Düşünməyə dəyər: Milli-mənəvi dəyərlər xalqın əxlaqıdır

 

(Televiziyanın bəzi verilişləri haqqında)

 

Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu gün milli-mənəvi dəyərlərimizə də təcavüz etmək təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. Tarixi qürur duyduğumuz meyarların, nailiyyətlərimizin üstündən belə asanlıqla xətt çəkmək, onu aşağılamaq istəyinin bəzən baş qaldırması bizi çox qayğılandırır. İlk növbədə hər bir ziyalı əsrlər boyu cilalanmış, zamanın keçməkeşli sınaqlarından çıxmış, ələnmiş, saflaşmış, bu günümüzün həyati tələbatına çevrilmiş, xalqımızın özünə məxsus milli-mentaliteti meyarlarına çevrilmiş mənəvi dəyərlər xalqımızın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür, duz-çörək qədər hamımıza əzizdir.

Keçid dövründə milli-mənəvi oriyentasiyalarda yaranan boşluqlardan istifadə edən ünsürlər yanlış ideologiyaları, qondarma və qurama adətləri, hətta başqa xalqların xarakterik xüsusiyyətlərindən doğan adətləri min illərlə tariximizin keçməkeşlərində deformasiyaya uğramadan, bu günümüzü gözəlləşdirən həmişə fəxr duyduğumuz müqəddəs milli-mənəvi dəyərlərimizlə yanaşı yabançı adət-ənənələri də təbliğ etməyə çalışırlar və çox təəssüf ki, getdikcə bu, geniş vüsət almaqdadır. Əxlaqı dəyərlərimizin toxunulmazlığı, həmişə qorumalı olduğumuz elə bir müqəddəs meyarlarıdır ki, gərək bugünkü sosial-iqtisadi nailiyyətlərimizdən məqsədyönlü istifadə edərək zamanında dünyaya inteqrasiya edərək, qədim mədəniyyətimizin qaynaqlarını, gözəlliklərini bir örnək kimi başqa xalqlara da sevdirək.

Müdrik ağsaqallarımız, söz sahibi olan ziyalılarımız, xüsusilə geniş təbliğat- təşviqat imkanları olan radio-televiziya, dövrü mətbuat, digər kütləvi informasiya vasitələri mənəvi dəyərlərimizin təbliği və gənc nəslə ətraflı izah edilməsi işlərinin fövqündə olmalıdırlar.

Vətən, Ata-Ana, el-oba, yurd yeri, doğma ocaq sevgisi, namus-qeyrət təəssübü çəkmək, vətənpərvərlik, halal-haram, böyük-kiçik, ədəb-ərkan, etik dəyərlər, unudulmaz inam və inanclarımız, nəhayət müqəddəs milli adət-ənənələrimiz ümumən milli mentalitetimizin məhək daşıdır. Çox təəssüflər olsun ki, milli mənafe, milli- mənlik ideyası, xalqımızın mənəvi əxlaqının, xüsusi ilə vətənpərvərlik kimi yüksək əxlaqi dəyərlərin aşılanması baş vermiş və zaman-zaman diqqətdən kənarda qalmışdır.

Keçmişimiz, həm də tariximizin ibrət dərsləridir. Bu baxımdan bariz keçmişimiz, eyni zamanda sabahımızın müəllimidir. Gənc nəslin azərbaycançılıq ideyaları ruhunda tərbiyəsi xalqımızın qələbələrinin, nailiyyətlərimizin təminatçısıdır. Əsrlər boyu xalqımızın böyük mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti sayəsində, bütün təsirlərə baxmayaraq öz dilini, dinini, milli adət-ənənələrini qoruyub saxlaya bilmiş, onu xüsusilə sovetlər dövrünün ideoloji taranlarından aşılanmağa imkan verməmişdir.

Ərənlərimiz demişlər ki, nə qədər çətin olsa da, dağılmış iqtisadiyyatı, fabrik və zavodları yenidən bərpa etmək olar, məişətimizi daha da gözəlləşdirmək üçün yaraşıqlı evlər tikmək, bağ-bağat salmaq, parklar düzənləmək, müasir texnoloji yenilikləri tətbiq etməklə, keyfiyyətli məhsullar istehsal etmək mümkündür. Lakin bununla yanaşı, qeyd etmək lazımdır ki, aşılanmaya məruz qalmış, çirkaba batmış mənəvi-əxlaqı yenidən saflaşdırmaq, xalqımızın tarixi milli-mənəvi dəyərlərinə rəğmən cilalamaq olduqca çətin məsələdir. Əsrlər boyu formalaşmış və sələflərimizdən bizə ərməğan olan mənəvi dəyərlərin aşılanmasına yol versək, çox təəssüflə qeyd etmək lazımdır ki, bu mənəvi-əxlaqi təməllər üzərində qurulmuş dəyərlərimizi nəsillərin qan yaddaşına köçürmək mümkün olmayacaqdır. Çünki saf əxlaqa, əsl məhəbbətin sahibi olan insanlara daha səlis düşünməyə imkan verməyən pul hərisliyi, var-dövlət yığmaq ehtirası müasir, nəsillərin mənəviyyatını korlayır, adamları insanlıqdan çıxarır, onların  mənəviyyatını sarsıdır, dəyərlərimizi isə uçuruma yuvarlandırır. Müasir bazar iqtisadiyyatı dövrü insanlarda, ailələrdə daha bariz şəkildə görünən ehtiyac, xüsusilə qarşılıqlı şəkildə əzizlərindən, insanlardan umduğu maddi-mənəvi dəstəklərə borcu olan şəxslərdən gözlədiyini görmədikdən, cəmiyyətimizdə əxlaqi məsələlərə kəskin zərbə vurulur. Sözün həqiqi mənasında, müasir reallıqların bəzi məqamlarını diqqətə gətirəndə, bəzi müasir televiziya verilişlərində açıq-aşkar əxlaqsızlıq təlqin edilir, xüsusilə, mənəviyyatı hələ formalaşmamış gəncliyin durumunu zəiflədir, tariximizin, ailələrin milli-mənəvi dəyərlərinə xələl gətirir. Qurulmuş təzə ailələrin, xüsusilə hislərini, onların qarşılıqlı münasibət çalarlarının dağılması insan qəlbinə xüsusilə ağrıdıcı həqiqətlər kimi zərbə vurur. Bütün bunları törədənləri mənəviyyatımızın mənəviyyatsız düşmənləri kimi qeyd etsək, yanılmarıq. Çox təəssüf ki, bu zümrədən olanlar iş başındadırlar və müxtəlif təsirli forma və metodlardan bacarıqla istifadə edirlər.

Düşünürsən ki, bu cür taranlardan qoruna biləcək əxlaqi dəyərlərimizi hifz edib saxlamağı və gələcək nəsillərə ötürülməli olan milli-mənəvi, əxlaqi dəyərlərimizi yaşada biləcəyikmi? Bax, bu məqamda ziyalılar yada düşür. Ziyalılar - müqəddəslik, haqq-ədalət, müdriklik, Vətənə və xalqa sonsuz məhəbbət mücəssiməsi olsalar, əsl şəxsiyyət kimi tarixdə yaşayarlar. Çünki milli-mənəvi əxlaqi dəyərlərini itirən xalq həmişə məğlub olar. Bu günkü reallıq ziyalılarımızın bir qisminin küskün, bir qisminin ətalətdə olduğunu, digər zümrənin haqq sözünü deməyə belə cəsarət etməyərək, sözün həqiqi mənasında geriyə çəkildiyinə, qorxduğuna dəlalət edir. Bəzən qınamaq da olmur, çünki onların əksəriyyətinin gözünün odunu almışlar. Çünki onları dirijor çubuğu ilə ovsunlayıb, məhvərindən çıxarır, uçurumun sahillərinə yönəldirlər. İnsanları haqq yolundan sapındıranlara aman vermək olmaz. Zəfər də, məğlubiyyət də əql və düşüncənin gücündədir. Dünya malından yüksək olan ad-sana nail olmaq isə daha şərəflidir. Əsl ziyalılar xalqımızın mənəvi sərvətidir. Mənəvi saflıq isə insanı həmişə ucaldar.

Müdriklərimiz demişlər ki, insanın ən böyük müəllimi təbiətdir. Arzu və istək bizim içimizdə yaranır. Hər kəs özündən hesab istəməlidir. Biz əsrləri düz yolla getmişikmi?

İndi haraya və necə gedirik? Təbiət gözəlliklərini yaradan düşüncə kimi, insanlar da müdrik olmalıdırlar. Ziyalılarımız bilməlidirlər ki, dünya sivilizasiyasını keçib çox yeniliklər yaradanlar insan geninin kodunu açmağa nail olmuş, müasir texnoloji yeniliklərdən istifadə edərək yaşadığımız dünyanın ənginliklərinə baş vuraraq yeni elmi-kosmik nailiyyətlərə çatsaq da, çox təəssüflə qeyd etmək istəyirik ki, bu gün insanlar xoşbəxt yaşamağı hələ də öyrənməmişlər. Qəti qənaətə gəlinmişdir ki, nə din, nə də elm ən mühüm həyati suallara belə cavab verə bilmir.

 

«Dövran bir günəşdir, ömür isə qar,

Vəfasız dünyaya meyl etmə zinhar.

İndi ki öləcək pis də, yaxşı da,

Xoş ona ki, çatdı yaxşı bir ada» (Sədi Şirazi)

 

İnsanı mükəmməlliyə aparan dəyərlər çoxdur, şəxsiyyəti nurlandıran isə onun gözəl qəlbidir. Haqq-ədalət, ədəb, yaranmışlara məhəbbət, sevgi, mərhəmət, dostluq, həqiqət, səxavət, mərifət, bacarıq, istedad və zəhmət... İnsan mükəmməlliyinin məhək daşıdır. Müdriklər insanların təkamülünün səviyyəsini müəyyənləşdirmişlər. Fəlsəfi dünyamızda bəlkə də tam-dürüst olmasa da;

Hətta ailələrdə, tayfalarda, kənd və obalarda, azsaylı xalqların yaşayış yerlərində özünəməxsus adət-ənənələrinin həyata keçirilməsinə vaxtiylə qoyulan qadağalar, təqiblər, cəzalar da xalqın öz soykökünə inamını sarsıda bilməmişdir. Azərbaycan oğullarının əsasən, hərbi-tikinti hissələrinə xidmətə göndərilməsinə, sərhəd qoşunlarında, xüsusi aero-kosmik müdafiə hissələrində müsəlman respublikalarının övladlarının xidmətə buraxılmaması təkcə hər hansı bir etibarsızlığa, ideoloji dəyanətliyin olmamasında, rus dilini yaxşı bilməməsində deyil, əsasən gələcəyə hesablanmış tədbirlərdən olmuşdur. Lakin xalqımızın tarixi qan yaddaşı baş verən hadisələr fövqündə onu dirçəltdi. Xalqımızın düşüncə tərzi, vətənpərvərlik hissinin gücü gerçəkliyi, müasir həyat həqiqətlərini obyektiv şərh edərək özünütərbiyəni xarakterik olaraq əxz edir. Gənclərimizi düzgün istiqamətlərə yönəltmək, mənəvi tərbiyə aşılamaq, ailələrin, təhsil müəssisələrinin, söz sahibi olan insanların, ağsaqqalların, xüsusi ilə ziyalıların imkanlarını, təsir gücünü artırmağa zəmin yaradır. Bu baxımdan kütləvi informasiya vasitələrinin, televiziya-radionun təsir dairəsi və tərbiyəvi rolu böyükdür.

Çoxsaylı mətbuatımız, televiziya kanalları, nəhayətsiz internet şəbəkələri, müxtəlif informasiya texnologiyaları təəssüf ki, başlı-başına buraxılmışdır. Azad sözün yaratdığı imkanlarından, məqamından qeyri-sağlam istifadə olunması, cəmiyyətimizə, mənəviyyatımıza yad təzahürlərlə tüğyan etməsi gənclərin mənəvi dünyasının formalaşdığı məkana, ailələrə, məktəb yaşlı uşaqların düşüncə tərzinə təbii fəlakət kimi soxulması yolverilməz olsa da, təəssüf ki, bu günkü həyatımızın gerçəkliyidir.

Bu missiyanı insanların mənəvi dünyasında ehtiyac duyduqları mətbuatımız necə yerinə yetirir. Bu günümüzə nəzər salsaq acı bir reallıqla qarşılaşırıq. Heç də cəmiyyətimizi formalaşdırmağa borcu olan, insanların ideoloji tərbiyəsində mühüm əhəmiyyət kəsb edən elektron və yazılı mətbuat vasitələri çoxdan tarazlığını, mənəvi tərbiyənin önündə getməli olan mövqeyini itirmişdir - desək, yanılmarıq.

Əsasən qeyri-peşəkarlıq, jurnalist etikasına əməl etməyən, mətbu sözünün təsir gücünü, özünü qiymətləndirməyi bacarmayan, ayrı-ayrı iddialı şəxslərin yersiz və lüzumsuz sifarişinə rəğmən dərc edilən yazılar, satira-yumor, heç bir nəzarəti olmayan sosial şəbəkələrin yaydıqları insanları nəinki bir-birinə düşmən edir, eyni zamanda onların əhatəsində olan övladlarını və yaxınlarını sarsıdır, böyük-kiçiklik, ailə başçısı nüfuzuna mənfi təsirlər göstərir. Saysız-hesabsız, lüzumsuz televiziya verilişləri, aparıcı qəbahətləri, qəzetlərin timsalında təqdim olunan belə yazılar ümumiyyətlə xalqımızın zəngin etik davranışları, mənəvi-əxlaqi dəyərləri ilə, xüsusilə jurnalistin peşə məsuliyyəti ilə bir araya sığmır, şəxsiyyəti təhqir edən, insan ləyaqətini alçaldan, onu ailəsi və dostları qarşısında başı aşağı edən ifrat dərəcədə açıq-saçıq ifadələr, verilişlər, yazıları  çoxdur. Bu yazıların mənbəyi əsasən çayxana söhbətlərinə söykənsə də, onu kütləvi mətbuat səhifələrinə çıxarmaq heç bir əxlaqımıza yaraşmır, ümumən xalqımızın milli-mənəvi dəyərləri ilə bir araya sığmayan mövqedir, lüzumsuz yanaşmalardır.

Xüsusilə, Respublikamızda fəaliyyət göstərən müxtəlif televiziya kanallarında gedən bəzi verilişlərə vətəndaşların münasibəti qeyri-qənaətbəxşdir desək, yanılmarıq. Çünki keyfiyyətsiz şoular, mentalitetimizə uyğun abırlı, həyalı, tamaşaçı zümrəsini nəzərə alaraq təşkil olunan verilişlər çox azdır. İdeya-siyasi tərbiyəvi mahiyyət daşıyan, xalqın milli-mənəvi, əxlaqi dəyərlərini nəzərə almaqla efirlərdəki verilişlər demək olar ki, barmaqla sayılır. Kütləni cahilliyə, sentimental düşüncələrə aparan, şüuraltı təsir edən elementlər istənilən qədərdir.

Televiziya insanın ruhunun sərgisidir. İnsanın mənəvi aləminə yaxşı mənada nüfuz edərək onu xalq və cəmiyyət üçün daha səmərəli fəaliyyət göstərməyə ruhlandırmaq və yönəltmək əsas qayəmizdir. Peşəkar aparıcıların bu baxımdan fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Həyatda qazanılan və zəruri hesab olunan biliklərin əyləncə verilişləri vasitəsilə ötürülməsi daha səmərəli ola bilər. Müəyyən hadisələri həddindən artıq şişirtmək onları həftələrlə, aylarla ekranlarda çözməklə vətəndaşları studiyalara toplamaq yaxşı əlamət deyildir. Baş vermiş cinayət hadisələri ilə bağlı axtarışlar aparmaq məhz dövlət orqanlarının borcu və müqəddəs vəzifəsidir. Daha, televiziyalarda bu və ya digər təsirlərə malik hadisələri şişirtmək və tamaşaçıya zorən baxış təşkil etmək televiziyaların verilişləri deyildir. Əsasən belə hadisələrdə qeyri-etik halların təsviri, xüsusilə uşaqlara və gənc nəslə sarsıntı yaradan səhnələrin nümayişi daha çoxdur. Əhalinin istirahət saatlarında əhvalının daha yüksəldilməsinə xidmət etməli olan verilişlər əvəzinə onların yemək masası arxasında əhvalına pis təsir edən informasiyalar və verilişlər aparılmamalıdır. Xüsusilə vəfat etmiş böyüklü-kiçikli insanların nəşinin iri fonda göstərilməsi hər kəsə yaxşı ovqat bəxş etmir. Bu və ya digər halların baş verdiyi zaman məktəblilərin, gənclərin, digər şəxslərin qorunmasına profilaktiki və maarifləndirici tədbirlər kimi mənalı, aydın başa düşülən epizodlar  daha yaxşı qarşılanır. Tamaşaçı psixologiyasına təsir etmək məqsədi ilə cilalanmış və uyğun metodlardan istifadə olunmalıdır. Millətin əxlaqına mənfi təsir edən, min illərin formalaşmış xalq mənəviyyatına zərbə vuran verilişlər, epizodlar, hətta lüzumsuz reklamlarla çox qarşılaşırsan. Əvvəllər cəmiyyətdə ciddi qəbahət hüsab olunan halları, ifadələri qadına və kişiyə yaraşmayan sözləri ekrana çıxarmağın özü böyük qəbahətdir. Vaxtaxşırı olaraq psixoloq ixtisaslı şəxsiyyətləri telestudiyalar dəvət edir, onların tamaçamılara, xüsusilə gənclərə demək olduqları ləyaqətli fikir və məntiqli yollar göstərmələri vacib sayılır. Müşahidələr göstərir ki, psixoloqların əksəriyyəti özləri psixoloji pozğunluqlara malikdirlər. Onların məsləhətləri insanın alt şüuruna lazımınca təsir etmir, zərərli informasiyaları, ağıllarına gələn qeyri-etik fikirləri tamaşaçılara söyləməyə çəkinmirlər. Bu zaman bilmək lazımdır ki, insan kütləsi əsasən mənfi məqamları tez diqqət yetirir. Seriallar, zorakı filmlər, dəhşətli mesajlar verilən epizodlar hər kəsə lüzumsuz görünür və mənfi emosiyalar yaradılmasına xidmət edir. Yüksək intellektual səviyyəli, çıxışlarında tamaşaçıların qəlbinə yol tapmağı bacaran ekspertlər dəvət olunmalı, əxlaqı və ailə dəyərləri təqdir olunanlar verilişlərə çıxarılmalıdır.

Televiziya jurnalistləri məhz bu gözəl mənəviyyatlı xalqımızın övladlarıdır. Böyük ümumxalq tribunası etibar edilmiş telejurnalistlər hər bir verilişə ciddi hazırlıqlarla çıxmalıdırlar. Milli-mənəvi dəyərlərimiz, o cümlədən vətənpərvərlik tərbiyəsi televiziya verilişlərimizin başlıca mövzularından olmalıdır. Vətənpərvərlik mövzusunun təbliği üçün saysız-hesabsız nümunələr vardır. Vətənimizin ərazi bütövlüyünün təmin olunması uğrunda, xüsusilə Qarabağın yağı düşməndən azad edilməsində böyük qəhrəmanlıqlar və əsgəri şücaətlər göstərmiş Azərbaycanın qeyrətli əsgər və zabitləri çoxdur. Məhz onların qanı və canı bahasına torpaqlarımız işğalçılardan azad olunmuşdur. Yüz illərlə dünyada işğal olunmuş torpaqların geri qaytarılması halına rast gəlinmədiyi zamanda Azərbaycanın qəhrəman ordusu nəinki dövlət suverenliyini, ərazi bütövlüyünü təmin etmiş, eyni zamanda vaxtilə müxtəlif dövrlərdə qanunsuz olaraq ətraf ölkələrə alınıb verilmiş Azərbaycan torpaqlarını geri qaytarmaq xalqımızın zəngin keçmişini əks etdirən bölgələrimizə keçmiş sakinlərin dədə-baba toprpaqlarına qaytarılmasını təmin etmək zəruri bir hədəf kimi qarşıya qoyulmuşdur.

Televiziya aparıcıları, onların  ədəbi-bədii və ideya-syasi cəhətdən hazırlanması, nitq mədəniyyətinin yüksəldilməsi şəxsi etik anlayışlarının gücləndirilməsi ciddi məsələlərdən biridir. Yüksək səviyyəli qonaqların dəvət olunması, onların mövzu ətrafında dəyərli fikirlərinin alınması, verilişlər zamanı bayağı ifadələrə yol verilməməsi, ekspertlərin səviyyəli və məqamında müdaxiləsinə nail olunması olduqca vacib məsələlərdəndir.

Söz sərkərdədir, insanı, kütləni idarə edir. Sözün böyük qüdrəti, qılıncdan iti kəsəri olsa da, həm də incə, məlhəm, zərif gültək lətafəti var, gözəlliklər və şövq yaradır. Sərkərdələr də cəngə səsləyən əmrlərini məhz sözün qüdrəti ilə deyirlər. Xoş niyyətlə deyilmiş, mərhəmanə, incə söz insanları xeyirxahlığa, hümanizmə, Vətən, ata-ana sevgisinə, haqq-ədalətə tapınmağa, insana xas olan gözəlliklərə səsləyir. Sözün qədrini və qədərini qiymətləndirən ata-babalarımız öz müdrik məsləhətləri ilə insanlara doğru yol göstərər, gəncləri həyatda necə yaşamağa ruhlandırardılar. Lakin söz azadlığından istifadə edən bəzi mətbuat orqanları, xüsusilə heç bir nizam tərəzisi olmayan sosial şəbəkələr xalqımızın iman-etiqad göstərdiyi müqəddəs məkanlara, böyük şəxsiyyətlərimizə yönəlmiş mənfi məna daşıyan mövzulardan çəkinməlidirlər.

Hər bir jurnalist həm də məhz bu xalqın övladıdır, mətbuatımız da azərbaycançılığımıza xidmət etməlidir. Xalqımızın müqəddəs nemətləri kimi əziz tutduğu mənəvi-əxlaqi dəyərlər hər məqamda göz-bəbəyi kimi qorunmalıdır. Bir sıra xarici ölkələrdə çap olan pornoqrafik jurnalların gətirilməsi, yayılması, eləcə də sarı piyarlar, sözsüz ki, Azərbaycan ailəsinə daxil olur, oxunur və böyüklü-kiçikli baxılır. Bəzi televiziya reklamlarındakı və hətta verilişlərindəki eybəcərliklər, istedadsız və şəxsiyyətsiz şou-biznesin bəzi nümayəndələrini, onların guya bariz olan əməllərini təbliğ edən, boş laqqırtıdan başqa bir şeyə oxşamayan qeybət verilişləri, pornoqrafik momentlər əks olunan reklamlar, kino-filmlər, insan heysiyyatına ləkə gətirən ailə-məişət problemlərinin, zorakı filmlərin nümayişi əslində, efiri doldurmaq məqsədi olsa da, sözsüz ki, gənclərimizin əxlaqi dəyərlərinin aşılanmasına hesablanmış vasitələrdir. Azərbaycan xalqının siması belədirmi ki, hər ölkədə baş verən oxşar adi bir faktı bizimkilər daha da qabardıb, eybəcər şəkildə geniş tamaşaçı kütləsinə, dünyaya car çəkirlər?! Hörmətli tele-jurnalistlər, dünya şöhrətli, gözəl xalqımızı və onun şəxsiyyətlərini və bariz nümunə olan əxlaqi dəyərlərini dünyaya beləmi tanıdarlar?!

Vətənpərvərlik - vətənini və xalqını sevənlərin hiss və duyğularını özündə təcəssüm etdirən böyük dəyərdir. Vətən torpağına sevgi əkən, ocağının qorunu gözu üstündə saxlayan hər kəs şərəflənər. Ata-anaya olan sevgi Vətənə olan sevgini formalaşdırır.

Xalqımızın bariz qəhrəmanlıq tarixi, comərd nəsilləri var. Zaman-zaman Vətən təhlükədə olanda qəhrəman oğullar silaha sarılıb el-obanı, müqəddəs torpaqlarımızı qorumaq uğrunda canlarını belə fəda etmişlər.

Vətənpərvərlik xalqımızın qan yaddaşıdır. Qarabağın azadlığı, ölkəmizin suverenliyinin təmin olunması uğrunda döyüşlərdə minlərlə qeyrətli oğullar-qızlar mübarizəyə qalxmış, Azərbaycanın Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanı kimi yüksək şərəfli adlara layiq görülmüşlər. Minlərlə cəsur döyüşçü müxtəlif dövlət mükafatları ilə təltif olunmuşlar. Qəhrəman övladlarımızın şəxsi şücaətləri bu günki gənclər və gələcək nəsillər üçün bariz nümunədir. Təlim-tərbiyə müəssisələri, kollektivlər, gənclər təşkilatları müasir gəncliyin vətənpərvərlik tərbiyəsinə geniş diqqət yetirməklə yanaşı, qəhrəmanlarımızın fərdi nümunəsini göstərməlidirlər.

Sahib olmaq sevgi ilə qayələnmir, bütövlüyü şərtləndirir. Bütövlük isə Vətən bütövlüyü, şəxsiyyət bütövlüyü ilə eyniləşəndə Vətən sənə oğul deyər! Qayasız, mamırsız. Oddan qorxsan da, işığa yönəl. Çünki işıqda yaradanın nur payı var. Vətənpərvərlik xalqımızın qan yaddaşı ilə zənginləşəndə daha möhtəşəm olur. Zaman keçdikcə bu böyük bəşəri hisslər millətimizin, xalqımızın həyatında başlıca meyara çevrilir, xarakter kimi formalaşır, nəsillərin fəaliyyətinin fövqündə dayanır. Çünki Ata-Ana, bir də Vətən dünyada ən ülvi və müqəddəs varlığımızdır.

Zaman ötsə də, bu böyük, bəşəri hisslər millətimizin, xalqımızın həyatında həmişə başlıca meyar olmuş, bir xarakter kimi formalaşmış, nəsillərin fəaliyyətinin fövqündə dayanmışdır. Birinci Qarabağ müharibəsi böyük supergüclərin rəvac verdiyi, dəstəklədiyi, əməli və konkret köməklik göstərdiyi düşmənlərimizin dədə-baba torpaqlarımızı işğal etməsi minlərlə vətən oğullarını ayağa qaldırdı. Güclü dövlətlərin iştirakıyla aparılan işğalçılıq müharibəsi xalqımızın qəhrəmanlıq tarixində yüzlərin, minlərin şücaəti, qeyrətli nümunələrilə yaddaşlara həkk olundu. Vətən oğulları, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi altında Qarabağın azadlığı, ölkə suverenliyinin qorunub-saxlanması üçün 44 günlük döyüşlərdə, eləcə də anti-terror əməliyyatlarda fəal iştirak etmiş, hazırda ordu sıralarında həvəslə, böyük qürur hissiylə xidmət edir, aparılan ordu quruculuğunda öz töhfələrini veriblər. Lakin mənəvi cəhətdən aşılanmalara yol vermiş bəzi ailələrdə övladlarını xarici ölkələrdə oxumaq, eləcə də xəstəliklər adı ilə orduda xidmətdən yayındırmağa çalışanlar var. Zaman, tarix, Azərbaycan xalqının vətənpərvərlik ənənələri belə insanlara dərs olmalıdır.

Ölkəmizdə bəzi radikal qüvvələr özlərinin ideoloji məqsədlərini zorən-təbib həyata keçirməyə, zərərli dini adətləri kor-koranə, ifrat dərəcədə icra etməyə çalışsalar da özünün milli-mənəvi və dini dəyərlərinə həmişə böyük önəm verən xalqımız özünəməxsus inancları, inam-etiqad göstərdikləri məbədləri göz-bəbəyi kimi qoruyub saxlayır, nəsil-nəsil davam etdirir. Lakin radikalizmə, ifrat dini etiqadların ayaq açmasına yol vermək nə zəmanənin tələbinə uyğundur, nə də tarixi ənənələrimizə. Ailə başçıları, ziyalılar gənc nəslin tərbiyəsində bu vacib xüsusatlara həmişə ciddi diqqət yetirməli, övladlarımızı dünyəvi elmlərin fatehi olaraq nurlu, işıqlı, zəkalı, ziyalı şəxsiyyətlər kimi görmək arzusunda olmalıyıq.

Milli adətlərimizlə bağlı, günümüzdə həyata keçirilən daha bir neçə zərərli tədbirlərlə əlaqədar fikirlərimizi bölüşmək istəyirik.

Xalqımıza məxsus çox dəyərli, ünlü, zaman-zaman tarixin süzgəcindən, ziqzaqlı və təlatümlü dövrlərindən keçmiş bəşəri ənənələri, adətləri çoxdur. Bu mənada Azərbaycanda el toylarının təşkili və aparılması, hər şeydən əvvəl gələcək ailənin təməli qoyularkən geniş ailə araşdırmaları aparılması özü böyük mahiyyət daşıyır və gənclərin sonrakı talelərində bu cəhətlər xüsusilə mühüm rol oynayır. Bu qəbildən toy adətlərimizin dünəni, bu günü və sabahı bizi dərindən düşündürməyə bilməz.

Nəsil-nəcabətini illərlə öyrənərdilər - həm qızın, həm də oğlanın. Söz sahibi ağsaqqallar yalnız müəyyən razılıqlar olandan sonra, el adətincə elçi gedərdilər, bu izdivaca zamin durardılar. Belə xeyir-dualı qurulan ailələr möhtəşəm olardı. Övladlar xoşbəxt həyat sürərdilər. Ata-ana, gəlin-qaynana, övlad ailə-məişət problemləri yaşanmazdı. Kiçik narazılıqları isə evin ağsaqqal və ağbirçəkləri yoluna qoyardı. Nankor övladlarsa el qınağına tuş gəlirlər. İndi elçiliyə gedənlər təəssüfki qızların necə şqil-mərifət sahibi olduğunu, ev-eşikdə valideynlərə necə münasibətini isə soruşan yoxdur.

Toy-düyün dünyanın əşrəfi olan insanların həyatında ən müqəddəs, sevincli, gözəlliklər bəxş edən, zaman-zaman yaddaşlarda qalan və həmişə xatırlanan hadisədir. Əvvəlcədən bildiririk ki, kimsəsiz və imkansız gənclərə əl tutmaq, toy eləmək, ev, iş vermək, sahib durmaq böyük savabdır və qəlbən mən də şərikəm.

Lakin insanlar özlərinə, minik atı, damazlıq mal-qara alanda belə, onların nəsil-kökünü, hal-huyunu və s. öyrənərdilər. Bu günsə toy olsun, tələsik ailə izdivacları qurulsun, televiziyalar reytinq qazanmaq adıyla, hələ düşüncəsi tam formalaşmamış gənclərin ailə qurmasına çalışır, bunu həm də məqbul sayaraq üstünlük verir, geniş təbliğ edirlər. Veriliş xatirinə “bar qızlarını”, küçə-bazarlardan gətirilən abır-həyasını çoxdan itirmişləri televiziya verilişlərinə dəvət edir, onları ərə vermək təşəbbüsündə olurlar. Belə hallar xüsusilə qəbul edilməzdir və xalqımızın müqəddəs adət-ənənələrinə xələl gətirir.

Bu gün ailə qurmaq, toy-düyün təşkil etmək bəzən bayağılaşdırılır. Adını da «müasirlik» qoyurlar. İnternetlə tanış olurlar, ərə gedirlər və elə internetlə də boşanırlar. Ona görə də böyük arzularla qurulmuş və çox asanlıqla dağılan ailələr, sahibsiz qalmış günahsız körpələr, həyatının ilk sevgiləri puç olmuş gənclər saysız- hesabsızdır. Çox təəssüf ki, adi təsadüflər hesabına, bəzən isə məhz məqsədli yeni qurulmuş və böyük ümidlərlə yaşayan ailələrin dağılması da eyni sürətlə başa çatır.

Adını «Avropa dəyərləri», «Qərb mədəniyyəti», «Müasir insanlar»ın həyatı və daha nələr-nələr adlandırdıqları qurama toylar silsiləsinə yeni, həm də olduqca təm­təraqlı şəkildə, xalqın milli-mənəvi dəyərləri adıyla sırınan, televiziya kanallarında tanışlıq, seçib-sevilmək, daha sonra gurultulu toy mərasimləri baş alıb gedir. Telefon sorğularından, televiziya görüntülərindən hər ikisində guya məhəbbət yaranır, kimisi evlənir, kimisi ərə gedir. Avropasayağı toylarda gəlinin əlindəki gül buketini arxaya atması, onu tutan qızın bu il tezliklə ərə gedəcəyi, oğlanların evlənəcəyi qənaətinə gəlirlər. Bu məqam qadınları, hətta kişiləri belə həyəcanlandırır. Toylardasa mənasını bilmədiyi arxaya atılmış bu gül dəstəsini qapıb, bəzən, hətta öz arvadına verən kişilərə də rast gəlmək olur.

Adət-ənənələrimizin bu qədər ucuzlaşdırılması, cılızlaşdırılması görəsən nədən qaynaqlanır? Vaxtilə «Tanışlıq klubları», evdən sifarişlə çağırılan xanımlar klubu və s. adlandırılan və nəticələri hamıya məlum olan əxlaqsızlıq yuvaları kimi gənclərin mənəviyyatının pozulmasına xidmət edən tədbirlər ikrah doğurur. «Mədəni ölkələr»in tele-verilişlərindən götürüb-quraşdırılan «qurama toyları» məişətimizə gətirmək təşəbbüsü göstərirlər. Bir baxışdan vurulanlar, evlənməyə, ailə qurmağa razılıq verilir. «Alo» ilə, tele-studiyada, boyu, ölçüsü, çəkisi, bürcü, gözünün rəngi telefonla, ya da mikrofonla sorulur, elə oradaca qərar verilir, ev-eşiyi, dolanışığı olan qızların evinə oğlanlar köçür, ailə qurur, qızlarsa simvolik ərlər seçirlər. Beləcə, taleyin bəxş etdiyi ömür-gün yoldaşını arayıb-seçmək məsuliyyəti dəqiqələr, saatlar ərzində “həll” olunur. Adı gözəl el şənliklərimizin belə lüzumsuz təbliğ edilməsi axı kimə lazımdır?!

...Görəsən, bu ailələrin sonrası, uşaqların taleyi necə olacaq?! Bəlkə də bizlər bu olayları yetərincə başa düşmürük?! Müsbət və ya çatışmayan cəhətləri var? Dünya haraya gedir? Amma, xalqımızın əxlaqi-mənəvi dəyərlərinin bu qədər aşağılanması şəxsən məni çox üzür.

Toy-düyün xalqımıza həqiqətən çox yaraşır. Çalıb-oynamaqsa müasir şakərimizdir. Rəqs edənlərin çoxu tərəf-müqabilinin kimliyini bilmir, heç fərqinə də varmır. Hamı öz övladlarının şənlik məclislərini təntənəli, qonşusundan, qohumundan geri qalmamaq üçün daha yaxşı, fərqli keçirməkdə sanki rəqabətə girib.

İngilis şairi Corc Herbert demişkən: “Əxlaqdan məhrumsansa, nə qədər yüksəyə qalxsan da, yenə heçsən”.

Milli-mənəvi dəyərlərimizin, müqəddəs ənənələrimizin sıxışdırılıb (məqsədli olaraq) kənarlaşdırıldığı bir zamanda, toy mərasiminə və onun iqtisadi cəhətdən həll olunması yekunları birmənalı şəkildə soyğunçuluqla nəticələnir. Nəticədə toy sahibi nəinki əliboş qalır, gələcəkdə gənc ailənin dolanışığını, zəruri ehtiyaclarını belə təmin etmək imkanı olmur. Həqiqət budur ki, toy sahibi çox zaman ağır borclara düşür və onun həyatında problemlər yaranır. Əsl həqiqətdir ki, mərasimlər keçirərkən əsasən, şadlıq evlərinin sahiblərinə xidmət edilir. Əzizlərinin, yaxınlarının şad gününə sevinən, həm də istirahət edib, əylənib zövq almaq istəyənlər saraydakı qulaqbatırıcı gurultulardan narahat olur, baş götürüb gedirlər. Şadlıq evlərində təqdim edilən, bu toydan digər mərasimə ötürülən, çox çeşidli, lüzumsuz, keyfiyyətsiz yeməklər, yersiz atəşfəşanlıq və s. başqa mövzu olsa da, məclisin təşkili ciddi düşünməyə əsas verir.

Son illərdə xalqımız müxtəlif gurultulu partiyalar, «vahid bank», «muncuq», «kredit», mənzil, vəzifə almaq, ali məktəbə girmək, xaricdə işə düzəltmə və s. onlarca belə baş qatan oyunları çox görüb, dələduzların toruna düşüb, maddiyyat və mənəviyyat itkisinin göynərtisi illərlə çəkilmir. Dələduzluğun çiçəklənən fəaliyyəti göstərir ki, bizləri milli-mənəvi, əxlaqi dəyərlərimizdən sapındırmağa çalışırlar. Bu, xalqa bağışlanmaz xəyanətdir. Bu acı həqiqətləri düşünərkən qeyd etmək istəyirik ki, dünyanın əşrəfi insana xas olan gözəl, mübarək insani simanızı, milli-mənəvi əxlaqi dəyərlərinizi itirməyin!..

 

Oqtay Ərgünəş Əliyev

 Ədalət .-2024.- 9 may,¹16.- S.11.