Ədəbiyyatımızın Dədə Qorqudunun 86
yaşı
Anarla hər gün küçədə,
televizorda, tədbirlərdə rastlaşdığımız
üçün, həmişə yanımızda
olduğu üçün onun
böyüklüyünü, ucalığını bəlkə
də hiss etmirik. Onu özümüzdən biri sayırıq,
əslində elə Anar bizlərdən biridir, amma Anardır!
Dağın yaxınlığında olanda onun
ucalığını hiss eləmədiyimiz kimi, Anarın da
yaxınlığında olanda onun
ucaılığını hiss
eləmirik.
Bir dəfə Əskişəhərdə Türk
dövlətlərinin şair və
yazıçılarının qurultayı keçirilirdi.
Türk dünyasından gəlmiş xalq şairlərinin,
yazıçılarının Dədə Qorquda çevrilmiş Anarın əllərindən
öpməklərini (özü də Anar əlini çəkmək istəyirdi, amma
qamarlayıb tuturdular Anarın əllərini) görəndə
necə qürur hissi
keçirdiyimi bəlkə də anlada bilmərəm.
Bu gün Anarı yalnız Cəfər Cabbarlı ilə
müqayisə etmək olar. XX əsrin əvvəllərində
Cəfər Cabbarlı ədəbiyyatımız
üçün, incəsənətimiz üçün,
teatrımız və mədəniyyətimiz üçün
necə dayanmadan çalışırdısa bu missiya XX əsrin
sonu və XXI əsrin əvvəlləri Anarın üzərinə
düşüb. Və Anar bu missiyanı layiqincə yerinə
yetirir və davam etdirir.
Anar Azərbaycanın
pasportudur, özü də heç bir sərhəd
tanımayan pasportu.
Bir dəfə «Sizsiz» əsəri çıxandan
sonra mənim redaktorum olan
orta səviyyəli bir
yazıçı məni kabinetinə çağırıb dedi:
- Buna bax, atasından, anasından roman yazıb. İndi biz də
atamızdan, anamızdan roman yazaq?
Seyran Səxavətin sözü olmasın, mən də
söz gəldi özümü saxlaya bilmirəm, dedim:
- Müdir, sənin də atan Rəsul Rza, anan Nigar Rəfibəylidir?
Sən də xan-bəy nəslisən?
Redaktor məni otağından qovdu:
- Ə, dur cəhənnəm ol burdan.
Mən də durdum cəhənnəm oldum.
Məni ədəbiyyata Anar gətirib. Üstümdə
böyük haqqı var. Amma bir
ara «Alatoran»çılara qəzetimizdə həftədə
bir dəfə gen-bol yer verdiyimə, onlar da hər nömrələrində
Anara zəhər tökdüklərinə görə məndən
bərk incimişdi. Hətta Kamal Abdulla ilə ədəbiyyat
söhbətində demişdi ki, mən bunun
atasını tanıyıram,
çox yaxşı ziyalıdı, yaxşı da kişidi,
amma bu niyə belə edir, anlamıram.
Amma ürəyi genişdi, bir müddətdən sonra
mənim günahımı bağışladı.
Vaqif Cəbrayılzadənin
təbirincə desək, Anar min illərin gün işığıdı, nə
qədər basdırmaq istəsən,
yenə torpağın üstündə
qalar.
Martın 14-də ədəbiyyatımızın Dədə
Qorqudu Anarın 86 yaşı
tamam oldu. Bu böyük insanı bu münasibətlə
həm öz adımdan, həm də çoxminli
oxucularımız adından ürəkdən təbrik edir,
ona Allahın verdiyi qədər
ömür arzulayıram.
Sonda. Anarın və xanımı Zemfira Səfərovanın Vətən,
millət sevgisini əsrin əvvəllərində
Mirzə Cəlilin və xanımı Həmidə bəyin
(bilirsinizmi, Qarabağda mərdliyinə, cəsarətinə
görə Həmidə Cavanşirə xanım yox, həmişə bəy deyə
müraciət ediblər, mən də ona görə bəy
yazdım) Vətən, millət sevgisi ilə və
onların ailə müqəddəsliyi
ilə müqayisə etmək olar.
Və lap sonda. Anardan bir anekdot.
İstanbulda kitab festivalındayıq. Otelin kafesində
çay içirik, Anarın nəvəsi
də yanındadı. Qonşu stolda Cənubi Azərbaycandan
olan bir xanım oturub
Diqqətlə Anara baxıb dedi:
- Mən sizi tanıyıram. Siz Ramiz Rövşənsiniz.
Hamımızı gülmək tutdu, xanım da
gülməyimizə çaşdı.
Anar gülümsəyərək sakitcə dedi:
-Xanım, düz deyirsən, mən əvvəllər Ramiz Rövşən idim, amma indi
Anaram.
Xanım bəlkə on dəfə üzr istədi.
Aqil Abbas
Ədalət .- 2024.- 15 mart,¹ 10.- S.2.