yığıb tökürsünüz mənim üstümə...Adə, ay kürd, mənə güllə atmasanız da, o dılğır bəylərə də qoşulmayın! Nəbi bu davada divan atlısını çox kürşütdü” və sair”

Bəhlul Behcət dübarə yazır: “Nəbiyə Osmanlıdan hədiyyə göndərilmiş “Aynalı” tüfəngi, Rüstəmbəyovun ilxısından seçdiyi cins Bozatında idisə, o biri yandan da Nəbinin dəfələrcə sınaqdan keçirdiyi savaş, döyüş taktikasında idi. Nəbinin hərəkət və fəaliyyəti üçün dağlıq yerlərdə olub ətrafında möhkəm sığınacaq rolun oynayan qayalar və dağlar olan ərazilər əlverişli idi, açıq və düzənlik yerlərdə qalmaq Nəbi üçün heç əlverişli deyildi, qorxulu idi....

Qaçaq Nəbinin üsyançı bir qaçaq olduğu o qədər mühüm əsaslara şamildir ki, onun kimi ikinci bir Nəbini Azərbaycan məmləkətində xatırlamaq çətindir. O çar hökumətindən qaçmışdı. Ona Naxçıvanda baş verən bir olay üstündə haqsız yerə 8 il katorqa cəzası verilib Şuşaya aparılarkən sıldırım dağ keçidindən qolubağlı üzüaşağı özünü atmışdı. Onun qaçmasına səbəb şəxsi arzu və fərdi cinayət üstündə olmamışdı.”

H.Nərimanoğlu yazır:”Behcətin kitabındakı "Qaçaq Nəbinin Xinzirəyə hücumu və Gorusun pristavı Bedrus bəylə keşişi öz evində öldürməsi", "Qaçaq Nəbinin dağbəyi Ginkor Qrikoru öldürməsi", "Nəbinin Xuçmanski Lütvəli bəyi öldürməsi", "Nəbinin qardaşı Mehdinin Ordubadın Qarçıvan kəndində ermənilər tərəfindən öldürülməsi və intiqamı" və sair başlıqlı yazılarda bədnam ermənilərin mənfur niyyətləri, Azərbaycan-türk əhaliyə qarşı kin-küdurəti və cinayətləri müqabilində Nəbinin onlara verdiyi cəzalar yerli-yataqlı əks olunub.

1894-cü il iyulun 20-də Nəbinin qardaşı Mehdi Ordubad qəzasının Qarçıvan kəndində qaçaq dəstəsindən ayrılıb kazakların onların izinə düşüb-düşmədiklərini, eləcə də kazakların sayını, getdikləri istiqamətləri öyrənmək üçün orada gizlənib qalır. Nəbinin əlindən yanıqlı olan erməni hampaları bunu bilib gecə ilə onun düşdüyü evi tapıb mühasirəyə alır, Mehdini işgəncə ilə öldürürlər. Nəbi qardaşının ölüm xəbərini, nəşinin düşmən əlində qalmasını eşidən kimi dəstəsiylə gecə geri qayıdır, ətraf dağlarda gizlənib fürsət gözləyir. İyulun 23-də öz dəstəsi ilə kəndə girməzdən əvvəl silahdaşlarından iki nəfəri kazak çaparı qiyafəsində göndərib, Ordubad həbsxanasından qaçıb guya bu kənddə gizlənən Qəmbər adlı bir dustağı tutmaq üçün pristavın kəndə gələcəyini hampalara xəbər verirlər

Onların arxasınca "qəza rəisi" və "18 kazak" kəndə daxil olur. Kəndin hampaları və keşişləri "rəis"in pişvaza çıxırlar. Hamını məsləhət üçün kilsəyə yığırlar, qapı bağlanır, üst geyimlər atılır, erməni başbilənləri qarşılarında Nəbini və qaçaqları görəndə hesab verəcəklərini anlayıb tir-tir əsir, onun ayaqlarına döşənirlər. Qətli törədənlərin bir neçəsi qabaqcadan qaçıb aradan çıxsa da, qalanların cəzası ağır olur, kəndin erməni varlılarından toplanan qəniməti 17 dəvəyə yükləyib Arazın o tay-bu tayında yolboyu ərazilərdə yaşayan kasıb-kusuba paylayırlar. Mehdinin nəşi yaxınlıqdakı müsəlman kəndində etibarlı dostların yardımı ilə gizli dəfn edilir. Tiflisdə çıxan "Kavkaz" və digər qəzetlərdə gedən məlumatda hampa və varlı keşişlərdən qarət edilmiş əmlakın dəyərinin 29 min rubl dəyərində olduğu bildirilirdi. Xəyanətkar ermənilərə layiqli dərs olan Qarçıvan qisası bu gün də xalqın yaddaşında yaşayır”.

Kitabı hər kəs oxusa daha yaxşı olar , Qaçaq Nəbini kürd bilənlər də, türk bilənlər də...Çünki o əsl xalq qəhrəmanı idi...

Bəhlul Bəhcət tez-tez arxivlərindən əldə etdiyi sənədlər, yazışmalardan da nümunələr gətirir, Nəbinin artıq Rusiya və İranın başağrısına çevrildiyini faktlarla göstərir:” Nəbi son vaxtlar qaçaq ailələrini incidən, sürgünə göndərən Çar məmurlarının bir neçəsini də öldürmüşdü. Vedili qaçaq Xanbala Sultanoğlu və Sibir sürgünündən qaçıb özünə dəstə toplamış qaçaq Heydərin də Nəbinin dəstəsinə qoşulması ilə dəstədəkilərin sayı ilk dəfə 80 nəfərə qalxmışdı. 1895-ci il sentyabrın 16-da Qaçaq Nəbinin növbəti dəfə Naxçıvana gəlişi A.Frezenin A.Şeremetyevə yazdığı təliqədə belə təsvir olunur: "Qaçaq Nəbinin keçəcəyi ehtimal olunan dağ, dərələrin ayrı-ayrı yerlərində gizli mühafizə qərargahları qurulmuşdur. Ostrouxovun dalınca adam göndərməklə onu da vuruşma yerinə tələsdirdim. Tezliklə döyüş yerinə poruçik şahzadə Şahruxun başçılığı ilə kazak dəstəsi də gəlib çıxdı. Tərəflər arasında döyüş axşama kimi davam etdi. Sayca üstün olan hökumət qüvvələrinə müqavimət göstərmək əhəmiyyətsiz olduğundan Qaçaq Nəbi qaranlığın düşməsindən istifadə edərək oradan uzaqlaşdı. Atışmalarda qaçaq dəstəsindən iki nəfər öldürüldü".

Bu döyüşdə Çənnab kəndinin yüzbaşısı erməni Ter-Sarkisovun komandiri olduğu ermənilərdən ibarət dəstə atışmada fərqləndiyinə görə, o özü və dəstənin üzvləri general-leytenant Frezedən qızıl saat və digər mükafatlar alırlar.

İndi keçək əsas məsələyə 45 yaşlı bu igid türk oğlunu kim öldürdü? Kim ona güllə atdı?

.. Tiflisdən Peterburqa göndərilən raportlar da nəzərə alınaraq, Nəbinin qətli üçün Peterburq sarayı ən təcrübəli xəfiyyələrdən olan general-leytenant D.Skalonu Qafqaza ezam edir. İran Culfasındakı Rusiya ali konsulluğunun başçısı knyaz Dobidze və İranın Hərbi naziri, general Əmir Pəhləvan Cəng Paşa xan da bu xəyanətkar plana qoşulur. B.Bəhcət Qaçaq Nəbinin Rusiya və İranın polis orqanlarının təşkil etdikləri xüsusi əməliyyat nəticəsində öldürüldüyünü ayrıca bölmədə yazır: "Əmir Bahadır Cəng Paşa xan Nəbini öldürmək işində".

... Urmiya şəhərində yaşayan tacir Paşa Hacı Fərəc oğlu Nəbinin çoxdankı dostu idi. İki dövlət yetkililərinin qızıl medal, torpaq, mülk, həmçinin, əlavə olaraq, 1000 rubl pul vədi onu yoldan çıxardır. O da öz növbəsində Nəbinin yaxın silahdaşları olan Şahhüseyni və Kərbəlayı İmanı belə şirin vədlərlə şirnikləndirir, onları Nəbinin öldürülməsinə razı salır. Planlanan sui-qəsd 1896-cı il martın 12-də Urmiya vilayətinin Larni kəndində Novruz çərşənbəsinin gecəsi baş tutur. Şahhüseyn irəlidə gedən Nəbini arxadan güllə ilə vurub qaçır. O vaxt Nəbinin 45 yaşı hələ tamam olmamışdı”

Bəli, bu gün Qaçaq Nəbinin ölümündən128 il keçməsinə baxmayaraq xalqı onu hələ də sevir, xatırlayır.

P.S. Baxmayaraq ki, Milli Məclisin üzvü Fazil Mustafa “Qaçaq Nəbi Azərbaycan cəmiyyətinin yaddaşında Sovet dövrünün şişirdilmiş qəhrəman obrazlarından biridir”- deyib və anında Qaçaq Nəbini əsl xalq qəhrəmanı kimi dəyərləndirən soydaşlarımız onun cavabını verib. Görkəmli folklorşünas alim, professor Məmmədhüseyn Təhmasib Nəbiyə yüzlərlə hekayə, roman, povest, pyes, nəğmə, dastan qoşmasının köklərini xalqın səmimi sevgisi ilə əlaqələndirir: "Nəbi xalqın, həm də ədəbiyyatın, musiqinin yaddaşında yaşayan qəhrəmandır".

Qaçaq Nəbinin və onun ömür-gün yoldaşı Qoçaq Həcərin şəxsi həyatı ilə bağlı maraqlı bir yazı istəyirsinizsə, qeyd edin, tələb edin, mən hazır!

 

 

Əntiqə Rəşid

Ədalət.-  2024.- 15 mart,¹ 10.- S.10.