Sözün
dünyasından süzülən işıq
Bəşər sözlə başlayıb – bəşərin
ilki sözdü. İşıq kimi, nur kimi yaradılanlara yol
göstərib. Ona görə min illərlə söz də
ucalıq mərtəbəsində yaşadılıb,
sözü ucalıqlara bayraq edənlər də.
Sözün Dədə Qorqud ucalığından Azərbaycan
dünyası elə gözəl görünür ki! Azərbaycan-
mayəsi də, qayəsi də nur olan diyar dünyanı
sözüylə də heyrətə gətirirdi; “Axar
suların qurumasın!”, “Torpağın quzulamasın!”,
“Sözünün üstünə, kölgə düşməsin!”
kimi alğışlar harda eşidilib? Dədə Qorqudluq təyinini
belə alğışlar, belə alğışlara taraz
deyimlər yaradıb. Dünya bunu da bəşərilik zərrəsi
bilib...
Vahid Aslan 1972-ci il sentyabr 29-da
Gədəbəy rayonunun Parakənd kəndində anadan
olub. AYB-nin və AJB-nin üzvüdür. “Yaşıl sevgilər”,
“Tənhalıq əlində”, “Məhəbbət müqəddəsdir”,
“Bənövşə ömrü”, ”Daşlar çiçəkləyəndə”,
“Riyaziyyat və Poeziya”, “Əkiz ruhlar”, “Tanrıya dualarla”,
“Yağış havası”, “Gədəbəy rayonunun şəhidləri”,
“Gədəbəydə doğulan şairlər”, “Ürəyim
söz yuvasıdı”, “Ləyaqət simvolu” adlı
kitabların, 2 metodik vəsaitin, 3 monoqrafiyanın və 350-dən
artıq məqalənin müəllifidir. Əsərləri
dünyanın bir çox dillərinə tərcümə
olunaraq 20-dən artıq ölkədə çap
olunmuşdur. Jurnalistika sahəsində və ədəbi sahədə
uğurlu fəaliyyətinə görə bir sıra
çeşidli ödüllərə layiq
görülmüşdür. “Müəllim sözü” qəzetinin
təsisçisi, eyni zamanda “Medpro Marketing” jurnalının
baş redaktorudur.
Vahid Aslan şairdi, sözün əsgəridi. İllərdi
sözün yükünü çəkir, sözə
yük olmayıb. Nə yazıbsa, səmimiyyətlə
yazıb; Vahid Aslanın poeziyasını səmimiliyin
poeziyası adlandıra bilərik (və buna görə kimsə
bizi qınamaz). Ürəyini “Quşların yuvasına
yağan qar” (“Gədəbəyə qar yağır”)
üşüdən şair deyir:
Quşların yuvasına
Narın-narın qar yağır.
Bu uçunma içində alnının
qırışında “Zəfər” sözü
gördüyü şəhid atasına deyir ki, “Vətənin
göylərində üzən bayraqdı şəhid!”
(“Şəhid atası”)
Vahid Aslan duyumlu şairdi, müşahidələrini
şeirləşdirə bilən şairdi, şeirləri
gerçəkliyi ifadə edən şairdi. Bu gerçəklik
tarixi yaşatma niyyətidi; müharibə, döyüşlər,
qan-qada, şəhidlik, qələbə,... Müharibədə
Ananın halından utanır yer-göy,
Ananın gözlərindən qorxub.
Ana bircə cümlə deyə bilir:
- Dodağı süd qoxulu uşağım, eyyy...
(“Şəhid anası”)
Vahid Aslan vətənpərvər şairdir – Vətəni
sevən şairdir, Vətən üçün yaşayan
şairdi, Vətəndən yazan şairdi. Şeirləribu vətənin
torpağı ilə, daşı ilə,... oylağı ilə,
yaylağı ilə, kəhrizi-bulağı ilə vətənləşmə
niyyətinin şeiriyyətidi. İkinci Qarabağ müharibəsi,
mahiyyəti etibarilə Vətən müharibəsi ədəbiyyatda
öz əksini arzulanan səviyyədə tapmayıb. Vahid
Aslan bu müharibənin özünü düşüncələrinə,
düşüncələrindən qələminə (və
tarixə!) köçürənlərin
sırasındadır. “Azərbaycan Ordusu” şeiri şairin
orduya poetik müraciətidi. Bu müraciət sevgidi, bu sevgi
yaşarı, bəşəri sevgidi. Bu bəşəri
sevginin işığı “Bayraqlarla bəzənib” şeirində
də var. Şeir müharibədə yazılıb – 2020-ci il
oktyabrın 27-də, Azərbaycan Ordusu mövqe qələbələri
qazananda, döyüş-döyüş Zəfərə
yaxınlaşanda:
Şərin beli qırılır, hiylə üz tutub
qaçır,
Tanrı da fərəhlənir haqqın qələbəsinə.
Azərbaycan əsgəri həqiqətə yol
açır,
Şuşanın üzü gülür, nur qonur
çöhrəsinə.
Şeir ruhun şeiridi, xalqın istəyinin
şeiridi. Bu şeirin mahiyyəti “İgid əsgərim”
şeirində davam etdirilir.
Qanınla, canınla bir əsər yazdın,
Yazdığın əsərin baş hərfi, Vətən!
Gözəl bədii təqdimatdı (və poeziyada
yenidi!) yazının (əsər də yazı ilə
başlayır) baş hərfi Vətəndirsə, əsəri
yazanın yüksək vətəndaşlığını
örnək bilməliyik! – Azərbaycan əsgəri örnək
ömür yaşayır!..
Vahid Aslanın “Vətən torpağı” şeirinin
qayəsi xalqın ruhunun
çağırışıdı: torpaq! Vətən
torpağı! Oxucusuna təvəqqesini, xahişini,
iltimasını bildirən şair deyir ki,
Asta vur torpağa ayaqlarını,
Vətən torpağını əzərsən,
yavaş.
Əymə o ağacın budaqlarını,
Budağı kökündən üzərsən,
yavaş.
(“Vətən torpağı”)
Kökdən üzülmə faciədir, yox
olmadır. İstər ağac olsun, istər fidan, istərsə
fərd, istərsə də xalq; xalqımız ruhu ilə
torpağına (Vətəninə) bağlıdır!..
Dövlət himni vətəndaşın ürəyini
telləndirir. Himn dövlərtin dünyaya “Mən varam, var
olacam!” sədasıdı, Himn dövlətin dünənlərindən
sabahlarına ünvanlanmış qüdrətin sədasıdı.
Ona görə duyğusallıqla dinlənilir. Dövlət
Himni haqqında yazılan şeirlər də belədi. Vahid
Aslanın “Azərbaycanın Dövlət Himnini oxuyarkən”
şeiri də həmin qürurla, həmin duyğularla oxunur:
Dodaqlarım oxuyur, gözlərim işıqlanır,
Ürəyimə yazmışam Azərbaycan Himnini...
Vahid Aslanın sevgi şeirləri də
oxunaqlıdır; duyğuların şeirləşməsi
bütün sevənlərə doğmadı (hamı sevir,
hamı sevdalıdı...). Bu doğmalığı hərə
bir cür yaşayır (həsrətin boyu sevginin boyu qədərdi...).
Ona görə bu doğmalığı hərə
sevdasının oduna-közünə tən bilir:
Yaman kövrəlibdi duyğular yenə,
Qəmlərin köksümə çökən
vaxtıdı.
(“Məni görürsənmi”)
Bu doğmalıq o qədər əziz
doğmalıqdı ki, şeir-şeir, bənd-bənd,
misra-misra səmimi etiraflar da yaşadır. Bədii “mən”
deyir ki,
Gözlərin eləcə uşaq kimidi,
Gözündən boylanan həsrət qocalıb.
(“Görüşdük”)
Həsrətin qocalması gözəl poetik
tapıntıdı, həm də sevgi ilə, sevda ilə tən
yaşayan həsrətə qocalığında bir həsəd
sezilir – qocalsa da yaşayan həsrətdi sevdanı yaşadan,
yaşayan sevdaya görə qocalan həsrətə eşq
olsun (və bu qənaəti şeirləşdirən şairə
də eşq olsun!)..
Həsrət əlin əldə gül açması
gözəl təşbehdir. Vahid Aslan bu fikri şeirləşdirə
bilib və həsrətin qəlbiliyinə görə
“çiçəkləməliykən solan çiçəyi”
xatırladaraq deyir:
Mən elə bilirdim çiçək açacaq,
Bilmirdim əlində solacaq əlim.
(“Qəlbimdən keçənlər”)
Bir fikir digərinin başlanğıcı olur. Bədii
“mən”in qınağı sevda harayıdı, sevdanın
çarəsizlik “ah”ıdı:
Dünyanı qəlbimə
bağışlamağın,
Dünyanı gözümdən almağın
varmış...
Ziddiyətin poeziyası poetik uğur hesab edilməlidir...
Şairin dərddaşı – sirdaşı “duman
içində mürgüləyən dağlar”dı
(“Dağ havası”), “ümid cücərdən torpaqdı (“Kənd
uşaqları”), “atəşdən yanan yerlərin
göz-göz yanan yarasına sərin su tökən qara
bulud”du (“Qara bulud”), “dünyanın ən qəmli dağı
olan Savalandı” (“dərd-sərini yollarla bölüşənlərdi”
(“Kənd adamları”), “bizsiz darıxan dənizdi”, ...
Şairin könülü bir məqamda rahatlıq tapır –
“yağış səsi” ilə:
Bayırda yağış yağır,
Eşidirəm səsini.
Dinləyirəm dünyanın
Ən gözəl nəğməsini.
Bu duyğular “sözün işığında
yaşanılır (“Şair və Söz)” – şairə
görə, “hər şeyin sonu sözdür” (“Söz”), həm
də ilki də sözdür...
Vahid Aslanın təbiət şeirlərinin bədii
yükü də diqqəti çəkir. Bu şeirlərin
ifadə etdiyi mətləblər təbiətin özü qədər
ecazkardı – ecazkarlıqdan hər yazılanı “göz
görür, könül sevir”. Hər fəslin öz gözəlliyi
var deyiblər. İnanmışıq, inanırıq. Yazı
da sevirik, yayı da, payızı da sevirik, qışı da.
Kimi qınaya bilərsən ki, filan fəsili niyə çox
sevirsən? “Qınasan qınanarsan. Vahid Aslanın “Payız
küləyi” şeirini ruhumun mehr-ülfətiylə oxudum,
sevdim:
Pəncərədən gələn uğultu
Küləyin səsidi,
Pəncərədən baxanda
Gördüyüm qızılı,
gümüşü yarpaqlar
Payızın ən gözəl rəsmidi,
Payız küləyi yer üzünün
Ən qəmli nəğməsidi.
“Qəmli” ifadəsini “kövrək” kimi də oxuya bilərsən
“dalğın” kimi də. Necə oxuyursan, oxu, Vahid Aslanın
ürəyinin səsini eşidəcəksən,
duyduqlarını duyacaqsan...
Görsən pəncərədə yağış
ağlayır
Bil ki, darıxmışam, -
deyən şairin yeni poetik fikirləri gözə də
xoş gəlir, könülə də, düşüncəyə
də. Bu üçlü arqument sevdanın
yaşarılıq şərti təsirindədi:
Dərdim göz yaşımdan ağır, çox
ağır,
Gözümdən içimə məsafə uzaq.
Dərdimi içimdən göz yaşım çəkir,
Dərdimi içimə kim qaytaracaq?
(“Göz yaşım qarışqa”)
Və yaxud:
Sükutun yükünü çəkmək istəmir,
Qoşa addımlara öyrənən yollar.
(“Qərib gecə”)
Vahid Aslanın “Ürəyim söz yuvasıdı”
şeirlər kitabı poetik dəyəri ilə diqqəti
çəkir. Oxuyursan,düşünürsən: Nə
yaxşı şeir var, nə yaxşı yaxşı
şeirlər var. Yaxşı şeirlər SÖZ
dünyasından süzülür...
Bayram MƏMMƏDOV,
Əməkdar müəllim
Ədalət .-2024.- 3 may,¹15.- S.11.