UNUDULMAZ MƏMMƏD
KAZIM
(Esse-xatirə)
...Məmməd
Kazıma adətən, hörmət və məhəbbət əlaməti
olaraq həmkəndlim, şair Arif Fərzəli ilə mən
Məmməd əmi deyə xitab edərdik. Bəlkə bu, ona
görəydi ki, Arifin atası, mənim xalam oğlu, bəhri-təvil
ustası kimi tanınan Xudakərim Məftunla Məmməd
müəllimin gənc yaşlarından çox möhkəm
dostluq münasibətləri vardı. Ötən əsrin
50-ci ilərindən başlayan bu münasibət Xudakərim
müəllimin dünyasını dəyişən günə
qədər davam elədi. Sonra Ariflə mən bu dostluğu
davam etdirdik. Məmməd əmiylə
aramızdakı yaş fərqinin böyük olması əsla
bizim dostluğumuza əngəl olmadı... Daha doğrusu, Məmməd
əmi öz müdrikliyi, zəngin həyat təcrübəsi
ilə heç vaxt bunu hiss etdirmirdi. Hərdən Ariflə
aramızda nəyəsə və kiməsə görə
kiçik inciklik olanda Məmməd əmi dərhal bizi
barışdırardı. Hətta barışıq
günü əlamətdar olsun deyə o, bizə təbiət
qoynunda yaxşıca qonaqlıq da verərdi. Ağsaqqal dostumuz belə
barışdırıcı missiyası zamanı bizə təkcə
öyüd-nəsihət dolu məsləhətlər vermirdi,
həm də ötən günləri, tanınmış qələm
dostlarını yada salıb, şahidi olduğu hadisələrdən
maraqlı söhbətlər edər, sonra da zarafatla deyərdi ki, bu cür “qonaqlığa”
görə aradabir “küsməyə” dəyər!..
İLK TANIŞLIQ: Mən
hələ universitetin jurnalistika fakültəsində təhsil
aldığım illərdə Məmməd Kazımı
böyük vətənpərvər, cəfakeş publisist, təəssübkeş
ziyalı, dəyərli teleaparıcı kimi
tanıyırdım. O vaxt Məmməd müəllim Azərbaycan
Televiziyasının “Hünər” hərbi-vətənpərvərlik
verilişinə rəhbərlik edirdi. Xalq şairi, müasir ədəbiyyatımızın
klassiki Nəriman Həsənzadənin təbiri ilə desəm,
“Hünər” verilişi elə Məmməd Kazımın
öz hünəri idi...
Jurnalistika fakültəsinin
müəllimlərindən aldığımız nəzəri
biliklərlərlə yanaşı televiziyanın ədəbi
dram verilişləri redaksiyasının baş redaktoru Mailə
Muradxanlı, ədəbiyyat verilişləri
redaksiyasının şöbə müdiri yazıçı Firudin Ağayev,
Azərbaycan teatr rejisoru və aktyoru, sənətşünaslıq
doktoru, professor Mehdi Məmmədov, "Bakı" və
"Áàêó" qəzetinin baş redaktoru Nəsir İmanquliyev
bizə ara-sıra təcrübə dərsləri keçməyə
gələrdilər. Bir dəfə
semestr imtahanlarının birində, çətinliyə
düşüdüyüm zaman ustad Məmməd
Kazımın bizim jurnalistika
fakültəsinin dekanı Tofiq Rüstəmovla dostluq
münasibətindən öz xeyrim üçün bəhrələnmişdim
də. Təbii ki, Məmməd
müəllimin məsləhəti ilə onun dostluq
salamını dekana çatdıraraq “dərdimi” ərz eləmişdim...
ŞAİR MƏMMƏDİN QƏHRƏMAN MƏMMƏD
SEVGİSİ: M. Kazımla bir
neçə dəfə atamın xalası oğlu əməkdar
inşaatçı, Sosialist Əməyi Qəhrəmanı Məmməd
Hüseynovun evində görüşmüşdük. O vaxt
Bakının mərkəzində, Xalq şairi Səməd
Vurğunun Ev – muzeyinin qonşuluğunda yaşayan Ağagilə
(hamı Məmməd Hüseynova “Ağa” deyə müraciət
edərdi. -N.Ə) yazıçı - publisist Ağəddin Mənsurzadə,
yazıçı-tərçüməçi professor
Zeydulla Ağayev, filologiya elmləri üzrə fəlsəfə
doktorları Əziz Gözəlsoy, Süleyman Hüseynov və
başqa görkəmli ziyalılar qonaq gələrdilər.
Onlar öz dövrünün qabaqcıl ictimai xadimi kimi
dünyanın 40-dan çox ölkəsində səfərdə
olan Məmməd Hüseynovun söhbətlərinə məhəbbətlə,
heyranlıqla və minnətdarlıq hissiylə qulaq
asardılar.
Şübhəsiz
ki, 1969-85-ciillərdə “Hünər” hərbi-vətənpərvərlik
redaksiyasının baş redaktoru, eyni zamanda həm “Hünər”in, həm də
“Heç kim unudulmayıb” verilişlərinin
aparıcısı kimi fəaliyyət göstərdiyi illərdə
Məmməd Kazımı nəinki Azərbaycanda, onun hüdudraından kənarda da
tanıyırdılar. Sözün həqiqi mənasında,
o, İkinci Dünya müharibəsində həlak olan azərbaycanlı
qəhrəmanların qürbət diyarlarda -“Qardaşlıq
qəbiristanlığ”larında
məzarlarını arayıb-axtarar, onların
döyüş yolundan bəhs edən maraqlı verilişləri
ilə tamaşaçıların böyük rəğbətini
qazanardı...
Onu da qeyd edim ki, M.
Kazım itkin düşən döyüşçülərin
məzarlarını təkcə o zaman Sovetlər Birliyinə
aid respublikalarda deyil, Sosialist düşərgəsində təmsil
olunan digər ölkələrə səfərləri
zamanı tapıb, eyni zamanda
onların yaxınlarının həmin məzarları
ziyarət etməsinə ciddi-cəhdlə nail olurdu.
MƏMMƏD KAZIMIN RİQA SƏFƏRİ: 80-ci illərin ortalarında mən
bir müddət Riqa şəhərində
yaşyamışam. Orada Məmməd müəllimin həmkəndliləri
Əlipaşa, Əlisahib və Əlipənah Nəsirov
qardaşları ilə yaxından tanış oldum. Onlar mənə Məmməd Kazımın 70-ci illərdə
dəfələrlə Riqa şəhəhərinə gəldiyini,
burada – Mejapark (Meşə parkı)
adlanan yerdə həm Birinci, həm də ikinci Dünya müharibələrində
həlak olan azarbaycanlıların məzarlarını ziyarət
etdiyini və Latviyada əsərlərinin latış dilində
nəşr olunduğunu bildirdilər. Günlərin bir
günü mən girişində “1915-1945”
yazılmış, yamyaşıl xiyabanı xatırladan
“Qardaşlıq qəbirastanlığı”nı ziyarət
etdim. Nəhəng pilonların (yunanca qülləli
böyük qapılar), güclü və naxışlı
sütunları üzərində memarlıq sənətinin ən gözəl
nümunəsi olan süvarilərin heykəlləri yəqin
elə mənim kimi Məmməd müəllimin də
diqqətini cəlb etmişdi. İgidliyin, qəhrəmanlığın rəmzi
olan yüzlərlə palıdın arxasında əsgər məzarları
sıralanmışdı.
Öz-özümə deyirdim ki, İlahi, bu məzarlarda
mənim də həmvətənlilərim, minlərlə Məhəmməd
ümməti uyuyur...
O günə qədər
mən yalnız bir dəfə Mahaçqalada “Qardaşlıq
qəbiristanlığın”da olmuşdum.
Düşünürdüm ki, belə qəbiristanlıqları
qarış-qarış gəzən Məmməd Kazım məzar
daşlarındakı azərbaycanlı
döyüşçülərin soyadlarını əvvəlcə bir-bir qeyd dəftərçəsinə
yazır, sonra onların hansı hərbi komissarlıqdan
müharibəyə yollandığını, harada həlak
olduğunu aydınlaşdıb “Hünər” verilişində
barələrində ətraflı məlumat verir. Bununla belə o, yalnız “Hünər”dəki
fəaliyyəti ilə qane olmurdu. “Xatın zəngləri”
(şeir və poemalar), “Leytenant Kərimov və dostları”
(povest), “Salam, General” (publisistika), “General Həzi” (mənzum
dram) kimi müxtəlif janrlı əsərlər yazıb,
ssenariləri əsasında C. Cabbarlı adına Azərbaycanfilm
Kinostudiyasında səndəli filimlərin çəkilişini
reallaşdırırdı...
Məmməd
Kazım televiziya tamaşaçıların yaddaşında
həm də “Ludza əfsanəsi” və “Xəzər
laylası” tamaşaları ilə qalmışdır. O, bədii
publisistikasına görə 1975-ci ildə “Qızıl Qələm”
mükafatına layiq görülmüşdür. Məmməd
Kazımın “Hünər” kitabında toplanan sənədli oçerkləri də onun uzun illər boyu keçmiş
SSRİ - də və Avropa ölkələrindəki jurnalist
araşdırmalarının uğurlu nəticəsi idi.
...1987-ci ildə mən Masallı Rayon İcraiyyə
Komitəsində işləyəndə Məmməd Kazım
Vladimir Qafarov, Camal Yusifzadə və Maarif Soltanla bizim Xırmandalı
kəndinə - dostu Xudakərim müəllimgilə qonaq gəldilər.
O vaxt Arif Fərzəli Qorki adına Moskva Ədəbiyyat
İnstitutunun poeziya şöbəsində qiyabi təhsil
alırdı. Ertəsi gün biz birlikdə Masallının
görməli yerlərini gəzib-dolaşdıq,
Viləşcayın sahilində Məmməd əminin
dalı-duzlu söhbətlərini dinləyə -dinləyə
süfrə ətrafında oturub yeyib-içdik, bir-birimizin
şərəfinə sağlıqlar dedik... İndi bu sətirləri
yaza-yaza düşünürəm ki, əgər
ömrümdə belə adamlarla rastlaşmasaydım, onların maraqlı xatirələrini,
səfər təəssüratlarını dinləməsəydim,
bu gün qələmə aldığım bu xatirə də,
yazıçılıq həyatım da çox bəsit
görünərdi...
MƏMMƏD KAZIM “QALASI”: ...90-cı illərin əvvəllərində
Məmməd Kazım Masallıda “Qala” adlı ədəbi-bədii
qəzeti nəşr etdirməyə başladı. “Güvənib
xalqımın zəka gücünə, çəkdim söz kürsümü qala
bürcünə” devizi altında nəşr olunan “Qala” qəzeti Məmməd müəllimi Azərbaycanda
həm də peşəkar naşir kimi məşhurlaşdırdı. Ədəbi prosesin nəinki
bölgələrdə, hətta ümumrespublika miqyasında
canlandırılması və bir çox gənc
istedadların üzə çıxarılması işində
“Qala”nın danılmaz rolu olub. Etiraf edim ki, bu
gün Azərbaycan ədəbiyyatının
tanınmış qələm
adamlarının çoxunun imazası ilə ilk dəfə Məmməd
müəllimin baş redaktoru olduğu “Qala”nın səhifələrində
tanış olmuşam. Qəzetin redaksiyası köhnə icrayyə komitəsinin
ikinci mərtəbəsində yerləşirdi. Mən də
tez-tez redaksiyaya gedərdim. Məmməd müəllimin qəzetin
əməkdaşları ilə dost kimi rəftarına, həmçinin
Bakıdan və respublikamızın müxəlif güşələrində
yaşayan bütün yardıcı adamların qəzetə
göndərdiyi yazılara necə
həssaslıqla yanaşdığına dəfələrlə
şahid olmuşdum.
MƏMMƏD KAZIMIN 60 İLLİK YUBİLEYİNDƏ: Tale elə gətirdi ki, mən 1994
-cü ildə Masallı rayon İcra Hakimiyyətinin humanitar
şöbəsində çalışanda Nizami Gəncəvi
adına Masallı Mədəniyyət evində Məmməd
müəllimin 60 illiyinin keçirilməsinə
hazırlıq gedirdi. Məmməd müəllimin məsləhəti
ilə rayon icra hakimiyyətinin başçısı Teymur Yəhyayev
yubiley məclisini aparmağı mənə həvalə elədi...
O gün rayon ictimaiyyətinin iştirakı ilə çox təntənəliı
keçən yubiley mərasimini sonra Məmməd müəllimin
Tatyanoba kəndində təzə
tikdirdiyi evində - süfrə arxasında qələm
dostları, ailə üzvləri, qohumları ilə birlikdə
davam etdirdik. Sonralar iştirakçısı olduğum 70 və
80 illik yubileyləri də Bakıda - Azərbaycan
Yazıçılar Birliyinin təşkilatçılığı
ilə Məmməd müəllimin adına layiq şəkildə
qeyd olundu...
UCA QƏMƏTLİ
SÖZ SƏRKƏRDƏSİNİN 90 İLLİYİ ƏRƏFƏSİNDƏ: ...Məmməd Kazım
ömrünün son illərini Bakıda yaşadı. Təcrübəli
qələm ustası gənc
şair və yazıçılara həmişə atalıq
qayğısi ilə yanaşardı. Onlardan maddi və mənəvi
köməyini heç vaxt əsirgəməzdi, necə deyərlər,
Məmməd Kazımın yaradıcılığı ilə
şəxsiyyəti bir-birini yüzdə-yüz
tamamlayırdı. Qələm dostlarımız Kənan
Hacı, İlham Novruzoğlu və bir çox gənc yazarlar
da ona bizim kimi Məmməd əmi deyərdilər. Uca qamətli,
gülər üzlü, xayirxahlığı, bəlağətli
danışığı, açıq süfrəsi ilə seçilən Məmməd
əminin həmişə yeri görünür.
...Bu günlərdə
qələm dostum, şair-publisist Ağacəfər Həsənli
bildirdi ki, qarşıdan Məmməd Kazımın 90 illik
yubileyi gəlir və yubiley münasibətilə kitab nəşrə
hazırlayır. Əminəm ki, bu kitab Məmməd
Kazımın ruhuna böyük töhfhə olacaq, həyatda
olmasa belə 90 illik yubileyi də Məmməd Kazımın
sağlığında olduğu kimi Bakıda və
Masallıda adına layiq keçiriləcək, qələm
dostları, ailə üzvləri onun əziz xatirəsini ehtiramla yad edəcəklər.
Məmməd müəllim
Azərbaycanı, elini, obasını sevən bir söz sərkərdəsi
idi. Yazımı ölməz qələm
ustasının bu misraları ilə tamamlayırm:
Azərbaycan yolunda sinəmizi gərmişik,
Azadlıq savaşında çox qurbanlar vermişik.
Kəlbəcərdə, Laçında
laçınlar itirmişik.
Çətin vaxtda Cavanşir, Koroğlu
misallıyıq,
Fəxr edirik ürəkdən, çünki biz
Masallıyıq.
Nurəddin ƏDİLOĞLU, yazıçı-jurnalist
Ədalət.- 2024.- 29 mart,¹11.- S.13.