Xəsislik və qənaət

 

 

Dünyanın bir sıra ölkələrində milyonlarla insan ərzaq, su və s. çatışmazlığından əzyyət çəkir, iqtisadi çətinliklər üzündən  özlərinə normal həyat şəraiti yarada bilmirlər. Onlar aclıqdan,susuzluqdan, dərman çatışmazlığından, virus və epidemiyaların vaxtında müalicəsi təmin olunmadığına görə, eləcə də, başqa problemlər ucbatından məhv olub gedirlər. Bir tərəfdən də qlobal istiləşmə, digər tərəfdən zəlzələlər, yer sürüşmələri, vulkan püskürmələri, qasırğalar, müxtəlif cür yağıntılar nəticəsində əmələ gələn güclü daşqınlar, sellər, sinamilər, və b. ekoloji problemlər dünyanın müxtəlif ərazilərində iqtisadiyyatı və əhalinin yaşayışını az qala iflic vəziyyətə salıb. Buna baxmayaraq  yer üzünün  digər yerlərində çoxlu böyük  şirkətlərə və  başqa nəhəng istehsal müəssisələrinə  sahib  olan iri sahibkarlar hər il şəxsi büdcələrinə milyardlarla vəsait toplayırlar. Lakin  milyardlara sahib olan həmin sahibkarların arasından  bəziləri  öz ölkəsində olan əhalinin acınacaqlı vəziyyətini görmək belə istəmir, onlara kömək əlini uzatmağı xəyallarına belə gətirmirlər. İş o yerə çatıb ki, xəsislik azarına tutulmuş bəzi milyarderlər nəinki  köməyə ehtiyacı olan əhaliyə yardım edir, hətta bəzi hallarda özlərinin şəxsi ehtiyacı olan ərzaq, ev əşyaları, geyimin alınmasına da “qənaət”edirlər. Pula, var-dövlətə ifrat dərəcəli aludəçilik nəticəsində onlar  özlərinin şəxsi mənzil-kommunal şəratini yaxşılaşdırılmasına aid olan xərcləri tənzimləməyə və ya artırmağa da vəsait ayırmaqda simiclik edirlər.

Lüğətdə xəsislik sözü simiclik, xəsis adamın xasiyyəti, xəsislik etmək, xəsislik göstərmək, qıymamaq, simiclik eləmək, əsirgəmək, azgözlük, dargözlük, tamahkar və s. kimi mənalarda işlədilir. Xəsisliyin yaranma səbəbləri müxtəlifdir. Birinci, bu vərdiş irsi xarakterdən, ikinci, şəxsi nəfsin, tamahın və acgözlüyün dərəcəsindən, üçüncü, ailə tərbiyəsindən, pul saymaq və bağlama-bağlama çinləmək həvəsindən,  var-dövlət yığmaq marağından, dördüncü, sərvəti, mal-mülkü  artırmaqdan doymamaqdan, altıncı, sağlamlığını və bütün həyatını və xoşbəxtliyini yalnız  pulda və qızılda görməkdən, yeddinci, narkotik vasitə  kimi pul-paradan asılılıq xəstəliyinə tutulmaqdan və b. ibarətdir. Xəsisliyin yaranmasının başqa bir səbəbi də pis vərdiş növü kimi bəzi insanların pul-paradan psixoloji cəhətdən aslılığının yaranmasıdır. O, pullaşdıqca daha da pulpərəst olur, artıq pula sitayiş etməyə başlayır. Pulu az  gəldikdə və ya heç gəlmədikdə elə bil oksigeni çatışmır. Sanki divin canı şüşədə olan kimi onun da bütün fikir- xəyalı və canı həmişə pulun yanında olur. Belə tipdən olan  acgöz insanlar öz pulundan, mal mülkündən bərk-bərk yapışaraq onlardan kiməsə pay vermək və ya kiminləsə onu bölüşdürmək istəmir. O, ancaq yığdıqlarını özünə sərf etmək arzusu ilə yaşayır. Nəticədə pul-paraya olan hədsiz-hüdudsuz  “sevgi” onda pula qarşı möhkəm aslılıq yaradır ki, o da sonda  sağalmaz xəstəliyə çevrilir. Dünya iqtisadçıları pulun 5 əsas funksiyasını müəyyən etməklə onun bütün əmtəələr üçün ekvivalent rolunu oynadığını heç vaxt inkar etməyiblər. Pul hamıya lazımdır, hər kəsin ona ciddi ehtiyacı var, lakin öz həddində,öz qədərində. Lakin bəzi olduqca nadan və  həddən artıq xəsis insanların pula  olan sevgisi  elə bir səviyəyə qalxır ki, o, Allaha olan sevgini tamamilə unudur,insanlardan uzaqlaşır, pulu özündən, ailəsindən və dünya işığından da artıq sevir.

Hal-hazırda qloballaşma nəticəsində dünyada iqtisadi və siyasi vəziyyət elə çətin  duruma düşüb ki, insanların bu günü, sabahı və gələci barədə düşünənlər elə bil sayca azalıb. Artıq ciddi ehtiyacı olan milyonlarla insana əvvəlki illərdəki doğma münasibət sanki ögeyləşib. İndi imkanlı ölkələr və varlı milyarderlər ən çox  silahlanma işinə xidmət edirlər.

İslam dininin əxlaq prinsiplərinə görə birinin həyat üçün daha vacib  və əhəmiyyətli sayılan, ciddi ehtiyacı olan başqa bir adama imkanı və şəraiti ola-ola qəsdən və xəsislik üzündən yardım etməməsi günah sayılır. Əyər ehtiyacı olan həmin insan  həyatına  göstərilməyən köməkdən ciddi təhlükə yaranarsa yardım etməyən şəxs Allahın yanında bu əməlinə görə cavab verməlidir. İslamda eyni zamanda xəsislik 7 ölümcül günah sayılan şəhvət, qarınqululuq, tənbəllik, qəzəb, qısqanclıq, qürur və xəsislik  özü pul-paraya, mal-mülkə və b.  olan hərislikdən qaynaqlanır.  İslam peyğəmbəri Məhəmməd əleyhissalamın hədislərinin birində xəsislik haqqında belə deyilib: “Əliaçığın yeməyi şəfadır, xəsisin yeməyi isə xəstəlik”. İmam Əli (ə) xəsis adamları belə təsvir edib: Əsl xəsis, salam verməkdə xəsis olan insandır”.

Xəsislik haqqında, pula münasibət barədə  müdriklər çoxlu  hikmətamiz  kəlamlar yazıb qoyublar. Onların yazılmasından uzun vaxt keçməsinə baxmayaraq  müdriklərin həmin ölməz düşüncələri öz təravətini və hikmətini bu günə qədər itirməmişdir. Azərbaycanın filosofu və dövlət xadimi Nəsirəddin Tusi məşhur “Əxlaqi-Nasiri” əsərində  insan nəfsinin sağlamlığı və xəstəliyi haqqında gözəl açıqlamalar verirdi.O, ailə məsələsinə toxunaraq yazırdı ki, yalnız ailəni saxlamaq üçün var-dövlət toplamalı, qənaətcil olmalı, evi idarə etmək üçün  qayda-qanunlara riayət etmək lazımdır. O, qazanılan pulun simiclik etmədən ehtiyatla və qənaətlə xərclənməsini məsləhət görürdü.

Öz xəsislikləri ilə  dünyada məşhur olan varlı insanlar vaxtıkən  çox olub, indi də yaşayanları var. Bu yazıda biz onlardan ikisi haqqında oxuculara məlumat verəcəyik. Dünyanın ən varlı və xəsis qadınlarından biri olmuş Böyük Britaniyalı  Qenrietta Houlend olub. Onun adı Ginnesin Rekordlar kitabına yazılıb. 81 yaşlı bu qadın vəfat edərkən  onun 4 milyard dollar var-dövləti qalmışdı. Qəribə burasındadır ki, Qenrietta ölkənin dəmir yolu şirkətlərinin aksiyalarına və 8 mindən çox torpağa sahib olmasına baxmayaraq onun şəxsi evi olmayıb.Milyarder xanım ucuz motellərdə yaşamaqla olduqca həm simic, həm də   qənaətciliyini dünyada nümayiş etdirib. O, nəinki ərzağa və dərmana qənaət edər, hətta geyim və ayaqqabı alınmasına da nadir hallarda pul xərcləyərdi. Qenrietta təzə qəzetləri oxuduqdan sonra onu köşkə qoydurub satdırarmış. Bəzən iş elə həddə gəlib çatırmış ki,  mağazalarında  işləyən satıcılarla 1 sentə görə hər dəfə qızğın mübahisə etməkdən yorulmazmış.

ABŞ-da yaşamış və adı Gennisin Rekordlar kitabına düşmüş dünyanın ən xəsis  adamlarından biri Qrin Hetti zəngin ailədə doğulmuşdu. 6 yaşından iqtisadiyyata meyil göstərmiş, 8 yaşında ilk bank hesabı açmışdı. Atası ölərkən 31 yaşlı Qrin Hettiyə 7,5 milyard dollar sərvət miras qalmışdı. O, ölkədəki iqtisadi böhrandan bacarıqla istifadə edərək ümumi sərvətini 2 milyard dollar artırmağa da nail olmuşdu.Sonra o, saxta yolla bibisinin də varidatını ələ keçirmişdi. Onun əlində çoxlu pul vəsaiti olduğu halda heç vaxt  evində istilik sistemi,mənzil-məişət rahatlığı yaratmaq istəyində olmamışdı. O, daim ən ucuz yeməklərlə qidalanıb. Cəmi 3-4 dəst paltarı olub. Adi yuyucu toza qənaət etmək üçün paltarının ancaq  yerə dəyən hissələrini yuyarmış. O qədər xəsis idi ki, milyarder qadının oğlu anasının simicliyi üzündən ayağının birini itirmişdi. Xizək sürən 11 yaşlı oğlu yıxılıb ağır zədə aldığı üçün milyarder anası onun ayağını müalicə etməkdən ötrü xəstəxanaya pul ödəmir. Simiclikdən aparıb oğlunu kimsəsizlərin müalicə mərkəzində yerləşdirmişdi. Nəticədə həkimlər oğlunun bir ayağını kəsməli olublar. Vəfat edərkən 4 milyard sərvətə malik olan xəsis milyarder qadının qəflətən ölümü də xəsislik üzündən baş vermişdi. O, marketdə satıcı ilə südün qiymətinin baha olması barədə mübahisə edərkən “süd bahadır”-deyə-deyə 81 yaşında ürək tutmasından vəfat etmişdi.

Bu gün  lüğətdə qənaət sözü bir şeyi ehtiyatla, sərfəli sərf etmək və olana qane olmaq, israfçılığa yol verməmək, kifayətlənmək, artıq işlətməmək, səmərəli qayda üzrə istifadə etmək, (Məs:xammal, yanacağa,elektrik enerjisinə, vaxta və s.  qənaət etmək və b.) qənaət üsuluna riayət etmək və s. kimi şərh olunur. Müqəddəs kitabımız  Qurani –Kərimdə  mömünlərə  həmişə istifadə olunan  hər şeyə , pul, ərzaq və materiala qədər qənaət etmək, artıq xərcə və israfçılıəğa yol verməmək kimi vacib əməllərə riayət etmək  tapşırılıb. Və “Yeyin, için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz”-deyə çağırış və ya xəbərdarlıq  eləyib.  Qənaət etmək çox yaxşı əməldir. Hər gün dünyada çoxlu sayda ərzaq, dərman, geyim, məişət əşyaları, uşaq oyuncaqları və s. məhsullar israfçılıq üzündən yararsız vəziyyətə düşür. Qənaət olunmadığı üçün artıq alınmış bəzi qida məhsulları  zibil qutularına doldurulur. İçməli və texniki sular boş-boşuna çirkli sular üçün nəzərdə tutulan yerə axıdılır. Hansı ki, dünyada milyonlarla insan normal qidalana bilmir. İçməli su yerinə çirkli sulardan istifadə edir. İslam dinində israfçılığın haram olduğu bildirilir. İsraf sözü ərəb mənşəli sözdür. Mənası isə qənaət etmək əvəzinə  ehtiyacdan artıq istifadə etmək, xərcləmək və ya israf etmək, həddini aşmaq mənasında işlədilir. Dünyanın əksər yerlərində olduğu kimi pespublikamızda da sudan israfçılıqla istifadə edilir. Su sərfinə görə ölkəmiz MDB məkanı üzrə ilk yerlərdə qərar tutub. Biz Avropa ölkələrindən daha çox su işlədirik.Hələ də çörəyi qənaətlə almayanlara, arıq qalmış çörək və digər məhsulların zibil qutularına yüklənməsi hallarına da təsadüf edilməkdədir.

 

Zakir Bayramlı,

Şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər  birliklərinin üzvü,  təhsil işçisi

Ədalət.-  2024.- 15 mart,¹ 10.- S.12.