İtirdim dostları, itirdim bir-bir...  

 

...Dostsuz insan arxasız dağ kimidi, yəni dostun yoxsa, hardasa bir kimsəsizə, yetim uşağa bənzəyirsən. Amma dostun varsa, elə bil ki, arxanı bir uca dağa söykəmisən. Mənim də dostlarım o qədər çox olmayıb, ancaq hamısı etibarlı və dürüst çıxıblar. Ramiz Rövşənin dili ilə demiş olsaq:”Dostları çevirdim astar üzünə, nə yaxşı ki, xəyanət eyləyən olmadı”. Mənim də dostlarım dediyim kimi, saf, duru və dürüst olublar, ancaq onların çoxunu itirmişəm və haqq dünyasındadırlar. Tanınmış həkim Hasil İbrahimov, polis polkovniki İlham Rəcəbov,uzun müddət bir yerdə işləyib çörək kəsdiyim istedadlı jurnalistlər-Lətif Süleymanlı, Məhəmmədəli Mustafa, Nazim Ağamirov, Mirmail Cəbrayılov, Qələndər Xaçınçaylı və hər gün görüşüb çay içdiyim çox istedadlı yazar, qardaşım Qürbətə oxşayan yazıçı-publisist RafiqHacıyev...

Bunların sayını artıra da bilərəm...Sadəcə olaraq istəmirəm ki, kimlərinsə ovqatını korlayım və qanını qaraldım. O, dostların hər biri, mənim qəlbimin dərinliklərindədir. Unudulmayan dostlardan biri də, bu yaxınlarda itirdiyim bibim oğlu olsa da, əsl dostum sayılan şəhid Elçin Süleymanovun atası Tehran qardaşımız və Bakı Dövlət Universitetinin professoru, atamın dostu və mənim müəllimim, göy üzü kimi təmiz İsgəndər Quliyevdir. İnanın, bunların yoxluğu ilə heç cürə barışa bilmirəm. Mənim üçün o dostları itirmək çox ağırdır. Artıq sağıma, soluma baxıram köhnə dostlardan barmaqla sayılası adamlar qalıb və bəzən fikirləşirəm ki,onları da itirsəm görən mənim vəziyyətim necə olar?!Bir onu bilirəm ki, onlarsız daha ağır, daha çətin anlar yaşayaram və nə yaxşı ki hələ onlar var. Elə onlardan da itirdiyim dostların ətrini, qoxusunu duyuram. Bəzən Bəhmənlinin qəbiristanlığına yolum düşəndə istər-istəməz əzizlərimlə yanaşı dostlarımı da görürəm. O dostlarım: Əhlimandı, Bayazdı, Bəhməndi, Uğurdu, Söhbətdi, Süleymandı...Həəə...Bax onları orada görürəm, məzarlarını ziyarət edirəm bir balaca dərdim yüngülləşir. İnanın, mən beş–on il bundan qabaq indiki kimi belə kövrək deyildim. Hətta əzizlərimi itirəndə belə,təmkinimi saxlayıb ağlamırdım, hamı da deyirdi ki, Faiq bizdən daha dözümlüdür. İtirdiklərim çoxaldıqca ürəyim ipək kimi yumuşaq olub. İndi bir yarpağın budaqdan düşməsinə, bir uşağın hönkür-hönkür ağlamasına, hətta tanımadığım bir adamın dünyasını dəyişməsinə laqeyid yanaşa bilmirəm və istər-istəməz göz yaşı məni boğur, ağlayıram...

Xalq şairi Musa Yaqubun gözəl bir şeiri var:” Köhnə dostlar, gəlin təzə dost olaq”. Bu şeir həmişə mənim yadıma o köhnə dostları salır və onlardan bayaq dediyim kimi, nə yaxşı bir neçəsi sağ-salamatdı. Hər gün olmasa da, tez-tez telefonla əlaqə yaradırıq, ya da vaxt tapanda bir stəkan çay içib ötən günləri xatırlayırıq. Bu yaxınlarda çoxdan görüşmədiyim iki dostumla-tanınmış yazarlar Emin Eminbəyli və Yaqub Adışirinlə İsmayıllının Buynuz kəndində görüşdük. Çox gözəl bir gün yaşadıq. Yazın ətrini, havasını, gülünü, çiçəyini birlikdə hiss elədik. Eminin bişirdiyi ləziz və dadlı yeməkləri heç kim bişirə bilməz, amma o yeməklərdən də dadlı bizim bir yerdə işlədiyimiz dövrdə yada saldığımız xatirələr oldu. O xatirələr, bizi 80-ci illərə - Radio Zavoda apardı və o günlərin işığına, şirinliyinə yenidən qayıtdıq, gəncləşdik, durulduq, özümüzü daha rahat, daha sakit hiss elədik...

Bu günlərdə isə tələbə dostum, daha doğrusu bir-birimizə ürək dostu dediyimiz Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı ilə görüşdük. Tez-tez görüşdüyüm və darıxdığım dostlarımdan biridir o. Onunla görüşəndə, bir saat, iki saat mənim üçün bir dəqiqə, iki dəqiqə kimi keçir. O saatın içində biz öz gəncliyimizi, tələbəlik illərini və duz-çörək kəsdiyimiz dostları xatırlayırıq. Elə bir görüşümüz olmaz ki, bir stəkan çay içəndə bizə dərs demiş Peyğəmbər kimi müəllimlərimizi, dostlarımızı: Rafiq Hacıyevi, Məhəmmədəli Mustafanı, Lətif Süleymanlını yada salmayaq. Onları yada salanda bəlkə də, bu dostların ruhu da sevinir ki, biz bu qardaşları unutmamışıq. Nə vaxta qədər nəfəsimiz gəlir və nə vaxta qədər ayaq üstəyik o dostlar da elə bizimlə xatirələriylə bir yerdə olacaq. Söhbətlərimizdə və xatirələrimizdə yenidən diriləcək, baş qaldıracaq, səslərini eşidib, gözlərini görəcəyik... Bu dəfə Məhərrəm müəllimlə görüşəndə çox kövrəlmişdi. O da kövrəlmişdi, mən də kövrəlmişdim. Hətta gözlərimizdən yaş da axdı, çünki biz artıq ömrün qürub çağına yaxınlaşmışıq. Dedim ki, Məhərrəm müəllim, bir uçurumun yanındayıq və hər an oraya yıxılmaq təhlükəmiz var, başımızın üstündəki Günəş isə yavaş-yavaş qürub edir. Bu sözlərim Məhərrəm müəllimi daha da kövrəltdi, amma ömrümüzün qürub çağı olsa da,hər ikimiz xalqımıza, vətənimizə şərəflə, namusla xidmət etmişik. Bizim qələmimiz və ürəyimiz heç vaxt saxta söz, qeyri-səmimi ifadə yazmayıb. Nə yazmışıqsa ürəyimizin səsini eşidib qələmə almışıq. Məhərrəm müəllim də yazdığı bir şeiri mənə oxudu və o şeir də məni çox kövrəltdi. Elə ona görə də, kövrək notlar üstündə bu yazını qələmə aldım. Onun yazdığı: “İtirdim dostları” şeiri ilə yazımızı bitirmək istəyirik.

 

Yaxşı günləriydi ömrün yaz çağı,

Hər yan dost məclisi, dost yığıncağı...

Daha yavaş-yavaş sönür ocağı-

Qəhətə çəkilib o hörmət-xətir;

İtirdim dostları, itirdim bir-bir.

 

Hələ dağılmamış gənclik yuxusu,

Gəldi üstümüzdən əzab qoxusu,

Çörək arxasınca getdi çoxusu-

Birini yol uddu, birini Sibir;

İtirdim dostları, itirdim bir-bir.

 

Birisi evlənib, evə çəkildi,

Birisi keflənib, kefə çəkildi.

Birisi pul gördü, cibə çəkildi,

Gözlədim, gəlmədi nə səs, nə səmir-

İtirdim dostları, itirdim bir-bir.

 

Onların içində biri də vardı,

Duyğular sayrışan, könlü bahardı.

Əsdi əcəl yeri, qəfl apardı,

Boylandı torpaqdan bir erkən qəbir-

İtirdim dostları, itirdim bir-bir.

 

Tək-tənha dolaşıb vədə yerində,

Baxdım ki, yalqızam günün birində.

Kimsəni görmədim həndəvərimdə,

Yorğun gözlərimdə saraldı səbir-

İtirdim dostları, itirdim bir-bir...

 

FAİQ QİSMƏTOĞLU

Ədalət .-2024.- 3 may,¹15.- S.6.