QAFAR
CƏFƏRLİNİN ÜÇ HEKAYƏSİ
HAQQINDA
XIX əsrin II yarısından sonra Mirzə
İsmayıl Qasirin Lənkərana gəlişi ilə burada ədəbi
mühit daha da canlanır. Söz-sənət xiridarları,
xüsusilə şairlər Mirzə İsmayıl Qasirin ətrafında
cəmlənir, yazdıqlarını bir-birinə oxuyur, ədəbi
müzakirələr aparırdılar. Əlbəttə,
Qarabağ, Şirvan, Naxçıvan əyalətlərində
yaşayan söz-sənət adamları ilə də məktublaşmalar
olurdu. Bu da istər-istəməz sənət
xiridarlarını, sözə sevgisi olanları sözün
sirlərini öyrənməyə sövq edirdi. Yeni-yeni
istedadlar parlayır, Lənkəranda yaşayıb yaradan
şairlərin şöhrəti kənarlara da
çatırdı. Beləliklə, mərkəzi Lənkəran
olmaqla cənub bölgəsində möhtəşəmliyi
ilə çox uzaqlardan görünə bilən ədəbiyyat
tonqalı yandırıldı. Sonralar ədəbi mühitin
aparıcı simaları bu böyük ədəbiyyat
ocağını sönməyə qoymadılar.
Sovet dövründə də ədəbiyyatın
istedadlı və zəhmətkeş simaları ədəbi
qüvvələri bölgədə nəşr olunan mətbu
orqanların ətrafında cəmləyə bildilər.
Nasir Məhəmmədhüseyn Əliyev, şair
Şəkər Aslan, şair-tədqiqatçı
Mirhaşım Talışlı, şair İltifat Saleh... və
bu estafet davam etməkdədir. Bu gün cənub bölgəsində
ədəbi karvanın, əgər belə demək
mümkünsə, sarvanı Qafar Cəfərlidir.
Mən Qafar Cəfərlinin “Saatın 61-ci dəqiqəsi”
hekayələr kitabı haqqında geniş və əhatəli
yazmışam. Onun hekayələrinin əsas maraqlı məziyyətlərindən
biri yığcamlıq, hadisənin əsas cizgilərini
göstərə bilən dəqiqliyə riayət olunması
ilə şərtlənir.
Q.Cəfərli realist yazıçı olaraq həyat
həqiqətlərinə sadiqdir. Demək olar ki, heç bir
uydurma, havadan, göydən gəlmə mövzudan
yapışmır. Sanki gördüyü, şahidi olduğu
hadisələri yazıya gətirməyə
çalışır. Bu da ona imkan verir ki, dövrün,
zamanın əsas problemlərini oxucuya başa düşəcəyi,
qavrayacağı, qəbul edəcəyi səviyyədə
çatdırsın. İnsafən Qafar Cəfərli son illərdə
həyatının mənasını ədəbi mühitə
xidmətdə görür. Bir-birinin arxasınca maraqlı
hekayələrlə mətbuatda çıxış edir.
“Ömür yolu” kimi dəyərli bir nəsr əsərini
yazıb çap etdirir. Lənkəran ədəbi
mühitinin qaynarlığını təmin etmək
üçün maraqlı tədbirlər təşkl edir. Elə
bu günlərdə Azərbaycan Yazıçılar
Birliyinin Lənkəran bölməsinin yubileyinin AYB-nin Natəvan
klubunda təntənəli şəkildə qeyd olunması da
onun ədəbi və təşkilatçılıq
işinin fəallıq göstəricilərindən
sayılmalıdır.
Qeyd etdik ki, Q.Cəfərli hekayələri ilə daha
çox populyardır. Lakonik, yığcam hekayələri
oxumağa başlayan hər kəs mütləq hadisənin
sonuna çatmağa çalışır. Və sanki yetdiyi
sonluqla onun gözlərinin qarşısında çox
maraqlı, düşündürücü, həyati bir mənzərə
canlanır.
Qafar Cəfərlinin hələ nəşr
olunmamış 3 hekayəsi əlimin altındadır. “Gülgəzi”,
“Tənha qadın”, “Yaşamaq eşqi”. Nə gizlədim?
İşin-gücün ağır, çətin vaxtında
hekayə oxumaq və bu barədə yazmaq o qədər də
asan deyil. Birinci növbədə ona görə ki, oxumaq
üçün vaxt lazımdır. Vaxt isə bizi hətta nəfəs
çəkməyə belə demək olar ki, qoymur.
Hər cür vaxt qıtlığına baxmayaraq,
“Gülgəzi” hekayəsini kağızlar arasından
seçib götürdüm. Həcmcə o qədər də
böyük deyil. Əvvəlcə sətirlərə göz
gəzdirdim, səhifələrə diqqət elədim. Əsərin
qəhrəmanının adı diqqətimi çəkdi: Məşəbilə.
Bilirəm ki, Q.Cəfərli hekayələrində dəqiq
müşahidə etdiyi həyat epizodlarına əsaslanır.
Elə hekayənin baş qəhrəmanının adı da
onun maraqlı müşahidələri əsasında
özünəməxsus bir kəşfidir. Hekayə bir toy mənzərəsi
ilə başlanır:
“Müğənninin səsi Məşəbilənin
canına yağ kimi yayılırdı:
Bağa girdim üzümə,
tikan batdı dizimə.
Əyildim çıxarmağa,
yar sataşdı gözümə.
Musiqinin ahənginə
uyğun olsa da, Məşəbilənin yaşına
uyuşmayan əl-qol hərəkətləri, çiyin
oynatması, arada ayaqlarını çarpazlayıb sürətli
dönüşü həmişə olduğu kimi yenə də
məclis əhlinin gur alqışları ilə müşayiət
olundu. Gülgəzin onun üzünə zillənib əynindəki
uzunqol paltarın biləyinə kimi örtdüyü əllərini
havada oynatması, gözlərini nazla süzüb, ilıq bir
təbəssümlə gülməsi, arada başından
açılıb boynuna tərəf sürüşən
örpəyini ani bir hərəkətlə alnına kimi
dartması və yenidən əda ilə rəqsinə davam
etməsi də hamının ürəyinə yatırdı.
Bu zaman alqışların Məşəbiləyə və
ya Gülgəzə aid olmasını ayırd etmək çətin
idi”.
Həqiqətən,
bu dörd misradan ibarət bayatı toylarda çox oxunur.
Özü də maraqlı məzmunu var. Sevgilisinin
sorağı ilə aşiq olduğu qızın
bağının ətrafında dolanan aşiq elə yar sorağı
ilə bağa girir. Əlbəttə, gözləri dörd
yanı gəzir. Elə beləcə də, üzüm dərmək
istəyir. Amma bu zaman dizinə tikan batır. Aşağı əyilir
ki, dizindən tikanı çıxartsın. Aşağı əyiləndə
bağın başqa bir tərəfində, sıx yerində
sevgi duyğuları ilə fikrə dalmış, bəlkə
də elə onun özünü gözləyən sevgilisini
görür. Bir sözlə, yarı gözünə
sataşır. Bundan gerisi aydındır. Müğənninin
oxuduğu bu nəğmə əsərin qəhrəmanının
da ruhunu səfərbər edib. Məşəbilə adlı
şəxs həmin musiqinin sədaları altında rəqs
edir. Həmin məqamlarda o özünü dünyanın ən
xoşbəxt insanı kimi bilir. Çünki dünyanın
bütün dərdlərindən,
ağrı-acılarından bu musiqi sədaları ilə
qurtulan Məşəbilənin ruhunu oxşayacaq tərəf
müqabil də oyuna çıxır. Bu da onun halal
arvadıdır. Amma onun sevgi duyğuları hətta
yaşının ağırlıq dərəcəsini
keçmiş olsa belə, bütün ruhunu səfərbər
edən həmin gözəlin adı elə Gülgəzdir.
Qafar Cəfərli özünəxas təsvirlə
toyun mənzərəsini çox dəqiq cizgilərlə
verir. Bununla sanki yaddaşımıza qaytarır ki, toy
hay-küy yeri deyil. Toy insanların zövq almaq məkanıdır.
Adamların ruhunun daha da saflaşması,
sağlamlaşması yeridir. Mərəkənin ortasında Məşəbilə
və arvadı Gülgəz rəqs hərəkətləri
ilə sanki bir-birinin könlünü oxşayır.
Varlıqlarına yayılan zövq duyğuları ilə elə
bir-birinə öz hərəkətləri, rəqs ədaları
ilə ən ülvi, ən isti duyğularını
çatdırırlar.
Rəqs bitir. Oynayanlar öz yerlərinə çəkilirlər.
Hətta bu zaman da Məşəbilə öz arvadına
yüksək rəğbət və ehtiram hisslərini gizlətmir.
Bu da ətrafdakılara xüsusi münasibət təlqin edir.
Sanki Qafar Cəfərli bununla hər kəsə
çatdırır ki, əgər siz ailədə ər-arvad
olaraq doğmalığınızı səmimiyyətinizlə
qoruya bilsəniz, onda xoşbəxtlik heç vaxt sizi tərk
etməyəcək.
Onu da qeyd etmək lazımdır ki, Məşəbilənin
həyatı hamar, rahat olmayıb. O bəlkə də,
hamıdan çox əzab əziyyət yolu keçib. Məhz
bu yolla irəliləyərək həyatının indiki mərhələsinə
gəlib çatıb.
Məlum olur ki, Məşəbilənin əsl adı
Qüdrətdir. “Bilə” adını ona hələ məktəbdə
oxuyanda şagird dostları veriblər. Bu da hörmət, əzizləmə
mənası daşıyır. Sonralar bir Məşhəd səfəri
də olub. Beləliklə, Qüdrətin adı Məşəbilə
olaraq tanınıb.
Qeyd etdik ki, Q.Cəfərli qəhrəmanının
müsbət obrazını birdən-birə, havadan təqdim
etmir. Onun hansı həyat acılarından keçdiyini də
diqqətə çatdırır. Qüdrət, yəni Məşəbilə
ixtisasca aqronomdur. Sovet hökümətinin dağılması
ilə işsiz qalıb. Ancaq o elə adam deyil ki, aciz olsun.
Axır ki, “Jiquli”si ilə adamlara taksi xidməti göstərib.
Bu yolla çörək pulu qazanmağa
çalışıb. Amma bu işdə bəxti gətirməyib.
Qəzaya düşüb və arvadı da bu qəzada həlak
olub.
Məlumdur ki, belə qəzalarda humanizm göstərmək,
günahkarı daha yüngül cəza ilə vəziyyətdən
çıxarmaq olardı. Amma Məşəbilə 5 ili həbsxana
divarları arasında keçirir. Axır ki, həyatının
bir axara düşən vaxtı gəlir. Və bu zaman
qonşu kənddən ərə getmək vaxtı
keçmiş Gülgəzlə evlənməli olur. Hətta
ondan bir oğul da dünyaya gəlir.
Neçə ildir Məşəbilə öz xoşbəxtliyini
bütün varlığı ilə bağlı olduğu
Gülgəzi ilə birgə toylarda hamıya göstərməkdən
xüsusi məmnunluq duyur. Elə bil hamıya
çatdırmaq istəyir ki, əgər xoşbəxt olmaq
istəyirsinizsə, çox şeyə yox, öz ailə
mühitinizdə istəklərinizlə səmimi olun. Zənnimcə,
Q.Cəfərlinin bu hekayədə oxucuya çatdırmaq istədiyi
ən üstün təlqin olunan fikirlərdən biri elə
budur.
Məşəbilənin Gülgəzlə evlənməsi
də özü bir halallığa xidmət edən əməldir.
Əslində o Gülgəzlə tamah məqsədi ilə və
ya ehtirasa xətir yox, bir insan ömrünü ləyaqətlə
yaşamaq və digərinə yaşatmaq üçün evlənib.
Kənddə hər kəs yaxşı görür
ki, onlar necə xoşbəxtdilər.
Amma həyat da öz sözünü deməkdə
idi. Məşəbilənin çəkdiyi zillətlər,
ağrı-acılar öz nəticəsini göstərməli
idi. Və onu cismən əzmiş, demək olar ki, canında
yaşayan xəstəlik öz işini
görmüşdü.
Məşəbilənin ölüm mənzərəsini
də Qafar Cəfərli xüsusi cizgilərlə verir. Ən
başlıcası, Gülgəzin Məşəbiləyə
olan xüsusi rəftarı elə onun xəstəlik
çağında daha açıq görünür: “Məşəbilənin
ilk həkim müayinəsinə getməsi, bir müddət xəstəxanada
yatması, sonra öz xahişi ilə illərin xatirələrini
özündə yaşadan doğma ocağına dönməsi
və günlərin birində isə bir əli
atasının adını yaşadan oğlu Məmmədin, o
biri əli onu bütün varlığı ilə sevən,
on dörd il onu öz “uşağı” kimi əzizləyən
Gülgəzin əlində bu dünyaya əlvida deməsi
heç bir ay çəkmədi”. Burada işlədilən
“uşağı” ifadəsi çox şeydən xəbər
verir. Hətta bəlkə başqa bir yazıçı bunun
mahiyyətini aydınlaşdırmaq üçün hekayəyə
nə qədər epizodlar uydura bilərdi. Amma Qafar Cəfərli
ifadəni o qədər dəqiq, sərrast və yerində
işlədib ki, daha başqa təfərrüata ehtiyac
qalmır.
Ümumiyyətlə, insanın insana sədaqəti,
inamı əslində həyatın əsl mahiyyətidir.
Dağılan ailələrin bir çox hallarda, xəyanətlə
üzləşmələrin, qətllərin, tərəflərdən
birinin digərinə zor etməsinin, ümumiyyətlə, həyatdan
küsgünlüyün və hətta intiharların
hamısının baş verməsində
inamsızlığı, səmimiyyətin olmamasını əsas
götürmək olar. Tərəflər ruh etibarı ilə
bir-birinə doğma olmayanda nə desən baş verə bilər.
Məşəbilə və Gülgəz həyatda
heç bir artıq tamaha meyl göstərməyən
adamlardır. Onlar öz həyatları ilə həmkəndlilərinə
necə xoşbəxt olmağın yolunu göstərirlər
və buna da heç bir kitab, dərs tələb olunmur.
Onların öz həyatları bəs edir ki, xoşbəxtlik
axtaranlara görk kimi nümunə olsunlar.
İndi artıq Məşəbilə yoxdur. Gülgəz
çox çətinliklə dünyaya gətirdiyi oğlu ilə
baş-başa qalıb. Oğlunun doqquz yaşı var. Necə
olacaq? Onlar Məşəbilədən qalmış xoşbəxtliyi
davam etdirə biləcəklərmi? Əlbəttə, əgər
Gülgəz mənəvi saflığını qoruyarsa, bu
xoşbəxtliyi onun və oğlunun əlindən kimsə
ala bilməz.
Yenə toydur. Məşəbilə il yarım bundan əvvəl
dünyasını dəyişib. Amma həyat davam edir.
İndi kimsənin cəsarəti çatmır ki,
adamların “Gülgəzi” adlandırdıqları həmin
havanı çaldırsın, kimsə qolunu qaldırıb bu
havaya oynasın.
Doğrudur, yazıçı əlavə məlumat
vermir, amma hiss olunur ki, Gülgəz sanki kənd əhlini
intizardan qurtarmaq üçün və onlara xoşbəxt
yaşamağın heç də uzaqda
olmadığını göstərmək üçün
musiqiçilərə həmin havanı çalmağı
işarə edir: “...Bütün məclis həyacan içində
idi. Uşaqlı-böyülü hər kəs yerindən dikəlib
müsiqiçilərin oturduğu yuxarı başa
boylanırdılar. “Gülgəzi” havası
çalınırdı. Son il yarım ərzində kənd əhlinin
eşitmədiyi bu hava hamını təsirləndirmişdi.
Tədricən hamı ayağa qalxmağa başladı. Amma
kimsə rəqs etməyə cürət etmirdi. Məşəbilənin
yoxluğunu bilsələr də, sanki hər kəs
möcüzə gözləyirdi. Gənc müğənninin
səsi isə Şadlıq sarayını başına
götürmüşdü:
Bağa girdim üzümə,
tikan batdı dizimə.
Əyildim çıxarmağa,
yar sataşdı gözümə.
Sonra baş verənləri məclis əhli heyrət
içində izlədi”.
Sanki həyat təzədən öz axarına
qayıdır. İndi bundan sonra nə olacaq – hələ bunu
kənd əhli bilmir. Amma Gülgəz işin içərisindədir.
O, insanları heyrətdə qoymaz və sanki öz əməli
ilə əri Məşəbilənin ruhuna insanların dilindən
səslənəcək rəhmət nidalarına yol
açmalı olacaq.
Doğrudur, il yarım elə də çox vaxt deyil.
Və bu ötən vaxt hələ də Gülgəzin tam
sağalmayan, qaysaq tutmayan yarasını unutdura bilməyib.
Amma həyat sevgisi, oğluna nikbin, gələcəyə inam
təlqin edən bir duyğu bəxş etməyi özünə
borc bilən Gülgəz kimsənin təkidini gözləmədən
ortaya çıxır.
Yazıçı bu mənzərəni çox təsirli,
lirik bir ovqatla təqdim edir:
“Əri Məşəbilənin ölümündən
keçən il yarım ərzində ilk dəfə
baldızı nəvəsinin toyuna gələn Gülgəz
arvad birdən irəli çıxdı, qol götürüb
rəqs etməyə başladı. Elə gözəl rəqs
etdi ki, hamı biixtiyar əl çalmağa, onu
alqışlamağa məcbur oldu. Bir azdan məclis
büsbütün alqışlara qərq oldu. Gülgəz əvvəlki
tək ədalı baxışlarla biləyinə kimi
örtülü əllərini xüsusi bir zərifliklə
çiyinləri bərabərində oynadır, gözlərini
qırpmadan qarşısındakı məchul nöqtəyə
baxır, sanki qarşısındakı “Məşəbiləni”
süzür, arada isə boynuna düşən örpəyi cəld
hərəkətlə alnına kimi dartıb nazlana-nazlana
dövrə vururdu. Əvvəlki vaxtlarda heç olmayan isə
örpəyin tam örtə bilmədiyi ağ saçları
və yanaqlarında şırım açan göz
yaşları idi.
Məclis əhlinin yenidən və daha gur
alqışları isə doqquz yaşlı Məmmədin eynən
atası kimi oynamağına ünvanlanmışdı”.
İndi hər şey aydın olur və demək, həyat
davam edir. İnsanlara isə elə alqışlı nidalarla
bu həyatı şən notlarla yaşamaq istəyi
düşür.
Q.Cəfərli həyat adamıdır. Həyatı
sevdirmək üçün sözdən məharətlə
istifadə edir.
ŞƏDDAT CƏFƏROV
Ədalət.- 2024.- 26
yanvar,¹3.- S.11.