CİSMANİ AYRILIQ
ANIM
"Hər dəfə onunla diz-dizə oturanda gözlərimi
gizlətməyə çalışıram, baxa bilmirəm
gözlərinə. Çünki əsən əlləri,
qırışlardan bütün gözəlliyini itirmiş
sifəti mənim ürəyimi parçalayır.
Saçlarında bir dənə də olsun qara tük yoxdu. Mən
heç xatırlamıram artıq onun saçlarının
qara olduğunu. Elə bil ki, bu dünyaya üzündəki
saysız qırışlarla, əsən əlləriylə,
bəmbəyaz saçlarıyla gəlib anam. Mənim səsi
məlhəm, əlləri ipək, saçları
göyçək anamın izi-tozu qalmayıb bu dünyada.
Onlar qeybə çəkilib. Çünki mən
günahkaram...
Çünki mən onun 1988-ci ildən o yanda qalan illərini
qoruya bilməmişəm... Buna görə də baxa bilmirəm
gözlərinin içinə. Amma o...
Əllərimi alıb əllərinin içinə...
İkimizin əli birlikdə əsir... ikimizin nəfəsi
birlikdə titrəyir... və eşidirəm onun səsini:
- Ay oğul, başının tükü nə yaman
ağarıb? Niyə bu hala düşmüsən?
Heç nə deyə bilmirəm ona. Nə deyim
axı?! Günahlarımı necə etiraf edim?! Bir oğul ki,
anasını dişiylə, dırnağıyla yuva etdiyi evdə
saxlaya bilmirsə, nəfəsiylə isitdiyi divarların
arasında yaşada bilmirsə və bir də bütün gəncliyini,
gözəlliyini, dizinin taqətini, gözünün nurunu bələdiyi
evdə bu yaşına gətirib çıxara bilmirsə,
onda niyə ağarmasın saçları? Onda niyə
düşməsin bu hala?!
“Soruşma, ana, məndən heç nə soruşma.
Mən sənə cavab vermək gücündə deyiləm...."
Oxuduğunuz bu cümlələr anama
bu ilin 8 mart Qadınlar bayramında yazdığım məktubdandır... Onda, yəni bu məktubu yazanda
ağlıma da gəlməzdi və heç gətirməzdim ki, cəmi 46
gündən sonra, yəni 24.04.2024-cü ildə anam
bir mələk kimi
yığışıb köçüb gedəcək gəldiyi
Tanrı dərgahına!.. Mən bu bəlli tarixi
yazıb sanki yuxudan
oyanmış kimi rəqəmlərin
düzülüşünə
baxdım... eyni rəqəmlər sadəcə sırada yerlərini dəyişmişdi!..
Məncə bu heç də təsadüf deyil... bu, həqiqətən
anamın bir mələk olduğunun təsdiqidir!.. Axı, mələklər
də göy üzündə -
Tanrı dərgahında yaşayırlar və
övladlarını, sevdiklərini oradan izləyirlər...
24.04.2024... gecə... saat 03.44... Artıq son
beş gündür ki, anam su da
içmir... sadəcə
gözləri yumulu vəziyyətdə ağır-ağır nəfəs alır... yanaqları solub...
dodaqları çatlayıb... tez-tez
nəm pambıqla
dodaqlarını silirik...
həmin nəm pambıqdan daman su da
onu sanki boğur...
çeçədir... öskürdür... Bütün ailə yığışıb onun ətrafına...
Danışdırmaq, səsini eşitmək istəyirik... O isə
susur... Elə bil ki, bütün varlığı ilə balalarını dinləyir... bəlkə də...
Oturmuşam çarpayısının yanında... Və
düşünürəm... düşündüklərimi özüm üçün qeyri-ixtiyari pıçıldayıram: - Həyatda
ən dəhşətli an - ovcunun içində ana əli,
gözünün sancıldığı ana gözləri...
və sən bir oğul kimi onu əbədi
ayrılığın əlindən almaqda çox
gücsüzsən... bağışla, Ana...
bağışla...
Həmin gecə
çox qəribə bir
hadisə baş verdi... indi də xatırlayanda Ana qüdrətinə, Ana gücünə və Ana
fəlsəfəsinə
mat qalıram... İlahi,
anam bizlə necə
vidalaşdı!!! Təsəvvür edin ki , həmin
xatırlatdığım anlarda anamın gözlərinin
yuvasında iki damla
yaş... və o, son
gücü ilə göz qapaqlarını qaldırıb mənə...
hamımıza baxdı... və...
köçdü!!!! Əbədi evinə... Tanrı dərgahına getdi... bu
cür
VİDALAŞMANI yalnız analar
bacarar... yalnız onlar belə
köçə bilər...
Sanki qurumuşam, sanki donmuşam
Allah göz yaşı da vermir, ağlayım...
Gözləri gözümə köç etdi indi -
Anamın gözünü necə bağlayım?!.
Sönüb varlığımda həyat izləri
İçimin tüstüsü qara buluddu...
Bu hansı günahım, hansı ahımdı -
Yanımdan sürüşüb anamı tutdu?!
Söz tapa bilmirəm -dilim də dönmür
İçimdən keçəni mən açıb
tökəm...
Bilirəm, analar köç edir, - ölmür -
İndi gücüm yoxdu, önündə
çökəm!..
Ana, göz yummaram tay bundan sonra
Sənin gözlərini güldürmək
üçün!..
Hər gün axtaracam, gəzəcəm çarə
-
Ana ölümünü öldürmək
üçün!
***
...Kimsə anamın üzünü örtdü... Həyatımda ilk dəfə
acı-acı hıçqırtı ilə ağladım...
sonra bu
hıçqırtı dəhşətli hönkürtüyə çevrildi...
Ürəyim saplağından üzülmüş kimi idi... Məni sakitləşdirmək
istəsələr də toparlana
bilmirdim... əyilib
anamın üzündən
öpdüm...
Solğun yanaqları
bir anın içində buz
kimi olmuşdu... İlk
ağlıma gələn bu oldu
ki, bəlkə anama soyuqdu... bəlkə anam
üşüyür??? Təkrar əlimi üzünə,
ağappaq saçlarına çəkdim... yox...
yanılmışam... mən onu öpəndən sonra onun Ana
hərarəti qayıtmışdı... məni ovundurmaq üçün...
Təsəlli verən hər kəsə -
"Sağ ol!" - söyləyib susuram...
Tapmayıb başqa bir nəsə -
İçimdə sözdən küsürəm!..
Bu anım ahın tüstüsü
Canımı ütür istisi!..
Pozulub ömrün ütüsü -
Mən tay ümidi kəsirəm!
Dolaşır ayağım, dilim
Uzanır saqqız tək ilim...
Anamı aparan ölüm -
Başı aşağı gəzirəm!..
Lap ilkdən belədi axın -
Deyən, ay uzaq, ay yaxın!
Məndə oğulluğa baxın -
Bir həftədir ki, dözürəm!..
Deyirlər torpağın üzü soyuqdu...
unutdurur... ya da inandırır cismani
yoxluğa... Bəlkə də belədi... amma şəxsən mən bu deyimlə
razılaşmıram... Ananı necə unutmaq olar? Bax elə bu
yaşımda da ağrı
mənə güc gələndə "Ay Ana"-
deyib ufuldayıram... Yaşımızdan asılı
olmayaraq hamımız beləyik... Sadəcə bu
ayrılıq bizi ana nəfəsinə,
ana qucağına, başımızı qoyub mürgülədiyimiz ana
dizinə həsrət qoyur... bu
cismani təmasları əlimizdən
alır!!!
Beyləqandakı məşhur məzarlıqda - Cərgis peyğəmbər
ziyarətgahı ərazisində - atamın məzarı
yanında torpağa
tapşırdım ANAmı... Dəfndən öncə məzara
diqqətlə baxdım...
hətta məzarqazanlardan
soruşdum ki, necədi?
Rahatdırmı yeri anamın?
Təəccüblə üzümə baxan
məzarçı "Narahat
olma, rahatdı" - dedi...
Baxışlarından və
sözü deməyindən hiss etdim ki, məndən
ağlı bir şey
kəsmədi... ona görə
də "yola verdi" məni...
Onu da qınamıram... Axı o mənim ağrımı mənim
kimi duya bilməz? Ona görə qazılmış məzarın ayaq tərəfinə keçib
susdum... anamı dəfn etdik... Onun əbədi evinin qapısı
bağlandı... Və mən
yenə də özümü
tuta bilmədim... Göz
yaşlarım Anamın məzarına damdı...
Nə zəng gözləyirəm, nə də
ismarıc
Artıq son ümid də döndü ilğıma...
Bu da məzar yeri - on-onbeş qarış -
Gəlməzdi bu mənim heç vaxt ağlıma!..
Diz çöküb son dəfə öpdüm
üzündən,
Göz yaşım oyada bilmədi onu...
Dünyanın ən acı selin gözümdən -
Tərpənib, ovcuyla silmədi onu...
Özümü sıxmağım uğursuz oldu,
Hönkürtü içimdə üsyan elədi...
Bu necə qədərdi, bu necə yoldu -
Heç kim "Yolun açıq olsun!" - demədi.
Bəlkə fikirlərim yersiz, mənasız
Ya da kimlərəsə gülünc
görünür...
Mənsə barışmıram, çünki
anamın -
Əbədi deyilən evi hörülür...
... Bu
yazdıqlarım anamla
keçirtdiyim son anın mənzərəsidi... amma hamısı deyil... İndi
hamısını yazmaq gücüm yoxdu... Və bir də həmin "Əbədi evin" kandarından da
"Analı günlərim"
başladı... Bundan sonra
yaşayacağım günlərim...
"Əbədi evində" nur içində yat , ANA!..
Əbülfət Mədətoğlu
Ədalət .-2024.- 3 may,¹15.- S.8.