ÜMİDDƏN DOĞULAN
ŞEİRLƏR
(Əbülfət Mədətoğlunun «…VƏ SƏN» şeirlər kitabı qarşımdadır)
«Əbülfət Mədətoğlu
1 yanvar 1959-cu ildə Xocavənd rayonunun Tuğ kəndində
doğulub. Respublikanın Əməkdar jurnalistidir. Çoxlu
sayda nəsr və şeir
kitabının müəllifidir. Onun şeirləri Türkiyədə, İranda,
Rusiyada da çap olunub».
Çoxsaylı Azərbaycan
oxucularına xatırlatdığım bu tanışlıq
sizə qəribə gəlməsin. Əbülfət Mədətoğlu
müasir poeziyamızda öz səsi, poetik nəfəsi ilə
tanınan bir şairdir. Olsun ki, onu tanımayanlar da var.
Əbülfət Mədətoğlu
hər yeni şeirlər kitabında özünün poetik
imkanlarını, təzə söz demək məharətini,
müraciət etdiyi mövzulara yeni yanaşma tərzini üzə
çıxarır. «…Və sən» şeirlər kitabında
da biz bunun şahidi oluruq.
Əbülfətin
şeirlərinin əksəriyyəti sevgi və bu sevgidən
doğan həyat eşqi ilə diqqəti cəlb edir. Amma onun
yaradıcılığı təkcə bu mövzu ilə məhdudlaşmır.
Əbülfət elə şairdir ki, yaşadığı həyatın,
gerçəkliyin ona təsirlərindən, Vətəndə
baş verən olaylardan, dünyanın gedişindən,
Qarabağ müharibəsindən- itkilərindən, şəhidlərdən,
Qələbəmizdən yazmaya bilməz. Onun şairliyi
hissiyyatlar üzərində qurulub və deyək ki, hisslərin,
duyğuların bədii sözə çevrilməsi
axtarışlara, yeni –təzə və təravətli poetik
tapıntılara gətirib çıxarması təbiidir.
Bu kitabda onun anası ilə
bağlı şeirləri fikrimizcə, öz poetik
axtarışlarının ən uğurlu
tapıntılarıdır. Burada Məmməd Arazın ana
itkisiylə bağlı «Ana itirmişhəm ana yaşında»
misrası yada düşür. Əbülfət Ana itkisini elə
təsirli –metaforalarla, sözlərin kədərli
ovqatıyla təqdim edir ki, şeirin özü də bu itkiyə
köklənir:
Yenə gözlərim
çeşmədi –
Məzarına tərəf
axır.
O məzardan bu
çeşməyə –
Anamın ürəyi
baxır.
Ana ölümü və məzar. Gözlərin
çeşməyə bənzədilməsi. Ana ürəyinin
bu çeşməyə boylanması. Deməli, ana
ölümü şərtidir-ölümsüzlük
yaşayır bu ölümdə. «Anasızlığıma
ağı»şeiri bu fikrin daha həzin, daha kövrək ifadəsidir:
Sanki qurumuşam, sanki
donmuşam
Allah göz yaşı da vermir,
ağlayım…
Gözləri
gözümə köç edir indi –
Anamın
gözünü necə bağlayım?!
Söz tapa bilmirəm,
dilim də dönmür –
İçimdən
keçəni mən
açıb tökəm…
Bilirəm, analar
köç edir, ölmür –
İndi gücüm
yoxdu önündə çökəm!..
Ana, göz yummaram tay
bundan sonra
Sənin gözlərini
güldürmək üçün!..
Hər gün
axtaracam, gəzəcəm çarə –
Ana
ölümünü öldürmək üçün!
Əbülfət Mədətoğlunun ana haqqında
yazdığı ən gözəl şeir isə «Qəlbi şəhid dağlı
ağ çiçək anam»dır. Bu şeirdə də
o, ana itkisini münasib, həm də
indiyə qədər işlətmədiyi təşbih və
metaforalarla sıralayır.Ana
itkisini şəhidliklə bağlamağa ilk cəhddir.Ananın
şəkli önündə düşüncələrə
dalan oğul ona olan dərin məhəbbətini belə ifadə
edir:
Sənin yoxluğunla
barışmadım mən –
Yuxuda bu gecə
üstünə qaçdım –
Mənim
çiçəklərdən, ay çiçək anam!
Mənim ürəyimdə
qırıq ox qalıb –
Ananda o günü
sızıldayır dil –
Mənim
qaçqın bəxtli ağbirçək anam
Nə ola bilər ki,
mənə təsəlli –
Ancaq xatirələr,
birdəki, dua…
Hərdən yuxuma gəl,
qoy nəfəsinlə
Yenə də isinsin sən
quran yuva –
Mənim
çiçəklərdən, ay çiçək anam.
Və «Ana yoxluğu» şeiri . «Sənsiz mənasını
itirən həyat – Ağrıya çevrilib – o içimdədi». Bu dörd şeiri nəzərdən
keçirəndə belə bir qənaətə gəlirsən
ki, təkcə ana itkisi deyil, Anaya və Analara böyük məhəbbətin
ifadəsidir bu şeirlər. Çox arzu edərdim ki,
Əbülfət bundan sonrakı şeirlərində
Ananın öz obrazını yaratsın.
Əbülfət Mədətoğlu
heca vəznli şeirlər yazır və bu hecaya
doğmalığı el ədəbiyyatını, folkloru elə
gənc yaşlarından dərindən mənimsəməklə
bağlıdır. Onun «Söz» adlı bir qoşması var.
Bu şeir onun Sözə və ümumiyyətlə poeziyaya
hansı yolla, hansı bədiiyyatla gəldiyindən xəbər
verir.
Boy verəcək,
ilham varsa canında-
Cücərəcək,
düşsə hətta gildə söz!..
Onun «Sözüm»
şeiri isə SÖZ – ŞAİR vəhdətini ifadə
edir. Şair Sözdür, onun dünəni də, bu
günü də, gələcəyi də Söz təməli
üzərindədir və əslində, şair elə
Sözdür. «Bütün varlığımda ağ bir iz
saldı- Sevgidən köksümdə kükrəyən
sözüm!»
Əbülfət
Sözün məna çalarlarını incələyən
şairlərdəndir. O,
Sözün gücü və nəfəsiylə rəsm də
çəkir, portret də yaradır, rənglər,
naxışlar yaratmağa da can atır.Məsələn,
«Şəhid anası» şeirində
– bu mövzuda çoxlu şeirlər yazılsa da bir
ananın obrazını yaradır. O şəhid
anasının pıçıltısından tutmuş
hönkürtüsünə qədər bütün
görünüşünü rəsm edir. Ancaq bunlar təkcə
görünüş deyil:
Çöhrəsində
caynaqlı
Kədər
cığır açıbdı.
O cığırla təbəssüm
–
Çöhrəsindən
qaçıbdı –
Şəhid
anasının!...
Görnüşü də kölgədi,
Pıçıltısı da, Allah!
O, bir şəhid
ölkəldi –
Şəhiddi
adı, vallah –
Şəhid
anasının!
Gücüm
çatmır qaytarım
Sənə təbəssümünü…
Yaralı ürəyinə
–
Sarı təəssüfümü
–
Şəhid
ANAsı…
«O, bir şəhid ölkədi»..Şeirdəki bu bircə
misra şəhid anasının kədərli portretini
yaratmağa kifayət edir.
Əbülfət Mədətoğlu
şeirlərində «ümid» sözünü tez-tez dilə
gətirir.Ümid xəyallardan doğan arzular deyilmi? Ümid gələcəyə
doğru bəslənən, amma hələ reallaşmamış
diləklər deyilmi? Ümid səni nəyəsə səfərbər
edən, səni qanadlandıran bir əməl deyilmi? Ümid
ümidsizliyin qırılması, yox olması deyilmi? Ümid
qışı bahara döndərmək arzusu deyilmi?
Əbülfət hansı ümidlərlə yaşayır və
bunu şeirlərində necə ifadə edir?
Dan
sökülür, işartı –
gülümsəyir
üzümə
Göyün
üzü boşaldı! –
deyirəm
öz-özumə..
«Ümidli şeir»də təbiətə üz tutur
şair. Əslində, özü ilə təbiət
arasında bir harmoniya görür.
Qaranlığı
toz kimi
Səma
çırpır üstündən…
İz də
qalmadı, hətta –
Ulduzların dəstindən!..
Bəlkə də
bir qom bulud
Gözümdən
keçib getdi…
Yuxuya qalan ümid –
İçimdən
keçib getdi.
Bir qədər mücərrəd təsir
bağışlasa da, şeirdə ümid anlayışı
gecəylə gündüzün, göylə yerin
qarşılıqlı əlaqələri nəzərdə
tutulur. Əgər səma «qaranlığı toz kimi»
üstündən çırpırsa və ulduzların
sıralanmasından bir iz də qalmırsa, bu təbiətin
öz qanunudur. Amma «Ümid» şeirində şair konkret olaraq
Ümiddən arzularının reallaşmasını diləyir.
Tanrım
çırpır xurcununu,
Tökülür bir
xışma ümid…
Payızıma
yetişmədi,
Pay düşə
qışıma ümid!..
Fərq çox olsa
da bölgüdə,
Göyə əl
açır çölçü də..
Kaş bircə ulduz
ölçüdə
Nur çasa
yaşıma ümid!
Əbülfətin «Sonuncu ümid» şeiri bəlkə
kiməsə yalvarış təsiri
bağışlasın. Amma bu
şeirdə heç bir yalvarış, imdad diləmək
fikri yoxdu. Bu şeir öz xəyallarını təbiət
dili vasitıəsilə şərh edən bir aşiqin ümid
çırpıntılarıdır. Ümidə doğru can
atmaqdır.
Bəlkə
yağdı o bulud,
çətir oldum
bir anlıq
Dil tökdüm o
buluda
hər an mən bir
Quranlıq.
Heydən düşən
ruhumla,
«bəlkə»
yazıb baxıram..
Dünən
gördüm yuxumda –
ulduz kimi axıram…
Əbülfət Mədətoğlu birmənənalı
şəkildə «təbiət şairi» adlandırmaq olmaz.
Amma onun əksər şeirlərində təbiət – onun
gözəllikləri – ona məxsus olan bütün atributlar
iştirak edir. Ağaclar, quşlar, Günəş, Ay, ilin fəsilləri,
dəniz, dan yeri… O, təbiəti duyan, onu öz
varlığında yaşadan şairlərdən biridir. Onun
bir sıra şeirlərində sırf peyzajlarla
qarşılaşırsan. Lövhə yaratmaq, hansısa bir təbiət
mənzərəsini rəsm etmək bu şeirlərdə təbiət
duyğularından irəli gəlir. «Külək» və «Dəniz
mənzəsi şeirlərinə diqqət yetirək.
Dənizin
maviliyin
dalğalar xəlbirləyib.
Bir az göyə
köçübdü
Səma da
gözlərinə –
Dəniz rəngin
seçibdi.
(«Dəniz
mənzərəsi»)
Sındırır pəncərəmi –
İndi ən dəli
külək!
Saçlarıma
dən səpən –
Qəmin bir əli
külək.
(«Külək»)
Amma təbiətlə
bağlı elə şeirlər var ki, o şeirlərdə
İnsan Təbiətlə vəhdətdədir.
Mən düzəndə
gözdən uzaq bir vələs,
Budaqlarım
bir-birinə dolaşıb.
Qurutmağa
könlün varsa dur, tələs –
Budandıqca kirpiklərim bulaşıb.
(«Budaqlarım
bir-birinə dolaşıb»)
Əbülfətin
sevgi şeirləri haqqında söz açaq. Bu şeirlər
də Ümid üzərində
salınan körpülərdən keçir. Bu sevgi şeirləri
yaşı yetmişə doğru yol alan bir insanın
içindəki payızlı duyğularının səslənməsidir.
Amma bu səslənmə qışqırıq yox,
pıçıltılarla müşayiət olunur. O, bir
şeirində yazır ki: «Bacarmadın sevməyi,
Bacarmadın Əbülfət» deyir.Əslində, burda
pessimist bir əhval-ruhiyyə var, çünki onun sevgi
şeirlərində sevən və sevməyi bacaran bir
insanın etirafları səslənir.
Baxın:
Tanrı sərhəddində
aşıbdı sevgim –
Çünki
inadım da ölçüsüz olub.
Düşünmə,
mən dünən səni az sevdim –
Bu gün Yer kürəsi
sevgimlə dolub!
Mədətoğlunun
sevgi şeirlərin şahı (əgər belə demək
mümkünsə) «Sevginin» şeiridir. Onun kədərlə
yazılan şeirlərinin hamısının üstündən
bu şeir qırmızı bir xətt çəkir. Baxın:
Ürək etiraf
masası –
İçim də,
çölüm də bəlli…
Tanrım!-deyib
tutmuşam mən
Ətəyindən
ikiəlli –
Sevginin…
Bəs «Sevmişəm»
şeiri necə? Bu şeir Əbülfətin eşqə, məhəbbətə
sadiq olan ürəyinin bəyanıdır.
Həsrət
yükün duz etmişəm,
Günü günə
üz etmişəm..
Bircə işi
düz etmişəm –
Sevmişəm!
Var olduğum bu
bölümdə
Haqq içimdə,
haqq çölümdə!
Hədə gəlsə
lap ölüm də –
Sevmişəm!
Əbülfət «Bir
qadına» silsiləsindən də şeirlər yazır və
təsvir etdiyi gözəl qadınları, sevilənləri
Molla Pənah Vaqif sayağı gözlərimiz
qarşısında canlandırır. Baxın:
Bulud çəkib
gözündəki od üstə,
Qaysaqlanıb
dodağının balın da…
Titrəyiş var
ürək kimi o səsdə –
Şeh iz salıb
buxaqdakı xalında.
Əbülfət Mədətoğlunun
«Sevgidi ilahi güc» şeiri ilə sözümü bitirirəm.
Nikbinliklə aşılanan bu şeirdə Əbülfət
Mədətoğlu hardasa Füzüliyə – o böyük
eşq aşiqinə üz tutmuş olur – «Vadiyi-vəhdət
həqiqətdə məqami eşqdhir» deyirdi Füzuli.
Əbülfət isə deyir
ki:
Kirpiklərin ucundan
Səssiz sildiyim kədər,
Sevgidi ilahi güc –
Mənim bildiyim qədər.
Həsrəti və
vüsalı
Vəsf etmir şair
hədər.
Sevgidi ilahi güc
Mənim bildiyim qədər.
VAQİF YUSİFLİ
Ədalət .- 2025.- 7 noyabr (¹42) .- S.11.