Xaçmazın
şeir aləmi..
Yurdumuzun gözəl guşələrindən biri də
Xaçmazdır. Samur-Dəvəçi ovalığında
yerləşən, Xəzər dəniziylə əhatə
olunan, Dağıstanla sərhəddə yerləşən,
gözəl təbiəti və elə bu təbiət qədər
gözəl insanları ilə tanınan Xaçmazda son iyirmi
ildə ədəbi həyat da gurlaşmağa
başlayıb.
Mənim Xaçmazdan olan dostlarımın sayı
çox deyil. Əslən xaçmazlı olan Firuzə Məmmədlini
istedadlı bir şair kimi tanıyıram, həmişə
onun şeir kitabları, mətbuatda çıxan şeirləri
ilə daima maraqlanmış, onun
yaradıcılığı barədə bir neçə məqalə
də yazmışam. «Azərbaycan poeziyasının Firuzəsi»
adlandırdığım bu gözəl şairənin
Xaçmazda yubileyində iştirak edib ürək sözlərimi
demişəm.
Xaçmazda - ədəbi mühit qaynardır. Mən
bu ədəbi mühitin formalaşmasında xüsusi rolu
olan, əyalətdə yaşasa da respublikada tanınan bir
şair Murad Qudyalçaylını (1939-1995) burada yad etmək
istəyirəm. Vaxtilə Xaçmazda, rayon qəzeti
redaksiyasında «Ulduzlar» ədəbi məclisi fəaliyyət
göstərib. Yəqin indi də o ədəbi məclis
yaşamaqdadır. Onu da xatırlayıram ki, bu məclisin fəaliyyəti
nəticəsində «Duyğu yarpaqları» ədəbi
almanaxı nəşr olundu.
İndi isə Firuzə xanımın redaktorluğu ilə
«Poeziyamızın Xaçmaz baharı» adlı yeni bir nəşri
sizlərə təqdim edilir. Kitab «Firuzə» ədəbiyyat
Ocağında Xaçmaz rayonu Diyarşünaslıq muzeyinin
direktoru, Ocağın Xaçmaz bölgəsinin sədri Pakizə
Mehdiyevanın təşəbbüsü ilə
hazırlanıb.12 şairin son illərdəki
yaradıcılığını qismən də olsa əks
etdirən bu toplu barədə ilk sözü söyləmək
imkanı mənə qismətdir.
Söhbətə Məmməd Qədirin şeirlərindən
başlamaq istəyirəm. Məmməd Qədir əyalətdə
yaşasa da, səsi Azərbaycanın bütün bölgələrindən
gəlir.Vaxtilə mən onun şeirləri barədə «Ver
sözə ehya ki..» adlı bir məqalə yazıb dərc
etdirmişəm. O məqalədə mən Məmməd Qədirin
qoşma və gəraylıları haqqında söz
açmış, «köhnə havalarda təzə notlar» səsləndirdiyini
qeyd etmişdim. Onun poetik düşüncə tərzi, hər
hansı hadisəyə, ürəyindən keçən hissləri,
duyğuları şeirin ahənginə qatmağı
ustalıqla bacarır.
Hiss olunur ki, sözləri, ifadələri poeziya səmtinə,
axarına yönəldə bilir. Onun şeirlərində
fikir yükü var, deyirəm ki, onun hər hansı bir
şeiri fikirlə hissin, forma ilə məzmunun vəhdətindən
yaranır. Ona gözəllik şairi də demək olar. Həm
insanın ən ali hissi olan sevgidən yazır, həm də
nə yazırsa, ŞEİR kimi yazır.
Bu topluda Məmməd Qədir həm özü
üçün, həm də oxucular üçün tamam
yeni bir mövzuya müraciət edir. Bu da təbiidir. Əsl
şair təkcə gözəllikdən, sevgidən yox, həm
də yaşadığı Vətənin
ağrı-acılarından, onun sevinc və qələbə
üstündə köklənən zəfərindən, ədalətli
müharibəsindən, bu müharibədə həlak olan,
amma qanı yerdə qalmayan şəşidlərimizdən də
yazmalıdır.
Odlar yurdum bu cahanın dan üzünə gün kimi
doğ.
Bayrağının kölgəsindən bir şərəfli
yer yoxdu, yox,
Ayağa qalx, namusuna göz dikəni yerində boğ,
Halal olmaz Polad kimi şəhidlərin
tökdüyü qan, Azərbaycan,
Bircə qarış torprağına sənin qurban, Azərbaycan.
Onun «Bu mənim mitllətimdi», «Rəşadətli əsgərim»,
«Nur simalı şəhidlərim», «Ey şəhid anaları»,
«Ağladım», «Yenə şəhid-şəhid ölür
analar» şeirlərini həyəcansız oxumaq olmur. Son iyirmi
ildə şeirimizin tematikasına daxil olan bu tipli mövzularda
təzə söz demək göründüyü qədər
də asan deyil. Çünki əksər şairlərin
şeirlərində demək olar ki, eyni ifadələr, eyni
fikirlər bir-birini təkrar edir. Məmməd Qədir isə
bu təkrarçılıqdan uzaq olan şairdir. Baxın:
Yenə də ah-nalə, yenə duman, çən,
Yenə də bir bacı qardaşsız qaldı.
Atası yerinə şəkildən öpən,
Bir oğul atasız, qız başsız qaldı.
Yenə qara yellər əsir cəbhədən,
Bərk durun, oğlunuz gəlir, analar!
Yenə əsgər-əsgər qırılır Vətən,
Yenə şəhid-şəhid ölür analar..
Belə bir fikri deməkdən qətiyyən çəkinmirəm,
bizim müasir poeziyada şəhidlər haqqında ən
çoz yazan, həm də ən yaxşı yazan şairlərdən
biri məhz Məmməd Qədirdir. Bu topluda Məmməd Qədirin
bundan öncəki şeir kitablarında göz oxşayan, bədii
təsvir vasitələrinin orijinallığı ilə diqqəti
cəlb edən sevgi şeirləri də nəzərdən
qaçmır.
Necə deyim axı gülə, kövrəyəm,
Əzabım sığışmır dilə,
kövrəyəm,
Elə tutulmuşam, elə kövrəyəm,
Toxunsa, sındırar kəpənək kimi.
«Poeziyamızın Xaçmaz baharı»nda təqdim
olunan digər şairlər haqqında da söz açmaq istəyirəm.
Yaxşı cəhət budur ki, onların hər biri
özünəməxsusluğu ilə seçilirlər. Məsələn,
ilk dəfə tanış olduğum Sabir Nemətov, Habil Rza
Nur, Vüsal Yurdoğlu, Emfira Ərkli, Agah Xaçmazdı,
Mövlan Şahid, Gülümbala Nəsirli, Səxavət
Ənvəroğlu, Böyükağa Ağayev, Aqşin
Dadaşoğlu mənə məhz belə təsir
bağışladı.
Təbii ki, onların hər birinin şeirləri barədə
geniş söz açmaq mümkün deyil. Amma şairin
şairliyini elə bircə şeiriylə də bəlli etmək
olur. Habil Rza Nurun şeirlərini çox bəyəndim. Niyə?
O, hər hansı şeirində sözün ehya edilməsinə,
bizə məlum olan deyimlərin tamam yeni forma və
biçimdə canlanmasına cəhd edir və buna nail olur.
Bilirəm, ömür də sirdi,
And olsun, səbrim dəmirdi.
İçimi qəmim gəmirdi,-
Çölümü yeyən tapılmaz.
Mən doğulandan beləıyəm,
Beşiyəm, qəmə bələyəm,
Qorxuram, ölüb eləyəm,
Dizinə döyən tapılmaz.
Təfərrüata varmadan mən Aqşin
Dadaşoğlunun «Ana», Vüsal Yurdoğlunun «Dan ulduzu», Sabir
Nemətovun «Görəsən», Səxavət Ənvəroğlunun
«Tənhalıq» şeirlərini də xüsusi qeyd edirəm.
Əlbəttə, adını çəkdiyim bu şeirlərdə
ən yaxşı təşbihləri, metafraları, bədii
təzadları, epitetləri seçib nəzərinizə
çatdırardım. Amma hər hansı şeiri
bütün bunlara görə fərqləndirmək doğru
deyil. Adını çəkdiyim şeirlər ŞEİR
kimi maraqlıdır. Məsələn, Aqşin
Dadaşoğlunun «Çəkir məni» şeirində yurdsevərlik,
torpağa, kəndə bağlılıq koloritli bir şeir
kimi məni özünə çəkir:
İstər dağda olum, istər aranda,
Ocaq çəkir məni, yurd çəkir məni,
Təndirdən havaya buğlanan ətir,
Lavaşa bükülən dad çəkir məni.
Bu bulaq su səpər köz ürəyimə,
Bəsirət qoyubdur göz ürəyimə,
Atıb kəməndini düz ürəyimə,
Vətən çəkir məni, yurd çəkir məni.
Yurdun sapandına qoyulan daşam,
Yağıya zəhərəm, dostlara aşam,
Tülkü kölgəsində yatmaram, paşam,
Türkdür soyum-köküm, qurt çəkir məni.
«Poeziyamızın Xaçmaz baharı»nda həm heca,
həm sərbəst, həm də əruz vəznində
yazılan şeirlər sıralanıb. Yaxşı seçmələrdir.
Xüsusilə, Səxavət Ənvəroğlunun, Mövlan
Şahidin qəzəlləri klassik poeziyanın bu ölməz
janrına meylin təcəssümüdür. İstər
adını çəkdiyim, istərsə də adını
çəkmədiyim şeirlərdə müəlliflər
mümkün qədər şablon, standart ifadə
üsulundan, deyilmişlərdən, yazılmışlardan
qaçmış, təzəliyə can atmışlar.
Mən «Poeziyamızın Xaçmaz baharı»şeirlər
toplusunu təkcə Xaçmaz oxucuları üçün
deyil, ədəbi –mədəni həyatımız
üçün də maraq doğuran bir hadisə hesab edirəm.
"Ədalət" qəzeti.
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
Ədalət.- 2024.- 19
yanvar,¹2.- S.13.