İlham Qəhrəmanın“Ədəbi
antologiya”sı
Şair İlhnam Qəhrəman müasir şeirimizin
istedadlı nümayəndələrindən biridir.
Özünəməxsus fərdi poetik nəfəsi, dəsti-xətti
oxuculara yaxşı tanışdır. O həm də
araşdırıcıdır, doğulduğu, boya-başa
çatdığı Laçın rayonunda dünyaya göz
açan söz ustalarının təbliği və tədqiqində,
onların əsərlərinin nəşrində xeyli işlər
görüb, bu sahədə birincidir. “Laçın folkloru”,
“Laçın lətifələri”, “Sarı Aşıq”,
“Gül dəftəri”, “Aşıq Alı”, “Nə
qaldı” folklor kitabları onun
tərtibi ilə çap olunub. Bu yaxınlarda isə daha
möhtəşəm bir kitab “Laçın - 100” Ədəbi
antologiya toplusu işıq üzü gördü. Bu topluda
100-ə yaxın Laçınlının şeirlərindən
və nəsr əsərlərindən seçmə nümunələr
toplanıb.
Mən Azərbaycanımızın nadir gözəllik
və təbiət sərgisi olan Laçında bircə kərə
də olmamışam. Amma Laçının yetirmələri
olan insanlarla dostluğum var (elə İlham Qəhrəmanla),
söz ustalarına gəlincə, onların
yaradıcılığı haqqında mətbuatda məqalələrim,
resenziyalarım dərc edilib. Hüseyn Kürdoğlu, Ağa
Laçınlı, Nazim Əhmədli, İlham Qəhrəman,
Vəliş Qaragöl, Nadir Azayoğlu, Rəşad Məcid,
Sevinc Qərib, Səddam Laçın, Polad İlyas, Adil Şirin, Rəfail
Laçınlı (bu şair haqqında bir kitab da şap
etdirmişəm), Fəxri Uğurlu, Şərif Ağayar, Təranə
Vahid, Zeynəb Əliqızı... bu şair və nasirlər
necə deyərlər, mənim ədəbi qəhrəmanlarımdır.
Bir sözlə, mən Laçını bu gözəl
söz ustalarının əsərləri ilə
tanımışam. Və burada tələbəlik illərində
dostluq etdiyim, mərhum deməyə dilim gəlmədiyi Malik Fərruxu
və sözün həqiqi mənasında böyük ədəbiyyatşünas
Şirindil Alışanlını da unutmuram. Allah onların
ruhunu şad eləsin.
Əlbəttə, 100-ə yaxın
Laçınlı şair və nasirlərin şeir və hekayələri
haqqında geniş söz açmaq qeyri mümkündür.
Yalnız bəzi məqamları nəzərə
çarpdırmaq istərdim. Antologiya Laçın şairlərinin
babası hesab olunan Sarı Aşığın
bayatıları ilə açılır. Onun
bayatıları Azərbaycan poeziyasının qızıldan
qiymətli sərvətidir və mən deyərdim Sarı
Aşıqdan sonra heç bir şair bayatı sənətkarlığının
zirvəsini fəth edə bilmədi.
Mən Aşığam, yüz qandı,
Əlli qandı, yüz qandı.
Kəbə yıxmaq bir evdi,
Könül yıxmaq yüz qandı.
Mən Aşıq, qara baxtım,
Ağ baxtım, qara baxtım.
Sinən yadıma düşdü,
Dağlarda qara baxtım.
Mən aşıq gülüstana,
Yar gəlir gülüstana.
Qorxuram yağış yağa,
Qoynunda gül islana.
Azərbaycan təsəvvüf ədəbiyyatının
görkəmli nümayəndəsi Seyid Nigari haqqında
çox az deyilib, az yazılıb. Halbuki, onun həm əruzda, həm də
xalq şeiri formalarında qələmə aldığı
şeirlər tədqiqat üçün geniş söz
açmağa imkan verər. Aşıq Alı, Aşıq
Abbas, Qara Kərim, Aşıq Cəfərqulu – Xalq şeirinin
laçınlı ustadları – onların qoşmaları, gəraylıları
bizə aşıq şeirlərinin gözəlliklərinə
çəkib aparır. Bu klassiklərdən sonra XX əsrin
tanınmış söz ustaları gəlir. Hüseyn Kürdoğlu müasir
şeirimizdə ənənə ilə
çağdaşlığı birləşdirən bir
canlı körpü idi. O, heca şeirinin yeni, mükəmməl
bir zirvəsini yaratdı.
Şəmənlər
qoynunda yatmaq istərəm,
Saçımı çiçəyə qatmaq istərəm.
Körpə yuxusuna batmaq istərəm,
Bulaqlar öyrədib
laylaya məni.
Eşqimi tyğyanlı bir söz eylədin,
Könlümü coğdurub Araz eylədin.
Dürdanə tap dedin, qəvvas eylədin,
Bu sənət deyilən dəryaya məni.
Ağa Laşınlı... Gözəl şair,
gözəl insan, gözəl dost. Onun haqqında
yazdığım bir yazıda qeyd etmişdim ki, Ağa
Laçınlı sanki bir qaya parçasıdır şəhərdə
addımlayır. Ağa Laçınlı şeirlərində
də son dərəcə təbii idi, xalqın adət-ənənələrini,
dilinin saflığını yaşadırdı şeirlərində.
Heyf ki, Malik Fərrux – tələbəlik illərindən
yaxşı tanıdığım bu gğzəl şair
ömrünü əlli yaşında bitirdi (1948-1998).
Şairlik istedadının ancaq az bir hissəsini sərf elədi.
O Vətən haqqında – “Doğma yollar” şeirində necə
də təzə söz deyə bildi.
Gözümü gözündən yığa bilmirəm,
Yollarda saçıma külək olursan.
Gah dağsan – zirvənə çıxa bilmirəm,
Gah dönüb əlimdə çiçək
olursan.
Ayaq izlərimlə bəzəyim səni,
Yoldayam, hardasa yol gözləyən var.
Niyə qarış-qarış gəzməyim səni,
Bir ovuc torpağa “Vətən” deyən var.
Mən Nazim Əhmədlinin şeirləri haqqında
da söz aça bilərəm. Bizim müasir
poeziyamızda onu da öz səsi, nəfəsi,
özünəməxsusluğu haqqında bir yazımda da
ürəyimcə danışmışam. Birdə ki, görünən kəndə nə
bələdçi? Eyni fikri mən Rəşad Məcid və
Adil Şirin haqqında da
söyləyirəm.
Müasir poeziyamızın yeni nəsli
sırasında Sevinc Qərib, Roma Xosrov, Səddam
Laçın kimi bu günün şeirini yaradan şairlərin
də şeirlərini təqdir edirəm.
Gözümün rəngidir bəxtimə
çıxan,
Bəxtimə gözümün qarası dəyib.
Hər gün ürəyimdən üzümə
baxan,
Allahın mənimlə arası dəyib.
Böyüdüm elə pis yıxıldım ki, mən,
Uşaqvaxtı belə yıxılmamışdım.
Böyük dediyimiz bu dünya qədər,
Anamın bətnində
sıxılmamışdım.(Roma
Xosrov)
İlham Qəhrəmanlı laçınlı şəhid
və qazilərin yaradıcılığına da biganə
qalmayıb. Füzuli rayonunun
Əbdülrəhmanlı kəndi yaxınlığında
gedən döyüçlərdə şəhid olan
Şahgündüz Cabbarovun, qazilərdən Daşqın
Laçınlının şeirlərinə ilk dəfə
bu antologiyada rast gəldim. Onların şeirlərindəki vətənpərvərlik
ruhunu duydum.
Antologiyada müasir Azərbaycan nəsrinin Fəxri
Uğurlu, Şərif Ağayar, Təranə Vahid, Zeynəb
Əliqızı kimi tanınan, srvilən yazarlarının
(burada Həcərin, Şöhrət Namazovanın,
Müşfiq Şükürlünün də maraqlı hekayələri
diqqəti cəlb edir) nəsri ilə
tanışlığım çoxdan başlayıb. Hər
birinə uğurlar arzulayıram.
Əlbəttə, belə bir antologiya zəhmətsiz
başa gəlməyib və İlham Qəhrəmanın bu fədakarlığı
əsil qəhrəmanlıqdır deyirəm və
sözümü onun “Şəhidlər xiyabanında” bitirirəm:
Harda adları tutulsa
Ruhları əyan oğullar.
Başdaşları keçikçitək,
Vətənə həyan oğullar.
Qəbirlər sətir düzümü,
Duaya əydim dizimi.
Ülgüc dəyməyən üzünü
Torpağa qoyan oğullar.
Qeyrətin şəkli mərmərmi,
Üstündə gülləri tərmi?!
Top yerinə güllə, mərmi,
Topnan oynayan oğullar.
Bir yol gedir bu arayla,
Yol qırağı gül sırayla.
Qəbirdən dərin yarayla,
Səssiz uyuyan oğullar.
VAQİF YUSİFLİ
Ədalət .- 2024.- 27 sentyabr (¹37).-S.10.