Şəhid anası: “Ən
böyük arzusu kəşfiyyatçı olmaq idi”
Bu gün 44
günlük vətən müharibəsində şəhid
olan Hassan Xalidin anım
günüdür.
O, Kəlbəcər istiqamətində 854 yüksəkliyinin
azad edilməsi uğrunda gedən
döyüşlərdə şəhid olub. Xalid
könüllü əsgər kimi cəbhəyə yollanmışdı.
Şəhidin anası
Maya Quliyeva oğlu ilə
bağlı xatirələrini Adalet.az-a danışıb.
Maya Quliyeva Xalidin çoxdan bu günü gözlədiyini
söyləyib:
“İlk onu deyim ki, anam müharibə
veteranıdır. Ağdam rayonu Saybalı kəndində
yaranmış özünümüdafiə batalyonun dəstəsində
döyüşmüş adamdır. O vaxt hər evdən bir
kişi batalyona qoşulanda atam 1988-ci ildə rəhmətə
getdiyi üçün anam atamın əvəzinə bataıyona qoşuldu.
Əvvəlcə
anamı həmin batalyona qəbul etmədilər ki,
qadınsan, olmaz. Anam da öz inadından dönməyib
Ağdam istiqamətində Çuxurməhlədə “Ala
Yaqub”un dəstəsinə
qoşulmuşdu. Sonra kəndimizin cammatı anamın
inadını görüb, onu kəndimizdəki batalyona
çağırdılar. Əlbəttə, kişilər onu
ön cəbhəyə buraxmırdılar. Anam ancaq qadın
işləri görürdü. Bəzən ön cəbhəyə
əsgərlər üçün xörək
aparırdı. Ancaq təsəllisi bu idi ki, vətənə xidmət edir. Bu, Xalidin vətənpərvərliyinin
genetik olmasının göstəricisidir. O, vətən
sevgisini anamda, məndə çox görüb, hiss edirdi.
Hələ Tovuz döyüşlərindən sonra
anamla Xalid hərbi komissarlığa
müraciət etmişdilər. General Polad Həşimov şəhid
olandan sonra Xalid qəti qərarlı idi ki, könüllü
cəbhəyə yollancaq”.
Şəhid anası
müharibə zamanı Ağdamdakı evlərinin
“kiçik hərbi hissəyə” çevrilməyində
Xalidin əsas rolu olduğunu söyləyib:
“N saylı hərbi hissə bizim evin
yaxınlığında yerləşir. Hərbi hissənin
yeri bəlli olduğu üçün düşmən o
istiqaməti daha çox atəşə tuturdu. Mən
Bakıda idim, sentyabrın 27-si
saat 07:30-da Xalid zəng etdi ki, ana, çoxdan
gözlədiyin hadisə vaş verib, Ağdama gəl.
Təsəvvür edin ki, Avtovağzal istiqamətində
Ağdama gəlmək üçün taksi tapa bilmirdim.
Hamı Ağdama gəldiyindən taksi və marşurtlarda məhdudiyyət
yaranmışdı. Məcburən Bərdəyə gəlməli
oldum. Yol boyu Xalidlə danışırdım. Ona dedim ki, Bərdəyə
gəlirəm, məni qarşıla, gedək Ağdama. Dedi
ki, ana, gələ bilməyəcəm. Çünki şəhidimiz
gəlir. Onu Muğam Mərkəzinin qarşısına gətirib,
burda yeni salınan Şəhidlər
Xiyabanında dəfn edəcəklər. Sən
özün gəl.
İlk dəfə idi ki, Xalid mənə yox deyirdi. Bu
isə şəhidin dəfn olunan günü idi. Təsadüfdən şəhidin dəfnindən
sonra məni Ağdamda “Çay evi”nin yanında qarşıladı.
Evə qayıdanda evimizin arxasında hərbi
maşınlar, təcili yardım maşınları gördük. Bizim qəsəbə
müharibə zamanı bir neçə dəfə atəşə
məruz qalmışdı. Oktybarın 19-u anamla mən də
yaralanmışdıq. Evimiz dağılmışdı.
Anam, mən, bir də Xalid 27 sentyabrdan etibarən əsgərlərə hazır xörək, lazım olan əşyalar
aparırdıq. Müharibə dönəmində evimiz
“kiçik hərbi hissə”yə çevrildi.
Bizim qəsəbədən əlavə digər kəndlər
də atəşə məruz qaldığı
üçün qadınlar,
uşaqlar Avtovağzalın həyətinə,
kollecin binasına müvəqqəti
sığınmışdılar. Xalid onlara da hər gün
müəyyən qədər ərzaq aparırdı. Həmin kəndlərdə
yalnız kişilər qalmışdılar.
Hər dəfə hərbi
komissarlığa gedəndə deyirdi ki, məni
döyüşə aparın.
Sonra Xalidə bildirildi ki, səfərbərlik
dayandırılıb. Əgər ehtiyac olsa sizə zəng
ediləcək.
Komissarlıq atəşə məruz
qaldığı üçün yeri dəyişdirilmişdi.
Mənə dedi ki, Maya, get, onlara denən ki, məni
döyüşə aparsınlar. Bu cəhdi baş
tutmadı, çünki səfərbərlik
dayandırılmışdı. Məndən xəbərsiz
yenə gedib deyib ki, siz məni aparmasanız, bizim evimizin
arxasında hərbi maşınlar dayanır. Onların birinə
minib döyüşə gedəcəm. Xalidin bu sözlərin mənə deyəndə, dedim ki, o
deyirsə, eləyəcək.
Oktyabrın 7-də zəng gəldi ki, sabah avtobuslarla
könüllü əsgərlər üçün
çıxış var. Hələ də fikrini dəyişməmisənsə,
gəl. Səhəri günü Muğam Mərkəzinin
qarşısına getdik, orda mənimlə
sağollaşdı. Gedən kimi təlimlərə
qoşulmuşdu”.
O, şəhidin ən böyük arzusunun kəşfiyyatçı
olmağını söyləyib:
“Hərbi xidmətdə olarkən kəşfiyyatçı
olmağı arzulayırdı. Ancaq atası xarici ölkə
vətəndaşı olduğu üçün buna icazə verilmirdi. Könüllü olaraq
yazılıb müharibəyə getmək ona bir fürsət
idi. Bir kəşfiyyat rəisi
var mən ona “ilangöz” deyirdim. Telefonla danışanda dedi ki, ana, sənin
“ilangöz”ünün yanındayam. Onda bildim ki, o,
çoxdankı arzusunu reallaşdırmağa başlayıb.
Onda anladım ki, hər şey ola bilər. Çünki xüsusitəyinatli qüvvələrin
yanında xidmət etmək ən
çətin vəzifədir. Əlbəttə, Xalid ora
kömək məqsədi ilə
götürülmüşdü. İllərlə təcrübə
qazanmış əsgər və zabitlərin yanında idi.
Dostları danışır ki, heç bir
tapşırıqdan geri qalmırdı. Hətta kimsə ona
deyəndəki, sənin körpən var, ön sıralara
keçmə, o bunu qəbul etmirdi.
Xalid deyirdi ki,mən burda bığ uzadıram,
saç uzatmıram.
Axırıncı dəfə noyabrın 2-si
danışdıq. Əlini sinəsinə vurub bayrağı,
birdə “Qarabağ” futbol komandasının
bayrağını götürmüşdü, onu göstərdi
ki, narahat olmayın, ayın 9-u bunu Şuşaya sancıb gələcəm.
Həmişə də deyirdi ki, Saybalıdan gələcəm.
Mən Saybalının havasın alacam. Görüm o Maya (məni
çox vaxt adımla çağırırdı)
Saybalıdan ötrü niyə bu qədər özün
öldürürdü.
Bəlkə də Saybalıda yaşamaq mənə
qismət olmayacaq. Amma mən Xalidin ruhu şad olsun deyə kəndimizin
abadlaşmasını istəyirəm. Onun üçün
çalışıram.
Onun ruhu şad olsun deyə, kəndimiz
üçün əlimdən nə gəlirsə edəcəm.
Ümumən, bütün şəhidlər bir- birlərinə
bənzəyirlər. Evlərimizdə bir mələk var
imiş, bizim bundan xəbərimiz olmayıb.
Biz qürbətdə yaşayanda mənim Ağdam üçün, Azərbaycan
üçün ürəyimin necə çırpındığını
Xalid görürdü. Biz onunla ana- bala yox, iki dost idik,
bacı- qardaş kimi idik.
Əlbəttə, şəhidlər ölmür.
Onların ruhları səmadan hər
an bizi izləyir. Biz çalışmalıyıq ki,
onların adına layiq olaq”.
Əntiqə Kərimzadə
Ədalət .- 2025.- 7 noyabr (¹42) .- S.7.