BAŞ TUTMAYAN
GÖRÜŞ
1975-ci ildə işlədiyimiz məktəbdən
müəllim yoldaşlardan Babayev Kamili, Cavadov Asifi
(hazırda Gəncə Dövlət Universitetində baş
müşavir vəzifəsində çalışır)
və məni Bakı şəhərinə bir aylıq təkmilləşmə
kursuna göndərdilər. Bir çox qayğılardan
uzaq üç nəfər gənc müəllim boş
vaxtlarımızda şəhərin maraqlı yerlərini
gəzir, sonda isə "İnturist" mehmanxanasının
restoranında axşam yeməyimizi yeyib yataqxanaya
qayıdırdıq.
Belə gecələrin birində yenə
"İnturist" mehmanxanasının restoranına gedəsi
olduq. Nədənsə həmin gecə əvvəlki gecələrdən
fərqli olaraq qulaqbatırıcı musiqi alətlərinin və
müğənninin qulaq gicişdirən səsi
eşidilmirdi. Restoranda xoşagələn bir sakitçilik
hökm sürürdü. Gələnlər yeməyini yeyib
söhbətlərini edirdilər.
Yemək sifariş veririk. Qədəhlərin
sayının artması nəticəsində tədricən
əhvalruhiyyəmiz durulmağa başlayır. Söhbət
əsnasında restorana göz gəzdirirəm. Bizim stoldan
bir az kənarda ayaq üstdə dayanmış ortaboylu bir nəfər
diqqətimi çəkir. Ayaqüstə dayanan adamın
duruşundan və hərəkətlərindən hiss olunur
ki, sağlıq deyir. Təsadüfən həmin adam ətrafa
nəzər yetirir. Bu zaman sifətini görüb sevinclə
yoldaşlarıma "Bir baxın, Süleyman Rüstəmdi"
deyirəm.
Asif "Nə boş-boş danışırsan,
Süleyman Rüstəm burda nə gəzir?" deyərək
mənim sözlərimə rişxəndlə gülür.
Kamil də Asifin fikrinə dəstək verir.
Yoldaşlarıma bir söz deməyərək yenidən həmin
adamı diqqətdə saxlayıram və özlüyümdə
fikirləşirəm ki, nə ola bir də həmin adam ətrafına
təkrar boylana, sifətini görə biləm. Bu zaman təsadüfən
həmin adam yenidən ətrafına çönüb baxanda
sifətini görürəm və orta məktəb dərsliklərindəki
şəkil gözüm önündə canlanır.
Oxşarlıqları müqayisə edib fikrimi qətiləşdirərək
təkrar üzümü yoldaşlarıma tutaraq: "Siz mənim
sözümü qəribçiliyə salmayın. Bu adam,
baxışlarımla işarə edərək, qətiyyətlə
deyirəm, Süleyman Rüstəmdir" fikrimdə israr edirəm.
Asif dolu qədəhi götürərək rişxəndlə
gülə-gülə "Götür arağını
iç. Yox bir Süleyman Rüstəm "İnturist"ə
gəlibki nə var, nə var Fazil Jdanovdan (indiki Beyləqan) gəlib
mənimlə görüşəcək. Ayıbdı.
Heç harda demə ki, Süleyman Rüstəmi
"İnturist"də görmüşəm. Sənə
gülərlər. Müəllim adamsan. Məktəbdə
eşidib bilən olar, müəllim yoldaşlar sənin bu hərəkətinə
bir dastan bağlayarlar", – deyib sözünü tamama yetirməmiş
Kamil "Asif, düz deyir. Sən öl Asif çatan kimi məktəbdə
hamıya deyəcək... sonrasını özün bilirsən
də, daha nə deyim" – gülərək üzümə
baxdı.
Kamil düz deyirdi. Asiflə orta məktəbdə bir
sinifdə oxumuşduq. Eyni ali məktəbin müxtəlif
fakültələrində oxusaq da
yoldaşlığımız davam edirdi. Sonra da təsadüfən
iş elə gətirdi ki, eyni məktəbdə işləməli
olduq. Asifin xasiyyətinə bələdçiliyim olduğu
üçün, bilirdim ki, adi bir əhvalatdan yaxşı
bir lağlağı düzəltməyi məharətlə
bacarır. Ona görə də Asifə ip ucu verməmək
üçün geri çəkilmək olmazdı.
Götürün görək, qədəhlər
soyudu, – deyən Kamilin təklifi ilə qədəhləri
qaldırdıq.
– Yaxşı, siz mənimlə
razılaşmırsınız. Mərc gələk, kim
uduzsa stolun hesabını o adam ödəsin, – dedim.
Asif tez dilləndi: "Mən razı".
Kamil isə "Əgər mərci Fazil udsa, səhərki
stolun hesabı da mənlikdi." – dedi.
Məsələni daha da dəqiqləşdirmək
üçün dedim: "Mən uduzsam bu gecəki stolun
hesabı mənlikdi. Əgər siz uduzsanız bu gecəki stolun
hesabı Asiflik, səhər axşamkı stolun hesabı isə
Kamillikdir. Düzmü izah etdim. Daha sonra deməyin
içmişdik, mən elə söz deməmişəm, nə
bilim nə olmasın".
Hər ikisi bir ağızdan: "Biz razı",
söylədilər.
Mən ayağa qalxıb həmin stola
yaxınlaşmağa başladım. Həmin adam yenə ayaq
üstdə əlində qədəh sağlıq deyirdi.
Qarşısında dayanaraq "Bağışlayın, sizdən
bir söz soruşum" – dedim.
Müsahibim sözünü yarımçıq kəsərək
"Buyurun" dedi.
– Siz Xalq şairi Süleyman Rüstəm deyilsinizmi?
– Bəli, Süleyman Rüstəməm.
– Nə gözəl təsadüf, – deyərək
şairi qucaqlayıb öpdüm və
"Bağışlayın sözünüzü
yarımçıq kəsdim", – deyib
yoldaşlarımın yanına qayıtdım. Yarışda
qalib gəlmiş idmançı ədası ilə
yoldaşlarıma "Gördünüz?", deyib stolun
arxasına keçdim.
– Gördük. Halaldı sənə. Sən düz
deyirsənmiş. Biz uduzduq. Asiflə Kamil güldülər.
Kamil mənə işarə edərək "Fikir
ver, o stolda bir nəfər yanındakı adama səni göstərərək
nəsə deyir" dedi.
Ofisiantı çağırtdırdım. Ofisiant
cavan bir oğlan idi. Kursa gələndən hər axşam
burda yemək yediyimiz üçün ofisiantla münasibətimiz
yaranmışdı. O vaxtlar "İnturist"
mehmanxanasının restoranına yolu düşənlər
(burada qiymətlər yüksək olduğu üçün
çoxları bu restoranda yemək yemək üçün
həvəs göstərmirdi) bilirlər ki, orada yemək yemək
üçün gündüzdən stol sifariş verməli
idin. Çünki axşam boş yer tapmaq çox
müşkül məsələ idi. Biz də ofisiantla
tanışlıq zamanı öyrənmişdik ki, bu cavan
oğlan Ağdamdandır. Ali məktəbdə oxuyur və
axşamlar da restoranda ofisiant işləyir.
Yaşadığımız rayonlara görə bizə
yerli deyib xətrimizi istəyirdi və hər axşam bizim
üçün boş stul saxlayırdı.
Ofisiant bizim stola yaxınlaşaraq "Eşidirəm.
Nə buyurursunuz?" dedi.
– O stola bir konyak apar.
– Burada konyak çox bahadır, – deyən ofisiant
canıyanımcılıqla üzümə baxdı.
– Baha olsun də, pulunnan deyil?
– Sözsüz ki, pulunnandır. Mən sizə görə
dedim. Ofisiant mehriban bir təbəssümlə üzümə
baxdı.
– Hörmətinizə görə çox sağ olun.
Xalq şairi üçün bir konyakın baha olması barədə
fikirləşməyə dəyməz, – dedim.
Ofisiant konyakı şairin qarşısına qoyanda,
hiss olundu, soruşdular ki, kim göndərib. Ofisiant əli ilə
bizim stolu göstərib şairin yanından ayrıldı.
Aradan bir az keçməmiş Asif mənə işarə
elədi ki, səni çağırırlar. Baxanda
gördüm ki, bir nəfər işarə edir ki, bura gəlin.
Hər üçümüz şairə
yaxınlaşdıq. Bizi qarşısında görən
şair stuldan ayağa qalxaraq "Hörmətinizə
görə çox sağ olun. Görürəm şeiri, sənəti
başa düşən və dəyər verən
cavanlarsınız. İndi yaxından tanış olaq. Siz
kimsiniz?" deyən şair mehribancasına əlini
uzatdı. Hörmətlə şairin əlini sıxaraq
"Süleyman müəllim mən "Ədəbiyyat"
müəllimiyəm. Orta məktəbdə sizin həyat və
yaradıcılığınızı tədris edirəm.
Yanımda dayanmış Asifi göstərərək bu
"Tarix", sonra isə Kamili göstərərək bu
yoldaş da "İngilis dili" müəllimidir. Hər
üçümüz Jdanov (indiki Beyləqan) rayonunun Təzəkənd
kənd orta məktəbində müəllim işləyirik.
Üçümüzü də bir aylıq təkmilləşmə
kursuna göndəriblər", söylədim. Hər
üçümüz tanışlıq üçün məmnun
olduğumuzu söylədik.
Süleyman müəllim bizimlə olan söhbəti
rusca stulda əyləşənlərə tərcümə
edirdi.
Şair əyləşənlərə (təxminən
6-7 nəfərə yaxın adam olardı) əli ilə
işarə edərək bizə təqdim etdi.
Yazıçı Samvel Oriqoryan "Qrakan Azərbaycan"
jurnalının baş redaktoru, Hafiz Əli, Vladimir Abramyan gənc
şairlər, çox təəssüf ki, başqa
adamların adlarını unutsam da, iki nəfər xarici
ölkədən gəlmiş qonaq qadının məclisdə
iştirak etdiyini xatırlayıram. Şair sonda
üzünü bizə tutaraq soruşdu.
– Erməni şairi Avetik İsahakyanı
tanıyırsınız?
– Bəli, tanıyırıq. Ermənistanda Sovet
hakimiyyəti qurulanda Fransaya mühacirət edib. Sonralar yenidən
Ermənistana qayıdıb. Yaradıcılığı ilə
tanışıq. Xalq şairi S.Vurğunla da yaxın dost
olub.
– Gördüyünüz bu yoldaşlarla Avetik
İsahakyanın anadan olmasının 100 illiyi ilə əlaqədar
televiziyada çıxış edib, sonra da bura gəlmişik,
– deyən şair – "Stul gətirib bizimlə əyləşin",
– söylədi. Hər üçümüz məclisə
qatıldıq.
Götürün qədəhləri bugünkü
şeirin, sənətin qədrini bilən və ona dəyər
verən Azərbaycan gəncliyinin sağlığına, –
deyən şair əlindəki qədəhi fəxarətli
bir sevinclə yuxarı qaldırdı.
Vladimir Abramyan üzünü bizə tutaraq
"Bağışlayın, sizdən bir söz
soruşum" – dedi.
Buyurun: – dedi Asif.
– Siz dediniz ki, Jdanov rayonunun Təzəkənd kəndindənsiniz.
Kolxozun adı nədi?
– Görünür bizə inanmadınız.
S.Şaumyan adına kolxozdanıq. – Asif bir az kinayə
qarışıq səsinin tonunu qaldırdı
– Ha, lap yaxşı. Bir adam desəm
tanıyarsınız?
– Kimdi? Asif rişxəndlə güldü.
– Aşot Vanyan.
– Hə tanıyırıq. Vanyan Aşot Əmircan
oğlu. Bizim kolxozda sədr işləyib. İndi
eşitdiyimizə görə "Qırmızı
bazar" sovxozunda sovxoz direktorudur. Asifin cavabına mən də
dəstək verdim. Bizim cavabımızdan sonra hiss etdik ki,
Vladimir Abramyanın həm kefi açıldı, həm də
bizə isti münasibət göstərməyə
başladı.
Şairlə söhbət zamanı
yaradıcılığında daha çox diqqət
çəkən cənub mövzulu şeirlərinə və
Şəhriyarla olan dostluğuna toxunduq.
Süleyman müəllim Şəhriyarın "Heydər
babaya salam" poemasından bir neçə bənd əzbər
söylədi və "Şəhriyar böyük
şairdi" – dedi.
Süleyman müəllim sizdən bir xahiş etsəm
olarmı?
– Buyurun müəllim.
– Biz sizin vaxtilə yazdığınız
"Yaxşı yoldaş" poemasında təsvir etdiyiniz
həmin bərli-bərəkətli torpaqdandıq. Sizi həmin
torpağa qonaq çağırsaq gələ bilərsinizmi?
– Gələrəm. Cavan vaxtı gördüyüm
yerləri bu yaşda yenidən görmək mənim
üçün çox maraqlı olar, – deyən şair
kağıza nəsə qeyd edərək mənə verdi və
dedi: "Bu kağızda yaşadığım ünvan və
telefon nömrəm yazılıbdı. Nə vaxt istəsəniz
əlaqə saxlaya bilərsiniz. Yaxşı oğlana
oxşayırsan. Cavansan, gəl kömək edim
aspiranturaya qəbul ol. Görürəm ədəbiyyata
marağınız var".
Biz məclisdə olanlarla xudahafizləşib
ayrıldıq. Təkmilləşdirmə kursu başa
çatdı və məktəbə qayıtdıq. Bir
gün fikrimi məktəbin direktoru bizim müəllimimiz
olmuş Bayram Səfərova bildirdim. Bir az fikirləşən
Bayram müəllim soruşdu:
– Fazil müəllim, siz şairi nə cür qonaq
çağırmaq fikrindəsiniz?
– Başa düşmədim Bayram müəllim, qonaq
çağırmağın da forması var?
– Bəli var.
– Bir erkək kəsdirib, kabab bişitdirəcəm.
Əlavə də nə lazımdırsa alacam və
yaxşı bir süfrə hazırlatdırıb beş-on
nəfərdə şeiri-sənəti başa düşən,
xətrin istədiyim yoldaşı da dəvət edəcəm.
Yeyib içəcəyik. Əgər şairin özü məsləhət
bilsə, məktəb və kənd camaatı ilə də
görüşünü təşkil edəcəm.
– Oğul, xətrinə dəyməsin, sən hələ
cavansan çox şeyi bilmirsən.
– Nəyi bilmirəm, Bayram müəllim?
– Müəllim, Süleyman Rüstəm Xalq
şairidi. SSRİ-də tanınmış ədəbi şəxsiyyətdi.
Hələ vəzifəsini demirəm. Yaxşı, sən
onu qonaq çağırdın gəldi. Gedəndən sonra
rayonun vəzifəli şəxsləri biləcəklər
ki, Xalq şairi Süleyman Rüstəm Təzəkənd kəndində
qonaq olub, onların da xəbəri yox. Səndən
soruşacaqlar, Süleyman Rüstəmi necə qonaq
çağırmısan ki, bizim xəbərimiz
olmayıbdı.
– Bayram müəllim, mən şairi öz
qonağım kimi çağırıram. Rayon rəhbərliyi
ilə mənim nə işim.
– Fazil müəllim, bunu mənə deyirsən, rayonun
birinci katibinə, prokuroruna, məhkəməsinə, milis rəisinə,
nə bilim daha başqa vəzifə sahiblərinə deyə
biləcəksənmi? Buna görə də sonra başın
ağrıyacaq.
– Bəs, yaxşı onda mən nə edim ki, şairə
verdiyim sözə görə yalançı olmayım.
– Bunun üçün böyük bir məclis
qurmalısan. Mənim fikrimcə həmin məclisdə əlli
nəfərə yaxın adam iştirak edəcək.
Süfrədə də quş iliyi, can dərmanı
olmalıdır. Xərci də təxminən 2-3 min manat
tutacaq. İndi özün fikirləş, bax gör sənin
belə bir imkanın varmı? – deyən Bayram müəllim
cavab məqsədi ilə üzümə baxdı.
Bayram müəllimin sözlərini
özlüyümdə götür-qoy edərək
"Özünüz bilirsiniz ki, mən ayda 100-120 manat (o
vaxtkı rubl) maaş alıram. Sizin hesablamanıza görə
bu mənim 2-3 illik əmək haqqım edir. Mənim elə
imkanım nə gəzir müəllim", – dedim.
– Onda elə bir imkanın yoxdursa, get sakitcə otur
yerində. Mən bildiyimi sənə başa saldım. Əməl
etsən də, etməsən də bundan sonrasını
özün bilərsən, deyən Bayram müəllim məndən
ayrıldı.
Dünyagörmüş müəllimin məsləhəti
ilə fikrimdən daşındım və söz verdiyim
görüş baş tutmadı.
Etiraf edim ki, o vaxt şairə verdiyim vədə xilaf
çıxdığıma görə hələ də
özümü bağışlaya bilmirəm. Bilmirəm haqlıyam,
yoxsa haqsız.
Fazil Sənan
Ədalət.- 2024.- 19
yanvar,¹2.- S.9.