Ülkər Qəmbərli:
“Dedim, institutun qabağına yazın ki, qadın vəzifədə
olmayacaq burada
“Özüm kolxozçu ailəsində böyüsəm
də, biz kökdən bəy nəsliyik - Təmrazbəyovlardan.
Neftçi-geoloq olmağı təsadüfən
seçmişəm. Amma sonradan bu peşəni o qədər
çox sevmişəm ki, bir də doğulsam, bir də geoloq
olardım”.
Bu fikirləri Oxu.Az-a müsahibəsində 87 yaşlı
Ülkər Qəmbərli deyib. Ülkər xanım çox
maraqlı həyat yolunu və xatirələrini bizimlə
bölüşüb. Müsahibəni təqdim edirik:
- Ülkər xanım, uzun illər neft sahəsində
çalışmısınız. Hansı ailədə
böyümüsünüz, valideynləriniz nə işlə
məşğul olublar?
- Mən 1937-ci ildə Füzulidə, kolxozçu ailəsində
anadan olmuşam. Anam fəal kolxozçu olub. Atam 1941-ci ildə
rəhmətə gedib, mənim üç-dörd
yaşım olanda.
- Kolxozda nə işlə məşğul olurdular?
- Əsasən, buğda əkirdilər.
- Necə oldu ki, neftçi-geoloq sahəsini
seçdiniz?
- Demək, mən məktəbi bitirəndə imtahan
verdim. Mənə qızıl medal düşürdü. Elə
oldu ki, bir ədəbiyyat müəllimim özünün
qaynını saldı məndən əvvələ. Mən
rus dilindən “5” aldım, ədəbiyyatdan - “4”. Elə oldu,
gümüş medal aldım, qızıl vermədilər.
- Neçənci il idi?
- 1956-cı il.
- Belə çıxır ki, sizin neftçi-geoloq
ixtisasını seçməyiniz təsadüfən olub.
- Bəli. Mən fikirləşdim ki, ən çətin
ixtisas nədir, gedib onu oxuyacağam. Dedilər, get AZİ-yə
(indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
- red.). Gəldim AZİ-yə, bütün sənədlərimi
verdim, arxayın oturdum ki, imtahanı verib, keçəcəyəm.
Altı imtahanın beşindən “5” aldım. Bircə
fizikadan “4” aldım. Girdim instituta, oxudum, qurtardım.
- Niyə ən çətin olanı seçmək
istədiniz?
- İstədim, o müəllimə sübut edim ki, mən
yaxşı oxuyuram.
- Həyat yoldaşınız da sizin kimi
neftçi-geoloq olub. Harada tanış olmusunuz - institutda,
yoxsa?..
- Yox. Təcrübəyə gedəndə. Deməli,
biz getdik Şamaxının Çuxuryurd kəndinə.
Üçüncü kursda oxuyurduq. 1959, ya 60-cı il idi. Fərhadgil
də (həyat yoldaşı - red.) orada təcrübədə
idilər. Bir dəfə Pirsaat çayından keçmək
lazım idi. Mən fikirləşdim ki, heç kimə əlimi
verməyəcəyəm. Qızlar oğlanların əlindən
tutub keçirdilər. Nə qədər elədilər,
heç kimin əlindən tutmadım ki, özüm keçəcəyəm,
onda da düşdüm suya. Hamı əlini uzatdı, yenə
tutmadım. Onda Fərhad əlindəki çəkicin
ağzını uzatdı, ondan tutub çıxdım. Sonra
da beləcə... (gülür)
- Neçə il işləmisiniz neftçi-geoloq
kimi?
- Qırx dörd il.
- İşinizi bizə necə təqdim edə bilərsiniz,
bu işin özəlliyi nədir?
- Neftçi-geoloq çox aparıcı fakültədir.
Deyə bilərəm ki, neft sənayesində ən irəli
gedən geoloqlardır. Biz geoloqlar quyunun yerini təyin edirik,
sonra gözləyirik ki, quyu işə düşsün. Elə
olur ki, quyu ləğv olunur, elə də olur ki,
ömürboyu işləyir. Məsələn,
Mişovdağda 2 nömrəli quyu vardı (Təxminən
1954-56-cı illərdə qazılıb - red.). Həmin quyu mən
təqaüdə çıxanacan işləyirdi.
- Siz iş prosesində neftçilərlə
birbaşa təmasda olurdunuz?
- Yox. Biz quyu qazılmamışdan əvvəl onun
layihəsini hazırlayırdıq. Sonra da sadəcə, quyuya
nəzarət edirdik - necə qazırlar, nə edirlər və
s.
- Yoldaşınızla eyni sahədə işləmisiniz.
Evdə iş məsələləri müzakirə
edirdinizmi?
- Əlbəttə, danışırdıq,
hesablayırdıq, hətta mən sahəyə
çıxanda deyirdi ki, gələndə mənə xəbər
ver. İki-üç dəfə mən getdim sahəyə.
Sonra bizim böyüyümüz vardı, o hamımızı
çağırıb dedi ki, “Bu qadın niyə gedir sahəyə?
Haradasınız siz, ay kişilər? Niyə göndərirsiniz
onu? Gedər, qorxar”. Deyirdim, mən heç nədən
qorxmuram, həvəslə işləyirəm.
Axırıncı iş günümdə ərizə
yazdım. İngilislərlə işləyirdik. Müdir mənə
dedi ki, “Qulaq asın, Ülkər xanım, mən
düşünürəm ki, burada bilikli, ziyalı bir
qadın var. Mən onunla fəxr edirəm. Niyə gedirsiniz?
Kimdir sizə get deyən?” Dedim, bəs bacım xəstədir,
ona qulluq eləməliyəm. Sonra da işdən
çıxdım.
- İşinizin ən maraqlı tərəfi nədir?
- Geologiyanı çox sevirəm deyə onun hər
yeri mənə maraqlıdır. Maraqsız tərəf
görə bilmirəm.
- Bəs ən çətin tərəfi?
- Bizə “nenormirovannı” (qeyri-standart qrafikli)
işçi deyirdilər. Yəni orada qanun yoxdur - əgər
işin qurtarmayıbsa, oturursan, işini qurtarırsan, sonra
gedirsən. Bizdə o qədər maraqlı işlər var
idi ki, onların həll olunmasında kömək olmuşam.
- İlk dəfə mədənə gedəndə təəssüratınız
nə oldu? Neçənci il idi?
- Mədənə institutu qurtarıb, sonra
getmişdim. İnstitutu da qurtarmışdım 1961-ci ilin 9
iyulunda. Həmin ilin sentyabrında ilk dəfə gəldim
işə. Mənə də demişdilər ki, sən elmi-tədqiqat
laboratoriyasına get. Bu laboratoriya nefti analiz edir, suyu analiz edir
- bir sözlə, hər şeyi. Getdim oraya. Direktor bir
oğlana tapşırdı ki, məni aparsın mədənə.
Oğlan məni gətirib təhvil verdi mədənə. Mədəndə
elə bildilər ki, qadınam deyə heç bir iş
görmərəm. Nə isə, oturdum. Dedim, mən axı
burada oturmalı deyiləm, tədqiqata gəlmişəm, mədənə
getmək istəyirəm. Dedilər, nə olar ki, gedərik. Təsəvvür
edin, mədənə getdim, axşamçağı bir vərəq
çatışmazlıq gətirdim: filan quyuya
baxılmalıdır, filan quyuda neft axır və s. Baxdılar
geoloqun üzünə, dedilər, bu səndən betərdir,
çətin olacaq. İki ay işlədim orada. Əvvəl
geoloq kimi götürdülər, iki-üç ay sonra oldum
baş geoloq. On il sonra oldum mədən müdiri.
Çox həvəslə işləmişəm.
1968-ci ildə “AzNeft”in “Qızıl kitabı”na adım
yazılıb. Əlavə işlər də
görmüşəm. Məsələn, texnikum
uşaqları diplom yazmaq üçün kömək etməyimi
istəyirdilər, hamısına kömək edirdim.
- Ülkər xanım, siz də, rəhmətlik həyat
yoldaşınız Fərhad müəllim də neft
yataqlarının açılmasında iştirak edən
azsaylı adamlardansınız. Yadınızdadırmı ilk
dəfə neçənci ildə və hansı
yatağın açılışında iştirak etmisiniz?
- Biz ancaq bir sahədə idik - “Mişovdağ”da.
Yazdığım əsasnamə üzrə orada bir quyunu
açdılar, qaz alındı. Baxmayaraq ki, orada əvvəl
qaz yox idi. “Kəmaləddin” yatağının
açılışında mənim rolum olub. Sonra Kürdəmirdə,
“Muradxanlı” yatağının
açılışında da mənim iştirakım olub.
Yoldaşım ancaq “Kirovdağ”da işləyirdi. Orden
alıb, medal alıb. Ona “Sosialist Əməyi Qəhrəmanı”
adı verməli idilər. Hətta buna görə bizim evə
də gəlmişdilər. Nə oldusa, vermədilər.
- Neçənci il idi?
- 1967-ci il.
- Niyə yataqların açılışında az
adam iştirak edirdi?
- Çünki bilən yox idi. Bilik səviyyəsi yetən
az idi.
- İşdən neçənci ildə
çıxdınız?
- 2005-ci il fevral ayının 28-də. Fevralın 28-də
çıxdım, amma mənim üçün geniş bir
yığıncaq təşkil etdilər - yolasalma.
İşdən tam çıxdım martın 8-də.
İndi 8 mart həm yaşımdır, həm də işdən
çıxmağım.
- Bəs sonra?
- Sonra - heç nə. Oturdum evdə. Çox istəyərdim
ki, AZİ-də dərs deyim. Çünki o işi o qədər
mənimsəmişdim ki, bir dəqiqə bikar vaxtım
olmurdu. Bu boyda bilikdən, təcrübədən istifadə
edə bilərdilər, uşaqlara öyrədə bilərdim.
Bunu mənə təklif edə bilərdilər.
- Bikar vaxtınızın olmadığı illərdə
ailə ilə mədəni necə bir araya gətirirdiniz?
- Bacım var idi. Uşaqlara bacım baxırdı, dərslərinə
mən baxırdım.
- Övladlarınızı böyütməyin
yükü, bacınızdan başqa, ən çox kimin
çiyninə düşüb - sizin, yoxsa Fərhad müəllimin?
- Fərhadın, demək olar, vaxtı yox idi. O
heç vaxt səhər yeddidə gedib, axşam beşdə
gəlməyib. Həmişə gec gələrdi. Ancaq
uşaqların hamısının yaşında qalıb, evə
bazarlıq edib gətirib, ad günlərini böyük bir
bayram kimi keçirmişik. Həmişə.
Üçünün də.
- Kiçik qızınız Şəkər xanım
da neft sahəsində çalışır, mühəndisdir.
Bu sahəni seçməsində valideyn kimi təsiriniz olub,
yoxsa özü seçib?
- Özü seçib. Şəkər Moskvada oxuyurdu.
Moskvadan gəldi, burada oxuyub qurtardı geologiyanı. O,
yaxşı oxuyurdu, çox yaxşı oxuyurdu. Mən elə
bilirdim ki, Şəhla onun kimi deyil. İndi gəldim buraya
(qızıgildə yaşamağı nəzərdə tutur
- red.), görürəm, elə deyil. Şəhla Azərbaycan
dili və ədəbiyyatı müəllimidir. O qədər
xoşuma gəlir onun müəllimliyi, o qədər... Bilmirəm
e, necə deyim. Görürsən ki, uşaqlar ona öz xətləri
ilə təbrik yazırlar. Deyirəm, “ay Şəhla, bu diqqət
hər adama qismət olan şey deyil”.
- Övladlarınızın yolunuzu davam etdirməsini
istəmisiniz?
- Yox. Özüm istəmişəm ki, Şəhla
rus dili müəllimi olsun. Şəkər ixtisasını
özü seçdi, Mahirə də deyirdim, həmişə
istəmişəm ki, oğlum “Politexnik”i (indiki Texniki
Universiteti) bitirsin, sən sənədlərini radiotexnika
fakültəsinə ver.
- Bildiyim qədərilə fəal ictimaiyyətçi,
neftçi hüquqlarının müdafiəçisi
olmusunuz, bir çox gənclərin oxumağında, ailə
qurmasında rolunuz olub. Bütün bunların öhdəsindən
necə gəlmisiniz?
- Fərhadın belə bir xasiyyəti vardı -
ürəyim gəlmir e, ona Allah rəhmət eləsin deyim,
heç ürəyim gəlmir (kövrəlir - red.). O,
gözləyirdi qapının ağzında. Deyirdi, nə oldu?
Deyirdim, ay Fərhad, elə yaxşı oldu, elə
yaxşı oldu, barışdırdım. Deyirdi, əla, gəl,
çay içək. Dediyiniz kimi, neftçi
hüquqlarının müdafiəsində də olmuşam,
kimin nə işi vardı, köməyinə gedirdim.
- Ülkər xanım, bu qədər
xanım-xatınlıq sizə ananızdan keçib?
- Mən sizə deyim, biz kökdən bəy nəsliyik.
Füzulidə dağılan yerləri çəkiblər,
görmüşünüz, yəqin. Baxıram, orada hər
şeyi uçurublar, bircə bizim evdən başqa.
Uçura bilməyiblər e, ona görə. Çünki
bizim evin layihəsini o vaxt ulu babam - atamın atasının
atası - gürcü memarlardan satın alıb.
Soyadımız Təmrazbəyov olub. Sonra o vaxt camaatı
QULAQ-a göndərəndə (QULAQ - 1930-50-ci illərdə,
İ.Stalin dönəmində məcburi əmək
düşərgələrini idarə edən dövlət
qurumu. İlk dəfə belə düşərgələr
1918-ci ildə yaradılmışdı və termin geniş
formada SSRİ-də hər hansı əmək düşərgəsini
təsvir etmək üçün istifadə olunurdu - red.) ulu
nənəmgil gedib pul verib, soyadlarını dəyişiblər
ki, uşaqlarına xətər toxunmasın.
- Ədəb-ərkanlı adam kimə deyirlər?
- Onu hər kəs bir cür görə bilər, amma
mənə görə, ədəbli adam o adama deyilir ki,
heç kim yanında olmayanda da özünü ədəbli
aparır.
- Ülkər xanım, xoşbəxtlik nədir?
- Xoşbəxtlik hər işdə var. Həyatında
yaxşı iş olanda, övladların yaxşı olanda.
Allah hamınızı saxlasın. Çox razıyam
uşaqlarımdan. Qorxuram da bunu deməyə, deyirəm, bəlkə,
xoşbəxtəm.
- Bəlkə, xoşbəxtsiniz?
- Bəlkə, xoşbəxtəm. Uşaqlarım, elə
bilin, özümdürlər. Şükür.
- Neçə nəvə-nəticəniz var?
- Doqquz nəvəm, on nəticəm var.
- Xasiyyət baxımından özünüzü
hansında görürsünüz?
- Hələ balacadırlar. Heç deyə bilmirəm.
Həm də uzaqda olurlar, xarakterlərini bilmirəm.
- Bəs
uşaqlarınızdan?
- Uşaqlardan üçünün də xarakteri mənimdir.
- Deyirsiniz, Fərhad müəllimdən heç nə
götürməyiblər?
- Yox, yox. Ataları... Onların ataları o qədər
uşaq istəyən idi, o qədər yazığa, yetimə
yiyə duran adam idi... Gedirdik bazara, görürdük bir
balaca, nəzarətsiz uşaq var, deyirdi, Ülkər, gəl
bunu aparaq, Allah haqqı, yaxşı olar, götür, aparaq
saxlayaq. Deyirdim, ay Fərhad, mən evdəyəm məgər,
öz uşağımı bacım saxlayır... Elə
ürəyiyuxa insan idi.
- Ülkər xanım, uğurlu olmaq üçün
nə etmək lazımdır?
- Elə bilirəm ki, düz yolu getmək
lazımdır. İşin düz olmalıdır.
Yalançılıqla iş olmaz. Nə cür deyim, uğuru
ancaq düzgün tərbiyədə, düzgün yolda
görürəm.
- Maşallah, 87 yaşındasınız. Uzun illər
“Şirvanneft” Neft-Qaz çıxarma İdarəsində
geoloji şöbənin rəisi işləmisiniz. Bu gün
Ülkər Qəmbərli həyatda kimə minnətdardır?
- Anama. Atamı görməmişəm axı.
Anamın dediyi mənim üçün yazı idi. Anamın
ali təhsili yox idi, amma qəzet oxuyurdu, həmişə
çalışırdı.
- Sizin dövrünüzdə neftçi-geoloqun
aldığı maaş başqaları ilə müqayisədə
yüksək idimi?
- Yox, elə yüksək deyildi. Baxma ki, hər işi
bilirdim. Deməli, bir şey deyim: Bir dəfə gəlib dedilər
ki, yer açılıb - şöbə müdiri, onu filankəsə
veririk. Gəldim müdirin yanına, dedim ki, niyə verirsiniz
ki filankəsə? Məni görmürsünüz orada? Dedi,
heç eşitmisiniz ki, neft sənayesində hansısa
qadın vəzifədədir? Dedim, onda institutun
qabağına yazın ki, qadın vəzifədə olmayacaq
burada. Görək kim gələr onda? Nə isə, verdi mənə
şöbə müdirliyini. Hər cür
yoxlayırdılar, hər cür sual verirdilər, ancaq
şükür Allaha ki, həmişə yaxşı
çıxmışam sınaqdan. (gülür)
- Operator işi ilə başlamısınız ilk dəfə.
- Bəli. İlk dəfə tədqiqat operatoru işləmişəm.
O da geoloq peşəsinin başlanğıcıdır.
- Bəs şöbə müdiri neçənci ildə
olmusunuz?
- 1970-ci ildə.
- Bugünkü gənclərə tövsiyəniz nə
olar?
- Yaxşı oxusunlar. Özü də elə-belə
oxumaq yox e, oxuduqlarını bilsinlər, başa
düşsünlər. Bilən adamlara
yaxınlaşsınlar, bir ağıllı söz eşitsinlər.
- Ülkər xanım, uşaq anasını eşitməlidir,
yoxsa nənəsini?
- Anasını.
Ananın sözünü.
- Yadınıza düşəndə hələ də
üzünüzü güldürən hadisə varmı?
- Var. Fərhadla tanışlığımız mənim
üçün çox gülməlidir. Çayın məni
apardığı yerdə heç kimə mən əl vermədim,
Fərhad çəkici uzatdı, tutdum ondan,
çıxdım. O ana kimi Fərhadı nə
görmüşdüm, nə tanıyırdım. Bizim
institutdan da deyildi. Təsəvvür edin, həmin Pirsaat
çayından Çuxuryurda qədər piyada gəldik. Bu
yol ömrümüzün axırına kimi birləşdirdi
bizi.
- Siz Füzulidə, Sərdarlıda anadan olmusunuz, bəs
yoldaşınız?
- Yoldaşım Füzulinin Kürdlər kəndindəndir.
Ancaq onlar çoxdan köçüblər Bakıya.
- Siz neçə yaşında köçmüsünüz
Füzulidən?
- Orta məktəbi qurtarıb
çıxmışam.
- Getmək istəmisiniz heç?
- Getmək istəmişəm... İşğal
altında olanda... İndi bu yaşımda necə gedim?
Əzizə İsmayılova
Ədalət.- 2024.- 26
yanvar,¹3.- S.9.