ONUN
POEZİYASI
SƏMİMİ
ÖZÜYLƏSÖHBƏTLƏRDİ...
ƏBÜLFƏT MƏDƏTOĞLU – 65
Esmira Məhiqızı
yazır ki, bütün açıq yaralarıma şeir
basıram, cızzz... eləyir. Əbülfət Mədətoğlu
da açıq yaralı şairdir. Bir qərinə idi ki,
Qarabağ həsrəti açıq yaralarının
qaysaqlanmasına imkan vermirdi. Torpaq, yurd sevgisini həmişə
oyaq saxlamağın həssas yolu isə ilahi sözdən
keçir. Nəhayət xalqımıza Zəfər sevinci bəxş
edən 44 günlük Vətən müharibəsi şairin
yaralarına məlhəm oldu.
Ömür evinin
65-ci pilləsini də keçən, Qarabağın cənnətməkanında
- Tuğ kəndində doğulan, ilk addımlarını
atan, Qarabağın saf havasını uda-uda nərmənazik
bayatı zümzüməli söz bulağından içən,
o vaxtdan qəlbində söz böyüdən Vətən
şairi, vətəndaş şair, publisist, jurnalist
Əbülfət Mədətoğlunun payız ömrü
60-dan sonra baharlaşdı.
Bu payız ömrümün baharı oldu,
Gözü aydın olsun torpağın, daşın!..
QƏLƏBƏ əbədi vüqarı oldu –
Sildi Qarabağım, gözünün yaşın!..
Elə bir zamana
yetişdik ki, artıq “dünya möhtacdı TÜRKƏ!”
Türk titrəyib özünə dönüb. Bu
düşüncələrimi qələmə alanda nə
xoş ki, “Qarabağ” da Avropanın futbol meydanlarında təkcə
avropalılara deyil,
dünyanın digər qitələrindən Avropaya
axışan futbolçulara futbol masterklası keçirdi.
Əvvəl Portuqaliyada, sonra da Almaniyada. 38 oyun məğlubiyyət
nədi bilməyən Alonsonun rəngi oyunun son dəqiqələrində
gah saralır, gah da qaralırdı. “Qarabağ”, Qurban Qurbanov
“Bayer” və Alonsonun qara kabusuna çevrilməkdəydi. Elə
bu vaxt ingilis Teylor Alonso üçün sehirli Simurğ lələyinə
çevrildi...
Şəhidlərimiz,
qazilərimiz, xalqın birliyi, “dəmir yumruq”la bərabər
“Qarabağ” da Qarabağın adını ucaltdı,
dünyaya tanıtdı. Döyüş meydanında
olduğu kimi, futbol meydanında da dominantlıq etdiyimiz
günlər başladı. Bəli, Əbülfət Mədətoğlu,
“şəhid ruhlar əsgər dostları ilə birgə səngərdədi,
sərhəddədi”, həm də Qurbanovun cəngavərləri
ilə.
Əbülfət
müəllimin poeziya kəhkəşanına baş vurub
söz inciləri axtaranda yuxarıda yazdıqlarımı
müqəddimə kimi qəbul etməyin. Bütöv olanda,
qələbə sevinci yaşayanda, Vətən
torpağının hər qarışına
addımlarımızı qətiyyətlə atanda insan da
güclü olur, onun həqiqi söz dünyası da. Bu
gün “Qarabağ” da qalibdi, Əbülfət Mədətoğlu
da.
Onun poetik
duyğuları cürətlidi, ürəklidi, səmimidi, rəvandı,
V.Korolenkonun qənaəti ilə desək, poetik dili qısa,
yığcamdı, musiqilidir. Onun “ahları da şeir kimi
oxunur”. Sözü sərraf kimi seçir, misraları yersiz
yükləmir. Aydın yazır, A.Kamyu demişkən,
dumanlı yazmır ki, yazdıqlarının şərhə
ehtiyacı olsun. Onun sərvəti tükənməzdi:
Bir qələmdi, bir dəftərdi, bir də söz,
Dil-dodaqdı, bir ürəkdi, bir də söz...
Bir baxışdı... nə gərəkdi burda söz -
Həm pərvanən, həm dəlinəm mən sənin!
Əslində onun
baxışı da sözdü, sevgisi də, sevgiilisi də.
Sözə elə vurulub ki, sözünü boynubükük,
“yetim” qoymayıb. “Dərd onu
dişinə vursa da, çətin sınandı”,
çünki ömür marafonunun “önündə Ümid
qaçır”. Onun “həyat mənzərəsi”ni
görümlü, ecazkar edən əlahəzrət söz
ondan ayrı qala bilmir, söz vəfalı sevgilisini tapıb,
onunla qol-boyundu, şair kimi söz də yaradıcısına
sadiqdi.
Bəxtin həlimitək, həm də sərti var,
Fikir ümumi var, fikir fərdi var.
Əbülfət olmağın bircə şərti var
-
Olasan qələmlə aşina hər gün.
Onun poeziyası səmimi
özüyləsöhbətlərdi, zamanla dialoqlardı, “ürək təndirini
yandırıb Ümid kündələrini düzür” ora,
sözə sığal çəkə-çəkə,
bişirə-bişirə, “əlini sözünün
üstünə qoyub” özününküləşdirir. O,
sözün sehriylə zamanı ram edib, “əlini
sıxıb, zamanın səsi çıxmır”. Söz -
“sinəsindəki yük” ən azı yarım əsrdi ki,
“köhnə ortağıdı, “söz kənkanlığı”
onun artıq köhnə peşə”sidi - şərəfli
peşəsi. Onun sözə məhəbbəti qələmlə,
kağızla ülfət yaratmaqla bitmir, ürəyi ilə
nikah bağlamağa məcbur edir. Əbülfət müəllimin
“fikir ağacı” həmişəyaşıldı, ətrafa
saf söz oksigeni paylayır:
Hər gün asıldığım fikir ağacı,
Daha budaqların əzizim olub...
Hər şair
ömrünə bir fəsil biçib. Əbülfət Mədətoğlu
da payızı seçib - özünün ömrü kimi
barlı-bəhərli payızı. Yazdıqları da o fəslin
ovqatıdı. Əksər duyğuları həzin “payız
yağışının bir notu, payız gecəsinin tənhalığı”
kimi mübhəmdi. Sözə təşnə ürəklərə
bu notlar əsl söz içirdir. Bəzən söz “elə
kövrəlir ki, bulud görüb utanır”. “Bu
yağışlı gecədə içini xəyal yuyan”
şairin sevgilisinə xitabı oxucunu duyğusal edir:
Məni sənintək ancaq -
Bu gecə xəyal duyur.
Bir payız gecəsi
şair “səhəri açmağın yolunu tapıb - xəzəl
sayır”. Sarı yarpaq fəlsəfəsinin dərinliyinə
çox söz adamları baş vurub. Hər biri də bu fəlsəfənin
yeni çalarını tapıb. “Budaqlar yarpaq əllərini
itirsə də, hər xəzəl vida pıçıldasa
da, vədə caynağı öz işini görsə də”,
şair həyatın davamına tam əmindir:
...Saydığım xəzəllər dan yerinədək,
Məni haldan-hala daşıyacaqdır...
Payız gecəsində yağan yağışlar -
Torpağa qarışıb yaşayacaqdır!..
Duyğularının köhləni onu uşaqlıq illərinə
- Tuğlu dönəmə aparır - quzu otaran
çağlara:
Ürək hisslərə yayladı,
Ah özü
də bir layladı.
Qəmi o, elə hayladı -
Elə bil quzu otarır.
Onun sevgi şeirlərinin
bir ünvanı var: “Bir qadın”. Kimdir o? Şairin
ömür-gününə “nur qatan səhəridi”.
Əbülfət müəllim “bircə dəfə öz
sözünü yeyib - “Bir qadın “Küsərəm ha...”
deyəndə...” O şeirləri sanki 15-20 yaşlı
Əbülfət yazıb. O vaxt qartal qanadlı Əbülfət
bir göz qırpımında dərələrdən sel kimi,
təpələrdən yel kimi ilk görüşə tələsərdi.
Bu gün isə daha ağırtaxtalıdı:
Görüşünə tez çatmaqçün bu səhər
-
Sifarişlə çağırmışam metronu!..
Şairin “sevgi
adlı varı”ndan başqa nəyi olar ki? Əbülfət Mədətoğlunun
ilahi sevgisi “məhəbbət fəzasıdı”. Həm də:
Namazım sevgidi həmin o gündən -
Bəs onda de nəyin qəzasıdı bu?
Könlünü həqiqi
sözə verənlərin ovqatı zamanın barometridi.
Söz gerçək həyatı əks etdirməsə,
zamanın nəbzini tuta bilməsə heç
yaradıcısı qədər də yaşaya bilməz.
Əbülfət Mədətoğlu “Allahla öz arasında
ürəyini bölən, özü özündən nə
umduğunu çox dəqiq bilən” şairdi. Onun ürəyi
həmişə narahatdı: “Bu dünya niyə
cırlaşır? Gözündən kədər
süzülən, üzündən qayğı tökülən”
dünyanın “canına həsrət dırmaşır”.
Artdıqca əsrin bəlası,
Dağılır mifi,
qalası.
Bilmirəm, adam balası,
Bu dünya niyə cırlaşır?
Şair
insanlığa, həm də söz alveri ilə məşğul
olan həmkarlarına tövsiyə edir:
Götürək hərəmiz qələmin birin -
Böyük hərflərlə yazaq - ADAMAM!
Söz dünyası
cahandan nəhəngdi. Doğulandan üstündən neçə-neçə
min saatlar keçib Əbülfət Mədətoğlunun,
onu 65-ə çatdırıb. 65 ildə “ömrünü
biçib-tikən” şairin “əyninə sığmayır
ömür”. Söz mülkü yaradanların ömrü rəqəmlərə
sığışmaz. Əbülfət müəllimin də - “ömrün söz
sükanını əbədi behləyənlərin” belə
ömür sahibi olacağına əminəm. Nə olsun ki,
onun “yazı masasının üstündə sıralanıb
bir ovuc, bəlkə də bir dəstə dərman...”
Ağrılar şairin çörək ağacıdı, həm
də taleyi...
Ağır taxtalıdı baxanda belə,
Dillənib söyləmir bir kəlmə “yox, hə”!
Maraqdan girincəm özüm də elə -
Məndə bəyənməli nə görübdü,
nə -
65?
Həqiqi söz, bəşəri
duyğular görübdü, Sizin çöhrənizdə,
ürəyinizdə, Əbülfət Mədətoğlu. Axi
Sizin “ömrünüzün adı
Eşqdi!”
“Ahları
körpü etmək” hər söz adamının işi
deyil...
VAQİF OSMANLI
Ədalət.- 2024.- 29 mart,¹11.- S.12.