DAD
Ölümün də “öz dadı” var deyirlər,
Deyirlər ki, yaşamaqdan yorulanda-
Adamlar ölür beləcə...
Necə? Ya gecənin birində,
Ya sübhün ən gecində,
Hər necəsə, adamlar yaşamaqdan-
Yorulanda ölürmüş sən demə...
Bəs ölümün dadını-necə bilir
sağ olanlar?!
Göz yaşının dadanlar, bəlkə elə
bilirlər-
Ölüm də belə dadır...?!
Yoxsa hardan bilsin axı,
ölümü dadmayanlar-
Necə dadı var ölümün...?!
Mən belə də yaxşıyam...
Küçə-küçə azalıram, döngə-döngə
yoruluram,
Hər gün bir az da yox oluram, bir az da itirəm
hamıdan...
Əvvəl məni axtaranlar, indi heç itirmirlər,
Mən də heç soruşmuram, guya heç nə
bilmirəm...
Halbuki yerim bəlli, yurdum bəlli adamam,
Nə olsun axtarmırlar, mən belə də
yaxşıyam,
Başımın üstündəki qara buludla dostam,
İndi çoxdan düzəlib-
Ayağımın altında qara torpaqla aram...
Mən belə də yaxşıyam, belə də
darıxmıram,
Ağacların dilindən, küləklərin
halından-
Daha çox anlayıram, daha çox xəbərdaram...
Gecəni gecə kimi, səhəri səhər kimi,
Yaşayıram çox şükür, hələ
ağlım getməyib,
Hələ başım qaçmayıb, mən belə
də yaxşıyam-
Daha heç nə demirəm, daha heç nə
yazmıram-
Özümü eşidirəm, özümü
oxuyuram...
Mən belə də yaxşıyam, inan mənə
qadası,
Saçlarımın ağında, üzümün
qırışında-
Bir az da gözlərimdə, böyümüşəm
deyəsən,
Nə olsun yad olmuşam, nə olsun özgəyəm
mən,
Özüm öz işığıma, izimə
kölgəyəm mən...
Mən belə də yaxşıyam, təzyiqimi
ölçürəm,
Nəbzim yelləncək bilir biləyimdə
damarı,
Məni it də dişləmir, məni vurmur heç
arı,
Bir gileyim də yoxdu, giley edərdim barı...
Soruşsan ki necəsən, bu suala qarşıyam,
Cavabımı bilirsən, mən belə də yaxşıyam...
Küçələr
İlahi, niyə bu şəhərin küçələri
Belə utancaq olur...?!
Kimi gözləyir belə, niyə danışmır
axı,
Bu utancaq küçələri-
Payızda yağış yuyur, qışda küləklər
yorur...
Kövrək baxışlarını sərir ayaq
altına,
Unudulub elə bil, düşüb zalım əlinə,
Ancaq yadına düşür-
Kimsəsiz səfillərin, bir az da axmaqların...
Sual verirəm hərdən,
Niyə yanmır işığı-
Balaca mənzillərin, balaca daxmaların...?!
Hanı bu küçələrin xatirəsi,
yaddaşı,
Hara atıblar görən, ayağa dəyən daşı?
Utancaq uşaq kimi, qısılıbdı bir yana,
Hələ ki, sözə baxır, hələ
çıxmır sıradan,
Bu küçələr axırda bezəcəkdi
hamıdan,
Bir gün yır-yığış edib,
çıxacaqdı aradan...
Tural Cəfərli
Ədalət .-2024.- 17 may,№17.- S.13.