AVTOPORTRET

 

Bu adam sevmədi özünü,

Özgələrini sevdi amma...

Ömründə bir xoş gün görmədi,

Əzablı günlər gördü amma.

 

Başına uçuldu tikdiyi,

Fil çəkənməyəndi çəkdiyi.

Tumurcuqlamadı əkdiyi,

Gül-çiçək açdı dərdi, amma...

 

Qaçmasa da bir yol sözündən,

Qaçdılar hər yerdə özündən...

Qarışqa idi öz gözündə,

Başqaları bir devdi amma.

 

Dözüb də hamının nazına,

"Hə" dedi hər şeyin azına.

"Can" deyib oğluna, qızına,

Çörək yox, ürək verdi amma.

 

Bəlkə də heç baxtlıq deyilmiş,

Bugünlük, sabahlıq deyilmiş.

Ölüb yaşamaqlıq deyilmiş,

Bəlkə yaşayıb öldü amma.

 

 

● GEDİM, BU ŞƏHƏRDƏN GEDİM

 

Düşüb həyatın dibinə,

Uyub da vaxtın dəbinə,

Başımı salıb aşağı,

Əlimi soxub cibimə,

Gedim, bu şəhərdən gedim.

 

Bu təmiz ürək üçünmü,

O şirin dilək üçünmü,

Baş götürüb hamı qaçır

Bir tikə çörək üçünmü?

Gedim, bu şəhərdən gedim.

 

Ah... bu torpaq, bu məmləkət,

Bu nə tale, bu nə qismət.

Şeytana iman gətirib,

Öz cəzasın çəkir millət,

Gedim, bu şəhərdən gedim.

 

Girim yerə, çıxım göyə,

Salım səsə, basım küyə.

Mən kimə gərəyəm burda?

Gərək tüpürüb hər şeyə,

Gedim, bu şəhərdən gedim.

 

Subay öldü ömrün yazı,

Baxdım tamarzı-tamarzı.

Yüz qızına vurulsam da,

Sevmədi məni bir qızı,

Gedim, bu şəhərdən gedim.

 

Sayılsın günah, sonrası,

Pis olsun sabah sonrası.

Mən Allah deyib gedirəm,

Allaha pənah sonrası -

Gedim, bu şəhərdən gedim.

 

● ADAM

 

Səni elə istəyirəm,

Elə istəyirəm, Adam.

Bu qış günü bir sərçəyə,

Gülə istəyirəm, Adam!

 

Gəl ha, içimi də yar, bax,

Heç nə səndən deyil uzaq.

Saçımda ağarır daraq,

Telə istəyirəm, Adam.

 

Nə bu eldən doyan olduq,

Nə kimsəyə əyan olduq.

Yaxşı olduq, yaman olduq -

Dilə, istəyirəm Adam.

 

Ömür buydusa, qoy keçsin,

Seçirsə, bircə Haqq seçsin.

Adım ürəyinə köçsün -

Belə istəyirəm, Adam.

 

● BİR AZCA

 

Mən adam acıyam, dostum,

Gəl, səndən dadım bir azca.

Bir azca savab eləyib,

Günaha batım bir azca.

 

Nə mübarək camalın var,

Al məni, dünyamdan qopar.

Haman dərdlərimi qaytar,

Qurusun matım bir azca.

 

Gəm, yenə düşüm azara,

Mən azarlı üzüqara.

... Başımı qoşum başlara,

Başımı qatım bir azca.

 

Hər saz xalında, gülündə,

Hər kəs yurdunda, elində.

Bir halal adam dilində

Çəkilsin adım bir azca.

 

 

● ADAMAM

 

Fələk məni yenəmməzdi bu boyda,

Mən bu dərddən yaralanan adamam.

Dərd ömrümü dən yerinə üyüdüb,

Bu dərdimlə uralanan adamam.

 

 

Xoş gün məndən qaçaq düşüb, gizlənib,

Dərd içimdə əzizlənib, süslənib.

Qoşa dərdi düyünlənib, düzlənib

Sinəsində sıralanan adamam.

 

Bu nisgildən səssiz-səssiz ötürəm,

Bu qəmlərin çiskinində itirəm.

Bu kədərin kölgəsində bitirəm,

Bu dərdimdən havalanan adamam.

 

Ehtiram İLHAM  

Ədalət.-  2024.- 26 yanvar,№3.- S.13.