Sözlə musiqinin əkizliyi
...
Bu bir həqiqətdir ki, sözlə musiqi həmişə
bir-birini tamamlayıb. Ona görə də söz olan yerdə
musiqinin, musiqi olan yerdə sözün at oynatması təbiidir.
Təbii olan isə həmişə
ruh oxşayır, könül sevindirir. Bax, bu mənada hər
dəfə kökləndiyim musiqinin sözünü də
özümdən asılı olmadan gözüm,
könlüm axtarıb tapır. Yəqin ki, siz də beləsiniz.
Əgər bir anlıq gözümüzü yumub həmin
musiqini dinləsəniz, o səsin də sizin yanınızda
olduğuna, sizinlə çiyin-çiyinə
dayandığına əmin olacaqsınız... Yəqin ki,
Seyran Səxavətin xanəndələrimizin, müğənnilərimizin
ifasında səslənən şeirlərini dinləmisiniz. Və
onun musiqiyə necə yatdığını da hiss edib
yaşamısınız.
Bugünlərdə Seyran Səxavətin ilk kitabı
diqqətimi çəkdi. Əl boyda olan kitabı vərəqləyəndə,
yəni «Mənim planetim»lə tanış olanda yenə həmin
musiqinin kitabxanama axıb gəldiyini hiss etdim və elə həmin
ovqatla da «Bir şairin bir şeiri» layihəmin mövzusunu
tapdım. Bu mövzu da Seyran Səxavətin «Həzin-Həzin»i
oldu. Şair yazır ki:
Tarını götürüb düşdün
canıma,
Nidalar gözümə göründü, qardaş.
Xallar damarımdan keçib qanıma,
Bütün bədənimi süründü,
qardaş.
Misralar tarın sədaları altında artıq mənim
də içimdə sürünürdü, məni də
çəkib aparırdı o simə tərəf, o barmaqlara
tərəf, o avaza tərəf və elə bilirdim ki, həqiqətən
o tarı sinəsinə sıxan adamla, o ifaçı ilə
üz-üzə dayanmışam. Hətta onun
başını tara necə söykədiyini, gözlərini
necə yumduğunu hiss edirəm, görürəm. Və bu
ovqat da məni sözün meydanına tərəf çəkir.
Həmin an böyük xanəndəmiz, mərhum və
unudulmaz İslam Rzayev
yazılmış misralarımı
düşünürəm. Elə bilirəm ki, o tarın sədasında
bu misralar da ruha xoş gələr:
mən bu səsin işığını
görürəm
bu səs mənə təbiəti göstərir.
kol dibinə sığınaraq gizlənən –
toxunmadan, bənövşəni göz dərir...
Bilmrəm, siz indiki anda nə
düşünürsünüz, nəyi
xatırlayırsınız. Amma mən elə bilirəm ki,
Seyran Səxavətin misralarının yaratdığı
ovqat, barmaqların simə verdiyi dəyər indi o qədər
yerinə düşübdür ki, orada saatlarla oturub qalmaq, xəyala
dalmaq mümkündür və xəyal da qanadlandıqca istər-istəməz
İslam Rzayevin səsi də gəlib tapacaq səni.
Çünki onu arzulayırsan, onun işığına
üz tutmusan. Bunu təkcə mən demirəm. Bunu həm də
Seyran müəllimin misraları deyir:
Tar üstə xəyala elə daldın ki,
Babamın zilini, pəsini duydum.
Sən elə çaldın ki, elə çaldın
ki,
Ötən əsrlərin səsini duydum.
Mən təkcə bugünün səsini, bu anın
ovqatını özümə kökləmişdim və
özümü də ona təslim etmişdim. Amma Seyran müəllim
ötən əsrin də səsini şeirə çevirib
onu da yaddaşımızın qaranlıq guşəsindən
çəkib çıxarıb işığa. Həm zili,
həm pəsi nur olan o səs yolumuza səpələnib. Və
biz də bu yolla həmin o səsin dalınca getmişik və
gedirik. Ona görə də yazıram:
mən bu səsin gözlərini görürəm
ovsunlayır qəmzəsiynən, nazıynan.
mən bu səsin izlərini görürəm –
vəsf eləmək çətindi bir yazıynan...…
İnanın ki, bu yaşadığım, bu şeirləşdirdiyim
misralar bir reallığın, bir gerçəyin
özüdü, əks-sədasıdı. Xüsusilə,
böyük xanəndənin ifasında dinlədiyim bir az kədərli
notlara köklənən «Mən dünyada olmayanda» nəğməsi
məni əməlli-başlı özümdən alır. O
səs də, o ifa da mənim üçün möcüzəyə
çevrilib. Bu sirlər dünyasında həm səsin, həm
musiqinin təsiri ilə axtardığın gözün,
gülün, çiçəyin özünü görmək
və bir də sənə o musiqini təqdim edənin
baxışlarını oxumaq, qəlbinin
döyüntüsünü duymaq, Segah, Şur ovqatı
yaşamaq necə də gözəldir. Bunun da gözəl
olduğunu bir az da dəqiqləşdirsəm, o gözəlliyin
yaşanmasının zərurətini də Seyran Səxavət
deyir mənə, eləcə də sizə:
Gül, gülən gözündə şimşəklər
çaxsın,
Mizrabı tellərə vur həzin-həzin.
Bu elin qəlbinə süzülsün, axsın,
Segah həzin-həzin, Şur həzin-həzin.
Həqiqətən, Şurun da, Segahın da həzinliyində
sözün gözəlliyi də, yatımı da adamın
şah damarına qədər işləyir. Elə bilirsən
ki, o sözü də sən yazırsan, sən deyirsən.
Bax, bu balanslaşdırma, bu tarazlıq az qala adamın
ayağını yerdən qoparır. Və sənin ruhunla
birlikdə, cismin də fəzada ən gözəl bir məkanda
qərar tutur. Orada səni işığına getdiyin səs
qarşılayır. O səs də İslam Rzayevin səsidir:
mən bu səsin əllərini görürəm
qarışdırır, sığallayır
saçımı.
mən bu səsi köynək kimi geyirəm –
unutdurur kədərimi, acımı.
Deyə bilərsiniz ki, burda mən bədii
sözün gücünə söykənmişəm. Necə
deyərlər, şairlik eləmişəm. Amma bütün
hallarda yenə təkrar edirəm ki, İslam Rzayevi dinləyəndə,
Dədə Süleymanın səsinin içərisində
olanda mən həqiqətən səsin əlini,
ayağını da, yəni bütün vücudunu görə
bilirəm. Lakin bilmirəm ki, bunun səbəbi, nədəni
nədir?! Ona görə də lap çox dinləyirəm. O
nədəni tapmaq yolundan dönmürəm. Bu yolda Seyran
müəllimin misraları da köməyimə
çatır:
Bir ölən həsrətim dirilib indi,
Fikirlər beynimi yormaq istəyir.
Sarı sim sərhədtək gərilib indi,
Mizrab o sərhəddi qırmaq istəyir.
Yəqin ki, bu məqamda mənim niyə məhz Seyran
müəllimin misralarının köməyimə
çatdığını söyləməyimin
açmasını tapdınız. Həqiqətən, bir
sevgi həsrəti, bir ömür nisgili, bir sərhəd xətti
kəsir yolumu. O yolu ancaq səs və musiqi keçib gedə
bilir, bir də xəyalım. Elə həmin xəyalla da
indiki anıma, yəni kitabxanamda baş-başa
qaldığım dünyaya qayıdıram. Misralar yenə
öz axarı ilə sıralanır. Bu misralar İslam Rzayevdən,
onun səsindən bəhrələnibdi:
mən bu səsin özü ilə üz-üzə,
danışıram, illər düşür
yadıma.
toxunanda ürəyimə kim isə –
simurq kimi gəlib çatır dadıma!
İnsan ümidsiz olanda saman çöpünü də
axtarır. Kül altdakı qoru da arıyır. Bu mənada səsi
həmsöhbətim olan, nəğməsi ruhumu oxşayan
unudulmaz xanəndəmizin yaratdığı ovqatla Seyran
müəllimin misralarını təqdim etdiyi tarın
işığı qovuşur bir-biri ilə. Həmin kəsişmə
nöqtəsində yenə Seyran müəllimin şeiri
dayanır. Özü də öz səsində, öz təqdimatında:
Bu tarla insanı qardaş, mənə bax,
Oxşamaq da olar, yormaq da olar.
Tarçının ürəyi sinəsində yox,
Tarçının ürəyi barmaqda olar.
Bu, bir həqiqətdir. Özü də Seyran Səxavətin
möhürlədiyi həqiqət. Bütün musiqi bilənlər
hər zaman vurğulayırlar ki, ifada barmaqlar şərtdir –
barmaqlar danışa bilirsə, onda ifa dipdiri olacaq, canlı
olacaqdır. Ona bir az da ürəyi, ruhu qatanda özgə bir
aləm yaranacaq. Elə Seyran müəllim də həmin o mənim
yozduğum fikri şeirinin sonunda möhürləyib. Həm mənim
yaddaşıma, həm də oxucuların. Mən də ustada
baxıb böyük xanəndəmizə hələ
sağlığında yazdığım şeirin sonunu belə
tamamlamışam:
mən bu səsin əhatəsi içində
yaşayıram, düşən gündən tilsimə!
gördüyümü yaşadığım
üçün də –
məni dəli saymağa heç tələsmə!
Budur, sözün, səsin, musiqinin təmasından
doğulan yazı. Mən onu kağıza köçürəndə,
daha doğrusu, bilgisayarımız Elnarə xanıma diktə
edəndə həqiqətən o səsi də, o ifanı da,
o məqamı da yaşayırdım. Yanımda tar, yəni
onu ifa edən barmaqlar, başımın üstündə Seyran Səxavət,
gözümün önündə İslam, Dədə
Süleyman... Bir sözlə, musiqili, nəğməli bir
an!..
P.S. Bu yaşamda, nədə səhv etdimsə,
ustadımdan üzr istəyirəm.
Əbülfət Mədətoğlu
Ədalət .-2024.-13 sentyabr (¹35).- S.9.