DOST HAVASI  

 

 

Bir anlıq  bu dünyadan, ətrafımdan, lap elə özümdən də ayrılıb, çəkilirəm bir küncə. Və başlayıram düşünməyə… Kiməm? Nəçiyəm? Və ən vacib kimlər üçün kiməm....

Bax bu sual o qədər ağırdır, o qədər tutumludur və o qədər də insanı məhşər ayağına çəkəndir ki, ona ağızucu ötəri, el dilində desək, miyanə cavab vermək xilas yolu deyil. Əksinə  bu ağrırlığın kirkirə daşında ovulmaq və həmin prosesə də dözmək hünər istəyir. İndi neyləyim ki, zaman xüsusilə, onun maddi tərəfi canımızda hünər qoymayıb qalsın. Hər addımda, hər təmasda bir- birimizə ünvanladığımız “necəsən” sualı bütünlüklə əhəmiyyətini itirib. Çünki mahiyyətcə hamımız eyni cürəyik. Hamımız eyni havanı oyanyırıq. Amma nə yaxşı ki, hərdən Allahın bizə rəhmi gəlir. Bir udumluq təmiz hava qismət edir -  Bu DOST havasıdır!!!

Səni sənin qədər duyan, səni özü qədər dəyərləndirən və səni özü kimi   uca tutan dost! Hər zaman eşitdiyimiz, hətta məclislərdə masabəyilərin dil boğaza qoymadan  dedikləri hecaya bölünməyən DOST  sözü əslində bizim fərd olaraq ən böyük qazancımızdır. Rəhmətlik şairimiz, professorumuz və müəllimimiz Famil Mehdinin məşhur bir şeiri var. Şeirin məzmunu belədir ki, ana oğlunu hamıdan güclü, hər şeyə qadir hesab edir. Az qala bütün Azərbaycanının onun içərisində Qarabağın, nəhayət yaşadığı kəndin problemlərini çözməyi oğlundan istəyir. Sonda oğul etiraf edir ki, ana, bu dediklərinin içində yalnız bir məsələdə sənin istəyini gerçəkləşdirə bilərəm. O da dostuma deyə bilərəm ki, sənə mənim qədər yardımçı olsun. Səninlə maraqlansın, odununu doğrasın,təndirinə şax gətirsin… Bax bu mənada mən öz tərcümeyi-halımı başdan-ayağa min dəfə də oxusam, həmişə bir nöqtədə dayanıram. O da dostdur. Məni mən edən dost, mənim mən olmağımda hava-su və ən vacibi mənəvi güc olan dost! Onlarla varam, onlarda var olduğuma özüm kimi ailəm də inanır.

Elə bu gün həmin dostlarımdan biri barəsində tələsərk olsa da ürəyimdəkilərin müəyyən cizgilərini ona pıçıldamaq istəyirəm. Demək istəyirəm ki, SƏNİ gec tapsam da, tapdığım ana şükürlər əbədidir. Bu tanışlığın kökündə ədəbiyyat dayanır, poeziya dayanır. SÖZ dayanır. Mətbuatda qarşılaşmışam, oxumuşam və ağlıma da gəlməyib ki, günlərin birində  bu qiyabı təmas əyani təlabata çevriləcək.Ürəyim, ruhum səni soraqlayacaq, səni axtaracaq. Görünür, ürəyin istəyi gec də olsa öz təsdiqini tapır. Yəqin bu istəyin mayasında Allahdan gələn halal, təmənnasız niyyət- məram əsas şərtdir. Ona görə də Allah o təmənnasızlığı, o halalllığı dəyərləndirir…

Günlərin birində şair dostum, ustad qardaşım İsmayıl İmanzadə ilə ötən günlərimizdən danışırdıq. Köçkünlüyün ağrılı və ağır zamanlarını çözürdük. İsmayıl müəllim  dedi ki, həyatda sözə, ədəbiyyata qiymət verən adamlar olub və bu gün də var. Belə ki, Mingəçvirdə məskunlaşanda qarşılaşdığım bir məmur sözə o qədər həssaslıqla münasibət bildirdi ki, biraz çaşdım. Sonra əlaqələr genişləndi. Gördüm ki, Ramiz Göyüş təpədən dırnağa söz adamıdır. Azərbaycanın kalssik poeziyasından, aşıq yaradılığından tutmuş bu günə qədər olan ən ünlü isimlərin şeir nümunələrini elə xırdalayır ki, sanki bir filoloq-alimlə söhbət edirsən.

Doğrusu bu məqamda  söhbətimizə qoşşulan professor, alim ruh dostum Rüstəm Kamal da kimdən söhbət getdiyini eşidən kimi dedi:

-Ay qağa, Ramiz əsil söz adamıdır. Bizim dostumuzdur. Onda məmurluqdan əsər-əlamət yoxdur.

Bax həmin məqamda mən Ramiz Göyüşü qiyabi tanıdğımı, yazılarını oxuyub, imzasını izlədiyimi deyəndə şair qardaşım İsmayıl İmanzadə əlini çiynimə vurub gülə-gülə əlavə etdi:

-Qağa, bu axşam saat 6-da görüşümüz var. Sən də bizimlə gedəcəksən. Orda sizi  bir- birinizə təqdim etmək missiyası bizim üzərimizə düşür…

Bax beləcə başladı tanışlığımız. Saatlarla davam edən o görüşdə biz az qala bütün ədəbiyyatı vərəqlədik. Dünənin, bu günün söz adamlarını yada saldıq. Dünyasını dəyişənlərə rəhmət oxuduq. Həmin gecə bir dost qazamdığıma, bir dost tapdığıma daxilən inandım…

O zamandan illər keçib. Dəfələrlə görüşmüşük. Həmsöhbət olmuşuq. Bir- birimizin sevincli- kədərli anında bir araya gəlmişik. Telefon söhbətlərimiz olub.. İnanın ki, bunların heç birində  o  tutduğu rəsmi vəzifəsini hiss etdirməyib. Yalnız sözün işıqlı tərəfini məharətlə, ustalıqla hopdurub canıma.

Hərdən öz- özümə düşünmüşəm ki, Ramiz Göyüş lap əzəldən söz yaradıcılığıyla, araşdırma ilə məşğul olsaydı, bəlkə də ədəbiyyatımız daha çox qazanardı. Təbii ki, bu şəxsi fikrimdir. Bunun nə Ramiz müəllimə, nə də kimlərəsə diktə etdə bilmərəm. Necə deyərlər, içimi gizlədə bilmədim, düşündüyümü dilə gətirdim.  Çünki, Azərbaycan oxucusunun , ədəbi-ictimayətin  yaxşı tanıdığı Ramiz Göyüş özünün  publisistik düşüncələri, eləcə də ədəbi yaradıcılığı yəni, ortaya  qoyduğu hər bir yazı nümunəsi ilə  dərhal diqqəti çəkir. Həmin nümunələrədə ürək var, səmimiyyət var... duyğu var. Və Ramiz müəllimi  məhz  həmin o qeyd etdiyim ürəyin, duyğunun, səmimiyyətin işığında özünün mükəmməl fikrlərini oxucuya çatdırır. Portret yazılardan tutmuş xatirə yazılara, eləcə də ictimai-siyasi mövzulara da Ramiz Göyüş yanaşması özəl baxışdır. Ona görə də diqqəti çəkir və  yadda qalır. Oxucu vaxt itirmədiyinə sevinir. Bax bütün bu nüansların hər biri mənimlə Ramiz Göyüş arasındakı dostluq körpüsünün dayaqlarıdır. O körpüdən səmimiyyətlə, ürəklə, duyğularla eləcə də olduğun kimi keçmək, gördündüyün kimi olduğunu təsdiqləyən bir həyat gerçəkliyidir. Yəni harda, hansı şəraitdə, hansı əhvalda olmağından aslı olmayaraq, Ramiz Göyüş mənim üçün sinəsi sözlə dolu, ürəyi sevgiylə döyünən, əlləri isə bərk- bərk tutub dostluğu davam etməyə güc verən kişi əlidir.

 Bu günlərdə Ramiz müəllimin 70 yaşı tamam oldu. Mən onun haqqında düşündüklərimi, içimdəki yaşantıları yazmağa özümü nə qədər kökləsəm də istədiyimi ifadə edə bilmədim. Çünnki o mənim yazmaq istədiklərimdən çox yüksəkdədir. Elə həmin yüksəklikdə qalmanı Allahdan diləyərək, bir- birimizə olan səmimiyyətlə sadə bir söz demək istəyirəm:

- Sizi necə tanımışam, necə tanıyıram və necə də tanıdacam, elə də 100 yaşayın, Qardaşım Ramiz !

 

ƏBÜLFƏT MƏDƏTOĞLU

Ədalət .-2024.-13 sentyabr (¹35).- S.8.