Soyunub qadınlığını

 

Qayıt həyatıma sirr gəl.

Qızların gözəl vaxtıdı,

Gözəllik suyuna gir gəl.

 

...Mənə görə getmədin ki,

Mənə görə gələsən.

Mələk də doğulmadın ki,

Hər gün bakirə gələsən.

 

Əllərin göy üzündədi

Çək gözlərindən yuxarı.

Sənə ən yaxın da mənəm,

Mənəm səndən ən uzağı.

 

 

Mən başqa adamam, Allah

 

Bir bax, sənə sirr açaram:

- Mən başqa adamam, Allah

...Bu dünyadan bir qaçaram -

Mən başqa adamam, Allah!

 

Yaratdığın hər şey yalan,

Yoxmu başqa qövmu-filan.

Bir yol da bəndənə inan -

Mən başqa adamam, Allah!

 

Torpaqdan insan düzətdin,

Bəs nədən şeytan düzəltdin.

De, başqa nə can düzəltdin...

Mən başqa adamam, Allah!

 

 

De sığarmı Aya dərdinYoxmu sənin guya dərdin?

Çağır danış dünya dərdin,

Mən başqa adamam, Allah!

 

De, lap gəldim cəhənnəmə

Cəhənnəmdən cəhənnəmə.

Cəhənnəm də cəhənnəmə

Mən başqa adamam, Allah!

 

Bura cənnət ... -

Ora cənnət

Çox gözəldi - yorar cənnət.

Bildiyimtək, dura cənnət -

Mən başqa adamam, Allah!

 

Gəldik, gedək ... pir deyil ki,

...Dünya daha sirr deyil ki!

Mənim yerim yer deyil ki,

Mən başqa adamam, Allah!

 

Salam

 

Salam, Çinar ağacı,

Uca Çinar, Xan Çinar

Hay ver ucalığından.

Əsən yelə əyilmə,

Pay ver, ucalığından.

Gəldim halallıq alım

Verim xəbər - gedirəm.             

 

Daha da ucalasan -

Deyə - Əsgər gedirəm.

 

 

Salam, Palıd ağacı,

...Bəlkə xatırlamırsan

Mən yazmışdım sinənə.

O vaxt bir qız sevərdim -

N yazmışdım sinənə.

Gəldim üzr diləyəm,

Daha əsgərəm mən də.

Sənin qədər "qururlu"

"Dönüb" gələrəm kəndə.

 

Salam, Dəmirağacı!

Sən çox qədimsən axı.

Bizim əcdadlar qədər.

Söylə onda, bəs necə

Düşmən qaçıb birtəhər.

Qılınc altından keçib -

Ya da - əyilib yenə.

O gün - bu gün bəlkə də

Qisas qalıbdır mənə.

 

Salam, Əncir ağacı.

Ehey, cənnət ağacı

Sən də var ol daima.

Sənlə sağollaşmıram

Bir bildiyim var amma.

Yolu cənnətdən keçər

Doğru yoldan gedənlər

Cənnət müjdəçisidir

Axı bütün ərənlər.

Sağ ol, Çinar ağac,

Sağ ol, Palıd ağacı,

Sağ ol, Dəmirağacı...

 

 

Mələklə söhbət

 

Sən ey mənim sirr yoldaşım

Pisliklərə daxıl, Mələk.

İkimiz bilən sirləri

Danışanda sıxıl, Mələk.

 

Yolunu buracaqsansa,Bir hiylə quracaqsansa,

Üzmə, duracaqsansa

Düş çiynimdən yıxıl, Mələk.

 

Məşhərimə gələrsən ha

Susmaq lazım - biləsən ha.

Tanrı gülər, gülər sənə -

Gülər sənə, paxıl Mələk.

 

Nədən susar bax o biri,

Nə zaman açılar dili?

İndi mən ölü, sən diri,

Tökül görüm, tökül, Mələk!

 

Anar Seyidağa

Ədalət.-  2024.- 15 mart,¹ 10.- S.14.