Ömrünü rus
işğalının, erməni məkrinin, cəhalətin məhvinə
həsr edən vətən təəssübkeşi: Ələkbər
bəy Rəfibəyli
Bu gün oxucularımıza bütün
varlığı ilə Azərbaycana xidmət göstərən
bir bəy ailəsindən danışmaq istəyirik.
Çünki mənəvi cəhətdən belə zəngin
, Azərbaycan xalqına xidməti, Azərbaycanın dirçəlişinə
əziyyəti olan soydaşlarımızın böyük əksəriyyətini
sovet hakimiyyəti ya “kulak, qolçomaq” deyərək güllələyib,
ya sürgün edib edib, ya da ölkədən perik salıb.
Müstəqilliyimizi qazandıqdan sonra belə
soydaşlarımız haqqında əsərlər yazılsa
da, kitablar bağlansa da ictimaiyyət, xüsusən yeniyetmə
və gənclərimiz bu mövzuda tam məlumat ala bilməyib.
Bu dəfə də tanıdığım və ali məktəbə
hazırlaşan abutruyentlərlə sorğu keçirdim. Təxminən
10-a yaxın respondent Ələkbər
bəy Rəfibəylini ümumiyyətlə tanımadı, 2
nəfər isə Xudadat bəy Rəfibəylinin
adını eşitdiyini, amma
hansı işlə məşğul olduğunu bilmədiyini
dedi. Təbii ki bunu sosial şəbəkə üzərindən
soruşmadım, çünki “google”yə girib , vikipediyadan
oxuyub cavab yazma ehtimalı vardı.
Uzun sözün
qısası, bu sorğunun nəticəsi də məni
üzdü. Odur ki, hər kəsin başa düşəcəyi
üslubda bu ailənin xidmətləri ilə bağlı məqaləni
hazırlayıb oxucularımıza çatdırmağı
özümə borc bildim.
Ömrünü işğalçıya nifrətə,
xalqa xidmətə həsr edən Ələkbər bəy Rəfibəyli
- Xan nəsli
Gəncə elinin başbilənləri, bəyləri
, təəbəliyindəki əhalini idarə etmək
üçün “köhnə qamçı üsulu” ilə
deyil, onların məhəbbətini ehtiramını qazanmaq
üçün yeniliklər axtarmağa , aramağa
çalışırdılar. Bu Cavad xandan gəlmə bir ənənə
idi.
Beləki, Gəncənin tanınmış
simalarından olan Kərbəlayi Həsən Rəfibəyli
övladlarına təhsil vermək, onların sayəsində
həm kənd təsərrüfatının
inkişafında, həm də rəiyyət gəncəlilərin
rifahının yüksəlməsində əldə olunan təhsilin
vacibliyini anlayırdı. Odur ki, 1839-cu ildə anadan olan
oğlu Ələkbər bəyi elə kiçik
yaşlarında elmə həvəsləndirir sonra isə qərib
ölkələrə təhsil dalınca göndərir.
(Kərbəlayi Həsənin diğər oğlu Hadi
bəy haqqında da sizə məlumat verəcəyik)
Progimnaziya bitirən və, ilk təhsilini rusca alan Ələkbər
bəy daha sonra Peterburqda kənd təsərrüfatı
üzrə təhsil alır, yenidən Gəncəyə
qayıdır.
Bu o dövrlər idi ki, çar Rusiyası Azərbaycana
caynağını keçirmişdi. Hətta Qafqaz və
Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi
haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında
Yelizavetpol quberniyası yaradılmışdı. Quberniyalara,
hərbi və güç strukturlarına rusları yerləşdirmişdi.
Rus dilini bilməyən yerli əhali bundan çox əziyyət
çəkir, bəzən həyatı, gələcəyi
qaralırdı. Ali təhsil görmüş, gözü
açılmış, ətrafında dönən siyasi
durumu, işğalı anlayan gənc Ələkbər, rus
çinovniklərinin yuxarıdan aşağı
baxdığı, nifrət etdikləri azərbaycanlılara
daha başqa cür xidmət göstərməyi
qarşısına məqsəd qoyur.
Beləki, o, 1870-cı ildən 1896-cı il avqustun 10-dək
polis sistemində fəaliyyət göstərir. Nuxa (Şəki)
qəzasının Bum məntəqəsinə pristav təyin
edilir, bir müddət quberniya katibliyində tərcüməçi
işləyir, 1888-cı il iyulun 1-də Yelizavetpol (Gəncə)
qəzası polis sahəsinin pristavı təyin edilir, həmin
il noyabrın 30-da Ərəş qəzasının 1
saylı polis sahəsinə köçürülür.
1890-cı il sentyabrın 17-də Yelizavetpol qubernatorunun 42
saylı əmri ilə Yelizavetpol qəzasının
pristavı təyin edilir.
1891-cı il sentyabrın 28-də Müqəddəs
Vladimir ordeni ilə təltif olunur. 1892-cı il noyabrın 6-da
və 1894-cı il dekabrın 30-da qüsursuz xidmətlərinə
görə rütbəsi artırılır. Ələkbər
bəy 1895-ci ilin dekabrından 1896-cı ilin yanvarınadək
Yelizavetpol polismeysteri vəzifəsində
çalışır. Polis sistemindən saray müşaviri
rütbəsində ayrılır.
İstiqbalı təhsildə görən POLİS
RƏİSİ
Düşünürəm ki, Ələkbər bəy,
qəlbinin içində Çar Rusiyasının
üsul-idarəsinə nifrət etsə də ,
xalqının, camaatının işini yüngülləşdirmək
üçün uzun illər bu üsul –idarəyə məcburən
dözüb. Elə onun saray müşaviri vəzifəsindəykən
işindən ayrılması buna sübutdur, halbuki, vəzifəsində
qalsaydı gələcəkdə daha yüksək vəzifələrə,
hətta çar sarayına qədər gedib çıxa bilərdi.
İstəmədi və ürəyinin hökmü ilə
yeni işlərə başladı.
Ələkbər bəy 1896-cı ildən
başlayaraq maarifçi və xeyriyyəçi kimi geniş
fəaliyyət göstərməyə başlayır.
Əlaqələrindən istifadə edərək, Gəncəyə
Türkiyədən müasir təlim verəcək müəllimlərin
gətirilməsinə çalışır. Gəncəli gənclərin
xaricdə təhsil almasına da xeyli səy göstərir..
Ələkbər bəy Rəfibəyli "Gəncə
müsəlman dram məclisi"nin yaradılmasının, Gəncə
milli məktəbinin açılmasının, Gəncədə
Nizaminin qəbirüstü məqbərəsinin tikilməsinin
ilk təşəbbüsçülərindən olur. Bununla
bərabər ruslarla birləşib hər zaman azərbaycanlılara
qan udduran, onları şərlətdirən, tutduran ermənilərə
qarşı da böyük nifrəti olan Ələkbər bəy
erməni terrorçularına qarşı mübarizə məqsədilə
yaradılmış "Difai" partiyasının Gəncə
təşkilatının rəhbərlərindən biri olur.
1905-cı ildə Gəncədə silahlı
daşnak-erməni dəstələrinin azərbaycanlılara
qarşı soyqırımılarının
qarşısını almaq üçün Ələkbər
bəy ümumi səfərbərlik keçirir, xalqa rəhbərlik
edir. Erməni vəhşiliklərini ifşa etmək məqsədilə
1905-cı il noyabrın 1-dən başlayaraq qanlı
soyqırımıı faktlarını ardıcıl surətdə
rus dilində qeydə alır, çoxsaylı məqalələr
dərc etdirir, 245 müxbir məktubunun əksəriyyətini
şəxsən özü yazır.
Ələkbər bəy Rəfıbəyli 22 il ərzində
Gəncə Şəhər Dumasının üzvü olub.
O, Yelizavetpol qubernatorunun 1906-cı il 30 iyun tarixli fərmanı
ilə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin
ömürlük fəxri üzvü təsdiq edilir.
Belə ağıllı, savadlı, vətənpərvər
bir gəncəlini nə vəhşi ermənilər , nə də
işğalçı ruslar bağışlamazdı.Bəli,
1905-ci ildə daşnak-erməni silahlı dəstələrinin
azərbaycanlılara qarşı törətdikləri
soyqırımıları zamanı və bundan sonra fəal
milli mövqeyinə görə hökumətin məxfi nəzarətində
olan Ələkbər bəy 1908-ci il iyulun 31-də
general-qubernatorun fərmanı ilə 5 il müddətinə
Orenburq quberniyasına sürgün edilir. General-qubernator, eyni
zamanda, Qafqaz canişininə müraciət edərək, onun
“qlasnılıq”dan (DUMA üzvü olmaqdan) geri
çağırılması məsələsini
qaldırır.
Rəfıbəylinin sürgünü baş tutmur,o,
özünün savadı, dil bilməsi, yuxarı instansiyalara
müxtəlif müraciətləri sayəsində
1909–1913-cü illərdə Yelizavetpol Şəhər
Dumasının qlasnısı kimi fəaliyyətini davam
etdirir.
Səttarxana silah-sursat
yardımına təşkilatçılıq edən inqilab
ruhlu soydaşımız
Erməni və rusların ölkədəki həyasız,
düşməncəsinə fəaliyyəti Ələkbər
bəyi heç vaxt rahat buraxmır.Səlahiyyətlərindən
istifadə edərək çox vaxt bu kimi halların
qarşısını almağa çalışırdı
, amma anlayırdı ki, məsələ kökündən həll
olunmalıdır, erməni-rus işğalı bitməsə
azərbaycanlılara dinclik, əminamanlıq yoxdur. Elə bu səbəbdən
də 1905–1911-ci illər İran inqilabı zamanı Səttar
xan dəstələrinə silah və sursatla yardım
göstərib.
Birinci dünya müharibəsi zamanı rus
komandanlığı zəifləyən Rusiya ordusunun say tərkibini
artırmaq məqsədilə azərbaycanlılardan da əsgər
götürməyi və onları Türkiyəyə
qarşı döyüşlərə cəlb etməyi qərara
almışdı. Bu planın baş tutmasına mane olmaq
üçün Xəlil bəy Xasməmmədov,
İsmayıl xan Ziyadxanov və Ələkbər bəy Rəfibəylidən
ibarət nümayəndə heyəti Tiflisdə Qafqaz
general-qubernatoru ilə danışıqlar aparırlar. Nəticədə,
Qafqaz türklərinin orduya məcburi qaydada deyil,
könüllü cəlb edilməsi qərara alınır.
Fevral inqilabından sonra Ələkbər bəy Rəfıbəyli
Gəncə Milli Komitəsinin üzvü kimi daha geniş fəaliyyət
göstərir. Yuxarıda qeyd etmişdik ki, o xalqın vəziyyəti
erməni-rus irticası ilə bağlı 200-dən çox
məqalə ilə çıxış edib. Bəli, Rəfibəyli
publisist kimi də fəaliyyət göstərib, "Tərcüman"
qəzetinin tanınmış yazarlarından biri olub
Nuru paşanın komandanlığı ilə Azərbaycana
köməyə gələn Qafqaz İslam Ordusunun fəaliyyətinin
Gəncə dövründə Ələkbər bəy Rəfibəyli
xüsusi rol oynayır. 1918-ci ildə müsəlman Şərqində
ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq
Cümhuriyyətinin yarandığı günə şahid
olur və hədsiz dərəcədə özünü
xoşbəxt hiss edir. Müstəqiiliyin bir ili tamam
olmamış Ələkbər bəy Rəfibəyli 3 aprel
1919-cu ildə vəfat edir. Bu hadisə nəinki Gəncəlilər
üçün elə bütün Azərbaycan
üçün ümummilli itki hesab olundu.
Ələkbər bəy Rəfibəylinin nəticəsi
yazıçı Anar məqalələrinin birində
yazır ki, "Akademik R.Hüseynovun yazdığı "Rəfibəylilər"
(Bakı, 1996) kitabının , inanmıram, əvəzi olsun.
Çünki böyük yanğıyla yazılıb.
Oxucuların stolüstü kitabıdır:"Unudulmaz
şairə Nigar xanım Rəfibəylinin bu qeydləri
1983-cü ildə, "Azərbaycan" jurnalının, 7-ci
nömrəsində (səh.116) öz əksini tapıb:
"Babam Ələkbər bəy böyük maarifpərvər
və tərəqqipərvər bir şəxsiyyət idi,
xalq içində çox tanınan böyük nüfuza
malik bir ictimai xadim idi. O, avamlıq, cəhalət və
nadanlıqla mübarizədə fədakar bir
döyüşçü kimi şəhərin işinə
qarışır, xeyirxah və ədalətli hərəkətlərilə
xalqa kömək edirdi. Bütün günü babamın
yanına dəstə-dəstə adamlar gəlib-gedər, tələbələr,
müəllimlər, ziyalılar ondan məsləhət
alırdılar. Atam səhərlər xəstəxanaya gedir,
axşamlar isə çox vaxt onu xəstə üstünə
aparır, yaxud xəstələri yanına gətirirdilər".
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin
görkəmli xadimləri onu "Azərbaycanın namuslu vətəndaşı"
(Nəsib bəy Yusifbəyli), "Gəncənin ən
yaxşı vətəndaşı, Azərbaycanın milli
ideallarının təəssübkeşi" (Məhəmməd
Əmin Rəsulzadə), "Bütün həyatı boyu
millətinin maraqlarının müdafıəsi naminə fədakarlıqla
çalışmış Azərbaycanın nəhəng
ictimai xadimi" (Şəfi bəy Rüstəmbəyli) kimi
qiymətləndiriblər. Ölümündən sonra Gəncə
şəhər idarəsi onun xatirəsinin əbədiləşdirilməsi
üçün 7 maddədən ibarət qərar qəbul
etsə də, lakin bolşevik işğalı bu qərarın
yerinə yetirilməsinə imkan vermir.
Son olaraq: Gəncə xanlığının məşhur
simaları olan Rəfibəylilər haqqında geniş məlumat
almaq istəsəniz, mənim növbəti yazımı izləyin!Orda
biləcəksiniz ki, Ələkbər bəy Rəfibəylinin
Azərbaycana xitmət məfkurəsinin davamçısı
olan oğlu Xudadat bəy Rəfibəyli kimdir? Onun və ailəsinin
başına bu yolda hansı işlər, faciələr gəlib.
Rus-erməni qaniçənləri Rəfibəylər nəslinə
hansı əziyyətləri, zülmləri yaşadıb!
İzləyin!
Əntiqə Rəşid
(Məqalədəki bəzi
faktlar Vikipediyadan götürülüb)
Ədalət.- 2024.- 19
yanvar,¹2.- S.7.