“Yaşar məndən
sonra adım, soyadım”
Tanrının
ilhamlı şairi, istedadlı alimi Xaqani Qayıblının
fikir və sənət aləmi
Tarix boyu dünyanın böyük bir qisminə,
üç qitəyə hökm etmiş türk
insanının gücü yalnız onun silahında, hərb sənətində,
döyüşçü ruhunda olmamış, görkəmli
avrasiyaçı rus alimi Nikolay Trubetskoyun dediyi kimi
türkün daxilində olan və fəth etdiyi xalqlara sevgi,
şəfqət, ədalət, rifah, barış gətirən
xüsusi daxili fəlsəfi sistemdən
qaynaqlanmışdır. Bu daxili fəlsəfi sistem insan qəlbinə
sirayət etmiş, tükün daxilində irfani-ekzistensial
ikiləşmə, daxili-təhtəlşüur və zahiri
varlıqlara parçalanma baş vermişdir. Dahi Yunus İmrənin
dediyi kimi, “Məni məndə demən, mən də deyilim,
Bir mən vardır məndə, məndən içəri”.
Bu fəlsəfi-psixoloji hal insanın özündən və
mühitindən təcridlənməsinə, qəriblik
duyğusunun baş qaldırmasına səbəb olmuşdur.
Sovet dövlətində yüz minlərlə türk-müsəlmanların
doğma yurdlarından deportasiyası bu faciəvi duyğunu
daha da dərinləşdirmişdir.
Buna görə də türk fəlsəfəsində,
folklorunda, ədəbiyyatında ikili rəmzi obraz – qərib
obrazı meydana çıxmışdır. Heç bir məqamda
yeri olmayan sakral obraz. Bu mövzu milli ədəbiyyatımızda
bir çox tarixi, sosial, siyasi amillərlə bağlı daha
da aktuallaşmışdır. Mənəvi-fəlsəfi qəribliklə
bərabər sosial-siyasi mühacir qəribliyi aktuallaşmışdır.
XIX yüzilliyin əvvəllərindən başlayaraq, əsarəti
qəbul etməyən türk soylara, ilk növbədə
qarapapaq-tərəkəmə elatları yurdlarından hicrət
etmişlər. Digər böyük mütəfəkkirimiz
Əli Bəy Hüseynzadənin söylədiyi kimi, “Türklər
ya ölər, ya hicrət edərlər, fəqət, qul
olmazlar”. Bu tarixi proses sonrakı dövrlərdə də davam
etmiş, xüsusən sovet dövründə təhsil və
əmək miqrasiyası geniş vüsət
almışdır. Keçmiş sovet xalqlarında müstəqillik
dövründə də bu miqrasiya prosesi etmiş, ancaq bir
qismi Avropa ölkələrinə və Türkiyəyə
yönəlmişdir.
Belə bir tale yaşayan dəyərli
soydaşımız, eloğlumuz Xaqani Qayıblı məskunlaşdığı
Estoniyada yüksək səviyyəli mənsəblərə
çatsa da, elmi və ədəbi yaradıcılıq
uğurlarına çatsa da, şeirlərində, söhbətlərində
səsləndirdiyi kimi, özünü qərib hiss edir və
bu qəriblik yanğısını kürəkləyən də
məhz ana itkisi, ana həsrətidir. Doğma məskənə
türklər Ana yurd deyirlər, ata ilə bağlı isə
gəlinin güvəndiyi Ata evi anlayışı
mövcuddur. Xaqani Qayıblı əslən Azərbaycanın,
Borçalının cəngavər mahalı Qaraçöpdən,
Azərbaycan, Gürcüstan və qismən də
Dağıstan sınırında yerləşən igidlər
oylağı Ləmbəli kəndindəndir. Qaraçöp
türk dünyasının unikal məskənlərindəndir.
Osmanlı, İran ərazisinin türk sülalələri,
Çar, sovet dövründə də qaraçöplülər
öz comərd, silahlı həyat tərzlərini
yaşamışlar, heç bir hökumətə boyun əyməmişlər.
Uşaqlıqda Sarvanda yaşlı adamların söhbətlərinə
qulaq asmağı xoşlardım və həmin söhbətlərdən
bir iki məqam indiyədək yaddaşımdan silinməyib.
Biri Qaraçöplə bağlı idi. Bir dəfə Nayvəli
soyundan olan babam Məhəmmədin dostları ilə söhbətində
qaraçöplülər haqqında onun həmsöhbətlərindən
eşitdim ki, onlar “gəbçəklərdəndir”. Bunun nə
olduğunu soruşsam da ətraflı cavab ala bilmədim,
yalnız köhnə türklərdəndir dedilər. Xeyli
sonra anladım ki, gəbçək deyəndə
qıpçaq nəzərdə tuturlarmış. İkinci
söz isə, yenə də bir qocanın kimlərdənsə
gileylənərək, “məni mançurtda qoymaq istədilər”
ifadəsi idi. Bu sözlə xeyli sonra Çingiz Aytmatovun
“Əsrə bərabər gün” romanını oxuyanda
rastlaşdım və həmin qocanın “mankurt” nədir
sualına sualıma verdiyi “təkləmək” sözü
yadıma düşdü.
Bu günlərdə 60 illiyini qeyd edəcəyimiz
görkəmli alim, şair, tərcüməçi Xaqani
Qayıblı ilə bağlı yazımda bu söhbətlərin
nə aidiyyəti var deyənlər ola bilər. Aidiyyəti
var, məncə, çünki müşahidələrim
göstərir ki, Xaqani bəy doğma ata ocağına
bağlı vətənpərvər şair, alimdir,
varlığı, fəaliyyəti,
yaradıcılığı ilə əsl türk
ziyalısıdır. Kökü-soyu Azərbaycanın tarixində
iz qoymuş Qayıbovlar nəslindəndir. Dahi Lev Tolstoy 1909-cu
ildə bu nəslin nümayəndəsi, Cənubi Qafqaz
müsəlman ruhani idarəsinin katibi Abbas Ağa Qayibova
Tolstoyun əsərinin tərcüməsinə icazə istəməsi
ilə bağlı məktubuna cavab yazaraq, ona təşəkkür
edib və razılıq verib. Xaqani bəy də orta məktəbi
Ləmbəlidə bitirdikdən sonra orta ixtisas məktəbini
Qazaxda fərqlənmə diplomu ilə bitirib.
Xaqani Qayıblı keçmiş sovetlərdə gənc
alimlərin can atdığı, ancaq çoxuna qismət
olmayan bir tarixi uğura da imza atıb, Tartu universitetinə qəbul
olub. Gənc yaşlarından bədii istedadı aşkarlanan
Xaqani bəy 1989-cu ildə Azərbaycan Yazıçılar
Birliyi tərəfindən Moskvaya Maksim Qorki adına Ədəbiyyat
İnstitutuna, həmin ilin sonunda isə Azərbaycan Təhsil
Nazirliyinin xətti ilə Yazıçılar Birliyi nəzdindəki
Azərbaycan Bədii Tərcümə və Ədəbi
Əlaqələr Mərkəzi tərəfindən
Estoniyanın dünyaca məşhur, strukturalizm və
semiotikanın nəinki keçmiş SSRİ-də, beynəlxalq
səviyyədə nüfuzlu mərkəzlərindən olan
Tartu Universitetinə göndərilib. Eston dilini mənimsəyən
Xaqani bəy Tartu Universitetində məhz eston dilində eyni vaxtda
filologiya və jurnalistika fakültələrində təhsil
alıb.
Xaqani bəyin elmi, ədəbi, tərcümə fəaliyyəti
də çoxcəhətlidir. Akademik Ago Künnapın elmi rəhbərliyi
ilə “Eston və türk dillərində feil
quruluşlarının müqayisəsi” adlı elmi işi ərsəyə
gətirib. “Türkcə-estonca, estonca-türkcə turist
sözlüyü” (2000), “Türkcə-estonca, estonca-türkcə
danışıq kitabçası” (2004), “Estonca-azərbaycanca
sözlüyü” (2005) dərc olunub.
Müxtəlif illərdə 40-dan çox
ictimai-siyasi, tarixi, elmi-mədəni məqalənin, 5 kitab və
1 monoqrafiyanın müəllifidir. Bir çox beynəlxalq
elmi tədbirlərin məruzəçisi və
iştirakçısıdır.
Eston dilinə tərcümə etdiyi əsərlərdən
“Danabaş kəndinin əhvalatları” (Cəlil Məmmədquluzadə),
“Kim dedi ki, Simurğ quşu var imiş!” (Kamal Abdulla), “Mən
burdayam İlahi” (Vaqif Səmədoğlu), “Dualar
qalıcıdır” (Tuna Kiremitçi), “Halarvadı” (Bəhlul
Abdullayev), eləcə də redaktoru olduğu bir çox
kitablar, o cümlədən, “Türk Dünyası Yer
Adları” (1997), “Nağıllar körpüsü” (Baltik
xalqları nağılları, 2005), “Çağdaş
Seçkin Azerbaycan Şiiri (20. yüzyıl 90`lı yıllar)”
(2014) və s. oxucular tərəfindən rəğbətlə
qarşılanıb.
Bədii yaradıcılığında poeziya
üstünlük təşkil edir. 1987-ci ildən Azərbaycan,
Türkiyə, Gürcüstan və Estoniya mətbuatında
vaxtaşırı şeir və publisistik yazıları ilə
çıxış edir. “Sənsiz ömrün bir ili” (1999),
“Qırx yaşım qırx sözüm” (2004), “Yenə
canım söz gəzir” (2014) adlı kitabları dərc
olunub. Əsərləri eston, gürcü, rus, latış,
alman dillərinə və tatar, qazax, qaqauz, Türkiyə
türkcəsinə çevrilib.
Fəal ictimaiyyətçi və elm təşkilatçısı
olan Xaqani Qayıbov 1997-ci ildən Estoniya prezidentinin şəxsi
tərcüməçisi, 1998-ci ildən Tartu Universiteti
Türk Dili Mərkəzinin müdiri, Estoniya-Azərbaycan cəmiyyətinin
sədri, Estoniya-Türkiyə Mədəni Əlaqələr
cəmiyyəti İdarə Heyətinin üzvü; Estoniya
Akademik Şərqşünaslar cəmiyyətinin
üzvü; Azərbaycan Yazıçılar Birliyinin
üzvü; Estoniya Jurnalistlər Akademiyasının
üzvü; Estoniya Ana Vətən və
Respublikaçılar Birliyi Partiyasının üzvü;
Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin
üzvü və sədr müavini; Tartu Universiteti Türk
Dili Mərkəzi “Ərgənəkon” yayınları redaksiya
heyətinin sədri; “Ulduz” jurnalı redaksiya heyətinin
üzvüdür.
2000-ci ildə Estoniya hökuməti tərəfindən
Türkiyə və Estoniya arasında diplomatik və mədəni
əlaqələrin inkişafında göstərdiyi
xüsusi xidmətlərinə görə Estoniya fəxri vətəndaşı
adını alan ilk türkdür.
Bütün bu sadalananlar Azərbaycanın
tanınmış alimi, ictimai xadimi, tərcüməçi,
dilçi, ədəbiyyatşünas, publisist Xaqani
Qayıblının ağır zəhmət, fədakarlıq,
bilik və bacarıq, zəhmətkeşlik, əqidəsinə
sədaqət, fəal ictimaiyyətçilik sayəsində əldə
etdiyi və bir neçə ömrə sığar
uğurları, nailiyyətidir. Lakin bunlar eloğlumuzun fəaliyyətinin
görünən, zahiri tərəfidir, onun
yaradıcılığının mühüm hissəsi
şairliyi ilə bağlıdır.
Elmi fəaliyyətinin kifayət qədər
sanballı və dəyərli olduğunu qeyd edərək,
demək istərdim ki, Xaqani Qayıblı geniş kütlə
və dostlarının çoxu üçün ilk növbədə
incə təbli və ilhamlı şairdir.
Açığını deyim ki, onunla şəxsi
münasibətim müasir dövrün ayrılmaz atributu,
ünsiyyət və hətta fəaliyyət forması, əminəm
ki həm də bədii və elmi yaradıcılıq
meydanı və vasitəsi olacaq onlayn məkanda virtual dostluq
formasında gerçəkləşib. Qeyd edim ki, şəbəkə
dostluğu da özlüyündə bir hadisədir. Eləcə
də şəbəkə ədəbiyyatı son dövrlərdə
sürətlə inkişaf edir (rus şəbəkə ədəbiyyatı
haqqında Rusiyada dərc olunmuş yeganə dərsliyimdən
artıq Rusiya universitetlərində dərs keçirlər).
Xaqani bəy mənim üçün də dəyərli
filoloq və həm də şair kimi dərin maraq kəsb
edir. Fikrimcə, onun, Yunis İmrə demişkən,
içində olan əsl “mən”i məhz şeirlərində
aşkarlanır. Bədii yaradıcılığında
içindəki qərib aşiqin, söz aşiqinin, fikir
aşiqinin, gözəllik aşiqinin mənəvi siması,
duyğuları, yaşantıları ifadə edilir. Şair
Xaqaninin şeri dünyası sevgi çevrəsində
dövr edir – ana sevgisi, yurd sevgisi, vətən sevgisi,
insanlıq sevgisi, aşiqanə sevgi. Onun əsərlərində
yurd-vətən anadan ayrılmazdır. Ana – şair
üçün həyatın, dünyanın,
insanlığın, lirik qəhrəmanın ətrafına
dolandığı ülvi məhvərdir, həyatın mənası,
şairi bu dünyada saxlayan ali qüvvədir:
Burax məni, gedim, anam,
Bu ömrün anrı üzünə…
Şairin gedəcəyi yollar da fərqlidir, yol var
yolçuya tamarzı, yol var yolçudan narazı:
Yol var – addıma tamarzı,
Yol var – çox tünlükdü, oğlum.
Lakin lirik qəhrəmanın gedişi qayıtmaz,
dönüşü imkansızdır, çünki bu get-gəl
onun daxilindədir, içindədir, varlığını
saran substansional qüvvədir. Bu mənəvi axtarış,
özünüinkar və yenidən özünütəsdiq
yoluna qədəm qoyanın dönüşü olmur,
“önündə yollar ayrılan” lirik mən qəribliyini məhz
buna görə içində duyur, içində
yaşayır: Qürbət oldu, mən oldum, // İçimdə
payız sevinir. Qəriblik şairin lirik qəhrəmanının
mahiyyətinə və əzablı ayrılığa
çevrilir:
Baxma, kürəyim qovrular,
Mən geri dönən deyiləm.
Bu gediş, bu qürbət, bu həsrət şairin
duyğularının və onun şeirin mahiyyətindədir,
“Dünya duracaq yer deyil, ey can, səfər eylə” deyən
sufi şair Nəsimi gerçəklikdən imtina edir, Xaqani
Qayıblının lirik qəhrəmanı isə gerçək
həyatın sona çatacağı anı duyur və
gözləyir:
Və bir gün beləcə çıxıb gedəcəm,
Ürəyin sonuncu qan damlasını –
olub-qopanımı sıxıb gecəm
ağ kağızlara…
Və bir gün bir şeirin son misraları
nöqtələr olacaq… uzun nöqtələr.
Uzana-uzana gedən yolların
son ucu bir qəbir başına gələr,
bir şair şəklinin çərçivəsinə
çəkilər qara!
Bu məqamda ağ rənglə (ağ kağız)
qaranın (çəkilər qara) bədii təzadı
şeirdəki motivin fəci ovqatını dərinləşdirir,
ölüm qaranlığı mətnin pafosunu bədbinləşdirir.
Lakin Şair Xaqani Yaqublu bu son anı, ölüm
köçünü də maraqlı tərzdə həyat
eşqi, yaşamaq ehtirası ilə tarazlayır:
Və bir gün bu torpaq açacaq ağzın,
Sərçə balasıdək yumub
gözünü
dən istəyəcək.
Bir qarabuğdayı, qaragöz gözəl
yanıb yaxılacaq bir itik üçün
kimisə dərdinə tən istəyəcək.
Pənah gətirəcək hər cümə
günü
tənha məzara.
Ölüm metaforası olan qara torpağın “Sərçə
balasıdək yumub gözünü dən istəyən” bir
obraza bənzədilməsi poeziyamızda nadir poetik
tapıntılardan hesab oluna bilər. Nəhayət, şair
öz həyat fəlsəfəsini davam edərək, “nəyim
qalacaq!?” sualına cavab axtarır və bu suala sualla da cavab verir:
… Və bir gün, beləcə çıxıb gedəcəm,
Mənim bu dünyada nəyim qalacaq!?
Bir qarabuğdayı, qaragöz gözəl,
bir də son misrası nöqtələr olan
yarımçıq yazılmış şeirdən
özgə.
“Son misrası nöqtələr olan
yarımçıq şeir” mahiyyət etibarilə Xaqani
Qayıblının əsas cavabıdır: həyat sonsuz
cavabsız suallardan ibarət mübhəm bir məfhumdur və
hər şeyə cavabı olan kəslər əslində bəsit
təfəkkür sahibləridir. Həyatın mənası,
yaşamın mənası bu cavab axtarışının
özündən ibarətdir, cavabı tapmaqdan deyil.
Cavabsız suallar şairi söz axtarışına
çıxarır və bu, daha ağrılı, daha
acılı bir durumdur. Həyatın mənası aşkar
olmadığı kimi, uyğun sözlər də
ilğıma çevrilir:
Bu gecə ürəyim quş ürəyidir –
bir az yuxularım gözümdən qaçıb,
bir az rəngim-ruhum üzümdən qaçıb…
Qaçıram dalınca bir qatar sözün
Bu gecə vaxtında özümdən qaçıb.
Qaçıram, mən sözə çata bilmirəm,
Söz məndən başını
götürüb qaçır.
Qaçıram, torpağa dəymir ayağım…
Həyat, ömür, söz, yol, qürbət, qərib
konseptlərinin çulğaşması aydın idrak və məntiqli
qavrayışı sarsıdır. Şairin təhtəlşüurundakı
ulu qaynaqlardan gələn mifopoetik aləm, qeybdən doğan
duyumlar, vahiməli səslər və əsatiri obrazlar
canlanır. Dini, mifoloji, epik anlayışlar aktuallaşır:
İçimdə qurd ulayır, gözlərimin dibi
boş…
Gözlərimin ağrısı
dırnağımın ucunda.
Bu gecə başım üstə bədrlənmiş
Ay – sərxoş,
… Bu gecə bir cüt mələk asılacaq
saçından.
Təpimiş dodağımın
pıçıltısı duyulmaz,
Ulu bir hənirtiylə oxşaram mələkləri.
Mələkləri asan Div yuxusundan ayılmaz…
Mağaranın küncündə şüşə
gəzir gözlərim!
Gözlərimin dibi boş… can atıram
şüşəyə
Qulağımda Ağatlı bir igidin nərəsi.
Dırnağımın ucundan ağrı ucalır
göyə,
İçimdə bir yanğı var – tənha Yalquzaq
səsi…
Lakin son məqamda türk ruhunun əzəli xisləti,
babalardan qalan amanat anlayışlar önə
çıxır, həyatdan, doğuşdan, ölümdən,
varlıqdan, heçlikdən daha üstün, milli
varlığımızı müəyyənləşdirən
məfhumlar, beləliklə, Aşıq Veysəlin səsləndirdiyi
“iki qapı arasında” dövran başa çatır, həyat
nurunu, bizə amanat verilmiş anlayışların məsuliyyəti
dünyanın sarsılmış tarazlığını bərpa
edir. Böyük şairimiz İsa İsmayılzadəyə
xitabən yazdığı şeirdə dediyi kimi:
Çox şeyi amanata almışam elə,
Babam qeyrətini amanat verib,
Dağlar heyrətini amanat verib…
Babama, dağlara sədaqət üçün
Mən elə bilirdim ömrüm bəs elər.
Umudu amanat saxlaya bilsəm…
Bu fikir daş olub çiynimi əzir.
Mənim ürəyimin etibarı yox,
Mənim bir umudluq ömrüm nə gəzir?!
Mənim bir umudluq ömrüm nə gəzir?!
İndi hər addıma ömür satındır.
… Bəlkə yaşadığım ömür də
elə
kimdənsə aldığım amanatımdır!
… Yaşar məndən sonra adım, soyadım
Ağlar bir ürəyi kiridə bilsəm.
Kimdənsə amanat aldığım ömrü
bir umud yolunda əridə bilsəm.
Elimizin-obamızın,
Qaraçöpümüzün, Borçalımızın,
Azərbaycanımızın, türk dünyasının, ulu
Turanın ünlü şairi, alimi Xaqani Qayıblıya uzun
ömür, onun bu idrak – ümid yoluna nur arzulayıram…
Prof.Dr.Asif Hacılı
Ədalət.- 2024.- 1 mart,¹8.- S.14.