Samirə Əşrəfin
"Açılmayan çətir" hekayəsində
atalar-oğullar” problemi: yeni rakurs
Samirə
Əşrəf müasir ədəbiyyatımızın
yeni etapının milli bədii
mətnlərini, xüsusilə
psixoloji nəsrin yeni nümunələrini yaratmağa nail olan
qadın imzalarındandır. Onun "Açılmayan çətir"
hekayəsində ailə dramı fonunda keçmiş –gələcək
tandemi, ata-övlad münasibətləri, mənəvi
deqradasiya, insani duyğuların deformasiyası kimi həyati məqamlar bədii mətn
səviyyəsinə qaldırılır. Samirə Əşrəf incə psixoloji nüanslarla əsas konfliktin məğzinə
enməyə çalışır və buna nail olur.
Yazıçı müasir cəmiyyətdə
ailə bağlarının zəifləməsi,
“işıqlı həyat”a doğru qaçan övladın
ayaqbağı olacaq vaildeyndən
imtinası fonunda daha dərin mental problemlərə diqqət
çəkir.
Hekayədəki
xəstə ata obrazı müasir dövrdə missiyası
bitmiş mental dəyərləri
simvolizə edir. Onun qəzəbi sadəcə fiziki
çöküşün məhv etdiyi bir insanın içində
yığılmış, boğulmuş acıların,
peşmanlıqların partlayışı deyil, həm də
mental – mənəvi dəyərlərin gələcəyi ilə bağlı ümidlərin
qırılmasından doğan ruhi haraydır.
Ana isə (həm
də həyat yoldaşı!) keçmişlə gələcək
arasında qalarkən keçmişi susduraraq gələcəyə
doğru addımlamağı seçir. Çünki
keçmiş artıq ölüb, o isə keçmişin
bir parçası olsa da gələcəkdə özünə
sığınacaq tapmaq istəyir. “Sükutu mən pozdum:
- Sabah gedib atamın meyitini xəstəxanadan
götürməliyik.
Bacım bu sözü gözləyirmiş kimi mənə
baxıb ilan kimi fısıldadı:
- Sabah olmaz! Toydan sonra nə istəsəniz edərsiniz,
ancaq toya qədər olmaz.
Esitdiklərimə inanmadım:
- Sən nə danışırsan?
O mənə yaxınlaşıb əsəbiliklə
gözlərini bərəltdi:
-Qoymaram ki, ata-bala mənim toyumu məhv edəsiniz!
Eşidirsən? Elə bu dəqiqə özümü
öldürərəm, pəncərədən ataram.
Onun bu sözləri sanki bayaqdan yatmış olan anamı
yuxudan ayıltdı. O, qorxa-qorxa ayağa qalxıb
bacımı məndən aralaşdırdı. Sual və
ümid dolu baxışlarım anamın üzünə
dikildi. Anam mənim qəlbimdən keçənləri duydu:
- Sabah gedib baş həkimlə danışıb, bir
az hörmət edərəm iki gün orda saxlayarlar, toydan sonra
gətirib dəfn edərik.”.
Amma bu xəyanətin bumeranq kimi ana-həyat
yoldaşına geri qayıtmayacağı, gələcəyin
onu da zamanı gəlincə lazımsız əşya kimi kənara
atıb-atmayacağı da bir sualdır...Bəlkə də
ritorik sual...
Hekayənin əsas, düyün obrazı qəhrəmanın
ailə qurmaq ərəfəsində
olan bacısıdır. O bu savaşdan qalib çıxaraq cəmiyyətdə
özünə yer, mövqe qazanmaq istəyir. Bunun
üçün isə nəyi isə qurban vermək, bu
mövqenin “qan bahası”nı
ödəmək lazımdır. Və bu qurban xəstə ata
obrazında olan keçmişdir, ailə dəyərləridir,
doğmalıqdır, nəsil-kökdür. “O,
keçmişindən qorxurdu, həm də lap çox. Sanki
atam bacımın keçmişindən qoparılıb onun
arxasınca atılan böyük bir daş parçası
idi. O, həmin daş parçasının gec-tez möhkəm
zərbə ilə başına dəyib onu yerə yıxacağını
hiss edirdi. Bunun üçün də bacım tez bir zamanda
qara daşlı keçmişindən, keçmişinin izləri
olan evimizdən və bizdən yaxasını qurtarmağa
calışırdı. Ancaq o bir şeyi unudurdu ki,
keçmiş heç vaxt insanı tərk etmir.
Çünki keçmiş gələcəyə
bağlıdır. Dünyanın harasına gedirsən get, fərqi
yoxdur, keçmişin ən vəfalı köməkçiləri
olan xatirələr, yaşantılar, mütləq sənin
qarşına çıxıb gözlərini qırpmadan sənə
baxacaq.”
Keçmişə
və onun simvolu olan ataya gələcəyə gedən yolda
maneə kimi baxan bu obraz
“atalar-oğullar” savaşının “oğullar” cəbhəsini
təmsil edir. Amma bu savaş psevdo “atalar-oğullar”
savaşıdır. Çünki klassik “atalar-oğullar
savaşı”nda oğullar – yeni nəsil ataların –
keçmişin köhnəlmiş
doqmatik dəyərlərinə, nadanlığa, cahilliyə,
təhsilsizliyə qarşı mübarizə
aparırdılar. Bu hekayədə isə gələcəyə
addımlayan qəhrəman
keçmişini cəmiyyətin maskasına,yalançı
işıltıya qurban verir və
onun məqsədi, məramı
şəxsi olduğu qədər də
cılızdır. Əgər bu sevdiyinə qovuşmaq,
öz fikrini ifadə etmək uğrunda despot atadan qurtulmaq
üçün mübarizə olsa idi, o zaman qəhrəmana
haqq qazandırmaq olardı. Lakin qız onu yaradan
keçmişindən utanır, onu silir, yeni həyatına da
yalanla, yalançı bir kimliklə qədəm qoyur. Və əslində
bu obraz nəinki keçmişinə, gələcəyinə
də xəyanət edir. Birini danaraq, digərini aldadaraq
özünə “cənnət” qurmaq istəyir, əslində
isə ömürlük “əraf”a məhkum olur.
Hekayənin nəqledicisi olan qəhrəman isə “ atalar-oğullar problemi”ndən ilk
baxışda kənar qalır, əslində isə hekayənin
“atalar”, əcdad- nəsil- keşmiş xəttini simvolizə
edir. “Atamın məzarı
üstünə gəlib çatanda yağış çisələyirdi.
Yarım saat bundan öncə atamın dərman qoxuyan
cansız bədənini gətirib bu soyuq torpağa
tapşırmışdılar.Məzarlıqdan
çıxıb dayanacağa gedəndə yağış
gücləndi. Hamı tələsik addımlarla
qaçıb yağışdan daldalanmağa
çalışırdı. Mən isə əlimdəki
çətiri açmadan ağlaya-ağlaya gedirdim. Göz
yaşlarım yağışa qarışmışdı.
Ətrafdan keçənlər təəccüblə mənə
və əlimdə tutmuş olduğum bağlı çətirə
baxırdılar.”. Qəhrəmanın atasını dəfn
etdikdən sonra, yağışın altında,
açılmayan çətirlə dayanması yalnız onun
yalnızlığını və keçirdiyi ağır
sınaqların izlərini simvolizə etməklə
qalmır. O, atasının faciəsi, ailəsinin biganəliyi
fonunda həm də özünün, daha doğrusu təmsil
etdiyi ənənəviliyin, mental dəyərlərin gələcək taleyini
görür. Açılmayan,
yağışdan qorumayan
çətir həm atanın yoxluğunun soyuqluğunu,
həm də mental dəyərlər olmadan gələcəyin
qorumasız qalacağını simvolizə edir.
Lakin hekayədə
mental dəyərlərin, keçmişin
yaşayacağına ümid də ifadə olunur. Keşmişin simvolu olan, hekayəni
nəql edən qız bu
dağıntıdan, bu qaranlıqdan çıxaraq tənha
da olsa yoluna davam etməyi, var olmağı seçir. Onun
varlığı, yola davam etməsi bir qurtuluşdur, bir
ümid işığıdır, çünki o, keşmişi
gələcəyə ötürmək missiyasının
davamıdır, təslim olmayan kök-nəsil-irs simvoludur.
Elnarə Elxan qızı Qaragözova
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu
Ədəbi tənqid şöbəsinin
aparıcı elmi işçisi
Ədalət .- 2025.- 7 noyabr (¹42) .- S.9.