Ağrılı və
düşündürücü
hekayə
Qarşımda oxucusunu gözləyən bir kitab var. Mən
bu kitabı oxumamışdan öncə onun barəsində,
eləcə də o kitabın əhatə etdiyi mövzular barəsində
azacıq da olsa məlumatlı idim. Çünki ruhən mənə
doğma olan bir qarabağlının, bir eloğlumun söhbətlərindən
bu məsələnin mahiyyətinə vara bilmişdim. Üstəlik
də həmin o ruh doğmam poeziyanı da sevdiyindən,
ara-sıra özü də sözü sözə
caladığından daxilən onun nə vaxtsa ciddi qələmə
sarılacağına əmin idim.
Və nəhayət həmin əminlik bu gün
masamın üstündə olan kitaba çevrildi. Oxudum bu
kitabı. Əvvəlcə tarix kitabı kimi oxudum, sonra
coğrafiya kitabı kimi, sonra nağıl kitabı kimi və
nəhayət bu kitabı əfsanə kitabı kimi də
oxudum. Düşünə bilərsiniz ki, bir kitabı niyə
bu qədər şaxələdim, böldüm.
Haqlısınız, düşünməkdə də, irad
bildirməkdə də, amma mən də haqlıyam.
Çünki oxuduğum əlyazma bir elin, bir obanın, bir kəndin
tarixidir. Yəni bir zamanlar Karyagin olan, Malakan olan, Qarabulaq olan,
bu gün isə Füzuli kimi tanınan bir oymağın Gecəgözlü
kəndi barəsində tarixdir.
Daha dəqiq desək, tarixi sərgiləyən kitabdır. Bu
həm də Gecəgözlü kəndinin və bu kənddə
məskunlaşan nəsillərin coğrafiyasıdır.
Hardan hara necə köç etmələri, necə məskunlaşmalarıdır.
Eyni zamanda bu həm də nağıldır. Təkcə
müəllfin öz ailəsinin yox, Gecəgözlü kəndinin
nağılıdır. Bu kənddə böyüyüb
böyük arenaya çıxmış elm-sənət
adamları, sayılıb-seçilən igidləri,
xanım-xatın qızları ədəbiyyat, fizika-riyaziyyat,
səhiyyə və digər sahələrdə önə çıxmış
şəxsləri barəsində tanıtım
nağılıdır.
Bu kitab həm də 31 yaşında həyata vida deyən
bir gəlinin əfsanəsidir. Sevgi əfsanəsi, ailə əfsanəsi,
ən sonda isə bu kitab bir kənd uşağının
qarşısına qoyduğu məqsədə
doğru cırmaqlaşa-cırmaqlaşa, yorulmadan, usanmadan kəndçi
ailəsinin qayğılarına çiyin verərək, boz
inəklə
“vuruşa-vuruşa” Moskvada ali təhsil almağa müvəffəq
olan bir oğlanın, yəni
kitab müəllifinin həyat hekayətidir.
Mən Qismət İbrahimovun “Gecəgözlü xatirələrim
və düşüncələrim” kitabını maraqla, həvəslə,
həm də ürək ağrısıyla oxudum.
Yaddaşım təzələndi. Arxada qalan illər
gözümün önünə gəldi. Dəfələrlə
gəzib- dolaşdığım Gecəgözlü kəndinin
mənzərəsini, orada qonağı olduğum
işıqlı adamların səmimiyyətini
xatırladım. Düşündüm ki, bu kitabı yazmaqda
Qismət həm çox
böyük, həm də gərəkli bir iş
görüb. Ona görə ki, kəndini, el-obasını
tanıtmaq, təqdim etmək bacaran hər kəsin işi
olmalıdır.
İkincisi, kitabda təqdim olunan bütün məlumatlar
demək olar ki, konkret faktlara söykənir. Həyat gerçəkliyini
unutmağa imkan vermək olmaz.
Üçüncüsü, burada milli-mənəvi dəyərlərdən
söhbət gedir. Ağsaqqal- ağbirçək
sözündən, böyük-kiçikdən,
sayğıdan, elə-obaya hörmətdən söz
açılıb. Həmçinin, bu kitabda şəxsi
nümunədə özünü təsdiq etmə
nüansları da diqqət mərkəzində olur.
Kitabı oxuduqca içimdə bir fikir
formalaşdı. Özüm üçün müəyyən
etdim ki, müəllif bütün kitabı oxucuya
danışır, yəni həm özünün
iştirakçısı və şahidi olduğu məqamları,
həm oxuyub araşdırdıqlarını, həm də
yaşlı nəslin dilindən əxz etdiklərini
bütün çılpaqlığı ilə özü təqdim
edir. Oxucu yalnız müəlliflə söhbətləşir.
Ona görə də müəllif bədii təsvirdən
daha çox faktları qabardır. Bax buna görə də
şəkillərlə də tamamlanan bu kitabı təkcə
Gecəgözlü xatirələri, düşüncələri
kimi yox, həm də Gecəgözlü tarixi kimi özünlə
istədiyin məkana apara bilərsən. Həmin məkanda bu
kitab səni düşündürəcək və
darıxmağa qoymayacaq.
Mən də kitabın ilk oxucularından biri kimi
müəllifə uğurlar diləyirəm və bu kitaba
görə təşəkkür edirəm.
Əbülfət MƏDƏTOĞLU,
Şair-publisist, Əməkdar jurnalist
Ədalət .-2024.- 9 may,¹16.- S.8.