Tanıdığım və gördüyüm, Şahmar

 

 

Şahmar Əkbərzadəni gənclik illərindən dövrü mət­buatda çap olunan əsərləri ilə tanıyırdım. İstedadlı qə­ləm sahibinin mətbuata ayaq açan əsərləri tez bir za­manda dillər əzbəri olurdu. "Vətən", "Pele", "48 ölçülü qa­dın paltarı", "Vaxtı keçən abidələr", "Sətirdən-sə­ti­rə", "Mər­kəzi poçtxana", "Kölgəm" və s. şeirləri çox­larının əz­bər bil­di­yini indi də xatırlayıram.

1988-ci il sentyabrın axırı, oktyabrın əvvəlləri olardı. Gecəyarı qapıda səslənən maşın siqna­lı­na çölə çıxdım. Kolxoz sədri Əliqulu Məmmədovun sü­rü­cüsü Pənahı maşının yanında dayanmış görüb sa­lam­laşıb görüşdük və "Xeyir ola, Pənah" dedim.

– Bilmirəm, Əliqulu müəllim tapşırdı ki, Fazil müəl­limi götür gəl, işim var, – deyən Pənah sükanın ar­xa­sına keçib əyləşdi.

– Yaxşı, gözlə gəlirəm. – Paltarımı dəyişib qa­yıt­dım və maşına əyləşib yola düşdük.

Maşın kəndin mərkəzində təzə tikilmiş "Göbə­lək" yeməkxanasının qarşısında dayandı. (O zamanlar çox yerlərdə göbələyə oxşar yeməkxanalar tikilməsi bir dəb şəklini almışdı. Həmin yeməkxana­lar­dan bəzi yerlərdə hələ də qalmaqdadır).

– Burda niyə dayandın? – Pənahdan soruşdum.

– Əliqulu müəllim tapşırdı ki, müəllimi bura gə­tir. Niyə, nə üçün dediyini bilmirəm. Onu özündən so­ru­şarsınız, – deyən Pənah güldü.

Maşından düşüb, yemək­xa­na­ya daxil oldum. İçə­ridə üç nəfər var idi. Əliqulu müəl­lim, kolxozun qa­baq­cıl pambıqçılıq briqadiri Al­lah­verdi Namazov və sifət­dən tanış gələn bir nəfər ayaq üstdə dayanıb söh­bət edirdilər.

"Axşamınız xeyir" deyib yoldaşlarla görüş­düm. Əli­qulu müəllim üzünü tanımadığım yolda­şa tu­ta­raq "Haq­qında danışdığım müəllim bu yoldaşdır. Mü­əl­lim­lə uşaqlığımız bir yerdə keçibdi", – deyərək məni təq­dim edəndən sonra "Fazil müəllim, bu yoldaşı tanıyır­san?" məndən soruşdu.

– Üzdən tanış gəlir, amma harada gördüyümü xa­tırlaya bilmirəm.

– Qəzet və jurnallarda şəklini görmüş olarsan. Ona görə sizə tanış gəlir. Tanış ol, şair Şahmar Ək­bər­za­də bu oğlandı.

– Çox yaxşı, çox gözəl. Heç ağlıma gəlməzdi ki, şeirlərini sevdiyim bir şairlə nə vaxtsa görüşə bilim. Sağ ol Əliqulu müəllim. Bu tanışlıq üçün sizə min­nət­da­ram, deyərək, Şahmar müəllimlə yenidən görüşüb "Xoş gəlmişsiniz" dedim.

– Fazil müəllim, sağ olu mənə yox, ədəbiyyata, onu yaradanlara de ki, səninlə məni yenidən dost elə­yib­di, – deyən Əliqulu müəllim güldü.

Yeri gəlmişkən onu da deyim ki, Əliqulu Məm­mə­­dov iqtisadçı olmasına baxmayaraq, ədəbiyyat aşiqi ol­maqla bərabər, əhatəli ədəbi dünyagörüşü var idi. Mü­­taliəni sevən Əliqulu müəllimin oxuduğu ədəbi əsə­rə özünə­məx­sus ya­naş­ma tərzi, istər-istəməz mü­sa­hi­bi­nin diqqətini çə­kir­di.

 

Kölgəm gün çıxanda sərhəddi aşdı,

Könlümə qan damdı gözümdən mənim.

 

Keçib o sahili gəzib dolaşdı,

Kölgəm qeyrətliymiş özümdən mənim.

 

Bu şeiri söyləyib Şahmar müəllimə baxdım.

Şahmar müəllim sifətini bürüyən xoş bir tə­bəs­sümlə Əliqulu müəllimə baxaraq "Bu mənim "Köl­gəm" adlı şeirimdi. Bir bənddi, cəmi dörd misra. Çox­dan, cavan vaxtı, təxminən 1960-1970-ci illərdə yaz­mışam. Həmsöhbət olduğum adamlardan bu şeiri əzbər deməsini çox eşitmişəm.

 

Görünür oxucular bu şeiri çox sevirlər. Şeir də insan kimidi. Hamısının taleyi eyni olmur. Bu şeirin bəxti xoşbəxt adamların bəxtinə oxşayır" – dedi və son­­ra mənə "Sağ ol, müəllim" sözü ilə razılığını bil­dir­di".

– Əyləşin görək, deyən Əliqulu müəllim bizi sto­lun ətrafına dəvət etdi və üzünü Allahverdiyə tu­ta­raq "Hər şey hazırdı?" soruşu.

– Bəli, hər şey hazırdı.

– Onda manqalı yandırtdır, şişləri qoydur üs­tü­nə. Özün nəzarət elə.

– Oldu, baş üstdə, – deyən Allahverdi bizdən ay­rıl­dı.

Stolun arxasına keçən kimi Əliqulu müəllim söh­­bəti Azərbaycan ədəbiyyatından saldı. Getdikcə ədəbi əsərlər haqqında söylənən fikirlər gah haçalanır, gah da yaxınlaşırdı. Üç nəfərdən ibarət olan məclis, ya­ra­nan fikir mübadiləsinə görə böyük bir ədəbi yı­ğın­cağı xa­tır­ladırdı.

Əliqulu müəllim "Yaxşı, çox sənətkarlar haq­qın­da danışdıq. Amma bizim bugünkü qonağımız Şah­mar mü­əllimdir. Onun yaradıcılığı ilə mən də az-çox tanı­şam. "Mərkəzi poçtxana" şeirindən:

 

Morze əlifbanı tanrı bilərəm,

Bu işi boynuna götürə bilsən.

Tamarzı könlümü bu saat, bu dəm,

Bir acı yovşana yetirə bilsən.

 

Bax bu bəndi çox vaxtı darıxanda öz-özümə söy­ləyirəm. Burdakı həsrət nə qədər təbiidir. Şairin ya­şadığı hissdir. Ona görə canlı çıxıb, oxucu zövqünü ox­şayır.

Hələ "Gilənpaç" şeirində bu bəndə baxaq:

 

Kolda gizlənərdin bənövşətəki,

Kövrələ-kövrələ kollara baxdım.

Elə ovcaladım gözümü sanki,

Səni gözlərimdən çıxaracaqdım.

 

Şeirin axırıncı bəndi səhv etmirəmsə aşağıdakı ki­mi tamamlanır deyərək Əliqulu müəllimə dəstəyimi bildirdim:

 

Sinəmdə həyəcan, könlümdə təşviş,

Gəzmişəm hər səhər, hər axşam səni.

Demə, gizlənc yerin öz ürəyimmiş,

İndi ürəyimdə tapmışam səni.

 

Şahmar müəllim, şeirdəki tapıntılar, yeni fikir və ifadələr öz yerində olmaqla yanaşı, şeirin gözəlliyi, oxu­cunu o qayğısız uşaqlıq illərinə qaytarmasındadır. Si­zin şeirlərdə oxucu məhəbbəti qazanan və dillər əz­bəri olan misraları yaxşı xatırlayıram.

 

İnsan bir ömürdə ayağıyla da,

Dünyada dahilik qazana bilər.

 

("Pele")

 

Ürəyim gəlməyir bütöv yazmağa,

Mən səni bitişik yaza bilmərəm.

 

Sonra isə

 

Sən iki hecalı bir sözsən "Və-tən!"

Sətirdən-sətirə keçirilmisən!

("Sətirdən-sətirə")

 

Şahmar müəllim, sizin əsərlərdən bu cür misal­ları çox çəkmək olar. Sizin şeirlərin oxucu qəlbinə tez yol tapmağının səbəbi hiss və duyğuların reallı­ğın­da­dır. Si­zin yaradıcılığınızda "Yalan" yoxdu. Ona görə də sevi­lir. Bir məsələni də qeyd edim ki, bilmirəm nə­dənsə si­zin yaradıcılığınızdakı ağrı, həsrət və nis­gil­lərlə Çingiz Aytmatov yaradıcılığındakı ağrı, həsrət və nisgillər ara­sında bir oxşarlıq, paralellik görürəm. Bəl­kə bu mə­nə elə gəlir?

– Çox maraqlıdı. Şahmar müəllim təbəssümlə dil­­ləndi.

– Fikrinizi tuta bilmədim.

– Müəllim, ona görə maraqlıdır dedim ki, mən də Çingiz Aytmatovun yaradıcılığı ilə tanışam. Həm də çox yaxın dostuq. Siz bunu bilmədiyiniz halda maraqlı müqayisə apardınız. Çingiz Aytmatovla Bəxtiyar Va­hab­zadənin dostluğunun yaranmasının səbəbkarı mən olmuşam.

– Çingiz Aytmatov Bakıya gələndə Bəxtiyar müəllimlə birlikdə qəzetdə şəkilləri çap olunmuşdu. Xə­zər dənizinin kənarında, – dedim.

– Qardaş şəhərdəkilər elə bilməsin kənddə yaşa­yan­lar dünyadan bixəbərdi. Azdan-çoxdan biz də oxu­yu­ruq. Biz pambıq sahələrinin kənarında oxuyu­ruq, siz isə rahat kabinetlərdə oturub oxuyursunuz.

Əliqulu müəllimin sözünə gülən Şahmar müəl­lim "Ucqar bir kənddə kolxoz rəhbərinin və kənd mü­əl­li­minin bu cür mütaliə sevər olduğuna inanmazdım. Am­ma indi inandım" söyləyərək fikirlərimizi dəyər­lən­dir­məsini "Çox sağ olun" deməklə razılığımızı bildir­dik.

Əliqulu müəllim saata baxaraq "Səhərin açıl­ma­sına az qalıb. Şahmar müəllim, bir az dincəlin. Nə vaxt deyirsiniz maşını göndərim gəlsin" dedi.

– Günortaya yaxın məni Əhməd Əhmədovla gö­rüş­dürə bilərsiniz.

– Əhməd kişi sahədə olacaq. Görüşdürərəm. O çətin məsələ deyil.

– Əhməd kişi ilə bağlı qəzetə material hazır­la­ya­­ca­ğam. Gəlişimdə məqsəd Əhməd kişi ilə görüş­mək­di.

– Əhməd kişi torpağa bağlı adamdı. Elə adam­dan yazmağa dəyər, – deyən Əliqulu müəllimlə birgə aya­ğa durduq və mən sağollaşıb ayrıldım.

Aradan bir həftə keçər-keçməz "Azərbaycan gənc­­ləri" qəzetində Xalq şairi Bəxtiyar Vahabzadə ilə So­sialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı lau­­rea­tı, SSRİ Ali Sovetinin deputatı Əhməd Əhmə­do­vun geniş müsahibəsi getmişdi. Müsahibədə bir mə­qam indi də xatirəmdədir.

Bəxtiyar Vahabzadə belə bir sual verir:

– Pambığın becərilməsində və toplanmasında şa­gird əməyindən istifadə edilir. Siz necə, şagird əmə­yindən istifadə edirsinizmi?

Əhməd Əhmədov cavab verir:

– Yox, Bəxtiyar müəllim. Bizdə məktəblər bağ­lan­mır. Pambıq toplanışında ancaq kolxozçular iştirak edr.

Səhəri pambıq sahəsində bir neçə şagird qəzeti mə­nə göstərərək "Müəllim, bu qəzeti oxumusunuz?" sua­l etdi.

– Bəli, oxumuşam.

– Müəllim, belə də ağ yalan olar? Pambığın be­cərilməsindən yığılıb qurtarmasına ki­mi biz şagirdlər sahələrdə can qoyuruq. İndi bunu ya­za­nı aparasan Əh­məd Əhmədovun sahəsinə, sahədə olan məktəbliləri gös­tə­rib deyəsən, "Bəs bu uşaqlar mək­təb­li deyilmi?"

– Yazanda günah yoxdu. Yazan hər şeyi bilir. Am­ma elə yazmalıdı.

– Niyə, düz yazsın də! – şagird fikrində israr et­di.

– A bala, böyüyəndə bu gün mənə verdiyin sua­lın cavabın özün tapacaqsan. Səhərdən mənimlə müba­hi­sə etdiyinin əvəzində bir döşlük pambıq yığmışdın. Pam­­bığını yığ, axşam tərəziyə qoymağa məhsulun ol­sun ki, utanmayasan.

Bir neçə aydan sonra Şahmar Əkbərzadə ilə tə­sa­düfü görüşdük. Hal-əhvaldan sonra şairin diqqətini hə­min mübahisəyə və şagirdlə aramızda olan söhbətə yönəltdim.

Bir anlığa fikirləşən şair "Müəllim, uşaq düz de­yir. Uşaq hardan bilsin ki, elə yazmaq vəzifə borcu­muz­­dur. Siz onu düz demisiniz ki, böyüyəndə sualın ca­va­bını özün tapacaqsan. Yaxşı ki, Allah bu şairliyi bi­zə verib. Heç olmasa yaradıcılıqda özümüz oluruq. Bu ideologiyanın bünövrəsi yalan üstündə qurulub. Siz də müəllim kimi çox həqiqəti bildiyiniz halda sözsüz ki, həqiqətin üstündən bilə-bilə xətt çəkirsiniz. Xeyli söhbət edəndən sonra şairlə sağollaşıb ayrıldıq.

Heç vaxt ağlıma gəlməzdi ki, Şahmar Əkbərza­də ilə olan bir görüş nə vaxtsa xatirəyə çev­ri­lib ya­zılacaq.

Aradan 40 ildən artıq bir vaxt keçib. Əsr də, qu­ruluş da dəyişib. Həmin gecənin şahidi olan yol­daşlar Şahmar Əkbərzadə, Əliqulu Məmmədov və Allahverdi Namazov çoxdan dünyalarını dəyişiblər. Al­lah hər üçü­nə rəhmət eləsin, ruhları şad olsun!

Şairin 1964-cü ildə yazdığı "Dəyməz" adlı şeiri aşağıdakı kimi tamamlanır:

 

Ay Şahmar, qəm yemə, dəryan qəm olsa,

Ömrünə, gününə dərd həyan olsa,

Səni bircə nəfər anlayan olsa,

Dünyadan bədgüman olmağa dəyməz.

 

Əbədiyyət evində rahat uyu şair!

Yaradıcılığınızın əbədiyaşar olduğuna əmin olun. Şeirləriniz bu gün də sevilə-sevilə oxunur.

Mən Şahmar Əkbərzadəni şair kimi tanımışdım və şair kimi də gördüm.

 

11.12.202-ci il

  Fazil Sənan

Ədalət .-2024.- 9 may,¹16.- S.10.