Ədalət yolçularının
əbədi rəhbəri
"Əlinin İsadan üstün olduğunu deməyə
dinim, İsanın Əlidən üstün olduğunu qəbul
etməyə isə vicdanım yol vermir”.
Bu, dünya elmindən və ədəbiyyatından xəbərsiz
hansısa bir cahilin deyil, Həzrəti Əli haqqında ən
yaxşı tədqiqatlardan birinin – 5 cildlik "İmam
Əli - insan ədalətinin səsi” kitabının müəllifi,
məşhur livanlı xristian yazıçı Con
Cordaqın sözüdür.
Həzrəti Əlinin həyatını,
düşüncələrini, əxlaqını, idarəetmə
fəlsəfəsini və xarakterini dərindən
araşdıran, xütbə və məktublarının, kəlamlarının
toplandığı "Nəhcül-Bəlağə"ni
ciddi şəkildə tədqiq edən yazıçı onu
dünyanın, o cümlədən müasir Avropanın ən
yaxşı filosoflarıyla müqayisə edərək, sonda
üstünlüyü yenə də Peyğəmbərimizin
(s.) öz yanındaca böyüdüb yetişdirdiyi bu
möhtəşəm tarixi şəxsiyyətə - Həzrəti
Məhəmmədin (s.) özünə və yoluna ən
sadiq ardıcılına verirdi!
Təəssüf ki, biz azərbaycanlılar
özümüzü müsəlman saysaq da, nəinki Məhəmməd
Peyğəmbəri (s.), heç Onu bizə daha gözəl
tanıdan, anladan Həzrəti Əlini də nə bir filosof,
nə də bir rəhbər kimi oxuya, öyrənə, dərk
edə bilmişik.
Ədaləti, bəsirəti, yoluna və rəhbərinə
sədaqəti, cəsarəti, imanı, zəkası və əxlaqıyla
bütün bəşəriyyətə işıq
saçan, örnək olan bu nəhəng filosof-rəhbərin
tarixdəki rolunu, ümmətinin maraqları naminə öz
şəxsi arzu və istəklərindən necə
keçdiyini, yenicə təşəkkül tapmış
İslamda vəhdətin qorunub saxlanması, müsəlmanların
parçalanmaması üçün hansı əzablara
qatlaşdığını və kritik situasiyalardakı heyrətamiz
davranışlarını oxuyub öyrənmək, sevmək əvəzinə,
onu hələ də təriqət liderliyinədək
kiçildir, öz alçaq boyumuza biçir və utanmadan
adını müasir Müaviyə
ardıcıllarının fitnəkar siyasətlərinə
alət edirik.
Həzrəti Əli isə siyasətdən – dünya
işlərindən çox-çox üstün və uca,
bilgiləri, düşüncələri və həyat tərziylə
bütün bəşəriyyətə xoşbəxt
yaşamağın açarını, qızıl
qaydalarını təqdim edən filosof-alim, ictimai
maraqları şəxsi maraqlarından üstün
tutmağın və ədalətli idarəetmənin örnəyini
yaratmış əsl Rəhbərdir!
Cordaq onu təsadüfən "İnsan ədalətinin
səsi” adlandırmırdı. Çünki İmam Əli
bütün varlığıyla elə ədalətin
özüydü!
Baxın, doğuluşundan 14 əsr keçib, ancaq bu
14 əsr boyu Həzrəti Əli şəxsiyyətinə
münasibət müsəlmanlar arasında haqq ilə
nahaqqı ayıran əsas müəyyənləşdirici xətt
sayılıb, Peyğəmbərimizin (s.) məşhur
"Ya Əli, səni yalnız mömin sevər, sənə
yalnız münafiq ədavət bəslər” kəlamı isə
möminlə münafiqi, riyakarla dürüstü
tanımağın ən aydın əlamətinə, işarətinə
çevrilib!
Çox maraqlıdır ki, bütün orta əsrlər
boyu Yaxın və Orta Şərqi əhatə edən müsəlman
coğrafiyasında, o cümlədən elə Azərbaycanda
da ən təsirli elmi-siyasi-ədəbi məktəblərin,
cərəyanların, tarixin gedişini dəyişən
üsyan və etirazların başçıları və hərəkətverici
qüvvəsi əsasən Həzrəti Əli ilə
Peyğəmbər (s.) qızı Fatimənin soyundan törəyənlər
olublar!
Bu, bütün elmi tədqiqatçıları heyrətləndirən
tarixi fakt, heç kimin silib ata bilmədiyi bir gerçəklik
və "Qurani-Kərim”də vəd olunanların da mütləq
şəkildə həyata keçəcəyini göstərən
ən böyük dəlillərdəndir!
Rəcəb ayının 13-ü bu nəhəng şəxsiyyətin
- Məhəmməd Peyğəmbərdən (s.) sonra
İslam dünyasının bəşəriyyətə təqdim
etdiyi ikinci ən böyük simanın, Qiyamətədək
artacaq və sonda bütün müsəlmanları birləşdirəcək
Peyğəmbər (s.) soyunun əsas
davamçılarının - Cənnət gənclərinin
ağaları sayılan Həsənlə Hüseynin
atasının və bütün bəşəriyyətə
ədalət istəyənlərin həqiqi və əbədi
Liderinin müqəddəs Kəbə evində dünyaya
göz açdığı günün növbəti
ildönümüdür.
Bəşəriyyətə xilas və nicat
düsturunu təqdim edən Məhəmməd Peyğəmbəri
(s.) bizə tanıdan və sevdirən yolu yolumuz, duaları isə
həmişə birgə görmək istədiyi Ümmətimizin
qoruyucusu olsun!
Elxan Şükürlü
Ədalət.- 2024.- 26
yanvar,¹3.- S.7.