“Arazdan gələn səslər” həyat həqiqətləri romanıdır

 

 

“İrəlidə gur dalğalı, coşğun Araz, arxada əliqılınclı düşmən... Adilsənsə, ədalətini göstər, ey Yaradan, zalımsansa, özün al canımızı!”

Torpağı yağmalanmış, əzizlərini, doğmalarını itirmiş ananın dilindən söylənən bu üsyankar nida tanınmış yazar, çağdaş ədəbiyyatımıza verdiyi töhfələriylə sevilən Şövkət Zərin Horovlunun “Arazdan gələn səslər” romanındandır. Əslində Şövkət xanım bu irihəcmli ilk nəsr əsərini hələ 2010-cu ildə qələmə almışdı. Ş.Zərinin adı çəkilən romanı “İlin kitabı” elan edilərək, Mahmud Kaşğari beynəlxalq ödülünə layiq görülmüşdü.  Həm də Rəsul Rza və Mikayıl Müşfiq ədəbi mükafatlarının sahibinin daha sonra ərsəyə gətirdiyi “Köynək” və “Əbədiyyətə qədər” romanları da bu qəbildən olan, başqa sözlə, tarixi keçmişimizin qanlı səhifələrinə güzgü tutan əsərlərdir.

O illərdə Birinci Qarabağ müharibəsinin vurduğu yaralar hələ təzəydi. Xəyanətkar, nankor qonşunun torpaq iddiaları ilə başlamış qanlı savaş insan talelərinə balta çalmışdı. Yurd itkisinin göynərtisi, ağrı-acısı çox dəriniydi. Dədə-baba torpağında isti ev-eşiyini itirən didərginlərin dərd-səri də bir yandan. Aran ərazilərdə salınmış çadırlara sığınan soydaşlarımız erməni quldurların vəhşiliyindən, yağı güllələrindən qurtulmaq üçün nə zülmlər adlamışdı. Dağ adamlarının nəfəs təntidən isti bölgələrdəki “binələri çadır-çadır” sığınacaqlarda, vaqon evlərdə yaşaması müharibənin həyatımıza gətirdiyi acı reallıq idi

Cəbrayıl rayonunun Horovlu kəndində dünyaya gəlmiş, doğma kənd məktəbini, daha sonra universitetin filologiya fakültəsini bitirib ədəbiyyat aləminə qədəm basan Şövkət Zərin yaradıcılığının ilk dövrlərindən Qarabağ mövzusuna üstünlük vermişdi. Şövkət xanım deyir ki, “mənim qəhrəmanlarım arasında qanlı 90-cı illərin ağırlığını çiynində daşıyanlar, o dövrün məşəqqətlərinə mətinliklə sinə gərənlər, taleyi nahamar, tərsinə gələnlər də az deyildi. Nə yaxşı ki, şərəfini, qeyrət və ləyaqətini keşməkeşli zamanın, üz-üzə qaldığımız dəhşətli müharibənin sınağından üzüağ çıxara bilənlər daha çox idi.”

Tam yəqinliklə demək olar ki, Şövkət xanımın hələ 90-lardan üzübəri yazdığı Qarabağ həsrətli şeirləri də oxucular tərəfindən maraqla qarşılanıb. İndi ixtiyar çağlarını yaşasa da, onun daha çox üz tutduğu janr poeziyadır və istər savaş mövzusunda olsun, istərsə də digər mövzularda yazdığı nəzm nümunələrində həyat həqiqətlərinə bənzərsiz yanaşma, özünəməxsus baxış bucağı var.

Arazın sahilində böyüyən, soydaşlarımızın həmişə o taya həsrətlə baxdığı, ayrılıq timsalına çevrilmiş bu başıbəlalı çayın sularına göz dikməkdən doymayan, sonralar isə yaşadıqları faciələri müşahidə edən Şövkət xanım  söz açdığım romanına münasib bir  ad seçib: “Arazdan gələn səslər.”

Cəbrayılın kəndləri odlara qalananda bu yurd yerimizin də ah-naləsi göylərə bülənd oldu. Fəqət kimsə bu fəryadı, ah-naləni eşitmirdi. Güllə yağışına tuş gələn insanların ən ağır məqamda dadına yetən Araz çayı oldu. Yüzlərlə insan faciəsinin şahidi idi dərdli Araz. Sirri pünhan qalan didərginlərin dəryaca kədərinə, qüssəsinə sığınmış, nicat yolu olmuşdu Araz çayı. Erməni millətçilərin tapdağında qalan, odu söndürülüb, külü sovrulmuş kəndlərimiz işğal edilmiş, elatı pərən-pərən düşmüşdü.

Torpaqlarımız erməni quldurlarla mərdliklə döyüşən igidlərin qanına bələnmişdi. Qan izləri Arazın sahillərində də sezilirdi. İsti ev-eşiyini sonadək tərk etməyən, nəhayət, əlacsız qalıb balalarını və ömür-gün yoldaşını qurtarmağa cəhd edən ailə başçısı Süleymanın ölümü əsərin ən üzücü səhnələrindəndir. Onun övladı gənc Rəsulun fədakarlığı da oxucunun gözü önündən çəkilmir. O, atasının cəsədini iztirab içində qovrulan anasının öyüdü ilə çox çətinliklə gur sulu, dalğalı Arazın o tayına keçirir. Qaçaqaç düşəndə, dar macalda körpəsini unudan gənc ananın – Gülnarın faciəsi də təsirli bədii lövhələrlə əks etdirilib. Yazıçı, romanın əsas qəhrəmanlarından olan, boş qalmış evinə dönüb olmazın acılar yaşayan Teymur müəllimin xarakterini, torpağını, millətini hətta ailəsindən belə əfzəl bilən, əlində silah döyüşərək, yurd yerini qoruyan rayon milis rəisinin vətəndaş missiyasını bu personajların iç dünyasına baş vurmaqla açıb göstərir. Müəllif həyatın sərt eniş-yoxuşuna, yaşadığı hərb qovğasının burulğanlarına tuş gələn müxtəlif insan talelərindən bəhs edir. Xarakterlərin səciyyəvi cəhətlərini fərqli ədəbi prizmadan, həm də yazıçı təxəyyülünün bədii izharıyla çatdırır.  

Qələm sahibi bu çoxplanlı nəsr əsərində həyat gerçəklərinə sadiq qalaraq, baş qəhrəmanlarının timsalında narahat dünyamızın əzəli-ədəbi dəyərlərini xatırladır, əks etdirdiyi olaylarla bağlı düşüncələrini, hiss və duyğularını bölüşür. Şövkət Zərin xalqımızın mübarizə əzmini, həmçinin mərdliyini, dürüstlüyünü, müdrikliyini, əyilməzliyini müsbət obrazların simasında üzə çıxarır. Müəllif erməni quldurların vəhşiliyini, onların əsir və girovlarla amansız rəftarını, gavurların əlinə keçmiş qız-gəlinin müsibətini tükürpədici dəlillər, faktlarla təsvir edir. Bizim ordu komandirlərindən biri isə əsir düşən erməni qızının namusuna toxunmaq istəyən əsgərə təpinərək, hətta üzərinə silah çəkərək ona yerini göstərir.

İnadkar yazıçının erməni vandalizminə qarşı mübarizəsi əsər boyu bütün ciddiyyəti və kəskinliyi ilə davam edir, faciələr ard-arda bir-birini izləyir və hər birimizi qisas havasına kökləyir.

Yazıçının zəngin yaradıcılığı ədəbi cameənin diqqətindən kənarda qalmayıb. Görkəmli ədəbi tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusiflinin fikrincə, “Şövkət xanımın təsvir etdiyi hadisələr inandırıcıdır, bu da müasir roman üçün başlıca şərtlərdən biridir. O, qaçqın düşən insanların əzablı günlərini, məşəqqətli anlarını, psixoloji sarsıntılarını verməyə çalışır, eyni zamanda, o çətin günlərdə cavanların, intiqam hissilə coşub-daşan soydaşlarımızın mübarizə əzmini də təsvir etməyi unutmur... Yalnız canlı müşahidələr, inandırıcı faktlar əsasında qələmə alınan əsərlər... böyük “Qarabağnamə”nin sırasına qatılacaq. Şövkət xanımın romanları da bu sıradandır.” Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyliyə görə, “Arazdan gələn səslər” həm də tale romanıdır. Əsərdə məğlubiyyət acısı, köçkün, qaçqın taleyi, qadın və qızlarımızın öz namuslarını qorumaları üçün canlarından keçmələri, Arazın sularında qərq olmaları, erməni əlinə düşən soydaşlarımıza verilən işgəncələr onların ürəkparçalayan harayı ürəkağrısı ilə təsvir edilmişdir.”  “Ədəbiyyat qəzeti”nin baş redaktoru, tənqidçi, publisist, araşdırmaçı alim Azər Turanın fikrincə isə “Qarabağ ağrısına Şövkət Zərin qədər estetik  biçim verən, bu ağrını incə bədii libasa bürüyən qadın şairlərimiz azdır”.

Romanın bir məziyyətini də vurğulamaq istərdim. Müəllif neçə müdhiş hadisənin şahidi olmuş, illər boyu keçilməz, mübhəm qalan   Xudafərin körpüsünü canlı bir obraz ucalığında təqdim edir.  Arazın “qum ilə doyurulmuş” lilli suları isə, əvvəldə dediyim kimi, mühasirəyə düşən, qurtulmaq istəyən əliyalın əhalinin  xilas yoluymuş.

Nə mutluyuq ki, Xan Arazın səsi-ünü qeybə çəkilmədi, itib-batmadı. Otuz il öncə mənfur düşmənlə savaşda məğlubiyyət acısı yaşayan oğullarımız sınmadı, əyilmədi. Əsərin sonunda əsgərlərimizin Horadizi yenidən geri almasından söz açan Ş.Zərin əsir düşən yurd yerlərimizin tezliklə işğaldan azad olunacağına ümidini ifadə edirdi.

Əsərin parlaq obrazlarından olan, II Dünya müharibəsində həlak olmuş Vəlinin nəvəsi igid Kamran Birinci Qarabağ savaşında şəhid olsa da, onu qardaşı Kənan əvəz edir. Bu faktın özü millətimizin qəhrəmanlıq rişələrinin dərinlərə kök atmasının, Vətəni qorumaq üçün “bir ölərik, min dirilərik” gerçəkliyinin izharıdır. Əsər bu fikirlərlə bitir: “Səhər günəşinin şəfəqləri onların yolunu, arzudolu ömür-günlərini bürüyürdü. Elə bil ki, hər tərəfdə susan sükut oyanıb onlara qələbə nəğməsini oxuyurdu: “Marş irəli, marş irəli, Azərbaycan əsgəri!”

Qeyd edim ki, Şövkət Zərin çağdaş günümüzdə də aktual olan bu romanını ötən il təkrar nəşr etdirib. Əsərə ön söz yazan tanınmış qələm sahibi, nasir və şair Musa Ələkbərlinin fikrincə, “Arazdan gələn səslər”  amansız faciələr romanıdır. Əsəri oxuduqca bir-birindən gərgin hadisələr burulğanına düşür, əzablara düçar edilmiş bir xalqın xüsusi qəddarlıqla, düşmənçiliklə öz doğma yurd-yuvasından perikdirilməsinə, didərgin düşməsinə qəzəblənir, yumruğunu düyünləyir, “qisas” deyə üsyan etmək istəyirsən.”

Düyünlənən dəmir yumruğun intiqam davası isə cəmi 44 gün çəkdi. Hədəfləri sərrast seçən Sərkərdəmiz, müzəffər ordumuz, rəşadətli əsgər və zabitlərimiz düşmənin başını əzərək, xalqımıza Qələbə sevincini yaşatdı. Yazar xanımın doğulduğu Cəbrayıl, habelə Zəngilan, Füzuli, Qubadlı, Ağdam, Qarabağımızın ürəyi olan Şuşamız və digər yurd yerlərimiz işğaldan qurtuldu. İndi bu müdrik çağlarında Şövkət Zərin Horovlu böyük şövqlə zəfər şeirləri yazır, sərhədlərimizin dirəyi, canlı sipər olan yenilməz oğullarımızın dastanlara sığmayan hünərini öyüb vəsf edir.

 

Zemfira Məhərrəmli

yazıçı-publisist

Ədalət .-2024.- 9 may,¹16.- S.12.