On dəfə
oxuduğum kitab haqqında qısaca on söz
Bütün gecəni təkrar-təkrar oxuyub vərəqləyib
, sonra da uzun-uzadı
düşündüyüm bir kitab yuxumu ərşə
çəkdi. Tam səmimi deyəcəm, yata bilmədim. Ona
görə yox ki, yuxum gəlmirdi.
Ona görə ki, oxuduğum kitab bir sirri-xuda olub
tutmuşdu yaxamdan. Və məni çəkib
aparmışdı uşaqlığıma, gəncliyimə və
bir də itirdiyim 30 ilimə…Bu kitabı, daha doğrusu, «Tut
arağı, donuz kababı və Aşotun məktubu»nu ilk
oxuyanlardan olmuşam. Təbii ki, «Ədalət» qəzetində,
hələ oxucu qapısına gedib çatmadan
öncə.
Və hissə-hissə oxuduğum bu povest məni onda, yəni indi bu anda
etdiyi təsir qədər təsir
etməmişdi. Səmimi
etirafımdı. Kitab halında oxuyanda povest mənim Tuğda
yaşadığım illərimi, bir məktəbdə oxuduğum və dostluq etdiyim erməni uşaqlarını yadıma saldı. Onların da
arasında Aşot da vardı, Slavik də, lap elə it
oğlu it də. İndi
hamısı dığadı, amma neyləyim ki, həmin o illəri
ömürdən kəsib atmaq mümkün deyil. Xüsusilə
ona görə ki, ömrün uşaqlıq və gənclik
çağları unudulmaz olur. Arxasınca
baxdığımız, bəzən
müxtəlif bəhanələrlə söz atıb sürtüşdüyümüz
erməni qızlarından belə
hər şey tarixdi, həyatımızın,
ömrümüzün tarixi. Bu səbəbdəndir ki,
oxuduğum povest mənim də yaddaşımı təzələdi və bu təzələnən yaddaşda
müəllifin qəhrəmanı Faxı öz Ağdam koloriti ilə,
Ağdam cizgiləri ilə mənim o illərdə
tanıdığım, dostluq etdiyim
ağdamlıları da gətirdi gözümün
önünə.
Bu povestdə mən Ağdamın üç
dövrünü gördüm - işğaldan əvvəlki, işğal zamanı və bir də
bu gün yenidən tikilən Ağdam! Bu üç dövrü
bir insan həyatına gətirmək, bir qəhrəmanın
yaşamına çevirmək müəllifin mənə görə çox
böyük uğurudur. Özü də bu uğur
Faxının obrazında ağdamlılığı
saxlamaqla gerçəkləşir. Yüz ilin
ağdamlısı olan Faxı
bu gün də həmin auradadı, həmin kökün üstündədi. Ona
görə də Aşotun anasını yenə «xala» deyib
qucaqlayır. Aşotun evindəki
xalçasını, hansı ki o xalçanı
Faxının nənəsi toxumuşdu, götürmür. Aşotun məktubunu
oxusa da oxumadığını deyir və Aşotu axtaranda da qisas
üçün yox, onun gözlərinə baxmaq və
uşaqlığının, gəncliyinin Aşotunu o gözlərdə
görmək istəyir…
Mən bu povestdə Aqil Abbasın öz üslubuna
sadiq bir şəkildə, hər
kəslə danışdığı formada və
koloritdə özümü povestin
iştirakçılarından
biri kimi gördüm. Yəni təkcə hiss etmədim,
inandım ki, bu povestdə baş verən bütün hadisələrdə
mən də iştirak etmişəm. Məni də povestdəki
obrazların biri kimi oxucuya təqdim edən müəllifə təşəkkürümü
bildirməklə tut arağının ləzzətini də
yaddaşımda təzələdim.
Əbülfət Mədətoğlu
Ədalət .-2024.- 9 may,¹16.- S.8.