Pəncəli
Teymurova Milli Qəhrəman adı veriləcək?
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə
2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına
şəhid olan Xüsusi Təyinatlı hərbçi şəhid
Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı
adı veriləcəyi ilə bağlı xəbər
yayılıb.
Adalet.az-ın əməkdaşı məsələylə
bağlı Pəncəli Teymurovun qardaşı Famil Teymurovla
əlaqə saxlayıb.
Şəhid qardaşı saytımıza
açıqlamasında bildirib ki, bununla bağlı onlar da xəbəri
sosial şəbəkədən öyrəniblər:
“Pəncəlinin iş yoldaşları “teleqram”
kanalında xəbəri görüb bizə göndərmişdilər.
Biz həmin xəbəri yayan adamın kim olduğunu bilmirik,
amma mən də o xəbəri paylaşmışam. Bizə
bildirilib ki, komandanlıq tərəfindən Pəncəliyə
Milli Qəhrəman adı verilməsi ilə bağlı təqdimat
verilib. Bunun nə vaxt olacağını isə bilmirik. Pəncəliyə
Milli Qəhrəman adının verilməsi ilə
bağlı bizə qonaq gələn general-polkovnik Hikmət
Mirzəyevə və Xüsusi Təyinatlıların yeni təyin
olunan komandiri, general-mayor Ələkbər Cahangirova da demişdik.
O söz verdi ki, təqdimat verəcəm. Sonra öyrəndim
ki, Ə.Cahangirov təqdimat verib. Düşünürəm
ki, bu xəbər yalan olmaz”.
Qeyd edək ki, şəhid Pəncəli Teymurov aprelin
11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində
torpağa tapşırılıb. 1981-ci il təvəllüdlü
Pəncəli Teymurov hərbi xidmətini başa vurduqdan sonra
könüllü olaraq, xidmətini davam etdirib. Yüksək
bacarıq və peşəkarlığı, nümunəvi
xidməti nəzərə alınaraq o, 24 iyun 2015-ci ildə
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
“İgidliyə görə” medalı ilə təltif
olunub. 2016-cı il Şanlı aprel döyüşləri
zamanı isə qəhrəmancasına şəhid olub.
Ölkə başçısının göstərişi
ilə ölümündən sonra “Vətən uğrunda”
medalıyla təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN
Ədalət .- 2025.- 7 noyabr (¹42) .- S.7.