FƏRYADIN SİMFONİYASI

 

Yaradıcılıq insan şəxsiyyətinin bütün xüsusiyyətlərini fəaliyyətə gətirən qabiliyyət növüdür. İnsan fəaliyyəti və şüuru yalnız məqsədi üçün deyil həm də, ruhunun dünya ilə uzlaşması uğrunda mübarizə aparır.

Elə tarixi faciə vardır ki, sözə yaxud, hansısa simvolik formaya deyil, yaranmış mənzərənin rənginin səsinə hətta simfoniyasına çevrilir. Bu simfoniya həyatdan ədəbiyyata ötürülən Xocalının faciəsi, fəryadın simfoniyasıdır. Elə bir simfoniya ki, küləklərin qucağında balası kimi gəzdirərək oxuduğu laylası, torpağın altında yatan bütün məsumların oxuya və eşidə biləcəyi nəğməsi olsun…

 

Hə, Rüzgar! Eşidə bilirsənmi,

Səslərin ən mükəmməli

Əsrin Simfoniyasını? - Ölülər himnini!-

Onlar yerin mantiya qatından

 Məkrin Oyun işinin

 məcmusunu-

 məşum nəğmələrinin

 Odasını oxuyur...

 

Güllərin kökündən kəsilərək hədiyyə olunmasını, təbiətin soyqırımı kimi görən naif qəlbli Nürəngiz Gün Xocalı faciəsini – “Əsrin qətliamı” adlandıraraq şeirləri ilə üsyankarcasına mübarizə aparırdı. Xalq şairi Fikrət Qoca Nurəngiz Günün özünü bir poetika adlandıraraq yazmışdır. “Xüsusilə Qarabağ mövzusunda, Xocalı poemasında Nurəngiz xanım elə bil öz içini yandırırdı”. Bəli Nurəngiz Gün başdan başa şeir, intonasiya və harmoniya idi. Bu şeirlər Xocalı faciəsinin bütün qurbanlarına ağı dedi, haray çəkdi. Böyükdən kiçiyə hər kəsi ağuşuna aldı ana torpaq kimi:

 

Ancaq ki, ana məməsi istəyir

körpələr torpağın altında!

Heç bir şey anlamır inqalar!..

İnqalar ana döşü əvəzinə

İndicə torpağı əməcəklər!..

 

Xocalıda baş verənlər yalnız faciə deyil, hazırlanmış bir sui qəsd, qətliyamdır. Günahkarları və qurbanları olan cinayətdir. Müharibələr və təbii fəlakətlər təbii ki, itkilərə səbəb olur. Bu itkilər isə ailələr və nəsillər üçün faciədir. İnsanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olan Xocalı faciəsi haqqında ulu öndər Heydər Əliyev demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Bir gecənin içində yaşanan bu faciədən  başı kəsilmiş, dərisi soyulmuş, yaxud da valideynləri gözünün önündə öldürülmüş uşaqlar qalıb.

 

Ah, yetim baxır nəbatat...

O küknar hələ də ağlayır...

Yonur tökür saşlarını yoncalar,

o balaca qız üçün.

Çöl boyu qaçışan

“can gülüm can” oynayan uşaqlarçün

Darıxır yoncalar... ağaclar!

Bu ayrılıq felinə Sizsiniz günahkar,

Bəşəri Zalımlar!

 

Nurəngiz Gün bu faciədə daha çox uşaqları düşünür. İstər torpağın altında olsun, istərsə də üstündə bu məqamda onlar eynidir, ölülər bir az diri, dirilər ölü kimi. Boğulur, cocuqlar, yorulur torpağın altında cocuqlar!

 

Yox, Rüzgar! O cürə əsmə sən!

Torpaqda...

Torpağın altında

 

 dipdiri ölülər var!

 

Əvvəl səssiz şəhəri: “Xocam!.. Məğlubum!.. Necəsən?” sonra düşməni sorğulayır: “yazıq erməni” cildində qırmızı qospodinlə sən bu antik işinlə Xirosima dəhşətini və Xatın faciəsini çox-çox arxada qoydunuz! Allahın yaratdığı, dövlətin illərdi yetişdirdiyi nəsilləri bir gecədə yox etdiniz…

Dünyaya səs salan ana fəryadı kilsə zənglərini dindirməyə çalışan şair üzünü Məryəm anaya tutaraq öncə sevgisindən danışır, sonra şikayət edir:

 

O! Məryəm Anaaa! Müqəddəs!...

Mən səni çox sevirəm...

Bəlkə Sən cavab verəsən,

Nədir bu? Nə demək “ Xof və İnsan?”-

Hardan axır axı kilsə zəngləri?

Zor edir, zorunluqla soxulur

müsəlman obasına.

 

Poemanın oxucusu da bu fəryada qoşulur, təsəlli üçün üzünü şeirdən şeirə tutur. Unudulmaz şair Novruz Gəncəli “Ananın səsi” adlı şerində sanki Nurəngiz Günü canlandırmışdı:

 

Ana qəlbim odlanır,

Söz düşəndə davadan.

Bəs deyilmi ey insanlar,

Töküldü qan,axdı qan?

Bəs deyilmi, qara torpaq

Su içdi göz yaşından

 

Az şair var ki, şeirlərində bütün detallar səsə çevrilir. Şeirin poetik səhnəsində hər şey səslə öz ahəngini tapır. Bu səslərin küyündə şairin dediklərindən çox demədikləri səslənir. Bu səslər işlənməmiş sözləri, səsləri xatırladır. Düşünmək kimi… Ümid kimi…Nazim Hikmətin düşünməyi kimi də ola bilər:

 

Səni düşünmək nə gözəl şey,

ümitlü şey,

dünyanın ən gözəl səsindən

ən gözəl şarkını dinləmək kimi bir şey...

Fəqət artıq ümit yetmir mənə.

 

Şeirin bu səsləri insanın susqunluğu kimi sözü varlığın tükəndiyi, bitdiyi yerə də gətirə bilər. Sonsuzluğuna… bu sonsuzluqdan dipdiri ölülər oyana bilər sümük xatirələrindən dünyadan axan səslərə… Çünki bu torpaqda əndərilmiş Böyük Hürkünün şaşqın qışqırıqlarının yaddaşı yaşayır!

 

onların nə təngizar qulaqları,

nə yorğun-arğın-üzgün

bədən hücrələrindən

üzülən zuzələr! Yox, istəmir Onlar daha,

Dünayadan axan səsləri!!!

Onların sümük xatirəsində…

 

Və “Xocalı simfoniyası” şəhidlərinin günahsız səslərinin Azan səsinə qarışmış unudulmayan avazları:

 

yerlə yeksan olub qalmış

 

uşaqlarının səsi, yiyəsiz avazlar,

toz kimi, qum kimi ələnən

 

azan səsləri yaşayır!

 

Duyğuların zənginliklərindən, sözlərin arsenalından zərif naxışlarla misralar yaradan Nurəngiz Gün Vətən mövzusunda cəsarətlə misilsiz üslub yarada bilmişdi.

 

Ədəbi bədii keyfiyyətləri insan hisslərinin ritmi ilə birləşdirərək ziddlərin, təzadların ahəngini yaratmışdı. Doğma dilinin gücünə hakim olan bu zərif qələm sözə yeni nəfəs verir, misralara ölümsüzlük bəxş edir Vətən kimi... Torpağa məktub:

 

Torpaq olub atam, anam…

Bəs dərdimi kimə deyim, kim eşitsin, kim bilsin?

Yavaş-yavaş adət edib daş divara alışıram!..

 

XX əsrin əvəllərində yaşamış qırx il ədəbiyyat müəllimi işləmiş Halid Fahri Ozansoyun “Vatan destanı” şeirindən bir bəndi Nurəngiz Günün şeirlərini  də müəyyənləşdirir.

 

O kadar dolu ki toprağın şanla,

Bir değil, sanki bin vatan gibisin.

Yüce dağlarına çöken dumanla

Göklerde yazılı destan gibisin.

 

Fidan  Abdurəhmanova

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Ədalət.- 2024.- 1 mart,¹8.- S.12.