Can
sağlığının sorağında
Hekayə
Unutmaq mümkün deyil. Yanğısı qora
bişirən yox, daş qaynadan o istilərin göynərtisi
yadıma düşəndə başımdan tüstü
çıxır. Planetin hər yerində, o cümlədən
Bakıda da cövlan edən istiləşmələr get-gedə
qızışırdı. Hərarət gecələr də
səngimirdi. Havanın quruluğu təngnəfəslik və
boğulmalarla müşayiət olunurdu. Arktikada neçə
milyard il bundan əvvəl özünü tutan buz
dağlarının zirvələri əriməyə
başladı. İsti sellər qocaman buzların özüllərini
laxladır, binə-bəndlərini sökürdü. Buz
qayaları aysberqlərin belinə böyrü üstə
çırpılır, gurultuya üfüqlər titrəyir,
ağ ayıların qulaqlarından qan
açılırdı. Amma insanlar guya bu iqlim dəyişməsini
görmür, gurultuları eşitməməzliyə
vururdular. Okeanlarda qasırğalar gəmiləri
batırır, sellər, qabarmalar sahil şəhərlərini
altına alırdı. Təbiətin belə
acışmasına səbəb nəydi? Günəşi
yaradan, o günəşin tacından qopub ətrafa səpələnən
kösöv parçalarının, alov dilimlərinin
qarşısında müdafiəçi - qalxan rolunu oynayan
bir "Ozon qatı"nı da yaratmışdı. Min dəfə
əhsən! Ustadına min bir bərəkallah! O, son dərəcə
qızmar kütlə "Ozon qatı"nın filterindən
keçərkən bir növ yuyulur, təmizlənir,
mülayimləşir, həyat üçün yararlı hala
salınır. Yer üzündə canlıların və təbiət
qüvvələrinin həmahəng, barışıq şəraitində
yaşamasına zəmin yaranır. Durna gözü suyunu
içib, kristal havasını udub, meyvələriylə
qidalanıb xoşbəxt günlərimizi yaşayarkən,
çox təəssüf ki, ətraf mühitdən
muğayat olmağı unutduq. Dahi Ələkbər Sabir
demişkən, "öz qövmümüzün
başına əngəl-kələf olduq". Nəticədə,
"Ozon qatı"nın səthi yerdən
üzüyuxarı şığıyan qaz, tüstü
süngüləriylə deşim-deşim oldu, süzəyə
döndü. Kimyəvi tullantılarla parçalandı,
dağıntılara məruz qaldı səmamız. İstiləşmələr
gücləndi. Nəfsi, tamahı quduzlaşan bəzi
güclülər, daha çox torpaq zəbt etmək,
seçilmək, zənginləşmək yoluyla dünyaya
hakim olmağa can atırdılar. Silah-sursat zavodlarının
bacalarından qalxan kimyəvi tullantılar, raket
başlıqlarından, bomba və qumbara
partlayışlarından atmosferə atılan qurğuşun,
benzol, kükürd qazları, vulkan püskürmələrindən
yaranan hidrogen, xlor birləşmələri də "Ozon
qatı"nın qatlarını sökür,
şüaların sərbəst axını yer-göyü
yandırmaqda davam edirdi.
Lakin bəşəri faciədən xəbərsiz
dünya eyş-işrətdədir. Toy-toya qarışır,
məhsul bayramları el şənliklərinə
çevrilirdi. Arabir televiziya kanallarında görünən
alimlər bu hadisəni təbiətin
"şıltaqlığı" kimi qələmə
verirdilər. Çox nüfuzlu din və məscid alimləri
bu vəziyyətin Allah tərəfindən tezliklə
nizamlanacağını söyləyir, xalqa təsəlli
verirdilər. Amma bəzi başbilənlərdən və
ziyalılardan fərqli olaraq, uzaqgörən şair Səməd
Vurğun cəmi insanlığa qənim kəsilən istiləşmələrə
qarşı barışmaz mövqe nümayiş etdirdi.
Xalq şairi Səməd Vurğun ceyrana, quşa nə
qədər güllə atsa da, patrondaşı daim dolu olsa da,
ovçu Səməd Vurğun qələmi əsərdən-əsərə
püxtələşən, ilham çeşməsi
boşaldıqca dolan şair idi. Onun İkinci Dünya
müharibəsi ərəfəsində yazdığı
"Vaqif" pyesi uşaqlı-böyüklü xalqın
tamaşasıydı. Hitler faşizmi ilə ölkəmiz
arasında gedən müharibənin ağrı-acılarından
yaxa qurtarmaq istəyən, teatrlara da gedirdilər. Sifətində
barmaq qalınlığında qırışları titrəyən,
başındakı şah-tacında rəngbərəng
daş-qaşları bərq vuran Şah Qacar vəhşi
görkəmiylə vahimə doğururdu. Oğlundan qara
kağız alan analar, nişanlısından nigaran gəlinlər,
Qacarın timsalında Hitleri görür, nahaq qanlar axıdan
o faşistə lənətlər yağdırırdılar.
Onun atəşfəşanlıqla parlayan "Zəncinin
arzuları" əsəri qara dərililərin azadlıq
yollarında mayaka çevrildi.
Şairin 1956-cı ilin baharında Opera və Balet
Teatrında keçirilən 50 illik yubileyinə ədəbi
aləmdə yaxşı tanınan qələm dostları da
gəlmişdilər.
Tədbir ərəfəsində şairin səhhətində
problemlər üzə çıxmış,
"dağıntılar" yaranmışdı. Tədbir
iştirakçıları yubilyarı öz yanlarında
görmək istədiklərini bildirdilər. Bu istək
baş tutmayanda "heç olmasa, səsini eşidək"
dedilər. Mərəz şairin boğazını
tutmuşdu. Xırıltılı səs eşidənləri
şoka salar, sarsıda bilərdi. Yubiley komissiyasının sədri
Rəsul Rza əlindəki zərfi hamıya göstərərək:
- Səməd Vurğun məktub göndərib, - dedi. -
Şair ən çətin anlarda da həssaslığından,
insanpərvərliyindən qalmır. Qulaq asın,
görün bizə necə can yandırır Səməd.
Qurbağa gölünə daş atdılar sanki, Rəsul
müəllim, böyük şairin siqləti
çoxsaylı cildlərə sığmayan iki cümləlik
məktubunu oxudu. - "Axır vaxtlar havalar çox istiləşib!
Sizə cansağlığı arzulayıram".
Səməd Vurğun əsər müzakirələrində
və rəsmi çıxışlarında da sözaltı
sözlərə, ideomatik ifadələrə daha çox yer
verirdi. Yüz ölçüb, bir biçən şairin
bişirilməmiş bir söz çıxmazdı
ağzından. İstiləşmələrdən gələn
narahatçılığını siqləti qalın tomlara
sığmayan, iki sadə cümləylə
"qızım, sənə deyirəm, gəlinim, sən
eşit" zərb-məsəlinə rəğmən yubiley
iştirakçılarına deyib, dünyanın
qulağına çatdırdı.
Qonaqlar təəcüblə bir-birlərinə
baxdılar. - Hava istiləşməsinin
cansağlığına aidiyyatı varmı? - soruşdular
bir-birindən. - Var! Özü də əsaslı dəxli var
- dedi, - titrəyən çənəsini əliylə
qamarlayan qoca. - Səməd Vurğun "havalar istiləşir"
deyəndə ona işarə vurur ki, yerdən göyə
qalxan tüstülər, kimyəvi tullantılar, zəhərli
qazlar atmosferin "Ozon qatı"nı
söküb-dağıdır! İstiləşmələr
gücləndikcə xəstəlik daşıyan
bakteriyaların doğulub törəməsinə münbit
şərait yaranır. "Donuz qripi"nin
qılçasını qırdıq, "Quş qripi"
süngüsünü dirədi boğazımıza. İndi
də "Koronovirus"un əlində aciz
qalmışıq. Ustad bizi dünyamızdan muğayat
olmağa çağırır - deyə havanı yumruqlayan
qoca, birdən fağırlaşdı, doluxsundu: - Ay pir
olmuş, Səməd qağa! Cansağlığı
arzulayırsan, çox yaxşı! Ancaq onu necə əldə
eləyək? Bilirsənsə, yerini göstər. Dükanda,
bazarda satılırsa, biz də alaq, tökək
uşaqların qabağına. Bir-ikisini də ataq
ağzımıza. Yoxdu belə bir həb! Amma faciədən
qurtulmaq yolu var. Biologiya elmləri doktoru Mirəli deyərlər
mənə. Qlobal istiləşmə və parazitlərin
artması barədə yüzlərlə məqalə
çap etdirmişəm. Qoca üzü şir dərisi kimi
qırışan portfelini ağzı aşağı
çevirdi. Masanın üstündə əl boyda blaknotlar,
cildli kitablar, rəngi solmuş qəzet və jurnal nüsxələri
üst-üstə qalaqlandı. - Bu necə işdi, ay balam?
Aidiyyatlı şəxslər susurlar. Ancaq Allah sənin
canına dəyməsin, ay Səməd qağa. "Nə? Nə?
Xəstə hüceyrələr?" Lov xəbər. Xəstə
hüceyrələrlə yüklənmiş səma qalın
bir yorğan kimi çəkilib üstümüzə.
İldırım kimi çaxdı başımda! Canıma
qorxu düşdü. "Vaxsey! İşimiz bitdi! Evimiz
yıxıldı ki! O yorğanın altından salamat
çıxa biləcəyikmi biz? Düşünür,
üzülürdüm. "Mərifətli danış!
Ağzını yuyucular yusun. Bizi diri-diri torpağa
basdırma". Öz aləmində hədələyirdi
qocanı. Hay-küy salıb baykot eləmək istədim".
Amma deyəsən, həqiqət vardı sözündə.
Əlbəttə, o bakteriyaların bir neçəsi
keçib qanıma. Bel tirimi, yançaq sümüklərimi,
oynaqlarımı gəmirən də elə o bakteriyalardı.
Məktubun məzmunundan vəcdə gələrək
"Yaşamaq gözəl şeydir, qardaşım" -
dedi, dünya poeziya artilleriyasının uzaq vuran topçusu -
şair Nazim Hikmət. Amma o, "gözəl yaşamaq,
firavan, geninə-boluna təminatla, şessotka maşınlarla,
bağ evləriylə yaşamaq, vəzifə pillələrini
qalxa-qalxa yaşamaq gözəl şeydi" demədi.
Çox sadə və adi yaşamağa üstünlük
verdi Nazim əfəndi.
Səhər tez oyanasan. Aynəbəndin pəncərələrini
həyətə tərəf itələyib açasan.
Yarpaqların üstündən sürüşən şeh
damcıları əllərini sanca. Bu gicitkan iynələri
kirpiklərinin ucunda olan-qalan yuxunu qaçıra.
Qollarını velosiped təkərləri kimi fırladıb,
xırman vəli kürəklərinin
sığnağında büzüşən
damarlarını cana gətirsin! Cuşa gələn qanın
bədəninin bütün nahiyələrinə fəvvarələrlə
atılsın! Sinə dolusu nəfəs alasan, udduğun
kövrək hava keçən axşam içdiyin
rakının çöküntülərini yuyub nəfəs
yollarını təmizləyə. O hava - məlhəm
hisi-pası üzə çıxan içərilərini
yaxşı-yaxşı qalaylaya! Başını krantın
alnına tutasan, şaqqaşaqla axan sular kürəklərindən
qayış yerlərinə süzülə, biləsən
ki, yaşayırsan!
Nazim Hikmət ustad saydığı Səməd
Vurğunun iki cümləlik məktubunu Qlobal istiləşməyə
qarşı mübarizə proqramı kimi qəbul etdi. "Mən",
"Sən", "Biz" deyərkən kürreyi-ərzi
bu mübarizədə əlbir olmağa
çağırırdı.
Mən yanmasam, sən yanmasan, biz yanmasaq, -
Necə çıxar qaranlıqlar
aydınlığa?
Yaşa dolduqca həyatın ətəyindən bərk-bərk
yapışırıq. Di gəl ki, əlimizdə saxlaya
bilmirik. Mənim davam-divanım da kəskin
ağrılar-sancılarla əsayişimi pozan, hələ həkimlərin
də dəqiq baş tapmadığı xəstəlikdir.
Neçə vaxtdı ki, Təcili yardım, Hospital, Poliknika
yollarında həlak-yorğunam. Həblər atmışam,
iynələr vurdurmuşam, heç tükü də tərpənməyib
xəstəliyimin. Yüz faiz əminəm ki, anamı
ağladan da o Mirəli kişinin dediyi bakteriyalardı ki, bir
neçəsi boynuma, əlimə daraşıb, qanıma
keçib. "Yüz imama yalvarınca, bir Allaha yalvar"
deyiblər. İmkanlarımı götür-qoydan sonra mənə
tanış hospitala gəldim. Dərdimi-şikayətimi
soruşmadılar. Qoluma girib qan vermə kabinetinə gətirdilər.
Dedim axı, keçən həftə elə bu kabinetdə
olmuşam. Qan da alıblar, "UZİ"-dən də
keçmişəm. Analizlərin cavabı cibimdədi. Gəldim
ki, bu dəfə əlli min rubla institutu qurtaran yox, bəlkə
savadlı bir həkim o analizlərə baxsın,
sağaltsın məni.
- Xeyr, - dedi üzümə irişən, həvədiş
həkim. - O analizlər köhnəlib. Bu dəfə
qanınızı üç aspektdə yoxlayarıq. Diabetə,
yəni şəkərə görə, mədəaltı vəzində
prostata görə, bir də qara ciyərin sirrozuna görə.
Düzdü, bir az qiymət artacaq! No, zato
cansağlığı hər şeydən qiymətlidi.
- Ay doktor, deyirlər axı, xəstə viruslarla dolu
səma, yorğan kimi çəkilib üstümüzə. Bəlkə
o bakteriyalardan bir neçəsi keçib qanıma
- Ola bilər! No, zato, uzun müddət İranın
Kosmos Agentliyində həkim işləmiş kolleqam Ağayi
Firdovsi loğman bir-iki seansa sizi sağaldar. Ağzımı
doldurmuşdum "Yalan deyənin atasına lənət!
İranda hələ Kosmos Agentliyi yoxdu. Orda belə qurum ancaq
2004-cü ildə təsis olunacaqdır - deyib həvədişə
bir turşulu aş yedirmək istədim. "Ancaq göyərçinin
canı bardaqdadı, bardaq da Devin əlində. Meşədən
çıxana kimi ayıya dayı deməliyəm".
"İranlı Kosmos həkimi"nin dərman nüsxəsində
heç bir dənə də təzə dərman görmədim.
Ümumi ağrıkəsicilər yazılmışdı.
"UZİ" həkimi müayinələrin qiymətini
baha oxudu. Səbəbini soruşdum. Saçları ənsəsində
xoruz pipiyi kimi qızaran oğlan dedi ki, dayı, bu importnu
aparatları öz şotuma gətirtmişəm. Orqanları
super göstərir. Tanış əczaçılar dəfələrlə
işlətdiyim "Ketanol", "Voltoren",
"Novalis" qutularını çantama doldurub vurdular
qoltuğuma. Həbləri atdım, iynələri vurdurdum, xeyri
olmadı. Köhnə hamam, köhnə tas! Bəlkə dərmanlar
saxtadı? Deyirlər ki, Bakının podvallarında
doldururlar. Yanmayan yerdən tüstü çıxmaz. Əldə
düzəltmə olsa da eybi yoxdu, az-maz təsirini göstərər.
Amma narazılığım əlli min rubla AMİ-ni qurtaran həkimlərdəndi
ki, diaqnozları dəqiq olmur. Xəstəni ram etməkçün
minbir cildə girirlər.
Xirosima və Naqasaki şəhərlərinin hərəsində
bir atom bombası partladı. Yüz minlərlə insan
dünyasını dəyişdi. Bombaların
partlayışından yaranan vakuum, sərt iqlim dəyişikliyi
"Ozon qatından" yan ötmədi. Bu təbii qorunma
qatının, özəyi, səthi də müxtəlif dərəcəli
zədələr aldı. Az sonra "Çernobıl"
atom-elektrik stansiyası qəzaya uğradı. "Ozon
qatı" müqavimətini bir az da itirdi. Ərazilərini
müharibə, istila yoluyla genişləndirmək istəyənlərin
sayı xeyli artdı. Silah zavodlarının bacalarından
"Ozon qatının" dəyirmanına su yox, bol-bol qaz
birləşmələri axıdıldı, istiləşmələr
gücləndi.
Xəstəlik çəlləkdə şərab
deyil ki, saxalandıqca suyu çəkilib tündləşsin!
Özbaşına buraxılan viruslar saatlarla yox, saniyələrlə,
özü də həndəsi silsiləylə
çoxalır, pəhləvan cüssəli insanları iynədən
keçən sapa döndərir.
- Naftalana ver özünü. "Çinar"
sanatoriyasının həyətinə ki, girdin, müalicələr
başlayır. Özü də təbii vasitələrlə
aparılır a! Küknar, qovaq ağaclarının
altında şırıltıyla axan arx sularının gah
eşidilən, gah da qeyb olan həzin səsi palataların
açıq pəncərələrindən içəri
dolur, xəstələrin yuxularını şirniləşdirir.
Budaqlarda pıçıldayan yarpaqlar yuxusu qaçan xəstələri
nağıl dünyasına qovuşdurur.
Bağ-baxçanın ağacdələnləri də sanitar
işini görür - dedi, bura tez-tez gəlib-gedən bir
tanışım. Neyləyəydim, adam çarə-əlac
ümidiylə yüz yerə əl atır, imkanı olan
dünyanın o başına gedir.
Dəmir darvazanın dingilbabisini
tıqqıldatdım. Qapı açıldı. İçəridən
qəribə ətirli, yumşaq bir külək
çırpıldı üzümə. İki-üç
addımla ağ, sarı, çəhrayı zambaqların
divarına dirəndim. Boyları məndən də uca
zambaqlar əyilib-düzəlir, başımı
sığallayırdılar. Nədi bu, ilahi! Rəhmətlik
Füzuli babamın "Heyrəti, ey büt, sürətin
gördükdə lal eylər məni" misrası səsləndi
qulaqlarımda. Şirin, təlx qoxu burnumu sancır, ürəyimi
uçundururdu. Sinə dolusu iki ağız asqırdım.
Başım-beynim ayazıdı. Göz qapaqlarım qalxır,
qaşlarımın çəpərlərini
sökürdü. Dilimi dodaqlarımın üstündə gəzdirdim.
Bu nədi? Quruluq, acılıq nə tez yoxa
çıxdı! Zambaq ətirli, zambaq şirəli hava qara
ciyərimdə ödün axarını sabitləşdirib, zəqqutun
kimi acı dilim-ağzım bal dadırdı. Dostumun dedikləri
təsdiqləndi. Burda müalicələr həyətə
ayaq basdığım andan başladı.
Böyük zəhmətin bəhrələri
görünürdü həyətin hər
qarışında. Yamaclar, dərələr, təpələr
doluydu zambaqnan. Dəmir reşotkalar uzandıqca zambaq
plantasiyaları da uzanırdı. Maşın yoluna yaxın
yerlərdə zambaqlar şeypur başlarını
raşotkaların üstündən aşırıb, asfaltın
yapışqan buxarını, avtomobillərin qluşitellərindən
asqıra-asqıra çıxan tüstü topalarını
öz zərif qoxularıyla zambaqlaşdırırdılar.
Çox güman ki, təcrübəli bir aqranom-mühəndisin
əliylə yüz dəfə ölçülüb, bir dəfə
dəqiq biçilib ağacların dibləriylə axan arxların
yolu. Torpağın qarın verən yerindən çıxan,
qabığı ayaqlar altında soyulmuş, yaralı köklərə
tənzif kimi sarılan sular, travmatoloq həkimlərin
işini görürdü. Arxın divarlarına
çapa-çapla çırpılan dalğalar qaval
şappıltılarını xatırladırdı. Oynaq ritmlərin
əks-sədaları cığırlar, keçidlər boyu
kreslolarda dincələn xəstələrin sümüklərinə
düşür, ruhlarını dingildədirdi. Dərmanlar
şiprislərdə köhnəlir, həblər qutulardan
çıxmırdı. Həyətin xırman kölgəli
ağacları, suları qabığı
sıyrılmış köklərə cuna kimi sarmanan arxlar
da şəfqət bacıları, həkimlər kimi hörmətə
minirdi gözümdə.
Qəbul otağında sənədlərimi yoxlayan
burnu batıq, qaboy səsli oğlan, xəstəlik
kartımı, şəxsiyyət vəsiqəmi, laborator,
rentgen kabinetlərinə icazə kağızlarımı da mənə
tərəf uzadaraq başını arxaya fırlatdı. - Ay
Gülnarə xanım, sən Allah, bələdçilik elə
bu təzə qonağımıza, kabinetlərin yerini göstər
- dedi. Necə, necə? Qonaq? Xalamgildə, dayımgildə
"qonaq" çağrıla bilərəm. Ancaq burda...
"Ay yolsuz, özünü dağa-daşa salma! Bir dəfə
başa düş ki, "Çinar"da "xəstə"
"bil mar" kəlməsi işlənilmir. Lap əcəb
eləyirlər. Yeri var! Əsəbləri
qıcıqlandıran "xəstə", "pasient"
sözlərini qəsdən işlətmədi qaboy səsli
oğlan da. Xəstəyə xəstə olduğunu tez-tez
başına çırpmaq, yetişməmiş çibana
neştər vurmaqdı. Qaboy səsli oğlan həkimlərdən
daha artıq həkimlik eləyir, xəstələrin əsəblərini
qoruyurdu.
Bəzi kabinetlərə növbəsiz idi giriş. Həkimlər
üz-gözümə diqqətlə baxır, "səndə
heç nə yoxdu" deyib, kağıza qol çəkir,
qovluğu qoltuğuna dürtürdülər. Ancaq kardioloq Vəfa
xanımın qapısında uzun növbə gördüm,
qanım qaraldı. Bu görüşü sonraya saxladım.
Vaxt itirmək büzdümümlə omba
sümüyümün arasında oturuşmuş
bakteriyaların əlinə drel, külüng, lom verib
dağıntılara imkan yaratmaqdı. İnzibati binaya tələsirdim
mən də! Amma Allah uzaq eləsin, ağzımdan küləklər
aparsın! Kaş buranın həkimləri əlli min rubla
Amini (Tibb Universitetini), bitirdikdən sonra da iynə
vurmağı bacarmayan üzüqara həkimlərdən
olmayaydı. Amma allahçına danışsaq, elə o
vaxtlarda da ali məktəblərə öz başıyla girənlər
az deyildi.
Yolum Qovaq ağaclarının altından keçirdi.
Havarəngi kombinizonun ətəyi dizlərini tutan gülərüz
oğlan uzun saplı süpürgəni, özündən
iki-üç metr irəli ataraq sağa, sola tovlayır, dəvə
pəncəsini xatırladan yarpaqları süpürgənin
ucuyla qarşısındakı xəzəl topasının
üstünə oturdurdu.
Əlimlə darvaza tərəfi göstərib: - Orda
da küknarların, çinarların altında xəzəl
topaları var. Sonra bunları yandıracaqsız, eləmi?
Tüstü boğacaq xəstələri. Oğlanın
dodaqları qaçdı. Dişlərini sanamaq olardı.
Baxışları əlimdəki qovluqda dondu. - Təzə gəlmisiz
eləmi?
- Lap təzə!
- Ancaq ay qonaq müəllim, bax, o göydə - deyərək,
əlini başı üstünə qaldırdı. - Hə,
o göydə bir "Ozon qatı" deyilən sahə var.
Əgər yandırsam... Şair Səməd Vurğunun vəsiyyət
məktubundan xəbəriniz var, yəqin ki!
- Siz ədəbiyyatçısınız?
- Xeyr. Botanikəm! Çəyirdəksiz bitkilərin
genetikası üzrə elmlər namizədiyəm. Atam məni
daş binaların içində laboratoriya rəhbəri
qoydurmuşdu. Xoşuma gəlmədi. Amma burda suda balıq,
göydə quş kimiyəm. Ərazidə çoxlu
şabalıd, palıd ağacları var. Payızın
axırlarında meyvələri yerə tökülür. Mən
meyvələri çuvallara doldururam. Zambaqların
bürüşmüş ləçəklərini,
qurumuş çör-çöplərini də xüsusi
qutulara yığıb Bakıdakı Baş apteklər idarəsinə
yollayıram. O idarədən də sanatoriyanın büdcəsinə
xeyli vəsait daxil olur. Bəhram direktor bağban Mədət
kişiyə, mənə də hər ay premya verir. O, əlini
xəzəl topasının üstünə qoydu. - Bu xəzəlləri
də yandırmaram. Niyə? Birinci ona görə ki,
tüstülər o başı bəlalı "Ozon
qatı"nı didib-dağıtmasın, biz də istiləşmələrdən
əziyyət çəkməyək. Yandırmayacam, bir də
ona görə ki, xəzəllərə ikinci həyat verəcəm
mən - dedi.
Yusif HƏSƏNBƏY
Ədalət.- 2024.- 26
yanvar,¹3.- S.14.