Pərən düşən
fikirlərin kölgəsində...
Ürəyimdəkiləri kağıza
köçürmək cəhdi
Illərin axarında əlimi günlük edib
baxıram. Və baxa-baxa da
düşünürəm. Arxada qalan bu illər mənə,
çevrəmə nələr verdi və məndən,
çevrəmdən nələr aldı. Əslində həm
də mənim özümlə etdiyim sorğu-sualdı. Bu
sorğu-sualın ikinci
iştirakçısı da illər, yəni zamandı. Bax,
bu zamanın məhəng daşı o qədər
ağır, həm də dürüstdür ki, onu
sallaşıb, çəkib nə əymək
mümkündü, nə də nizamını pozmaq. Deməli,
elə mizan-tərəzi anlayışı da heç təsadüfi
deyilmiş. Onun da canında-qanında bax elə həmin o
zaman daşının hökmü varıymış. Mən
də həmin o hökmün qarşısında susmağa
çalışıram. Çünki başqa bir
addımı atmağa, müqavimət göstərməyə
nə gücüm yoxdu, nə də o güc olsa belə
axına qarşı üzmək divara baş vurmaqdı. Bunu
bir az da çılpaqlasam, deyə bilərəm ki, lap iynə
ucu boyda ağlı olan kəs də başını divara
vurmaz. Təbii ki, dəlidən və intihar etmək istəyəndən
başqa...
Hə, söhbət dəlilikdən
düşmüşkən... Bununla bağlı mənim
dünya görüşüm Məcnun sayaqdı. Ona görə
də hərdən özümü lap Məcnundan da Məcnun
sayıram. Şair demişkən, özümü yeni əsrin
Məcnunu kimi hiss edirəm.
Və bu məcnunluğu da vurğulamaqda məqsədim
odur ki, dəliliklə məcnunluğun kökündəki
eyniliklə fərqliliyin barəsində imkan olduqca birlikdə
düşünək. Məncə düşünmək
heç vaxt gec də deyil, ziyanlı da deyil.
Əksinə, düşündükcə,
qarşında yeni çalarlar, yeni mənzərələr
açılır. Həmin mənzərələrin də
özünün ifadəsi, özünün təqdimatı
adamın ruhunu da çəkir, ürəyini də çəkir.
Bir də görürsən ki, nə qədər yeniliklə
üz-üzəsən, baş-başasan. Və...
Bəli, bütün bu dediklərim təbii ki, zamanın
içərisində əriyən ömrün
özünün daxilində baş verir. Bunu bir sən bilirsən,
bir Allahın bir də səni dəli edən, Məcnuna
çevirən. Doğrudur, belə bir fikir var ki, iki adamın
bildiyi heç vaxt sirr olmur. Ona görə də Allahın sənin
və ikinci şəxsin bildiyi təbii ki, sirr donundan
çıxıb sevgi donuna bələnir. Və yaxud da nifrətə
bürünür.
Deməli, bütün bu prosesin başvermə
proseduru, cərəyan etmə anları da zaman məsələsidi.
Bu da yenə zamana, əriyən ömrə hopur. Yekun olaraq belə
bir məntiq ortaya çıxır: baş vermişlər,
olanlar və olacaqlar zamanla ömrü, yəni insanı gah
paralelləşdirir, gah qarşı-qarşıya qoyur, gah da
yollarını ayırır.
Hə, mən də ömrün elə nöqtəsindəyəm
ki, bu daha çox yol ayrıcına yaxındı. Kəsişən
yollardan ayrılan yollara olan məsafə də həmin o illərin
yaddaşındakı ömür payımdı. Adətən
payın azlığı, çoxluğu önəmli olmur.
Normal insan üçün adının anılması,
qapısının döyülməsi,
varlığının xatırlanması bütövlükdə
diqqət göstərilməsi özü-özlüyündə
artıq ən böyük paydı, ən böyük
mükafatdı. Bu mükafat da anlayışlı olana kifayət
edir. Ona görə də:
Sən bir ümid, bir güvən
Əllərindən tutmuşam...
Sənə sığınan andan -
Dünyanı unutmuşam...
Gözümün göz gəzməsi
Bəbəkdə közərməsi...
Dolaraq gözləməsi -
Deyir ki, buludmuşam!..
Ruhum odda, həm buzda
Oda da ərimir buz da...
Kipriklərimi duzda -
Isladıb qurutmuşam...
Haqdan halal olanı
Sevdim, qəlbə dolanı!..
Ömür adlı solanı -
Xərcləyib qurtarmışam...
***
Heç vaxt kiminsə haqqına göz qoymadım,
müdaxilə etmədim, əl uzatmadım. Heç vaxt da
Allahımı və Allahım qədər sevdiyimi yadımdan
çıxarmamışam. Ona görə də
gördüyüm sayğısızlıq, etinasızlıq,
qarşılaşdığım haqsızlıq və ən
vacibi diqqətsizlik mənə ən ağır yara, ən kəskin
xəncər kimi sancılıb həmişə. Onun
ağrısını sinirə bilməmişəm, həzm
etməyi bacarmamışam. Nə qədər unutmaq istəsəm
də, meymun kimi həmişə gözümün
önündə olubdu. Və anlamışam ki,
yaşadığım bu illərin, doğranan kəsilib
üst-üstə yığılan bütün
ağrılı hissəsi məhz mənim öz
günahlarımdı, mənim hamı kimi ola bilməməyimdi.
Təklənmək, təkliyə çəkilmək,
özün, Allahın və sediyinlə birgə olmaq sən
demə bu cəmiyyətin, bu zamanın yemi deyilmiş, ona
uyğun gəlmirmiş. Uyğun gəlməyənlər də
həmişə sıxılır və zaman ləpəsi onu
sahilə qovur. Mənim üçün indi həmin o uzaq
sahillər addım-addım yaxınlaşır. Bəlkə
də ləpə-ləpə. Qoy bir az poetik olsun. Bu yerdə mən o ləpələrin
pıçıltısına qoşulmaq, o
pıçıltının ruhuna uyğun olaraq mən də
ruhumun səsinə qulaq asıram. Ruhum deyir ki:
Ruhum elə göynəyir
Elə bil dağ basılıb...
Isa kimi çarmıxdan -
Dipdiri sağ asılıb...
Gözlərim də qıyılır
Əhvalım da sıyılır...
Nəsə, nəsə duyulur -
Od üstdən yağ asılır...
Qəfil tutuldum doldum
Sən gəlib-gedən yoldum...
Bəylə bostançı oldum -
Çiynimdən tağ asılıb...
Ümid bitir içimdən
Allandım bu biçimdən...
Yatağımın küncündən -
Üç arşın ağ asılıb...
Bu şeir ruhun pıçıltısı idi. Onu necə ifadə etdim, necə araya-ərsəyə
gətirdim, heç xəbərim olmadı. Amma bir balaca nəfəsim
genəldi. Ona görə ki, "üç arşın
ağ" söhbəti həyat gerçəkliyidi.
Doğrudur, o bəzən hamıya nəsib olmur. Amma
bütün hallarda nəticə eynidi, istəyir zəlzələdən,
istəyir vəlvələdən olsun...
... Yazının bu məqamında ovqatıma soğan
doğrayan bir hal yaşadım. Onu yaddaşın bir
küncünə atıram. Qoy qalsın orda... Həyatdı,
onsuz da soğansız-sarımsaqsız da keçinmək
olmur. Özü də indiki pandemiya şəratində.
Axı bu virus söhbəti çıxanda marketlərdə
sarımsağın, zəncəfilin qiyməti kəllə-çarxa
qalxmışdı. Indi bir az özünə qayıdıb.
Bu "özünəqayıdış"
böyüklük demək deyil. Sadəcə, öz yerinə
dönməkdi. Bu mənada düşünürəm ki, mənim
kimi düşünənlərin özündən
çıxıb getməsi yoxdur, biz elə öz yerimzidəyik.
Öz yerində olanlar da özünü sevdiyindən
artıq Allahını sevir. Çünki onun yerində
qayim-qədim edən elə Allahıdır!.
Və bir də unutmaq lazım deyil ki, hər şeyin
başlanğıcı, sonu olduğu kimi,
qaranlığın da aydınlığı, gecənin də
səhəri var. Çalışıb hər ikisinin
havasına öz havanı qata biləsən. Öz simində,
öz sazında çalasan havanı. Özgə havasına
oynayanın qollarının göydə
qaldığını o qədər görmüşəm
ki.
Təbii ki, siz də görmüsünüz. Deməli,
hansı bucaq altından baxırsan bax, ağ ağdı, qara
qara. Sənin gözündəki eynək burda
aldadıcıdı... Unutma!Bəli, mən bütün bu
dediklərimi içimdə yüz dəfə ələdim. Və
yalnız yüz birinci dəfə qərar verdim ki, olduğun
kimi olmaq, olduğun kimi də görünmək ən
böyük dürüstlükdü, doğruluqdu, gerçəklikdi.
Ona görə də üzümü Allaha tutub bu misraları
pıçıldadım:
Səndən dilənmək deyil
İlahi, əl açmağım...
Mənə möhkəm ol, deyir -
Qarşında dayanmağım...
Yaradan da, yazan da
Yazdığını pozan da...
Bilib yuxu yozan da -
Nədəndi qocalmağım...
Qaldır, ya da vur yerə
Qaranlıq, ya gur yerə...
Birdəfəlik bir yerə -
Deyilsin, bac almağım...
Duam, sözüm, ümidim
Bilmirsən mən kim idim?
O ürəyi - kiridim -
Keçdi tay ucalmağım...
Bax, bu misraların özü də mənim yerimdə
dayanmağımın müəyyən mənada təsdiqi, təqdimatıdı. Bu
təsdiq, bu təqdimat da nə sənin
üçündü, nə də sənin düşüncədə
olanlar üçün.
Gerçəyin bir şeir formasında Allahıma və
ona söyləməyimdi...
***
Mən bu yazını bilgisayara diqtə etdikcə
içimdə yazdığımla dediyimin arasında müəyyən
xətlər yarandığını, müəyyən redaktələrin
olduğunu etiraf etməliyəm. Ona görə ki, bu yazı
tamam nostalji duyğular üzərində
yazılmışdı ürəyimə. Bu nostaljinin içərinsində
həyatyımdakı, ömrümdəki, düşüncəmdəki,
eləcə də aid olduğum kollektivdəki adamlar da var idi.
Onlarla bağlı düşündüklərimi,
yaşadıqlarımı kağıza köçürmək
niyyətindəydim. Bir az da dəqiq ifadə etsəm, ürəyimdəkinin
surətni çıxaracaqdım. Amma alınamdı. Bəlkə
də belə daha yaxşıdı. Çünki hərənin
öz arşını, öz həqiqəti var. Kimsə mənim
yazdığımı yanlış da anlaya bilərdi,
yaltaqlıq kimi də, qısqanclıq kimi də, ittiham kimi də
görənlər olacaqdı.
. O ki, qaldı bundan sonra nəyi necə yazacağıma,
onu zaman göstərəcək. Hər şeyin zamana
ehtiyacı olduğunu isə yəqin ki, heç birimiz
unutamışıq...
ƏBÜLFƏT MƏDƏTOĞLU
Ədalət.- 2024.- 12
yanvar,¹ 1.- S.8.