Bir ömrün
halallıq simfoniyası
El ağsaqqalı Sabir Xammədovun 75 illiyinə
İnsanın bir şəxsiyyət kimi əsl dəyəri
onun kamilliyi ilə ölçülür. Böyük Nizami Gəncəvi
də bu kefiyyəti hər cür
yarımçıqlıqdan uca tutub.
Davranışları insanpərvərliklə
yoğrulanlar yaşadıqları ömrü bada vermir, el-oba
arasında hörmət-izzət sahibi olurlar. Onlardan biri də ömrünün
75-ci baharını yaşayan Sabir Yaqub oğlu Xammədovdur.
1949-cu ilin mayın 19-da Biləsuvar rayonunda sadə, zəhmətkeş
ailədə dünyaya göz açan Sabir Xammədovu tale
uşaq yaşlarından müstəsna bir yolun yolçusu
olmağa qərar vermişdi. Amma bu yol
ağrı-acısız ötüşmür. O, 13
yaşında ikən atasını itirir. Bundan sonra gənc
Sabir özündən
böyük müəllim qardaşının himayəsində
böyüyür. Sonralar həyat Sabir müəllimi vəzifələrlə
də, sərvətlə də imtahana çəkib, amma onu
insanpərvərliyindən, həssaslığından
uzaqlaşdıra bilməyib.
Rahatlığı el-oba üçün
çalışmaqda, savab işləri ilə adamlara
könül xoşluğu bəxş etməkdə
görüb həmişə. Elə buna görə də
indi – vəzifə, mənsəb atından düşəndən
xeyli sonra da el içində alnı açıq gəzir,
etdiyi xeyirxahlıqlar qədirbilənliklə xatırlanır.
Peşəsi müəllimlik olmayıb onun. Amma
qazandığı xətir-hörmət sayəsində “Sabir
müəllim” deyə çağrılır. Ömür yolunu vərəqlədikcə
zəhmətlə yoğrulan, mübarizələrlə mətnləşən
əzəmətli bir həyatın şahidi olursan.
Yaşının kamillik çağındadır, deyir ki,
qocalıq müdrikliyə gedən yolun zivəsidir, bu zivədən
keçmişə boylandıqca fərəhlənə bilirsənsə,
demək, hədər yaşamamısan. “Vəzifələrdə
olan zaman hər hansı qərarı verərkən
vicdanımla hesablaşdım və bu gün səlahiyyət
sahibi olduğum illərlə fəxr edirəm, gözüm
kölgəli deyil”.
Müstəqillik dönəmimizdə Biləsuvar Rayon
İcra Hakimiyyətinin ilk başçısı olub. Həmin
dövrədək də rayona rəhbərliyi keçmiş
sovetlər birliyinin rayon partiya komitəsinin 1-ci katibi olaraq edib. Sabir müəllim Kənd Təsərrüfatı
institutunu baytarlıq ixtisası
üzrə bitirdikdən sonra - 1971-ci ildən kolxozda əmək
fəaliyyətinə başlayıb.Elə o vaxtdan, necə
deyərlər, özünü əsl təsərrüfat
adamı kimi göstərə bilib.
Çalışdığı “Əzizbəyov” adına
kolxozunun fermasında mal-qara arasında kəskinləşən
ölüm hallarına qarşı düz 8 il
çırmanıb mübarizə aparıb. İşinə
sevgisi və məsuliyyət hissi sayəsində uğura nail
olub. Partiya sıralarına qəbul edilib və kənd sovetində
gənc deputat kimi təmsil olunub.
O, fəaliyyət göstərdiyi həmin dövrlərdə
iki dəfə kənd sovetinin,
dörd dəfə rayon sovetinin və bir dəfə Azərbaycan
Respublikası Ali sovetinin deputatı seçilib.
Ötən əsrin 80-ci illərində Azərbaycanın
kolxoz və sovxoz təsərrüfatları heyvandarlıq və
quşçuluğun inkişafı dövrünü
yaşayıb. Ayr-ayrı təsərrfatlarda
araşdırmalar aparılarkən Sabir Xammədovun təcrübəsi
qiymətləndirilib və o bundan sonra rayonun baş baytarı
vəzifəsinə irəli çəkilib. Ardınca isə
düzgünlüyü, prinsipiallığı, bilik və
bacarığından irəli gələn keyfiyyətləri əsas
götürülərək, rayon Xalq nəzarəti komitəsinin
rəhbərliyinə irəli çəkilib. Bu vəzifənin
10 illik uğurlu icrasından sonra, daha yüksək
kürsüyə- partiya komitəsinin 1-ci katibliyinə
yüksəlib.
…1990-cı illərin əvvəllərində
müstəqilliyə doğru inamla addımlayan ölkəmizdə
keçid dövrünün ciddi problemləri, müharibənin
alovlanması, siyasi hərc-mərclik idərəetməni
xeyli çətinləşdirir. Belə bir şəraitdə
Sabir Xammədov rayonun kənd təsərrüfatında geriləmənin
aradan qaldırılmasını ciddi nəzarətə
götürür. Bilir ki, məhsul istehsalında yaranan
durğunluq qısa zamanda aradan qaldırılmasa, bir müddət
sonra sosial problemlərin miqyası genişlənəcək.
ölkədə anarxiyanın baş alıb getdiyi
1990-1992-cı illərdə məhz onun gözütoxluqla,
halallıqla, bir çoxlarınan fərqli olaraq, fürsətcillik
etmədən həyata keçirdiyi məqsədyönlü
tədbirlər nəticəsində,rayonda taxıl
istehsalı ilk dəfə 47 min tona çatdırılır.
Pambıqçılıqda iki il ardıcıl olaraq, dövlət
planı ilk sırada yer alır.
Bunun üçün, çətin suvarma şəraiti
olan Biləsuvarda (keçmiş Puşkin) 15-ə yaxın
yeni nasos stansiyası istismara verilir. İlk dəfə, çəltikçikçiliyin
inkişafı üçün Çindən mütəxəssislər
dəvət olunur... Beləcə, təsərrüfat həyatında
dönüş yaranır.
O, rayona rəhbərlik etdiyi illərdə təhsil, səhiyyə,
mədəniyyət və xidmət təşkilatlarının
mükəmməl fəaliyyəti üçün
aidiyyatı dövlət qurumlarına
ünvanladığı 100-dən çox müraciətində
cəsarətli tələblər irəli sürüb. Biləsuvardakı
bir çox məktəblər üçün yeni
binaların tikintisi həmin böhranlı günlərdən
yadigardır. Rayonda bu gün də aktuallığını
itirməyən, yerli xammala əsaslanan
istehsalyönümlü lahiyələrin
reallaşdırılması da Sabir müəllimin ən
ümdə arzu və istəklərindən idi. Qısa
müddətdə bu da əlçatan olub. O, həm də Biləsuvar dolama
avtomobil yolunun, dəmir yolu xəttinin çəkilməsi ilə
bağlı layihə-smeta sənədlərinin
hazırlanmasına nail olub həmin dövrdə. Ən
ümdə arzularından biri pambıq-əyirici sexinin
tikintisi idi. Onun da bünövrəsini
Sabir müəllim qoymuş, toxucu fabrikin ilk sexinin Səmədabad
kəndində açılışına nail olmuşdur.
1990-cı illərin əvvələrində onunla
rayonun idarəetməsində çalışan, ağsaqqal
Akif Kazımovun dedikləri:
Sabir Xammədovun rayona rəhbərlik etməsi
çox çətin dövrə təsadüf edib. Bildiyimiz
kimi, həmin illər ölkəmizdə içtimai-siyasi
sabitlik qeyr-qənaətbəxş olduğundan, idarəçilik
xeyli çətin olub. Buna baxmayaraq Sabir müəllimin zəngin
təcrübəsi, fərdi idaretmə bacarığı sayəsində
bir çox problemləryoluna qoyulub. 1991-cı ildə Mərkəzi
Komitənin katibi ilə görüşdən sonra Biləsuvar
Gömrükxanasının yaradılmasına da o nail oldu.
Özünü deyil, camaatı düşünən adam kimi
tanınıb bizim Sabir müəllim.
Bəli, insanın öz eli, obası
qarşısında göstərdiyi xidmətlərinin ən
böyük mükafatı qəlblərdə özünə
taxt-tac qurmasıdır. Bütün fəaliyyətində,
xidmətlərində əsl vətəndaşlıq
yanğısı ilə çalışan, yaşayan Sabir
Xammədov məhz bütün şüurlu ömrünü
dövlətçiliyimizə, doğma rayonunun tərəqqisinə
həsr edib. Sabir müəllim “Soruşma Vətən sənin
üçün nə edib, özündən soruş ki, Vətənin
üçün nə edə bilmisən?” -şüarı ilə
yaşayıb, yaradıb. İllərini mövcud problemlərin
aradan qaldırılmasına sərf edib. Dövlətçiliyə,
xalqa ürəkdən bağlılıq bu insanın qəlbinin
dəriliyindən süzülüb gələn həyat qayəsidir
desək, yanılmarıq...
Deyir ki, doğma Biləsuvarın adı ilə
bağlı nə varsa, bizim adımızdır.
Çalışmalıyıq ki, fəaliyyət göstərdiyimiz
sahədə insanlıq hər zaman uca mərtəbədə
dayansın. Xeyirxahlıq, təəssübkeşlik, mərhəmət
ən ali məqsədimiz olmalıdır!
Azərbaycan Respublikasında ilk bələdiyyə
seçkiləri 12 dekabr 1999-cu ildə keçirilərkən
Biləsuvar özünüidarə orqanına məhz belə
bir əqidəsi, zəngin idarəçilik təcrübəsi
olan, əhalinin qayğılarını dərindən bilən
Sabir müəllimin üzv kimi namizədliyi mütəşəkklilliklə
irəli sürüldü. Sonradan oradakı məhsuldar fəaliyyəti
ilə özünü təsdiqləyən S. Xammədov bələdiyyədə
sədr müavini və sədr vəzifəsinədək
yüksəldi.
Bu illər ərzində özünü son dərəcə
bacarıqlı təşkilatçı və
qayğıkeş rəhbər kimi tanıtdı o. Başqa
cür ola da bilməzdi. Axı, özünün dediyi kimi, bu
xalq, cəmiyyət elə onun öz
ailəsidir. Ailə isə yalnız səmimiyyətin və
fədakarlığın ahəngdar birliyi təqdirində
yüksəlməyə və uzun ömür yaşamağa
qadirdir. Ailədən söz açmışkən, Sabir
müəllim həm də gözəl ailə
başçısıdır. Ömür-gün
yoldaşı Svetlana xanımla əl-ələ, nəfəs-nəfəsə
4 qız, 1 oğul böyüdüb boya-başa
çatdırıblar. Övladların ali təhsil alması
üçün də valideyn borclarını yerinə yetirblər.
İndi onlar həm də övladlarının barı-bəhəri
ilə öyünür, nəfəs alırlar. 11 nəvənin sevimli babası, nənəsidir,
Sabir müəllimlə Svetlana xanım..
Yaşadığı cəmiyyətdə hörmət,
nüfuz sahibi olan dəyərli Sabir müəllim
ömrünün saf havalı kamillik zirvəsinə gəlib
çatıb. Burada rahat nəfəs ala bilirsə, deməli,
xoşbəxt insandır. Çünki o, böyük həyat
təcrübəsi, nəcib davranışları, yüksək
mədəniyyəti, sadəliyi ilə hamının hörmətini
qazanıb. Ələlxüsus ötən illər ərzində
özünün bir xarakterik cəhətinə sadiq qalıb:
onu əhatə edən sosial mühitdəki dəyişikliklərdən,
bəzən də özünə qarşı olan diqqətsizlikdən,
laqeydlikdən asılı olmayaraq, həmişə ləyaqətini,
ədalət hissini qoruya bilib. İnsana şərəflə
yaşanan bir ömür də kifayətdir, – deyib həmişə.
Sabir Xammədov məhz belə
bir ömür yaşayır.
Mənalı ömrün daha da uzun olsun, ağsaqqal!
Surxay ŞAHBAZOV, jurnalist
Ədalət.- 2024.- 24 may,¹18.-S.11.