XATİRƏLƏRİMİN
DİRİLDİYİ SƏFƏR
Adam nə yaşayacağını, nə
düşünəcəyini və ümumiyyətlə, zaman
axarının onu hansı cəbhəyə çəkib
aparacağını öncədən bütün
detalları ilə müəyyənləşdirə bilmir.
Sadəcə, təxminlər, fərziyyələr və bir də
yaxından-uzaqdan olan dəstək. Bax bunlar hansısa bir qərarı
qəbul etməkdə, hansısa bir addımı atmaqda daha
çox əldən tutur, daha çox təkan verən
gücə çevrilir. Bu mənada mən öz
günümü, öz istəyimi bəzən ipə-sapa
düzmək istəyəndə bir anlıq duruxuram. Elə
bil ki, dərindən nəfəs alıb özümü nəyəsə
hazırlamaq halına gəlirəm. Və bu keçirtdiyim
stressmi, hiss-həyəcanmı, hər nədirsə məni
qarşılaşacağım məqama hazırlayır. Bax
onda əvvəldə vurğuladığım o məqamlar
bir daha yadıma düşür. Və...
Beyləqana getmişdim. Yas mərasimindən sonra
doğmalarmının Beyləqandakı məşhur Cərcis
peyğəmbər məzarlığında dəfn
olunmuş atamı, anamı, qardaşımı ziyarət
etdim. Bu görüş həyatımın bəlkə də
ən ağır dəqiqələrindən birini
yaşatdı mənə. Çünki onların heç
birinin sualına cavab verə bilmədim. Eləcə susdum. Həm
içimdə, həm də yanaqlarımda məni göynədən
göz yaşlarımın az qala səsini eşitdim. Damlalar məni
sakitləşdirmirdi, əksinə, odun üstünə
düşən yağı xatırladırdı. Sanki
içimi alov qarsıyırdı. Valideynləri itirmək,
qardaş acısını yaşamaq təsəvvür edilməz
bir sızıltıdır. Bunu yaşayanlar bilir. Sözlə
demək, o mənzərəni, o halı sözə gətirmək
heç də asan deyil. Bəlkə də mənim
gücümdən xaricdi.
Belə bir durumda yanımda dayanmış oğlum
israrla məni 35 il həsrətini çəkdiyimiz Tuğ kəndinə
aparmaq istəyini dilə gətirdi. Elə onun israrından
sonra, təbii ki, internet resurslarının köməyi ilə
işğaldan azad edilmiş Qarabağa getmək
üçün icazə alındı. Biz yola
düşdük. İlk dəfə idi ki, kəndimizə
oğlumla gedirdim. Çox qəribə hiss idi. Oğlum Qarabağı
zorla tərk edəndə iki yaşında idi. Anasının əlindən
tutub çıxmışdı baba ocağından. İndi
isə atasının əlindən tutub həmin ocağa
aparır. Füzuli rayonunun ərazisindəki polis nəzarət
postundan keçəndən sonra sanki yuxudan oyandım.
Başladım bu yollar barəsində, onun çevrəsindəki
kəndlər haqqında oğluma bilgi verməyə. Bir-bir kəndlərin
adlarını deyib bu kəndlərdə baş verən faciələrdən
danışdım ona. Çünki bunların bir çoxunu
Birinci Qarabağ savaşının canlı şahidi kimi
gözlərimlə görmüşəm,
yaşamışam. Bax indi yenidən doğulan, yenidən
yaratmağa başladığımız Füzuli şəhəri.
Onun tən ortasından keçib gedir Tuğ kəndinin yolu.
Amma biz öncə Hadruta gedirik. Uşaqlığımın,
gənclik illərimin xeyli xatirəsi var bu şəhərdə.
Çünki bu qəsəbə Sovet dönəmində rayon
mərkəzi idi. Və bizim pioner, komsomol, olimpiadalar,
yarışlar və digər tədbirlər silsiləmiz bu
rayon mərkəzində yekunlaşırdı. Komsomolun tərifnaməsini
də, hətta “YUNOST” gənclik düşərgəsinə
göndərişi də mənə Hadrutda rayon Komsomol Komitəsində
vermişdilər. Bir məktəbli kimi aldığım
mükafatların çoxu məhz bu qəsəbə ilə
bağlıdır. Hətta ilk övladım da, yəni
oğlum da nə qədər qəribə olsa da Hadrut xəstəxanasında
dünyaya gəlmişdi.
Ona görə də mən oğluma bu xəstəxananı
da göstərdim. Burada on beş gün gecə-gündüz
onun həyatda qalması üçün aparılan mücadiləni
də, dostların sayəsində Bakıdan tapılıb
göndərilən dava-dərmanın onun həyatda
qalmasına necə yardımçı olmasını da həm
xatırladım, həm də danışdım. Burda bir məqamı
da vurğulayım ki, Hadrut qəsəbəsində heç
vaxt məscid də olmayıb, azan səsi də eşidilməyib.
Amma indi burada çox möhtəşəm bir məscid
tikilib. Biz aziləvi o məscidi ziyarət edəndə,
müqəddəs kitabımızı öpəndə sanki
özümü ruhlar aləmində hiss etdim. Doğrudur,
buranın havası, suyu, özəllikləri dillər əzbəridi.
Amma burda köhnə kişilərin dediyi kimi, Allahın evini
ziyarət etmək, bu evin içindəki havanı udmaq tamam fərqli
bir xoşbəxtlikdir. O xoşbəxtliyin içərisində
Hadrut qəsəbəsindən Tuğa gedirik. Bir vaxtlar bu yolu
biz daha çox atla, ya da Sovet hökumətinin “bərkgedən”
maşınlarıyla, “Niva”, ya da “UAZ”la gedib-gəlirdik. O
dağlıq ərazidən keçən yol həmişə
problemli olub. Amma indi bu yoldan ən son model maşınlar belə
rahat şütüyüb gedirlər. Ona görə də əvvəllər
bir neçə saat çəkən yolçuluq indi 10-15 dəqiqə
çəkir. Gəlib çatırıq kəndimizə. Bu
da ata ocağı. Kolluğun içində itib-batmış
bir yuva...
Oğlum suallar verir və mən də
cavablandırmağa çalışıram. Onun
xatırladığı həyətdə özünün
dibində oynadığı alma ağacıdır. Təkrar-təkrar
vurğulayır ki, bu ağacda babam mənə yelləncək
asmışdı. Bu, həqiqətən belə idi...
Kəndin içərilərini də gəzib
qayıdırıq “Salman” bulağına tərəf. Həmin
yol həm də Şuşaya gedir. Zəfər yoluna
qovuşur. Biz isə Azıx kəndindən keçib
Qırmızı bazara tərəf gedirik. Çünki mən
torpaqlarımız işğaldan azad ediləndən sonra bir
neçə dəfə Şuşada olmuşam. Amma Xocavənd
istiqamətində olmadığımdan bu yolu getməyi
könlümdən keçirtdim. Oğlum da istəyimi dəstəklədi.
Yəqin ki, dünyaca məşhur Azıx
mağarasının da bu kəndin ərazisində olduğunu
hamınız bilirsiniz. Elə biz də həmin yolla Xocavəndin
kəndlərini gəzə-gəzə Qırmızı
bazara yetişirik. Artıq hava qaralmaq üzrədir. Amma kəndə
gəlmiş köç karvanı və karvanda gələn
adamların xoş əhval-ruhiyyələri kövrək xatirələrimə
şən notlar qatır. Tanımadığım
soydaşlarıma ürəklə “evləriniz mübarək,
yurdunuz ruzili-bərəkətli, işıqlı olsun!” deyirəm.
Bu sözləri dilə gətirəndə ürəyimin
çırpıntısını özüm də hiss etdim.
Çünki boşalan kəndlərimizi də
görmüşdüm. Adamların ağlaya-ağlaya, dəli
kimi bağıra-bağıra, qadınların
saçlarını yola-yola evlərinə necə baxıb
göz yaşı tökdüklərini heç vaxt
unutmamışam. Məhz bu səbəbdən də
qayıdış köçü mənim
ağrılarıma sanki məlhəm idi.
Qırmızı bazarın içərisində
oğlum təklif edtdi ki, bəlkə bir çay içək.
Etiraz etmədim. Maşını kəndin ən yüksək
hissəsində q ərarlaşan
“Çinarlı” restoranı¬na sürdüm. Düzünü
deyim ki, gözlərimə inanmadım. Burda əməlli-başlı
qələbəlik idi .Ərazidə işləyənlər,
yaşayanlar və bir də Qarabağa səfər edənlərin
çoxu burada çay içib çörək yeyirmiş.
Bunu mənə restoranda çalışan həmkəndlilərim
də söylədi. Onların səmimiyyəti və
yaratdıqları şərait mənimçün yetərli
oldu. Axı bu restoranda süfrəyə qoyulan hər şey
elə bu torpağın məhsulu idi. Bu da mənim
uşaqlıqdan bəri qanıma-canıma hopmuş
dadı-tamı təzələdi.
“Çinarlı”dan ayrılıb Xankəndinə
gedirik. İnanın ki, qaranlığın oturuşduğu, ətrafa
hakim olduğu bir gecədə ətrafı seyr etmək, hətta
arada maşının işığında yolu sağa-sola
qaçıb keçən müxtəlif heyvanları, gecə
quşlarını izləmək adamı elə həyəcanlandırırdı
ki, sanki sirlər dünyasında, möcüzələr aləmindəydik.
35 il həsrətini çəkdiyim
mənzərə anbaan bərpa olunurdu. Magistralın
ortasındakı ilxını görmək özü tamam fərqli
bir mənzərə idi. Vəhşiləşmiş atlar nə
maşını vecinə alırdı, nə də bu
qaranlıqda onu seyr edən bizləri. Amma sonra hiss etdim ki,
yanılmışam. Çünki atlar
maşınımızın dayandığını hiss edən
kimi dördnala yerindən baş götürüb meşənin
dərinliyinə üz tutdu...
Bu da Xankəndi. Gəncliyimin şəhəri. İlk
dəfə qəbul imtahanı verdiyim şəhər. Bəlkə
də bu şəhərdə keçən günlərimin hər
biri bir kitablıq yazının mövzusudur. Burda sevincli
anlarım da olub, kədərli, qayğılı, hətta
qorxu, təhlükə yaşadığım məqamlar da.
Ona görə də şəhərdə
qalacağımız binanın qarşısında
maşından düşəndə
sanki içimdən nələr keçdiyini oğlum hiss
etdi.
Ata, bəlkə şəhəri gəzək, - dedi. Dərhal
razılaşdım. Gəzə-gəzə Xankəndinin 35 il
əvvəlki günlərindən söhbət açdım
oğluma. O da işi ilə əlaqədar tez-tez gəldiyi
şəhər haqqında, daha doğrusu, yeni tikililər,
görülən işlər barəsində məlumat verdi mənə.
Bir vaxtlar şəhər böyüklərinin, başbilənlərinin
əyləşdikləri binanın qarşısında
dayanıb burada keçən günlərimi xatırladım.
Sonra yenidən qurulan stadiona baxdım, açılan iaşə
obyektlərinə, apteklərə, abadlaşan parklara, tikintisi
başa çatmaqda olan Zəfər abidəsinə,
Qarabağ Universitetinin möhtəşəm binasına, bir
sözlə, gözlərimə sığışan, amma bu
mənzərədən doymadığım hər yerə, hər
şeyə baxdım. Hətta gecə saat 12-də parkda fəaliyyət
göstərən kafedə çay da içdim. Bu, həm
çay içmək idi, həm də dünənimlə
söhbət. Onda bir də gördüm ki, misralar dilimin
ucundadı:
Bir gecə XANKƏNDİNDƏ
Mən susub addımlayıram
Qarşıma çıxır izlərim...
İçimdə addım sayıram -
Dözmür, titrəyir dizlərim...
Otuz üç il bundan öncə -
Keçdiyim küçə oyanıb...
Onda məni sıxan küncə -
İndi qarşımda dayanıb!
Elə bil çırpır üstünün
illərlə yığılan yükün...
Zəfərdə ütdü özünün -
Çiynindəki şeytan tükün!
Bu şəhər özünə döndü,
Xilas oldu ləpirlərim...
Xanın kəndində göründü -
Gözümə öz sətirlərim!..
...Yenə həmin küçələri -
Həminkindən şən keçirəm...
Xankəndinin gecələri,
Bu gecə ULDUZ içirəm!
28 oktyabr 2025
Bəli, illərlə LAZIMı gözlədik, illərlə
içimizdə “Allah qoysa” dedik, “İnşallah” dedik. Allaha
sığınıb dualarımızı etdik ki, yurdumuza,
ocağımıza, torpaqlarımıza qayıdaq. Və
günlərin birində Allah səsimizi eşitdi,
dualarımızı qəbul etdi. Ali Baş Komandanımız
əmr verdi, dəmir yumruğunu qaldırıb “İrəli!”
– dedi. İgidlərimiz bayrağımızı
işğaldan azad etdikləri yurd yerlərimizə sancdı.
Torpağımız bütövləşdi. Qanla suvarılan
torpaq sahibinə qayıtdı. Bu artıq nə yuxudur, nə
xəyal, nə də nağıl. Bu, günümüzün
Qarabağ dastanıdır. Mən də o dastanı elə
Qarabağın Xan kəndində gecə saatlarında
öz-özümə xatırlayır və
pıçıldayıram. Artıq dan yeri ağarır.
Düzünü deyim ki, mən bu gecə Xankəndində
kiminsə yuxuya getdiyini təsəvvür etmədim.
İnanmadım ki, kimsə belə gecəni gözdən
qaçırıb yata bilər. Çünki şəhərdə
normal bir həyat qaynayırdı. Adamlar gəzir,
danışır, gülür, gecə aptekləri, marketləri
də öz müştərilərinə xidmət göstərirdi.
Təbii ki, şəhər polisi də iş başında
idi.
Mən təkbaşına gəzirdim şəhəri.
Gedib ermənilərin bu şəhərə yamaq etdikləri
kilsənin də qarşısında dayandım. Dua etmək
üçün yox, Allahdan bu torpağın düşmənlərinə
cəza istəmək üçün. Və sökülən
dan yeri ilə elə o istəyin işığında həmsöhbət
oldum:
Xankəndinin dan üzü
Mənə elə gəlir ki,
burda səhər -
tamam fərqli açılır...
Yarıyuxulu şəhər
gözəlliyinin
özəlliyini
Göz də gözdən qaçırır -
Xankəndində!
Mənə elə gəlir ki,
Şuşanın
ovuc-ovuc səpdiyi
ulduzlar -
Səmasına çəkdiyi,
ürəyində əkdiyi
Və
Hər səhər azanında
çinar tək dikəltdiyi
oğullardı, nur saçır-
Xankəndində!
Mənə elə gəlir ki,
bu geniş, həm kəsişən
küçələr
Büründüyü yaşıllığın -
gül-çiçək qoxusunu
içindən
Gecələrin
bal kimi yuxusunu
Açılan səhərin nağılına
daşıyır!
Adamlar da,
elə şəhər də -
NAĞIL ÖMRÜ YAŞAYIR -
Xankəndində!
30.10.2025
Səhər günəş oyananda biz şəhəri
gəzə-gəzə Xocalıya tərəf gedirdik.
Oranı ziyarət edib Ballıcadan keçib Ağdərəyə
doğru gedəcəyik...
ƏBÜLFƏT MƏDƏTOĞLU
Ədalət .- 2025.- 7 noyabr (¹42) .- S.8.