TƏTİKDƏKİ   BARMAQ  və yaxud  SÖZ GÜLLƏSİ...

 

 

Hər günümüz özünəməxsus çalarlarıya ömrümüzə köçür. Əslində ömrümüzə köçmür ey,ömrümüzü köçürdür. Özü də ağına-bozuna baxmadan, Cənnət-Cəhənnəm fikirləşmədən.Yəni necə gəldi... lap bir az da açıq ifadə etsəm, kor adam qılıncı necə  oynadırsa, bax, onun kimi...

Bəli, mən  dəfələrlə vurğulamışam, açıq mətnlə və yaxud açıq fikirlərlə özümə, ailəmə,doğmalarıma, çevrəmə bildirmişəm ki, günümün reallığı ilə yaşamağa məhkumam, onu  dəyişə bilmirəm. Yalandan xəyali və yaxud da abstarkt nəyisə uydurub onunla  özümə ovqat düzəldə bilmirəm. Ona görə də hər söz, hər fikir həmin o korun əlindəki  xəncər kimi öz işini görür... Bir də baxıb görürəm ki, açılmış güllər hədəfi təkcə  dəlib deşməyib, həm də param-parça edibdi. O parçalanan hədəf də mənim ürəyimdi!..Belə olan halda ürəyi qorumaq, onu müalicə etdirmək ən azından mənasız bir cəhddir.Ona xərclənən isə havaya sovrulmuş vəsaitdir. Çünki bu atəş, bu güllə yağışı  bir günün, beş günün işi deyil ki, ondan qorunasan. Bu hər yerdə və hər an gözlənilən  və gözlənilməyən yerdən açıla bilər. Açıldısa, deməli, hədəf yoxdu!..

Hər gün  mənə elə gəlir ki, həyatın sonuncu anını, mərhələsini, məqamını ,başa vurmaq üçün evdən işə gəlmişəm... Hər gün mənə elə gəlir ki, evdən çevrəmdəkilərlə,tanıdıqlarımla vidalaşmaq üçün çıxmışam. Hər gün mənə elə gəlir ki, sondan əvvəlki  sonumu bu şəhərə vida kimi gəzdirməyə çıxarmışam... Və beləcə, hər gün də bu  ssenari, bu həyat tərzi məni qatıb qabağına qovur və yaxud da alıb tərkinə özüilə aparır. Hər iki halda qurbanlıq da, nişangah da elə mən özüməm. Necə deyərlər,hədəf olduğumu boyuma biçən bəxt yazısı bu yerdə mənə naşükürlük etmək imkanıda vermir. Necə deyərlər, öz cəzandı, çək! Mən də cəzalılar kimi öz cəzamı çəkirəm.

Bəli, mən  indi həmin o  cəzanın icra olunduğu, daha doğrusu,yaşandığı məkanın enini, boyunu ölçməklə fikrimi dağıtmağa, bir az silkələnib  normal adam olmağa cəhd etsəm də alınmır. Öncə ona görə alınmır ki, gözümün  önündəki tətikdə bir barmaq var. O barmaq o tətiyi hər an çəkə bilər... Mən də  bunu bildiyimdən sadəcə içimdə danışmağa, içimdə çözülməyə cəhd edirəm. Düşünürəmki, mənə aid gerçəkliyi sən daha yaxşı görüb duyarsan, sən daha yaxşı çözə bilərsən.Bax, onda bir əzabın da, bir ağrının da, bir sarsıntının da bir güllənin  qurbanı olması təqdir edilər. Güllə də şərəflənər, elə o saydıqlarımdan  qurtulanda. Sənsə yadına salarsan:

 

 

 

Bitər  nigarançılıq

Bitər  bütün əzablar...

Qayıdar   məcrasına –

Səni üzən  əsəblər...

 

Ovqatına  şeh düşər

Kipriklərində gülər...

Dünən çəkdiklərini–

Dünəndə  qalan bilər!..

 

Qupquru  yastığını

Susarsan   tumarlayıb...

Saçın da  qarışmayıb –

Onlar da  şumal qalıb...

 

O səhər  açılacaq

Gecəsində  qalanla...

O gecədə  qalanı –

Unut, sən bu yalanla!..

 

 

 

Doğrudanda özünü inandırmaq üçün nə qədər yalan uydurursan uydur, sonda bütün bunlar  sabun köpüyünə çevrilir. Başını qaldırıb, gözünü açıb baxıb görərsən ki, həmin  o sabun köpüyü də buxarlanır. Sən də arxasınca baxırsan... Baxırsan və hardansa  lap uzaqdan, bəlkə də qeybdən bir səs gəlir qulağına. Elə bir səs ki, onu eşitməməkmümkün deyil. Bəlkə də o ruhun səsidi... bəlkə də vida nəğməsidi... bəlkə də səninözünün-özünlə söhbətindi... bəlkə də sənə doğru uzanan və görüb tutmadığın əlin  səsidi... Amma hər nədisə, sirlidi – yozmaq qədər yazmaq da çətindi o səsi.

Bu istək,bu arzu bəlkə də kiməsə xoş gəlmədi... kiminsə qəlbinə toxundu... kimisə kövrəltdi...Və mən bu xoş gəlməyən, bu qəlbə toxunan istəyin mahiyyətinə varmıram. Onu  döyüb, çırpıb hansısa bir başqa formaya salmıram. Ona görə ki, bu anda, bu istəyimi  icra edib gerçəkləşdirməyə canımda güc yoxdu. Gücsüz adamın da boynundan hündü  ratlanmaq istəyi gülüş doğurur. Mən nişahgah-hədəf olduğumu bilirəm. Üstəlik,gülüş predmeti də olmağı arzu etmirəm. Axı istəyin, diləyin iki başı var: istədiyin   olmur, istəmədiyin özünü yetirir yanına. Və sən də ondan qurtula bilmirsən. Üstəlik,bir insan kimi olmaq imkanın məni həmişə düşündürür. Xüsusilə xatirələrlə, dünənlə   bağlı məsələlərdən söhbət düşəndə gözlənilməz olaylar bir zəncir həlqəsi kimibir-birinin içərisindən gəlib keçir. Mən də bu özü-özünün içərisində olandünyamın pəncərəsindən elə özümə baxıram. Baxıb kimliyimin fərqinə varmağa  çalışıram. Bir növü güzgüdə özünə baxan adam kimi. Həmin adamın pıçıltısı  misralanır dilimin ucunda:

 

Əllərimdə  qabar var

Daş  daşıyan adamam...

İçində  ağrı çapar –

Baş  daşıyan adamam...

 

Özəl  dünyam var – qərib

Ordan  könlüm qəm dərib...

Qurunu  günə sərib –

Yaş daşıyan  adamam...

 

Baxdıqca  yana-yana

Bulaşır  içim qana...

İtirilən  hər ana –

"Kaş...”daşıyan adamam...

 

  yazılıb bürcümə?

Birə  salıb kürkümə...

Eh... məndə ki, bu cürə -

Yaş  yaşıyan adamam...

 

***

 

Günlərin  bir-birini əvəz etməsi bu təbii bir prosesdi. Bəzən bunu obrazlı deyirik ki, dəyirman  öz işindədi, çax-çax da baş ağrıdır. Bax, bu mənada mənim söylədiklərim nə qədər  mənə munis olsa da, onun indiki anda oxucuya   dəxli yoxdur. Çünki hərə öz köynəyinin içərisindədi, öz dərdi özünə  daha doğmadı. İstəyir zümzümə etsin, istəyir lətifə danışsın, bu mənim günümün  ovqatında heç nəyi dəyişməyəcək. Bilmirəm kim deyib və yaxud kim yazıb,xatirimdə belə bir lövhə var. Yaddaş kartımın hesabına onu təzələmək istəyirəm.Deməli, həmin xatırladığım məqam bundan ibarətdir ki, bir nəfər həddindən artıq  yeyən, acgözlük edən imiş. Bunu öz  acgözlüyündən daşındırmaq üçün gözünün önünə gətirib cəllad kötüyü  qoyurlar. Qısa bir zamandan sonra həmin adamın necə arıqladığı, iştahsız duruma   düşdüyü məlum olur. Bax, bu mənada indi mən də bütün xoş mesajlara rəğmən öz  ovqatımdayam. Çünki gözümün önündəki tətikdə bir barmaq var – hər an çəkiləcək  tətikdə bir barmaq!

Hə, deyəsən  bir az filosofluq etdim, ya da uzunçuluq.  Ona görə də içimdə boğduğum səsin hıçqırtısını misralarda ifadə edirəm.Özü də belə:

 

Batırmışam  səsimi

Bir kor  quyu dibində...

Mənim  boynum bükülü –

Dərdin əli  cibində...

 

Ümid  saralmış yarpaq

Həya  dolaşmış kələf...

Ovcunu  açır torpaq –

Günlər  olduqca tələf...

 

İsinən  kiprikləri

Sonra d üşüdür buz...

Olur  gözün yastığı –

Kirkirədən  keçən duz...

 

  duruş, nə də baxış

Dəyişməyir  heç nəyi...

Bu da  naxışdı, naxış –

Dərdin məni  seçməyi...

 

Bəli, hərəni  kimsə seçir, kimsə də hərəni. Amma bəxti seçmək olmur... valideyni seçmək   olmur. Bax, bu mənada dərdi də seçmək mümkün deyil. Onlar bizimlə birlikdə   yaşayırlar, bizimlə birlikdə dözülən və dözülməz   olurlar. Təbii ki, burada söhbət bəxtlə dərddən gedir, valideydən yox! Və biraz da kəskin ifadə etsəm, dərd elə bəxtin içərisindədi, bəxtə bürünüb gəlir. Mən  hər dəfə bu barədə düşünəndə özümün nədə, harda günahkar olduğumu və yaxud yalnışlıqlar etdiyimi çözməyə də çalışıram. Bir az anlaşmaq, bir az olanlardan  nəticə çıxarmaq cəhdi müəyyən qədər  alınır. Lakin tapa bilmədiyim cavabsız suallar bildiklərimin də üstünə bəzən kölgə  salır. Nəticədə heç nəyə nail ola bilmirəm. Hətta bütün varlığımla ibadətində  olduğum Sən də, hətta xidmətində dayandıqlarım da sonda məni günahkar  bilirsiniz. Günahkar olmağın da   yükü   (hətta olmasam belə - Ə.M.) mənim boynuma   düşür. Nə isə...

Bütün   hallarda ortada bir gerçək var. O da tətik və ondakı barmaqdı. Heç kim deyə  bilməz ki, ona güllə tuşlanmayıb... heç kim də deyə bilməz ki, mən o güllədən  yayınacam... və heç kim də deyə bilməz ki, o barmağın sahibi öncə günahları çözəcək,sonra tətiyi çəkəcək. Axı  lətifələrimizin birində deyildiyi kimi,əvvəl  kəsirlər,sonra sayırlar. İndi barmaq sahibi də öncə tətiyi çəkir, sonra günahı çözür.Çalışın özünüzü nişangah, hədəf olmaqdan bacardığınız qədər qoruyun! Yoxsa  gününüz gün olmayacaq!

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.- 2024.- 29 mart,¹11.- S.8.