Dahi
Bülbülü xatırlayarkən
Kədər
içərisində keçən dərs
... 1961-ci ildən
ən çox yadımda qalan ustad müğənni
Bülbülün vəfat
etdiyi gündür.
... O vaxtlar bizim Muradxanlı kəndindən Bakıya ən
çox gedib-gələn rəhmətlik Mirzəmməd
kişi olardı. Hər dəfə də təzə bir xəbərlə
qayıdardı: yəni Bakıda getdiyi teatrlardan,
baxdığı tamaşalaradan, xüsusilə də “Koroğlu”dan, Bülbülün
Qıratın belində Koroğlu kimi nərə çəkməsindən
həyəcanla danışardı. Və adətən
axşamçağlarında qoyun-quzu qabağına
çıxan, mal-qaranın örüşdən gəlməsini
gözləyən adamlar Mirzəmməd kişinin
başına yığışıb, onun söhbətlərinə həvəslə qulaq asar, maraqdan
yaranan bir istəklə onu sorğu-suala tutardılar. O vaxtlar mən
də dövrə vurub dayanan həmin o böyüklərin
böyrünə qısılıb onların söhbətlərinə
diqqət kəsilərdim. Ən çox da “Koroğlu” dan, “Leyli –Məcnun”dan,
“Vaqif”dən və s. danışılardı.
Mən Koroğlu
və Bülbül sözlərini ilk dəfə uşaq
yaşlarımda həmin söhbətlərdən
eşitmişdim. Çünki o vaxtlar kəndimizdə tək-tük
adamın evində “daş”la
işləyən radio vardı. Sonralar bizim də evimizə radio çəkildi. Bundan sonra mən
Bülbülün bənzərsiz səsini, eləcə də
“Koroğlu” operasından parçaları, dahi Üzeyirin
ölməz mahnılarını radio dalğalarından
eşitməyə başaladım. Elə o vaxtdan
Bülbülün səsi, xüsusi avazla oxuduğu
mahnılar canıma, qanıma,
duyğularıma hopdu. Mən sözün əsl mənasında
o gözəl səsin, bir-birindən gözəl
mahnıların sədaları altında böyüyüb
yaşa doldum.
... Evimizdə patefon
vardı. Yadımdadır, patefonda oxutmaq üçün atam
ilk dəfə Bülbülün vallarını
almışdı. Yəni evimizdə gördüyüm ilk val Bülbülün valı
olub. “Neftçi Qurban”, “Ölkəm”,
“Olmazsa olmaz”, “ Gülərəm gülsən” və s.
mahnılarını patefonda
tez-tez oxudur, Bülbülün səsini dinləməkdən
doymurduq.
... Səkkizinci sinifdə oxuyurduq. Zəng vuruldu.
Birinci dərsimiz cəbr idi. Rza müəllim sinfə daxil
oldu. Həmişə zəhmli, sərt və ciddi
gördüyümüz Rza müəllim bu gün tamamilə
başqa cür
görünürdü. O, ötəri salam verib, əlindəki
jurnalı stolun üstə qoydu. Əvvəlki günlərdən
fərqli olaraq hazır-qayıb aparmadı, dərsi kimin bilib
- bilmədiyini də soruşmadı. İlk sözü bu
oldu: Bilmirəm, eşitmisiniz,
ya yox, oxuyan Bülbül rəhmətə
gedib...
Səsi titrəyirdi, az qalırdı ağlasın. Dərs
dediyi cəbr kitabı kimi sərt olan Rza müəllimdən
indiyədək dərsdən, deyərdim ki, danlaqdan savayı heç nə eşitməmişdik.
Odur ki, ürəyinin bu qədər yumşalmasına təəccüb
edirdik. Yerişindən, duruşundan, üz-gözündən
zəhm yağan, həmişə
zəng vurulan kimi sinifdə
müntəzir olan, hər dəqiqənin qədrini bilən, sinfə ayaq
qoyar-qoymaz, elə qapının ağzındaca dərsi
danışmağa başlayan Rza müəllim həmin
gün tanınmaz olmuşdu, bərk kövrəlmişdi.
İlk dəfə idi ki, dərs vaxtı kənar mövzudan
danışırdı.
O, bu kədərli xəbəri bir də təkrar elədi
və sözünə bir anlıq ara verib: Gözəl
oxuyurdu, – dedi – doğurdan da əsil
bülbül idi...
Həmin gün cəbr dərsi Bülbüllə
başlayıb Bülbüllə də qurtardı. Biz
Bülbül haqqında Rza müəllimdən çox
şey öyrəndik...
Zaman keçdi. Bülbülün sənətini daha dərindən
duymağa başladım. İnsanın varlığına, qəlbinə
hakim kəsilən, ən incə, ən zərif
duyğuları belə dilə
gətirən o mahnıları
ömrümün bu ahıl çağında da kövrələ-kövrələ
dinləyirəm. Bülbülün
böyüklüyünü, Bülbül sənətinin əzəmətini,
onun qəlbimə, varlığıma necə hakim kəsildiyini ifadə edə bilmək mənim
üçün çətindir,
çox çətin!
...Dahi Bülbülün 100 illiyinə həsr olunan
“Bizm Bülbül – dünyanın Bülbülü” kitabı
üçün yazı
hazırlamaq mənə də
qismət oldu. Bu məqsədlə Bülbülün ev
muzeyinə getdim. Bülbül haqqında gözəl xatirələri onun ömür-gün
yoldaşı Adilə xanımın dilindən eşitmək
mənim üçün son dərəcə maraqlı idi.
Muzeydəki eksponatların hər biri əsl sənət
tarixidir. Dahi müğənni Bülbülün sənət
dünyasından, sənət uğurlarından bəhs edən
çoxsaylı yazılar, sənədlər, fotoşəkillər,
təltiflər, mükafatlar, təşəkkürnamələr,
eləcə də Bülbülün bir vaxtlar çay
içdiyi stəkan-nəlbəkidən tutmuş müxtəlif
məişət əşyaları... Bütün bunları
seyr etdikcə, olub-keçənləri yada saldıqca dərin
bir kədərlə köks ötürməkdən, bu fani dünyanın vəfasızlığına təəssüflə
baş bulamaqdan savayı əlimdən heç nə gəlmədi.
Elə muzeydəcə xəyalım yenidən kəndimizə
– Bülbülün adını
və səsini ilk dəfə eşidib zövq
aldığım o uşaqlıq və ilk gənclik
çağlarıma qayıtdı...
Bulaq başında görüş
...Yaxın dostum
Ağakərim təkcə istedadlı memar deyil, həm də həddən artıq musiqisevəndi.
İndinin özündə də
qulağının dibindən radio, gözünün
qabağından televizor əskik
olmur. Təbi gələndə şeir də
yazır. Yaxşı rəssamlığı
da var. Evlərində hansı divara
baxsan onun çəkdiyi şəkilləri, portretləri
görərsən. Yaşı 75-i haqlasa da, mahnıda deyildiyi kimi, təbi-təravəti
cavanlardan geri qalmır. Deyərdim
ki, bəzi xasiyyətləri ona
rəhmətlik atası
Üzeyir kişidən
keçmişdi. Üzeyir kişi həmişə
qonaq-qaralı olub. Nə vaxtsa qonağı gələndə, daha doğrusu evində bir qonaqlıq verəndə
mütləq yaxın dostu olan sənətkarları
– aşıq Şakiri, xanəndə Eynulla Cəbrayılovu,
ustad balabançı Həsrəti də çağırardı.
Qonaqlıq az qala toy kimi keçirmiş. Balaca Ağakərim
də bu sənətkarları
uşaq yaşlarından görüb
tanımışdı...
Ağakərimin bir söhbəti mənim
üçün gözlənilməz oldu. Sən demə, o,
uşaq vaxtı hətta Bülbülü də
görübmüş. Bu necə
olmuşdu – deyə ondan soruşdum. Ağakərim
maraqlı bir xatirə danışdı. Onun dedikləri
Bülbül haqqında
hazırladığım
bu yazı üçün lap göydən- düşmə
oldu.
Ağakərim
kişi dedi: Atam demək olar ki,
hər il yayda
İsmayıllıya – Bədo bulağına dincəlməyə gedirdi. Nənəmlə məni də özü ilə
aparırdı. Kürdəmirin
istisindən çıxıb Bədoya gələndə adam
özünü o ki var rahat hiss edirdi.
Budəfəki gedişimiz çox
yaddaqalan,maraqlı oldu. Həmyerlimiz
xanəndə Eynulla Cəbrayılov da bizimlə bir yerdə idi. Ya 60, ya da 61 – ci illər
olardı. Onda mənim 11-12 yaşım vardı.
İstirahətə gələnlər bir azdan bir yerə yığışıb nahar eləməyə
başladılar. Atamın gətirib kəsdiyi toğlunun
dadlı kababı adamları süfrə ətrafına çağırırdı. Yemək-içməyin şirin
yerində gördük ki,
mavi rəngli bir “QAZ-21” Volqa maşını gəlir. Maşın gəlib bir qədər aralıda dayandı. Maşında
sürücüdən başqa bir
nəfər də
vardı. O, maşından düşəndə xanəndə
Eynulla Cəbrayılov cəld
yerindən qalxıb: Gələn Bülbül əmidir – dedi.
Və sevincək halda tez ona yaxınlaşdı.
Görüşüb öpüşdülər. Hamı
süfrə başından durub Bülbülü
qarşılamaq üçün ona tərəf getdi.
Bülbül camaatın gur
olduğunu görüb daha da ruhlandı. Maşından
qavalı götürüb elə oradaca Koroğlunun o məşhur mahnısını
oxumağa başladı:
Səni
gördüm, aşiq oldum, dərdə saldım
canımı,
Qara qaşlar,
işvə-nazlar tökdü nahaq qanımı.
Gözəlim, gəl, halımı sor, rəhm elə,
Nədir əmrin, tacidarım, sərvərim?..
Bülbül şaqraq səsli bu
gözəl ifası ilə
hamını salamladı.
Eynulla onun səhhətini
soruşdu. Bülbül cavab
olaraq dedi: Həkimlər mənə
dağ havasını, kükürdlü bulaq suyunu
məsləhət görüblər. Odur ki,
ara-sıra buralara da gəlib-gedirəm.
Eynulla ilə
atam Bülbülü süfrəyə
dəvət etdilər. Bülbül əvvəllcə beş-on
addımlıqdakı bulağın başına enib kükürdlü sudan
içdi, əl-üzünü
yuyub süfrənin ətrafına
keçdi. Bir az yeyib-içəndən
sonra çalıb-oxumaq başladı. Yaxşı ki,
yaxın kəndlərin birində qarmonçalan vardı. Maşın göndərib
onu gətirdilər. Bülbülü eşidib yaxın
kəndlərdən xeyli adam
gəlmişdi. Necə deyərlər,
əsl konsert başlandı.
Bülbül gözəl mahnılarından bir neçəsini oxudu. O, fasilə verəndə Eynulla oxuyurdu.
Beləcə
musiqi məclisi xeyli davam elədi.
Artıq hava
qaralmışdı. Bülbül məclis əhlinə üz tutub getmək istədiyini
bildirdi. Camaat Bülbüldən
xahiş elədi ki, getməyib
gecəni qalsın. Amma o, mütləq gedəcəyini bildirdi. Onu
böyük hörmətlə yola saldılar.
Eynullanın isə konserti davam
elədi.
Allah rəhmət
eləsin Bülbülə, həmin o günü hər dəfə
fəxrlə
xatırlayıram.
Çünki uşaqlıq
illərimdən yadigar
qalan əziz bir xatirədir.
Bu gün biz hamılıqla özümüzü
xoşbəxt hesab edirik ki, dahi sənətkarı onun ana vətəni olan
Şuşamızın azad və xoş günlərində
xatırlayırıq!
Ruhu şad olsun böyük ustadın!
Tofiq Abdullayev
yazıçı-publisist,
AY və AJ-nin üzvü
Ədalət .- 2024.- 27 sentyabr (¹37).-S.11.